Təhsilalanın şəxsiyyət kimi formalaşmasında məktəbin rolu önəmlidir


Bu gün təhsil müəssisəsinin rəhbərliyini və pedaqoji kollektivi  birləşdirən  idarəedici  sistem  məktəbdə  təlim-tərbiyə işinin düzgün təşkilindən çox asılıdır. Odur ki, məktəbdə sağlam təhsil mühiti yaratmaq və məqsədə nail olmaq xüsusi nizam-intizamın və qaydaların tətbiqini zəruri edir. Çünki məktəb təhsilalanın təlim-tərbiyə sistemini həyata keçirir.

 

Təlim nədir? Təlim - müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir. O, öyrədənin və öyrənənin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır. Təlim prosesində müəllim öz pedaqoji təsiri ilə təhsilalanları potensial imkanlarına uyğun inkişaf dərəcəsində fəaliyyətə cəlb edir. Belə fəaliyyətə öyrənənlərin cəlbetmə potensialı qanunauyğun şəkildə bir-biri ilə əvəz olunur. Bu da qarşıya qoyulmuş vəzifələrin reallaşmasını şərtləndirir.

 

Tərbiyə nədir və onun cəmiyyətdə rolu nədən ibarətdir? Bütün zamanlarda tərbiyə məfhumu hər bir sahədə insanın şəxsiyyətini tanımaq baxımından istifadə olunan proses kimi dəyərləndirilir. Tərbiyə - insan şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəldilmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Hər iki məfhumun - təlim və tərbiyə prosesinin birlikdə tətbiqinin nəticəsində təhsil müəssisələrində bu gün müasir ənənələrə və soykökünə bağlı mədəni dəyərlərimizə yiyələnən, ailəsini, vətənini, millətini sevən, ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət edən sağlam nəsil yetişməkdədir. Eləcə də məktəb islahatının əsas tələbləri də yeniyetmələrdə əməyə məhəbbət, yoldaşlıq və kollektivçilik, davranış mədəniyyəti, sənətə maraq və dərketmə qabiliyyəti, müstəqillik və intizam kimi yüksək əxlaqi keyfiyyətləri aşılamaqdır. Ona görə də təhsildə təlim-tərbiyə adət-ənənələrə uyğun olaraq əsas keyfiyyətləri fərddə formalaşdırır.

 

Təlim zamanı tərbiyə işi

 

Bu gün təhsil müəssisələrində tərbiyənin roluna yalnız bir prizmadan baxmaq doğru deyildir. Bununla bərabər, təlim zamanı tərbiyə işi arxa plana keçməməlidir. Məktəbdə tərbiyə məsələlərini idarə etmək üçün rəhbərlik və nəzarət möhkəm olduqda pedaqoji kollektivin fəaliyyətində sistemlilik, təşəbbüskarlıq özünə yer tapır. Kollektivdə işgüzar mühit, qarşılıqlı hörmət, tapşırılan işin icrasına dərin maraq və məsuliyyət hissi məhz məktəb rəhbərlərinin təşkilatçılıq qabiliyyəti ilə bağlıdır.

 

Yeniyetmələrin həyatında peşə təhsilinin rolu nədən ibarətdir?

 

