Təhsil aldığım orta məktəbin fizika kabinetinin qarşı divarında dünyanın dahi şəxsiyyətlərinin portretləri yerləşir. Hər dəfə də bu şəxsiyyətlərin arasında dünya elminə böyük töhfələr vermiş azərbaycanlı alimlərin adları diqqətimi çəkir. Sanıram, o sırada Lütfi Zadə ad-soyadını görmək hər kəs üçün çox qürurvericidir. Elmə, savada qiymət verənlər və bu çətin, həm də şərəfli yolla gedənlər üçün dahi Lütfi Zadənin fikirlərini məqamındaca qeyd etmək istərdim: “Yalnız savad kifayət etmir, zəhmət və uğur da çox vacibdir. Uğur formulu budur: qabiliyyət, zəhmət, israr. Uğurun elementləri bunlardır”...
Bəs, kimdir Lütfi Zadə?! Təbii ki, bu gün onu tanımayan yoxdur. Bununla belə, 100 illik yubileyi qeyd edilən bu dahi şəxsiyyətin həyat və yaradıcılığına yenidən nəzər salmaq onu bir örnək kimi görməyə imkan verir.
Dünyada süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı olan Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində dünyaya gəlib. Onun atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərindən olub. Lütfi Zadə öncə 16 saylı orta məktəbdə ibtidai təhsil alıb. Lakin 1932-ci ildə Sovet İttifaqı İran vətəndaşı olan azərbaycanlılarla bağlı qərar verir. Yəni onlar sovet vətəndaşlığını qəbul etməli, əks təqdirdə ölkəni tərk etməli idilər. Lütfi Zadənin atası Rəhim Ələsgərzadə bu səbəbdən ailəsi ilə birlikdə İrana köçür. Lütfi Zadə də Tehranda amerikalıların təhsil müəssisəsi olan “Alborz” kollecində orta təhsilini davam etdirir. O, həmin məktəbdə oxuyarkən sovet və Amerika məktəbləri arasındakı çox böyük fərqi görür. Elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkir. Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsini bitirən Lütfi Zadə 1944-cü ildə Birləşmiş Ştatlara köçür və orada Massaçusets Texnologiya İnstitutuna daxil olur.
Lütfi Zadə 1946-cı ildə ali təhsilini başa vuraraq magistr dərəcəsi alır. Amerikalılar üçün isə onun ad-soyadını tələffüz etmək çətin idi. Buna görə də onu Lotfi.A.Zadeh kimi çağırırdılar. Qeyd edək ki, Lütfi Zadə elmi əsər və məqalələrini bu imza ilə yazıb və dünyada da həmin adla tanınır.
Kolumbiya Universitetinin aspiranturasına daxil olan Lütfi Zadə orada fəlsəfə elmləri üzrə doktor elmi dərəcəsini alır. O, 1952-ci ildə diskret sistemlər üçün Z-çevirmə metodunu işləyir. Xatırladaq ki, bu, diskret, rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını qoyan bir metoddur.
1957-ci ildə Lütfi Zadə elektrik mühəndisliyi sahəsində Kolumbiya Universitetinin professoru olur və məşhur alim Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya köçür. 1959-cu ildən Berkli Universitetində professor kimi çalışan Lütfi Zadə 1963-cü ildən “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edir. Xüsusi olaraq qeyd edək ki, o, məşhur alman alimi Maks Plankdan sonra dünyada yeganə alimdir ki, hələ sağlığında özünün və nəzəriyyəsinin adını daşıyan Elmi Mərkəz var.
Lütfi Zadə 1965-ci ildə qeyri-səlis çoxluqlara aid məqalə çap etdirir. Olduqca böyük tarixi əhəmiyyətə malik olan, elmdə yeni bir istiqamətə təkan verən bu məsələ dünyada rezonans doğurur. Lütfi Zadə alternativ riyaziyyatın, yəni qeyri-səlis riyaziyyatın da yaradıcısıdır. Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən, qeyri-səlis fizika, qeyri-səlis kimya və s. qeyri-səlis elmlər yaranır. Qeyd edək ki, qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, avtomobillər, qatarlar, vakuum kimyəvi təmizləyicilər istehsalında, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir.
Lütfi Zadə dünya elminə qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə, beş fundamental nəzəriyyə də bəxş edib. Və dünyanın ən məşhur aparıcı şirkət və firmaları da onun nəzəriyyələrinə, elmi ideyalarına əsaslanırlar. Belə ki, Yaponiyanın “Hitachi”, “Mitsubishi”, “Sharp”, “Nissan”, “Canon”, “Toshiba”, “Sanyo”, “Fuji”, eləcə də Amerikanın “General Motors”, “Motorola”, “Kodak” və yüzlərlə ölkənin neçə min sənaye şirkəti onun elmi nəzəriyyələrindən bəhrələnərək inkişaf edirlər. Lütfi Zadənin elmi nəzəriyyəsindən iqtisadiyyatda, psixologiyada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Qürurverici haldır ki, Lütfi Zadənin adı idarəetmə sahəsinə əvəzsiz elmi töhfələr bəxş etmiş və beynəlxalq qurumların fəxri qızıl medallarına layiq görülmüş dörd nəfərin sırasına daxil edilib. 2016-cı ildə isə onun nəzəriyyəsi əsasında yapon alimləri ilk dəfə olaraq süni intellektə malik robot hazırlayıb. Alter adlı həmin robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.
Elmi nəzəriyyələri, ixtiraları, axtarış və yenilikləri ilə dünya elmində inqilab yaradan böyük alim, görkəmli şəxşiyyət 1965 və 2008-ci illərdə Bakıya gəlib. Qeyd edək ki, dahi alim hələ sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdi. O, doğma vətəninə son dəfə 2017-ci il tarixində, bu dəfə əbədilik gəlir. 6 sentyabr tarixində ABŞ-ın Kaliforniya ştatında dünyasını dəyişən dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırılır.
Bu ilin may ayında məktəbimizin rəhbərliyi daxil olmaqla nümayəndə heyəti görkəmli alimin 100 illik yubileyi münasibətilə onun məzarını ziyarət edib. Oxuduğum məktəbi təmsil edən nümayəndə heyəti Lütfi Zadənin məzarını ziyarət etməklə bu dahi şəxsiyyətin elmə verdiyi sonsuz və saysız-hesabsız töhfəyə ehtiramını bildirib.
Artıq neçənci dəfədir ki, məktəblilər arasında keçirilən və maraqla qarşılanan Lütfi Zadə adına Məntiq Olimpiadası da onun elmi axtarışlarının yetişən nəslin timsalında davamlı olacağını sübut edir. Mən də bütün şagirdlərin maraq və həvəslə qoşulduğu həmin olimpiadada iştirak etməklə qürur duymuşam. Onu da qeyd etmək yerinə düşər ki, Məntiq Olimpiadasında fərqlənərək yüksək nəticə göstərən şagirdlər oxuduğum məktəbin fəxridir.
Dahi alimin qeyd etdiyi kimi, uğur qazanmağın formulu olan qabiliyyətlə, zəhmət və israrla gələcəyin qurucuları olacaq biz məktəblilər dünyamızı inkişaf etdirə, ona öz töhfəmizi verə bilərik. Dünyanın elm nəhənglərinin sırasında əbədilik yer tutan Lütfi Zadənin örnək hesab etdiyimiz həyat və yaradıcılığı buna əyani və təqdirəlayiq sübutdur.
Yeva FƏRƏCOVA,
Bakıdakı 53 nömrəli tam orta məktəbin IX sinif şagirdi