Leyla Vəliyeva: “Qələbə sevinci yaşadığım anlar sanki dünyanı mənə bağışlayırdılar”


Artıq 7 ildir ki, Leyla  Vəliyeva 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri  inciləri” rəqs ansanblının üzvüdür. Ötən bu illər ərzində  məharəti  ilə yaşıdlarından  fərqlənən gənc  rəqqasə bir çox  istedad yarışmalarının, müsabiqə və və festivalların iştirakçısı olub, hər dəfə də onun mahir rəqs  ifaçılığı  münsiflərin diqqətini cəlb edib. Dərnək rəhbəri, öz dəst-xətti ilə seçilən xoreoqraf Samirə Səfərli  yetirməsi   Leyla haqqında xoş sözləri bir-birinin ardınca muncuq kimi düzürdü. Müəlliminin  şagirdi haqqında ürəkdolusu danışması  bizim  üçün də sevindirici hal idi. Ümumiyyətlə, bütün sahələrdə belədir; çəkilən zəhmət hədər getməyəndə insan başqa bir aləmə qovuşur.  Samirə xanımsa   bu hissləri ikiqat artıq  sevinclə yaşayır. Bilir ki, nə vaxt, hansı tədbirdə  olursa-olsun, müəllimin kimdir? - sualına Leylanın ağızdolusu  ifadə edəcəyi bircə kəlmə   olacaq: - Sevimli  xoreoqraf müəllimim Samirə Səfərli.

 

Leylanın yaddaş dəftərçəsi

 

...Bəli, illər bir-birini  əvəzlədikcə  Leylanın  yaddaş dəftərçəsində qazandığı diplom və fəxri adların siyahısı  həkk  olunan  günlərin  və tədbirlərin sayı, yeri  və ünvanları  da artmaqda  davam edib. Həmin dəftərçəni mən də vərəqləmək istədiyimi  bildirəndə  həmsöhbətim əvvəlcə bir az tərəddüd etdi.  Axı, necə olmasa o, əvvəlki  həmsöhbətlərimdən fərqli  olaraq  artıq yetkinlik yaşını da arxada qoyan 18 yaşlı  bir  qəşəng qız, gənc bir tələbə idi, özü də olduqca yüksək dəyərləndirdiyi   Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi. Həmin dəftərçəyə  baxmağa ehtiyac olduğunu söyləyəndə isə çantamdadır, buyurun,  deyib,   bəzəkli  bir dəftəri kitablarının   arasından ayırıb   utana-utana mənə uzatdı və dedi: - Həmişə özümlə gəzdirirəm.

 

İki beynəlxalq müsabiqədə birinci

 

...Mən onunla söhbət edə-edə gözucu dəftərçəyə də boylanırdım. Doğrudan da siyahı olduqca uzun idi. Amma əslində isə  burada təəccüblü bir hal da yox idi, çünki  Leyla  artıq 7 ildir ki, müxtəlif nominasiyalı tədbirlərdə, müsabiqə və festivallarda bu Mərkəzi təmsil edir,  respublika səviyyəli və beynəlxalq miqyaslı yaradıcılıq hesabatlarında  çalışdığı rəqs kollektivi ilə  birgə  uğurlara imza atırdı. Heydər Əliyev Fondunun təşkil etdiyi “Yeni il şənliyi” və  “Oxu günü”nə həsr olunan   tədbirlərdəki  iştirakı   Leylanın  yaddaşında  qırmızı xətlə keçdiyini də onun özünün dilindən eşitdim. Dövlət uşaq tədbirlərindəki  çıxışlarını da xatırlayarkən  gənc rəqqasə xoş xatirələr yaşadığını söylədi, uşaqlıq başqa bir aləmdir, dedi. Kaş yenə də həmin illər olaydı... Bilirsiniz, dedi, biz öz ansamblımızla birlikdə Rusiyada bir-birinin ardınca  keçirilən “İstoki” və “Moya rodina” müsabiqələrində  I yerləri  qazananda sevincimizdən göz yaşları axıdırdıq... Dərnək rəhbərimiz Samirə xanım da bizə qoşulmuşdu.

 

Dərnək rəhbəri bizi məyus olmaqdan xilas etdi

 

Sonra Qırğızıstanda keçirilən “Kijitay” müsabiqəsinə dəvət aldıq və həmin müsabiqədə 3-cü yeri qazandıq. Dərnək rəhbərimiz bunu böyük uğur adlandırdı və bizi ruhdan düşməməyə çağırdı. Ruhdan düşsəniz, bir də heç vaxt  birinci ola bilməyəcəyik, dedi. Samirə xanımın  xoş sözləri bizi  məyusluqdan xilas etdi və daha böyük əzmkarlıqla  məşqlərimizi davam etdirdik. Bu, doğrudan da olduqca vacib idi, çünki ruh düşkünlüyü bizi  növbəti yarışmalarda uğursuzluqlara sürükləyərdi.

 

Qran-pri mükafatı ürəyimizə sərinlik bəxş etdi

 

Çox keçmədi ki, İtaliyada keçirilən daha mötəbər bir  müsabiqəyə dəvət aldıq. Bu, “Liberto Qreativa” beynəlxalq onlayn rəqs müsabiqəsi  idi. Həmin müsabiqədə kollektiv şəkildə  təqdim etdiyimiz rəqs Qran-pri mükafatına layiq görüldü. Bu qələbə bizim sevincimizin pik həddini təmin etdi, ruhumuza sərinlik qatdı. Bu, doğrudan da mötəbər bir müsabiqə idi və biz həmin  müsabiqədə  dərnək rəhbərimizin, Mərkəzimizin, qələbəmizi gözləyən hər bir kəsin etimadını tam doğrulda bildik. Açığını söyləyim ki, mən ən xoş anlarımı  müsabiqələrdə qazandığımız qələbə sevinci ilə yaşamışam. Respublika daxilində də baş tutan  müxtəlif nominasiyalı  tədbirlərdə və festivallarda  daim  Mərkəzimizi  həvəslə təmsil etmişik və həmişə də  bizə yönəli olan ümidləri doğrultmağa çalışırıq.

 

Gələcək peşəsindən asılı olmayaraq Leyla artıq mahir  rəqqasədir

 

...Yazının əvvəlində qeyd etdiyim kimi mən   əvvəlki  həmsöhbətlərimdən fərqli olaraq bu dəfə  artıq  məktəbli yaşında olan istedad sahibi ilə deyil, yetkin bir gənclə onun yaradıcılıq boxçasını   birlikdə seyr etdik   və səmimi  söyləyim ki,  görüşdən  olduqca məmnun  da qaldım. Bir daha əmin oldum ki, bu gənc istedad sahibi gələcəkdə diplom alandan sonra hansı peşənin sahibi olacağından asılı olmayaraq musiqini, incəsənəti və onun ən maraqlı qolu olan  milli rəqsimizi, bütün başqa rəqs növlərini  çox sevir və onların hər birini ustalıqla  təqdim etməyə  hər an qadirdir.  

 

Sifai SƏFƏROVA