Müxtəlif sahələrdə çalışmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Hər bir insanda hansısa bir peşəyə və sənətə yaradıcı meyillilik olur. Bu mənada müəyyən peşə üzrə biliklərin əldə edilməsi məqsədi ilə həyatın bir çox sahələrində əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. Ümumi təhsil müəssisələrini bitirən gənclərin ilkin peşə bacarıqları ilə təmin olunması gələcəkdə inkişaf və karyerayönümlü istiqamətdə bu təcrübənin onlar üçün yararlı olması səbəbindən peşə təhsili əhəmiyyət kəsb edir. Qloballaşan dünyanın tələbləri bu gün təhsilin bütün sahələri kimi peşə təhsilinə olan marağı da gücləndirib. Azərbaycanda da bu sahənin modernləşdirilməsi zərurəti günün aktuallığına çevrilib. Peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədi ilə “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu peşə təhsili sisteminin quruluşunu və iqtisadi əsaslarını müəyyən edir. Qanundan irəli gələn tələblər nəzərə alınaraq dövlət siyasətinin prinsipləri peşə təhsilinin inkişafında öz əksini tapıb. Peşə təhsili müəssisəsi “Peşə təhsili üzrə Strateji Yol Xəritəsi”, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına və nizamnaməsinə uyğun olaraq idarə edilir. Hərçənd ki, hər hansı bir peşəyə yiyələnmək baxımından peşə təhsili müəssisələri əvəzsizdir. Bu gün də cəmiyyətdə peşələrə tələbat artdığı bir zamanda həmin peşələrə təhsilalanların ümumi təhsil müəssisələrində yiyələnməsinə də məhdudiyyət qoyulmur. Yeni “Ümumi təhsil haqqında”Azərbaycan Respublikasının Qanununda göstərilən normalara əsasən, ümumi təhsil müəssisələrinə sahibkarlıq fəaliyyətini həyata keçirmək imkanı da verir. Bu məqsədlə təhsil müəssisələrində peşə hazırlığını həyata keçirmək üçün emalatxanalar fəaliyyət göstərir. Təhsilalanlar həm peşə hazırlığı keçir, həm də əməyə alışırlar. Beləliklə də, ümumi təhsil müəssisələrində peşə seçiminin yönləndirilməsi təşkil olunur. Bu günədək peşə seçimində təhsilalanların valideynlərinin təsirinin şahidi olurduq. Yeni Qanunla təhsilalanlara imkan yaradılır ki, onlar öz qabiliyyətlərini aşkar edə bilsin və peşə seçimini qabiliyyətlərinə uyğun olaraq özləri etsinlər. Bu işlərin müvəffəqiyyətlə həyata keçirilməsində məktəb rəhbərliyi böyük rola malikdir.

 

Peşə təhsili müəssisələrində tərbiyə işlərinə məktəb direktorunun tərbiyə işləri üzrə müavini rəhbərlik edir. O, hansı vəzifələri yerinə yetirir?Tərbiyə işləri üzrə direktor müavini ölkə qanunlarına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Təhsil Nazirliyinin normativ sənədlərinə və təhsil müəssisəsinin Əsasnaməsinə uyğun olaraq tərbiyə işinə rəhbərlik edir. O, müəllim, psixoloq və tərbiyəçilərin, qrup, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, hətta hüquq-mühafizə orqanlarının köməyi ilə təhsilalanların tərbiyə işini təşkil edir. Eyni zamanda tələbələrin milli adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi hazırlığı, fiziki inkişafı və turizm, ekskursiya məsələlərinə də rəhbərlik edir, tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, müxtəlif tədbirlər keçirir. Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı aparılan işlərə də birbaşa cavabdehdir. Bundan başqa, təlim-tərbiyə işlərinin vəhdət şəklində təşkilinə, məhz tərbiyə işləri üzrə direktor müavini nəzarət edir, müəllimlərlə fərdi iş aparır. Müəllimlərə məktəbdəki təhsil prosesində, xüsusən də praktik fəaliyyətdə dəstək olur və Əsasnamənin tələblərini nəzərə alıb, pedaqoji heyətlə məsləhətlər və söhbətlər aparmaqla tərbiyə işlərinə rəhbərlik edir.

 

Milli şüurun artması, əxlaqi keyfiyyətlərin inkişafı

 

Müstəqilliyimizin hazırkı mərhələsində yeniyetmələrdə milli şüurun artması və əxlaqi keyfiyyətlərin inkişafı çox önəmlidir. Yeniyetmələrin milli adət və ənənələrimiz ruhunda tərbiyəsi onları cəsur tərbiyə etmək deməkdir. Gənc nəslin tərbiyəsi gələcəyimiz üçün zəruri şərtdir. Əsas da yeniyetmələrin milli dəyərlərimizə və dövlətçiliyimizin xeyrinə vicdanla işləmələri, milli sərvətlərimizi layiqincə qoruyub saxlamaları deməkdir. Ona görə də peşə təhsili müəssisələrində təhsilin humanistləşdirilməsi əsas prinsip kimi nəzərə alınmalı və neqativ halların aradan qaldırılmasında mühüm işlər görülməlidir.Təhsil müəssisəsi bu gün təhsil və tərbiyə verərkən yaxşılıq etməyi öyrətməli və təhlükəli bəlanı cəmiyyətdən gizlətməməlidir.

 

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tədris prosesinin məsafədən (distant) davam edilməsi nəticəsində peşə təhsili müəssisələrində fəaliyyət planına uyğun olaraq qabaqlayıcı tədbirlər görülüb. Zoom meetinqs proqramı vasitəsi ilə tədbirlər, kiçik konfranslar, tərbiyəvi işlərin təbliğinə dair görüşlər həyata keçirilməkdədir. Bugünkü işimizin məqsədi də təhsilalana əxlaqi normaları canlı izah etmək və inandırmaqla yanaşı, həm də onun bu normalara uyğun davranması və fəaliyyət göstərməsinə səy göstərməkdir. Tərbiyə işində öncə təhsilalanın şüurunu formalaşdırmaq, iradəsini möhkəmlətmək, düzgün davranış təcrübəsi formalaşdırmaq vacibdir. Dərnəklərin, bədii əsərlərin və filmlərin müzakirəsi əxlaqi təsəvvür və ideyaların formalaşmasında daha böyük əhəmiyyətə malikdir.

 

Peşə təhsili müəssisələrində istedadların aşkar edilməsi, onların inkişaf etdirilməsi istiqamətində işlərə bilikli, metodik, psixoloji hazırlığı və pedaqoji ustalığı ilə fərqlənən müəllim heyəti cəlb olunmalıdır. Bu işi müvəffəqiyyətlə həyata keçirmək üçün qrup rəhbəri ən yaxın köməkçidir.Hazırda təhsilalanlarla aparılan tərbiyə işinin məzmunu xeyli artmış, ona görə də qrup rəhbərinin funksiyası genişlənmişdir. Qrup rəhbərinin vəzifəsi ənənəvi olaraq təhsilalanlarla müəyyən tərbiyəvi tədbirlər keçirmək, digər şəxsi işləri və sənədləri tərtib etməklə məhdudlaşmır. İlk növbədə tələbə şəxsiyyətinin inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq və onların tədris nailiyyətlərinə nəzarət etmək məqsədi ilə vaxtında kömək göstərməkdir. O, eyni zamanda təhsilalanların valideynləri, ailə və ictimaiyyət, müəssisə ilə əlaqəsi olan təşkilatlarla genişmiqyaslı işlər aparır. Qrup rəhbəri hər bir təhsilalanın bir şəxsiyyət kimi yetişməsi üçün çalışmalı və valideynlərlə çox işləməlidir.

 

Peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, özəl müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübə keçirlər. İstehsalat təlimi ustasının əsas vəzifəsi təhsilalanların peşə təlimini, əmək və istehsalat təlimi üzrə tədris plan və proqramlarının yerinə yetirilməsini təşkil etməkdən ibarətdir. O, pedaqoji nəzarəti gözləməklə tələbələrdə ixtisas bilikləri, bacarıqları və vərdişləri formalaşdırır, istehsalat işlərinin səmərəli yerinə yetirilməsinin əsaslarını öyrədir. Müəssisənin baş ustası isə təhsilalanların istehsalat təlimi və təcrübəsini, bu proqramın yerinə yetirilməsini təşkil edir, istehsalat təlimi ustalarının təlim işlərinə və fəaliyyətinə rəhbərlik edir.

 

Keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin rolu

 

Təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin rolu əvəzsizdir. Məktəb psixoloqu müəssisədə vəziyyətdən asılı olmayaraq təhsilalanlara daha yaxındır. Bu mənada psixoloji xidmət işi də müvafiq məqsəd və vəzifələrə, prinsip və funksiyalara əsaslanır. Hazırda psixoloji xidmətin əsas vəzifəsi təhsildə çətinliklə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olanların üzə çıxarılması məqsədi ilə onların intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini tədqiq edib, psixoloji inkişaf mühitinin yaradılmasına nail olmaqdır. Psixoloq təhsilalanların sağlamlığına, təhsil uğurlarına nail olmaq üçün məktəb rəhbərliyi, müəllim və valideynlərlə birgə fəaliyyət göstərərək məsləhətlər verir və daha çox karyera məsələləri, ailədaxili problemlərin həlli, insanlararası münasibətlər, təhsil və s. ilə bağlı məsələlərə kömək edir. Eyni zamanda psixoloq, təhsilalanların sosiallaşma mərhələsindən keçməsinə və potensialını ortaya qoymasında bilavasitə yardımçıdır. Müxtəlif diaqnostik testlər vasitəsi ilə xaricdə görünməyən, lakin fəlakətə səbəb ola biləcək problemləri təhsilalanlarda qrup və fərdi təlimlərlə müəyyənləşdirir. Psixoloq həm də valideynlərlə onlayn söhbətlər aparır, davranış pozuntusu, travmalı uşaqları da təhsilə cəlb edir.

 

Kitabxananın təlim-tərbiyə prosesinə təsiri

 

Kitabxana peşə təhsili müəssisələrinin təlim-tərbiyə prosesində əsas rola malik olub, müəllim və tələbə kontingentinə xidmət göstərir. Məktəb kitabxanasının vəzifəsi kitabxananı təlim, informasiya və mədəniyyət müəssisəsi kimi və təlim-tərbiyə prosesinin informasiya təchizatını təmin etməkdir. Kitabxana fonduna dərsliklər, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat, bədii ədəbiyyat, dövri nəşrlər və s. daxildir. Bu gün məktəb kitabxanası öz sosial funksiyasını necə yerinə yetirir və maarifləndirici istiqamətdə hansı tədbirləri görür? Gənclər hazırda pandemiya dövründə həyata keçirilən tədbirlər çərçivəsində vaxtlarının səmərəli inkişafını təmin etmək məqsədi ilə xüsusi elektron kitabxanadan istifadəyə daha çox üstünlük verirlər. Sosial təcrid dönəmində ev şəraitində daha çox olduqlarına görə yalnızlıq kimi düşüncələri aradan qaldırmaq, fərqli düşüncə tərzinə sahib olmağı düşünürlər.

 

Kitabxanadan bəhs edərkən dərnəklər haqqında da məlumat vermək yerinə düşər. Peşə təhsili müəssisələrində fəaliyyət göstərən dərnəklər təhsilalanların asudə vaxtlarının səmərəli istifadəsində çox faydalıdır. Əlavə məşğələlər öyrənənlərin dünyagörüşünün artırılmasına, yaradıcı qabiliyyətlərinin genişlənməsinə xidmət edir. Göründüyü kimi, təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkili, məhz müəllimin şəxsiyyətindən və müasir tendensiyalara yiyələnməsindən də daha çox asılıdır. Müəllimlərin yüksək bilik xəzinəsi ilə silahlanması təlim-tərbiyə prosesinin təşkilində yardımçı rolunu oynayır.

 

Təhsilalanların valideynləri ilə iş

 

Məlum olduğu kimi, təhsil müəssisələrində təhsilalanların valideynləri ilə işi məktəbin pedaqoji kollektivi və Valideyn komitəsi aparır. Valideyn komitəsi hər il seçilən müəssisə rəhbərliyinin orqanıdır. Onun əsas vəzifəsi təhsilalanların hüquqlarını qorumaq, eyni zamanda müəllim heyəti, ictimaiyyət, yerli özünü idarəetmə və tələbələr arasında əlaqəni gücləndirməkdir. Bu da təhsil və tərbiyənin uğurlu olmasını təmin edir. Məktəbin valideyn komitəsinin fəaliyyəti “Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında” Əsasnamə ilə tənzimlənir. Valideynlərlə canlı əlaqə təhsil müəssisəsinin çoxcəhətli fəaliyyətini daha da zənginləşdirir. Pedaqoji kollektiv hər bir ailədə hökm sürən vəziyyəti yaxından öyrənib, iş prosesində nəzərə alır. Bunun da təlim-tərbiyə işlərinə böyük təsiri vardır. Valideynlərin müəllim əməyinə münasibətləri, müəllimin tövsiyələrinə diqqət yetirmələri, həm ailənin, həm də məktəbin tərbiyə imkanlarını gücləndirir. Belə ki, təhsil müəssisələrində valideynlər üçün “Açıq qapı” günləri də keçirilir. Müəssisə rəhbərləri və valideyn komitəsi təhsilalanların təlim keyfiyyətini yüksəltmək məqsədi ilə ailə və məktəbin qarşılıqlı münasibətlərini təşkil edirlər. Məktəb və ailənin məqsədi təhsilalanları bilikli, bacarıqlı, əməksevər vətəndaş kimi yetişdirməkdən ibarətdir. Nə məktəb, nə də ailə ayrılıqda bu məqsədə nail ola bilməz. Ona görə də hər bir ailənin məktəblə əməkdaşlığı, məktəbin də ailə ilə sıx əlaqəsi mütləq olmalıdır. Şübhəsiz ki, valideynlər gənclərin təhsilində müəllimlərin tərəfdaşı kimi çıxış etməlidirlər. Təbii haldır ki, öz ailəsi tərəfindən üzərində xüsusi diqqət və nəzarət görən tələbə ən azından bu öhdəliyi hiss edər və onu doğrultmaq üçün təhsilində uğur qazanmağa çalışar. Təəssüflər olsun ki, bəzi valideynlər bütün məsuliyyəti məktəb üzərinə atmaqla özlərini rahat hiss edirlər. Nəticədə nəzarətdən kənarda qalan yeniyetmələrin təhsilində geriləmə müşahidə olunur. Bu gün ailə tərbiyəsi mədəniyyəti yeni nəslin tərbiyəsində özünü daha qabarıq göstərir. Valideynlər övladlarının tərbiyəli, savadlı olmasını arzu edir, onları namuslu vətəndaş kimi görmək istəyirlər. Lakin bəzi valideynlər ailə tərbiyəsində müəyyən nöqsanlara yol verirlər. Ona görə də məktəb təşkilatçıları valideynlərin pedaqoji maarifinin məzmununu yaxşılaşdırmaq işində qrup rəhbərlərinin metodbirləşmələrində mühüm rol oynayırlar.

 

Dövrün tələblərinə uyğun peşə seçimi

 

Müasir gənclərimizin dövrün tələblərinə uyğun həyat yollarının müəyyənləşdirilməsində peşə seçimi ilə bağlı tövsiyə və məsləhətlərə ehtiyacını nəzərə alaraq “Peşəyönümü işinin təşkili” və “Peşə təhsilinin təbliği” mövzularında aparılan canlı söhbətlər xüsusilə vacibdir. Peşə-ixtisas seçimi zamanı hər bir yeniyetmə əmin olmalıdır ki, seçdiyi, məhz arzuladığı peşədir. Peşə seçərkən onun cəmiyyətdə maraqla və hörmətlə qarşılanacağına əminlik olarsa bu, yeniyetmədə marağın yaranmasına səbəb olar. Peşə seçərkən həmin peşənin imkanları və özünün ixtisasın tələblərinə uyğunluğu düşünülməlidir. Buna yeniyetmənin peşə yararlığı da deyirlər. Peşə yararlığı seçilən ixtisas üzrə uğur qazanmaq üçün zəruri olan psixi və psixofizioloji xüsusiyyətlər ilə bağlıdır. Peşəyə yararlılıq səhhət və qabiliyyətin seçilən peşənin xüsusiyyətlərinə uyğunluğu ilə bilavasitə bağlıdır. Sağlamlıq və qabiliyyət olarsa ixtisasa, təcrübəyə, biliyə, bütövlükdə peşəyə yiyələnmək mümkün olur. Düzgün peşə seçimində həm də peşəyə istəklə yanaşı, tələbatın da olması vacibdir. Seçim üçün əsas şərtlərdən biri də gəncdə zəruri peşə keyfiyyətlərinin olmasıdır. Fərdi-psixoloji keyfiyyətlərin (temperament, xasiyyət, qabiliyyət və s.) də rolu böyükdür. Yeniyetmələrin fəallığına, ilk növbədə müəllimlər bələddirlər. Bəzən peşə seçiminə dəyişməz hal kimi baxılır. İstənilən fəaliyyət sahəsində ixtisaslaşma səviyyəsi yüksəlir, karyera da dəyişir. Əmək bazarında yeni peşələrin yarandığı məlum olur. Deməli, zəruri olduqda istiqaməti dəyişmək də olar. “Peşənin, sənətin pisi yoxdur” deyiblər. Hər işdə peşəkarlıq daha vacibdir. Peşənin hörməti və nüfuzluluğu nəzərə alınmalıdır, eynilə yeniyetmənin maraq və qabiliyyətləri də. Bəzən yoldaşları da ətrafdan geri qalmamaq üçün gəncin peşə seçiminə güclü təsir göstərir. Qrup hissi, yaşıdlara baxmaq cəmiyyətdə öz “Mən”ini formalaşdırmaq və özünüqiymət üçün lazımdır. Ən doğru seçim qərarı həm gəncin sevdiyi, həm də cəmiyyətə faydalılığı olan peşədir.

 

Peşə və ixtisas seçmək həm də gələcək həyat yolunu seçmək deməkdir. Çünki bu seçim insanın cəmiyyətdə özünütəsdiqinin əsasını təşkil edir. Ona görə də həyat yolunu planlaşdırarkən istəklərin real olmasına iki baxımdan fikir vermək lazımdır. Birincisi, yeniyetmənin qabiliyyət və iddiaları qiymətləndirilməli və imkanına uyğun olmalıdır. İkincisi, yeniyetmənin qabiliyyət və iddiaları peşə və ixtisasın tələblərinə cavab verməlidir. Məlumdur ki, bütün peşələrə, o cümlədən maddi istehsalla bağlı peşə sahələrinə müasir texnika və texnologiyalar tətbiq edilir, əmək qabiliyyəti yüksəlir. Məsələn, hazırda kompüter texnologiyaları heyvandarlıq sahəsindəki fəaliyyət sferalarında tətbiq olunur. Peşə-ixtisas seçimi zamanı yeniyetmələrin bəzilərində peşə haqqında təsəvvürlər təhrif olunmuş və yarımçıq olur. Peşəni seçməzdən əvvəl onun haqqında hər şeyi kifayət qədər bilmək vacibdir. Sual yaranır: yeniyetmə nələri bilməlidir? Peşə və ixtisasın məzmununu, onların insandan hansı qabiliyyət, sağlamlıq, fərdi xüsusiyyətləri haqqında informasiyanı bilməsi vacibdir. Məsələn, yaxşı radiocihaz montajçısı olmaq üçün “elektromontaj sxem və çertyojları”nı oxuya bilmək yetərli deyil. Bu peşə sahibindən həm də diqqəti cəmləmək qabiliyyəti, hafizə, iş qabiliyyətini saxlamaq,  tez görmə qavrayışı və s. tələb olunur.

 

Beləliklə, sonda onu qeyd edə bilərəm ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tərbiyə işlərinin düzgün həyata keçirilməsi, peşəyönümü işlərinin səmərəli təşkili istiqamətində müəyyən işlər görülmüş və bundan sonra da bu sahənin inkişafının müəssisə rəhbərliyinin xüsusi nəzarətində olacağı şübhəsizdir. Təhsilalanların şəxsiyyət kimi formalaşmasında təhsil aldığı müəssisənin rolu önəmlidir. Uğurla təşkil olunan tərbiyəvi işlər təhsilalana tərbiyə aldığı mühiti hədiyyə edir. Biz də bu işdə peşəkarlıqla onlara obyektiv təsir göstərməkdəyik.

 

Vüsal BALAKİŞİYEV,

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini