Dünyanın ən aparıcı dövlətlərinin tarixində onları sınağa çəkən, inkişaf yolunda maneəyə çevrilən hadisələr az olmamışdır. Böyük şəxsiyyətlər isə öz xalqlarını firavan inkişaf yoluna çıxarmağa müvəffəq olmuşlar. Dünya xalqları buna görə məhz şəxsiyyətlərə, onların adı ilə bağlı olan zəngin siyasi irsə minnətdardır. Belə şərəfli ömür yolu keçmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir:
“Xalqımın, Azərbaycanın, doğma Vətənimin, torpağımızın dərdini çəkmək, onun qayğısına qalmaq mənim üçün ən şərəfli vəzifədir”.
Tarix böyük şəxsiyyətləri insanlara sanki ölkəsinin xilaskarı üçün bəxş etmişdir. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdikləri, ölkəsinin inkişafındakı xidmətləri daha çox nəzərə çarpır və öz əməlləri ilə müqəddəslik zirvəsinə ucalırlar... Mən də bir müəllim kimi, bu ülvi ideyaları şagirdlərə, gənclərə fəxrlə öyrədir və təbliğ edirəm. Tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar.
Dövlətimizin tarixində həlledici məqamlar çox olub.15 iyun 1993-cü il isə çox şərəfli bir tarixdir. Həmin gün Azərbaycanın siyasət tarixinə ən önəmli hadisə kimi həkk olub. Böyük qurbanlar bahasına qazanılmış azadlığımızın, dövlət müstəqilliyinin ən gərgin və ağır günlərində Heydər Əliyev xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıtdı. Bu hadisə müstəqil dövlətimizin qurtuluşunun başlanğıcı kimi qiymətləndirilərək Milli Qurtuluş Günü elan edilmişdir. Bu günün ölkəmizdə əlamətdar bayramlardan biri kimi qeyd olunması artıq ənənəyə çevrilmişdir. “Milli Qurtuluş Günü” xalqımızın nicat gününün başlanğıcı oldu. Ulu Öndərin fəaliyyətinin ən əhəmiyyətli hissəsini müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr təşkil edir. Tale elə gətirib ki, Azərbaycan XX əsrdə iki dəfə istiqlaliyyətini əldə etmiş, özünün müstəqil dövlətini yaratmışdır. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Xalqımızın çətinliklə əldə etdiyi ikinci tarixi müstəqilliyimiz o vaxtkı səriştəsiz hakimiyyət dövründə yenidən itirilmək təhlükəsi ilə üzləşdi.
Hər şeyə tarixi dövrün hökmü ilə qiymət vermək lazımdır. Çünki şəxsiyyəti tarix yetişdirir. Dahi şəxsiyyətlər isə öz əməlləri ilə tarix yaradırlar. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyət, tariximizin canlı əfsanəsidir.
Ulu Öndərin aydın nitqi, xalqla səmimi ünsiyyəti, tükənməz enerjisi, çıxış və qərarlarındakı qətiyyət hakimiyyətinin ilk illərində onu insanların gözündə əsl rəhbərə çevirdi. O, Azərbaycanın siyasi, iqtisadi, mədəni, bir sözlə, bütün sosial həyatına yeni nəfəs, coşqun ruh gətirdi. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qeyri-qanuni silahlı qüvvələri zərərsizləşdirdi. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar oldu. Heydər Əliyev qısa bir vaxt ərzində respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi. 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Azərbaycanın düşmənlərinin ölkəmizin iqtisadiyyatına ciddi zərbələr vurmaq üçün dəridən-qabıqdan çıxdıqları bir vaxtda Ulu Öndər tarixi “İpək yolu”nun bərpası məsələsini qaldırdı. Şərqlə - qərbi birləşdirən ən səmərəli yol elə tarixi “İpək yolu”dur. O, dünya dövlətlərini məntiqlə inandırdı - onların elmi institutlarının on illərlə işləyib həll edə bilmədiyi problemlərinin Heydər Əliyev 1998-ci il sentyabrında Bakıda keçirilən beynəlxalq konfransda çıxışında elmi əsaslarla şərhini verdi.
Budur Azərbaycan xalqının gələcəyi üçün Ümummilli Liderimizin gördüyü işlərin bariz nümunəsi!
Heydər Əliyevin Azərbaycançılıq ideyası Azərbaycan dövlətçiliyi və Azərbaycanın həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” - Ümummilli Liderin söylədiyi bu tarixi sözlər, müdrik siyasəti zamanın sınağından uğurla çıxmaqdadır.
Azərbaycanda bu gün Ulu Öndərimizin ideyaları yaşayır, daha geniş şəkildə həyata keçirilir. Heydər Əliyevin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə əbədi yaşayacaqdır!
Vətən HÜSEYNOV,
Bakı şəhəri 3 nömrəli tam orta məktəbin tarix müəllimi