Xarıbülbül rəsminə görə “Sehrli dünya” jurnalının diplomunu qazanıb

Dünyanın hər bir  guşəsində  yaşayan  soydaşlarımızın  yaradıcılıq uğurları haqqında xəbərlər  eşitmək  hər birimiz üçün  olduqca sevindiricidir.  Bu gün  biz onlardan biri, Norveçin Oslo şəhərində yaşayan kiçik həmvətənimiz  olan 8 yaşlı Selma Babazadənin uğurları münasibətilə yaşadığımız sevinc hisslərini sizinlə də bölüşəcəyik. Xaricdə yaşamasına baxmayaraq, Selma  vətənini çox sevir və  o, ana dilini öyrənmək məqsədi ilə Osloda Norveç Azərbaycan Dostluq Təşkilatının nəzdində fəaliyyət göstərən Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə yaradılmış Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbində təhsil alır.

 

Məktəbdə Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını aşkar etmək məqsədi ilə rəsm müsabiqəsinə start verilib. Müsabiqəyə 12 azərbaycanlı  istedadlı uşaq qatılıb və onların arasında Selma da  olub. O, bu müsabiqədə Qarabağın rəmzi sayılan Xarıbülbül çiçəyinin gözəl rəsmini yaratdığına görə “Sehrli dünya” jurnalının məxsus  diplomu ilə təltif olunub. Bu mükafat   Selma ilə bərabər onun  müəllimi   Arzu Rzayevanı da hədsiz sevindirib.

 

İnsanlar müxtəlif xarakterlərə malik olduqları kimi onların arzuları da müxtəlif olur. Kimi müəllim, kimi həkim olmaq arzusu ilə  çalışır, kimsə də  gələcəkdə hərbiçi, idmançı, gəmi kapitanı olacağına ümid bəsləyir.  Bir sözlə, bu fidanlar quş qanadlı xəyalları ilə gah müəllimlərinə  bənzəmək, onların yolunu davam etdirmək, gah  rəssam olub rəsmlərini dünyada tanıtdırmaq, gah da  başqa-başqa sahələrin qabaqcıllarından olmaq arzuları ilə pöhrələnirlər. Onlar haqlıdırlar və özlərinə peşə seçməkdə sərbəstdirlər. Kim bilir, bəlkə də Selmanın rəsm müsabiqəsində qazandığı  bu ilk uğur onun gələcəkdə gözəl rəssam  kimi yetişməsinə ən  böyük bir stimul olacaq. Hər halda bu ilk uğuru münasibətilə biz də yeniyetmə həvəskar rəssamımızı  təbrik edur, ona  yaradıcılıq  fəaliyyətində  çoxlu  uğurlar arzulayırıq.

 

Sifai SƏFƏROVA

 



05.06.2021 | 13:35