100 yaşlı universitetin yaradılması və ilk illərdəki inkişafında Nəriman Nərimanovun rolu
Azərbaycanda ali pedaqoji təhsilin inkişafında, pedaqoji və elmi-pedaqoji kadr hazırlığında zəngin ənənələrə malik olan ADPU-nun fəaliyyətə başlamasından 100 il keçir. Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun 1921-ci il 26 avqust tarixli 66 saylı dekreti əsasında yaradılan ADPU olduqca çətin, mürəkkəb və şərəfli bir yol keçmiş, pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikasının bir elm sahəsi kimi inkişafına dəyərli töhfələr vermişdir. Elə bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 aprel 2021-ci ildə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında bu elm və təhsil məbədinin respublikamızda ziyalı təbəqəsinin və yüksək elmi-pedaqoji kadr potensialının formalaşmasındakı rolunu yüksək dəyərləndirmişdir.
ADPU-nun çoxminli professor-müəllim və tələbə kollektivi Cənab Prezidentin “Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı vaxtdan etibarən Universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir” - fikrini ölkəmizdə pedaqoji və elmi-pedaqoji kadr hazırlığına yüksək diqqət və qayğının təzahürü kimi qəbul edir.
İlk təşəbbüs
Azərbaycan Xalq Cümhuriyyəti yaranana kimi ölkəmizdə məhdud sayda orta məktəb fəaliyyət göstərsə də ali təhsil ocaqlarının yaradılmasına icazə verilməmişdir. Yalnız AXC dövründə Azərbaycan ziyalıları çox çətinliklə ilk ali təhsil ocağını -Bakı Darülfünunu açmağa nail oldular. 1920-ci ilin sentyabr ayında Azərbaycanda orta təhsil müəssisələri üçün müəllim kadrları hazırlayacaq Ali Pedaqoji İnstitutun açılması planlaşdırılsa da milli hökumətin devrilməsi nəticəsində bu işi başa çatdırmaq mümkün olmadı.
Böyük maarifçi və siyasi xadim
Azərbaycanın sovetləşdirilməsinin ilk illərində Nəriman Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifələrində çalışırdı. Onun ictimai-siyasi və dövlətçilik fəaliyyətində müəllim kadrları hazırlığı mərkəzi yerlərdən birini tuturdu. O, savadsızlığın ləğvində, millətin ümumi tərəqqisində müəllimin rolunu yüksək qiymətləndirirdi. Oktyabr çevrilişindən əvvəl Qori seminariyasının müsəlman şöbəsinin Azərbaycan şəhərlərindən birinə köçürülməsi uğrunda qızğın mübarizə aparan N.Nərimanov düzgün və əməli əhəmiyyəti olan təkliflər irəli sürərək yazırdı: "Açıq deməli, Qori darülmüəllimin Bakıda, ya Gəncədə və ya qeyri-müsəlman şəhərində olsa, padşahlıq xərcinə oxuyan altmış nəfərdən savayı altmış nəfər müsəlman uşağı da daha ziyada öz evlərində olarkən seminariyada elm təhsil etməyə mümkünləri olacaqdır. Yəni gündüzlər padşahlıq xərcinə oxuyan uşaqlar ilə bərabər dərs oxuyub axşamlar öz evlərinə gedərlər...”. N.Nərimanov Həştərxan Quberniya xalq maarif şöbəsinin müdiri olanda orada həm də xalq universitetlərinin təşkilində və müəllim kadrları hazırlığında mühüm rol oynamışdı.
Ali Pedaqoji İnstitutun yaradılması uğrunda mübarizə
20-ci illərin əvvəllərində xeyli I dərəcəli məktəblər (ibtidai məktəblər) təşkil olundu. Bu məktəbləri müəllim kadrları ilə təmin etmək məqsədilə pedaqoji seminariyalar, 2 və 3 aylıq pedaqoji kurslar açıldı. Həmin dövrdə nəinki II dərəcəli məktəblərdə, heç IV-V siniflərdə dərs deyəcək müəllimlər yox idi. Bu məqsədlə Nəriman Nərimanovun təklifi ilə F.Rzabəyli tərəfindən birillik pedaqoji kursların layihəsi hazırlandı. F.Rzabəyli Xalq Maarif Komissarlığında orta məktəblər şöbəsinin müdiri işləyirdi. Birillik kursu bitirənlər I dərəcəli məktəblərin son (IV-V), II dərəcəli məktəbin ilk iki siniflərində (VI-VII) dərs deyə bilərdilər. Birillik kurs Ali Pedaqoji İnstitutun təşkili üçün yaxşı bir təcrübə oldu. F.Rzabəyli kursun təşkilində N.Nərimanovun təcrübəsindən geniş istifadə etdi. Belə ki, N.Nərimanov 1919-cu ildə Həştərxan quberniyasında xalq maarif şöbəsinin müdiri vəzifəsində işləyərkən qısamüddətli pedaqoji kurslar vasitəsilə xeyli müəllim kadrları hazırlanması işinə rəhbərlik etmişdi. N.Nərimanovu ciddi düşündürən məsələ II dərəcəli məktəblər üçün müəllim kadrları hazırlaya biləcək ali təhsil müəssisəsinin yaradılması idi. Yeni yaradılacaq institutun nizamnaməsinin hazırlanması F.Rzabəyliyə həvalə edildi. N.Nərimanovun tövsiyələri əsasında Azərbaycan və rus dillərində hazırlanan ilk nizamnamə çox mükəmməl idi. İnstitutun təşkili ilə bağlı təşkilat komitəsi yaradılmışdı. Təşkilat komitəsinin sədri F.Rzabəyli, üzvləri Həbib bəy Mahmudbəyov, Rəhim Cəfərov, Abdulla Şaiq Talıbzadə, Məmməd Əfəndiyev, Sadıq Hüseynzadə, katib Əli Abbas Vəlixanlı idi. Təşkilat institutun təşkili ilə bağlı bütün məsələləri N.Nərimanovla məsləhətləşirdi. F.Rzabəyli yazırdı:
Nəriman Nərimanov təşkilat komitəsinin üzvlərini tez-tez qəbul edir, təklif və tövsiyələrini verirdi. Təşkilat komitəsinin ilk iclası 9 iyul 1921-ci ildə keçirildi. İlk iclasda institut üçün tədris binasının, nəzdində nümunə məktəbinin müəyyənləşdirilməsi məsələsi müzakirə edildi. Tədris binası üçün vaxtilə realnı məktəb, Müqəddəs Nina məktəbi, Marinski Ünas gimnaziyası və parlamanın yerləşdiyi binalardan birinin alınması nəzərdə tutuldu. Binaların bəzilərində hərbçilərin yerləşdirilməsi, digərlərinin ciddi təmirə ehtiyac olması səbəbindən həmin binaların heç biri instituta verilmədi. Bakı maarif şöbəsinin məktəb işləri şöbəsinin müdiri Ağa Əli Rağibin (Qasımov) köməyi ilə Lebedinski döngəsində (Şövkət Ələkbərova küçəsi) yerləşən 1 №-li Turgenev məktəbi institut üçün bosaldıldı. Həmin binada 1 №-li Turgenev rus məktəbi (direktor Lebkoviç), həm də 7-ci “Mahmud bəy Mahmudbəyov” məktəbi (direktoru Əbdürrəhimov) yerləşirdi. Hər ikisi birinci dərəcəli (ibtidai) məktəb idi. Sonralar həmin məktəb Bakı şəhəri Voroşilov rayon 6 saylı məktəbə (hazırda Bakı şəhəri 6 nömrəli məktəb-lisey) çevrildi.
Ali Pedaqoji İnstitutun təşkili və ya 66 saylı dekret
Nəhayət ki, Nəriman Nərimanovun mənəvi dəstəyi, təşkilat komitəsinin gərgin əməyi sayəsində ali pedaqoji təhsil müəssisəsinin açılması ilə bağlı hazırlıq işləri başa çatdırıldı. İlk Ali Pedaqoji İnstitutun açılması ilə bağlı Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov xüsusi dekret imzaladı. 26 avqust 1921-ci il tarixli 66 saylı dekretdə deyilirdi: “Respublikanın vahid əmək məktəbinin ideyalarını həyata tətbiq etməyə qabil yüksək ixtisaslı maarif işçiləri hazırlamaq məqsədilə bu ilin sentyabr ayının 1-dən etibarən Bakı şəhərində II dərəcəli şura məktəbləri üçün türk dilində müəllimlər hazırlaya biləcək Azərbaycan Dövlət Kişi Pedaqoji İnstitutu təsis edilsin. İnstitutun təşkilinə həmin dekretin nəşrindən dərhal sonra başlanılsın”.
Qeyd etmək lazımdır ki, institutun təşkilində həqiqətən də xeyli çətinliklər var idi. İnstituta seminariyaları və II dərəcəli məktəbləri bitirənlərin qəbul edilməsi nəzərdə tutulurdu. Ali Pedaqoji Kişi İnstitutunun həmin dövrdə mövcud olan digər ali məktəblərdən (Azərbaycan Dövlət Universiteti, Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, Ali Rəssamlıq Məktəbi) özəlliyi ondan ibarət idi ki, burada tədris milli dildə təşkil edilməli idi. Ali pedaqoji məktəbdə ayrı-ayrı ixtisaslarda Azərbaycan dilində mühazirə oxuyacaq müəllimlərin, elmi-pedaqoji və metodiki ədəbiyyatın, stabil terminologiyanın və milli dildə orta məktəblərin ciddi problemlər yaradırdı.
İlk tələbələr, ilk müəllimlər
Bakı Darülfünu 1919-cu ildə 877 tələbə və 217 azad dinləyici və 44 nəfər professor-müəllimlə fəaliyyətə başladığı halda, Pedaqoji İnstitut iki il sonra cəmi 6 tələbə (Rəhimzadə Əbdülhəsən (Salyan), Musaxanlı Atababa (Bakı), Axundzadə Vəli (Ağdam), Süleymanzadə Mahmud (Göyçay), Mustafazadə Ağaveyis (Göyçay), Ədilzadə Əbdülmüsəvvər (Daşkənd) və 8 müəllimlə (Fətulla Rzabəyli (direktor), Həbib bəy Mahmudbəyli (müavin), Abdullah Şaiq Talıbzadə, Məhəmməd Əfəndiyev, Həmid Şaxtaxtinski, Sadiq Hüseynov, İsmayıl Novruzi, V.V.Pismennaya) ilk dərs gününə başlamışdır. Müəllimlərin heç birinin elmi dərəcəsi və elmi adı yox idi. AXC dövründə qüdrətli sənətkarımız A.Şaiq tərəfindən yaradılan ilk milli orta məktəbin buraxılışına hələ 2 il qalırdı. Həmin dövrdə Nümunə məktəbi Ali Pedaqoji İnstitutun nəzdində fəaliyyət göstərirdi. Tələbələr pedaqoji təcrübəsini həmin məktəbdə keçirdilər. N.Nərimanov ilk milli orta məktəbin də inkişafına xüsusi diqqət göstərirdi. Hətta o, məktəbin ilk buraxılışında iştirak etmişdi. Həmin təntənəli gecənin şahidlərindən olan M.Salehli xatirələrində yazırdı ki, həmin gecəyə Nəriman Nərimanov da gəlmişdi. O, məzunlara “ay mənim saqqallı çocuqlarım” - deyərək müraciət etdi. Öz nitqində Azərbaycanın gələcəyindən, məktəb məzunlarının qarşısında duran vəzifələrdən danışdı.
Nəriman Nərimanovun şah əsəri: Ali Pedaqoji İnstitut
N.Nərimanovun göstərişi ilə 1922/23-cü tədris ilinin ikinci yarısında Ali Pedaqoji Kişi İnstitutu keçmiş realni məktəbin binasına (indiki ADİİ-nin əsas binası) köçürüldü. Tələbələrin sayı artdığından əvvəlki bina tələbatı ödəmirdi. İnstitutun ilk məzunlarından olan dosent Hacıbala Hacıyev xatirələrində yazırdı: “Bina şəraitinin genişlənməsi, tədris avadanlığı ilə təmin olunması və biologiya, insan anatomiya və fiziologiyası, botanika və kimya kabinet-laboratoriyaları təşkil edildi. Bu binada tədris korpusu, yataqxana, yeməkxana, nümunəvi məktəb (Şaiq adına nümunə məktəbi nəzərdə tutulur) və bir çox müəllimlərin mənzilləri yerləşirdi”. Həmin bina Ali Pedaqoji Kişi İnstitutu, Ali Pedaqoji Qadın İnstitutu və fəhlə fakültəsi arasında bölünmüşdü.
