Dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın yaradıcılıq uğurları haqqında xəbərlər eşitmək hər birimiz üçün olduqca sevindiricidir. Bu gün biz onlardan biri, Norveçin Oslo şəhərində yaşayan kiçik həmvətənimiz olan 8 yaşlı Selma Babazadənin uğurları münasibətilə yaşadığımız sevinc hisslərini sizinlə də bölüşəcəyik. Xaricdə yaşamasına baxmayaraq, Selma vətənini çox sevir və o, ana dilini öyrənmək məqsədi ilə Osloda Norveç Azərbaycan Dostluq Təşkilatının nəzdində fəaliyyət göstərən Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə yaradılmış Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbində təhsil alır.
Məktəbdə Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını aşkar etmək məqsədi ilə rəsm müsabiqəsinə start verilib. Müsabiqəyə 12 azərbaycanlı istedadlı uşaq qatılıb və onların arasında Selma da olub. O, bu müsabiqədə Qarabağın rəmzi sayılan Xarıbülbül çiçəyinin gözəl rəsmini yaratdığına görə “Sehrli dünya” jurnalının məxsus diplomu ilə təltif olunub. Bu mükafat Selma ilə bərabər onun müəllimi Arzu Rzayevanı da hədsiz sevindirib.
İnsanlar müxtəlif xarakterlərə malik olduqları kimi onların arzuları da müxtəlif olur. Kimi müəllim, kimi həkim olmaq arzusu ilə çalışır, kimsə də gələcəkdə hərbiçi, idmançı, gəmi kapitanı olacağına ümid bəsləyir. Bir sözlə, bu fidanlar quş qanadlı xəyalları ilə gah müəllimlərinə bənzəmək, onların yolunu davam etdirmək, gah rəssam olub rəsmlərini dünyada tanıtdırmaq, gah da başqa-başqa sahələrin qabaqcıllarından olmaq arzuları ilə pöhrələnirlər. Onlar haqlıdırlar və özlərinə peşə seçməkdə sərbəstdirlər. Kim bilir, bəlkə də Selmanın rəsm müsabiqəsində qazandığı bu ilk uğur onun gələcəkdə gözəl rəssam kimi yetişməsinə ən böyük bir stimul olacaq. Hər halda bu ilk uğuru münasibətilə biz də yeniyetmə həvəskar rəssamımızı təbrik edur, ona yaradıcılıq fəaliyyətində çoxlu uğurlar arzulayırıq.
Sifai SƏFƏROVA