Bina yay aylarında təmir edildi, laboratoriyalar və fənn kabinetləri yaradıldı. Tədris planına yeni fənlərin daxil edilməsi və tələbələrin sayının artması ilə əlaqədar olaraq Davud Şərifli (antropologiya və rus dili), Hüseyn Mirzəcamalov (siyasi iqtisad), Fətullah Əlizadə (anatomiya), Kelxuc (rəsm), Bəkir Çobanzadə (dilçilik), Meyliyan (musiqi), H.Berq (fizika), Rəhim bəy Məlikov (fizika), Mustafa Quliyev (siyasi iqtisad), Mirəsədulla Mirqasımov (anatomiya), Cəlil Məmmədzadə (ictimaiyyat), Səlimə Osmanzadə (botanika), Mirzə Möhsün İbrahimi (fars ədəbiyyatı tarixi), Abdulla Azaqbəyli (psixologiya və məntiq), Süleyman Səlim (coğrafiya) və b. müəllimliyə dəvət olundular. Azərbaycan hökumətinin dəvəti ilə Bakıya gələn türk ədəbiyyatı tarixi müəllimi İsmayıl Hikmət, pedaqogika və pedaqogika tarixi müəllimi Xəlil Fikrət, İstanbul Universitetinin tarix və ədəbiyyat şöbəsinin məzunu Məhiyəddin, tanınmış türk təbiətşünas alimi İskəndər Abuzalımov da Ali Pedaqoji İnstitutda müəllim kadrları hazırlığına cəlb olundular.
İkinci tədris ilində instituta Azərbaycandan və digər respublikalardan 41 nəfər tələbə qəbul edildi. İnstitutun yenicə fəaliyyətə başlamasına baxmayaraq, şəxsən Nəriman Nərimanovun köməyi sayəsində institutda bir neçə kabinə və laboratoriya yaratmaq mümkün olmuşdu. Onun göstərişi ilə Ali Xalq Təsərrüfatı Şurasının nəzdində olan kimya laboratoriyası bütünlüklə Ali Pedaqoji Kişi İnstitutuna verilmişdi. İnstitutun kimya və fizika laboratoriyalarında 120 tələbənin təcrübə aparması üçün imkan var idi. İnstitutun ilk məzunlarından olan dosent Hacıbala Hacıyev xatirələrində yazırdı: “F.Rzabəyli ilə birlikdə mənə də N.Nərimanovla görüşmək nəsib olmuşdur. Biz institutun kimya avadanlığı ilə təmin edilməsini xahiş etdik. Az sonra keçmiş neft sahibkarlarına məxsus olan zəngin bir kimya laboratoriyasının instituta verilməsi haqqında qərar çıxarıldı. N.Nərimanov həftədə bir-iki dəfə instituta gələr, yeni təşkil olunmuş kabinet və laboratoriyaları nəzərdən keçirər, tələbələrin geyim və yeməklərinə diqqət yetirər və təsərrüfat hissəsinə müəyyən tapşırıqlar verərdi”.
Həmin dövrdə institutun kimya laboratoriyası nəinki Azərbaycan, hətta Gürcüstan və Ermənistan respublikalarındakı ali məktəblərin kimya laboratoriyalarından ən zəngini hesab olunurdu. Fizika kabinəsi üçün Moskvadan yeni cihazlar alınmışdı. Kimya laboratoriyasında və təbiət kabinəsindəki avadanlıqların sayı xeyli artmışdı. Fizika kabinetində 254, kimya kabinetində 874 cihaz var idi. Həmin ilin iyul ayına kimi cihaz almaq məqsədilə fizika kabineti üçün 27, kimya kabineti üçün 130 min rubl. buraxılmışdı. Məktəbin fizika kabinəsinə Məhəmməd Abdullazadə, kimya kabinəsinə Sadıq Hüseynov rəhbərlik edirdi.
İnstitutun tələbələrinin yaşaması üçün 120 yerlik pansionu (yataqxana) var idi. Xalq Komissarları Sovetinin sədri N.Nərimanov tərəfindən Ali Pedaqoji İnstitutun tələbələrinə xüsusi qayğı göstərilirdi.
Nəriman Nərimanov Azərbaycan XKS-nın sədri kimi ilk Ali Pedaqoji İnstitutun möhkəmləndirilməsi və genişləndirilməsi üçün ona hərtərəfli kömək göstərirdi. Onun təşəbbüsü ilə ilk illərdə institutda tədris və təsərrüfat işlərinə 112 min 69 rubl vəsait ayırmışdı. Tələbə kontingentinin sayı artdıqca tədris və təsərrüfat işlərinə ayrılan vəsait də ildən-ilə artırdı. İlk ali təhsilli müəllimlərin maarif cəbhəsinə yola salınmasını həvəslə gözləyirdi.
N.Nərimanov: “Elmlərini yeni tamam etmiş müəllimlərə açıq məktub”
14 may 1924-cü ildə 28 nəfərdən ibarət olan ilk məzun günündə böyük dövlət və siyasət xadimi N.Nərimanov iştirak etməsə də Moskvadan Azərbaycan Ali Pedaqoji İnstitutunun ilk məzunlarına -“Elmlərini yeni tamam etmiş müəllimlərə açıq məktub” ünvanlamışdı. Həmin məktubda deyilirdi:
“Əziz yoldaşlar, təzə həyata qədəminizi təbrik edirəm. Vəzifəniz hər nə qədər qayət çətin və məsuliyyətli bir vəzifədirsə də, bunu da düşünməlisiniz:insanın ruhunu ucaldan bir çox şey vardırsa, onun ən birincisi zəhmətdir.
Mən, istərdim ki, siz gələcək həyatınızda üç məsələyə diqqət edəsiniz:
1) Sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək zəhmətsevən olsunlar, yəni çətinlikləri başqasının yox, öz zəhmətləri ilə rəf etsinlər. Bunun üçün balalara təbiəti sevdirmək, onları təbiətin əlamətləri ilə maraqlandırmaq lazım gəlir.
2) Sizin tərbiyənizdən çıxan cavanlarımız gərək cəsur, cürətli və dəyanətli olsunlar. Yəni bir parça çörəkdən ötəri ikiüzlülük etməsinlər, filankəsin xoşuna gəlmək üçün “qatığa qara” deməsinlər.
Amandır, yoldaşlar. Buna yaxşı fikir veriniz. Mənsəbdən ötəri yalan söyləyən, gündə vicdanını satan “ikiüzlü” adamlar bizim gələcək kommunaya üzv ola bilməzlər. Ona binaən uşaqlarla daima əlaqədə olaraq hərəkətinizdə, sözünüzdə artıq dərəcədə ehtiyatlı olmalısınız. Çünki uşaq gördüyünü tez götürər.
3) Biz iddiamızdan əl çəkmirik, Azərbaycan Şərq üçün bir məktəbdir, yəni Şərq hazırkı halında qalırsa biz ona hər cəhətdən müəllim olacağıq. Beş ildən sonra Türkiyə, İran, Əfqan üçün bizim müəllimlərimiz elm-fənn meydanında hazır olacaqlar. Ona görə dilimizi lüzumsuz qeyrisinin lisanının təsiri altında saxlamaq bütün işimizi təxirə salar. Bu səbəblərə görə dilimizi müstəqil bir şəklə salmaq üçün ən çox siz müəllimlərə ümid bağlayıb, məktəbi bitirmənizi yenə də səmimi qəlbdən təbrik edirəm”
N.Nərimanov ilk Ali Pedaqoji İnstitutun yaradılmasında bütün çətinliklərə baxmayaraq fədakarlıqla çalışan təşkilat komitəsinin üzvləri ilə görüşlərinin birində demişdi: “Mən görürəm, maarifin haradan başlanılmasını ruhən düzgün düşünmüş və Azərbaycan xalqının nicatı yolunu görüb bütün həyatınızı ona həsr etmişsiniz. Azərbaycan Respublikası bu zəhmətinizi hər zaman təqdir edəcək. Azərbaycan xalqı həmişə sizi yad edəcəkdir”.
Biz bu gün 18 minlik ADPU ailəsi olaraq universitetimizin təməl daşını qoyanları xatırlayarkən öncə ulu öndər Heydər Əliyevin də dediyi kimi, “böyük və qaynar həyatını bütünlüklə xalq işinə sərf etmiş, öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş böyük siyasi xadim” Nəriman Nərimanovu hörmət və ehtiramla anırıq. 100 yaşlı universitetimizin yaradılması və ilk illərdəki inkişafı onun adı və yorulmaz fəaliyyəti ilə bağlıdır.
Fərrux RÜSTƏMOV,
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi