Tələbə rəqqasın uğur hekayəsi | |
Artıq 7 ildir ki, Leyla Vəliyeva 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” rəqs ansanblının üzvüdür. Ötən bu illər ərzində məharəti ilə yaşıdlarından fərqlənən gənc rəqqasə bir çox istedad yarışmalarının, müsabiqə və və festivalların iştirakçısı olub, hər dəfə də onun mahir rəqs ifaçılığı münsiflərin diqqətini cəlb edib. Dərnək rəhbəri, öz dəst-xətti ilə seçilən xoreoqraf Samirə Səfərli yetirməsi Leyla haqqında xoş sözləri bir-birinin ardınca muncuq kimi düzürdü. Müəlliminin şagirdi haqqında ürəkdolusu danışması bizim üçün də sevindirici hal idi. Ümumiyyətlə, bütün sahələrdə belədir; çəkilən zəhmət hədər getməyəndə insan başqa bir aləmə qovuşur. Samirə xanımsa bu hissləri ikiqat artıq sevinclə yaşayır. Bilir ki, nə vaxt, hansı tədbirdə olursa-olsun, müəllimin kimdir? - sualına Leylanın ağızdolusu ifadə edəcəyi bircə kəlmə olacaq: - Sevimli xoreoqraf müəllimim Samirə Səfərli.
Leylanın yaddaş dəftərçəsi
...Bəli, illər bir-birini əvəzlədikcə Leylanın yaddaş dəftərçəsində qazandığı diplom və fəxri adların siyahısı həkk olunan günlərin və tədbirlərin sayı, yeri və ünvanları da artmaqda davam edib. Həmin dəftərçəni mən də vərəqləmək istədiyimi bildirəndə həmsöhbətim əvvəlcə bir az tərəddüd etdi. Axı, necə olmasa o, əvvəlki həmsöhbətlərimdən fərqli olaraq artıq yetkinlik yaşını da arxada qoyan 18 yaşlı bir qəşəng qız, gənc bir tələbə idi, özü də olduqca yüksək dəyərləndirdiyi Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi. Həmin dəftərçəyə baxmağa ehtiyac olduğunu söyləyəndə isə çantamdadır, buyurun, deyib, bəzəkli bir dəftəri kitablarının arasından ayırıb utana-utana mənə uzatdı və dedi: - Həmişə özümlə gəzdirirəm.
İki beynəlxalq müsabiqədə birinci
...Mən onunla söhbət edə-edə gözucu dəftərçəyə də boylanırdım. Doğrudan da siyahı olduqca uzun idi. Amma əslində isə burada təəccüblü bir hal da yox idi, çünki Leyla artıq 7 ildir ki, müxtəlif nominasiyalı tədbirlərdə, müsabiqə və festivallarda bu Mərkəzi təmsil edir, respublika səviyyəli və beynəlxalq miqyaslı yaradıcılıq hesabatlarında çalışdığı rəqs kollektivi ilə birgə uğurlara imza atırdı. Heydər Əliyev Fondunun təşkil etdiyi “Yeni il şənliyi” və “Oxu günü”nə həsr olunan tədbirlərdəki iştirakı Leylanın yaddaşında qırmızı xətlə keçdiyini də onun özünün dilindən eşitdim. Dövlət uşaq tədbirlərindəki çıxışlarını da xatırlayarkən gənc rəqqasə xoş xatirələr yaşadığını söylədi, uşaqlıq başqa bir aləmdir, dedi. Kaş yenə də həmin illər olaydı... Bilirsiniz, dedi, biz öz ansamblımızla birlikdə Rusiyada bir-birinin ardınca keçirilən “İstoki” və “Moya rodina” müsabiqələrində I yerləri qazananda sevincimizdən göz yaşları axıdırdıq... Dərnək rəhbərimiz Samirə xanım da bizə qoşulmuşdu.
Dərnək rəhbəri bizi məyus olmaqdan xilas etdi
Sonra Qırğızıstanda keçirilən “Kijitay” müsabiqəsinə dəvət aldıq və həmin müsabiqədə 3-cü yeri qazandıq. Dərnək rəhbərimiz bunu böyük uğur adlandırdı və bizi ruhdan düşməməyə çağırdı. Ruhdan düşsəniz, bir də heç vaxt birinci ola bilməyəcəyik, dedi. Samirə xanımın xoş sözləri bizi məyusluqdan xilas etdi və daha böyük əzmkarlıqla məşqlərimizi davam etdirdik. Bu, doğrudan da olduqca vacib idi, çünki ruh düşkünlüyü bizi növbəti yarışmalarda uğursuzluqlara sürükləyərdi.
Qran-pri mükafatı ürəyimizə sərinlik bəxş etdi
Çox keçmədi ki, İtaliyada keçirilən daha mötəbər bir müsabiqəyə dəvət aldıq. Bu, “Liberto Qreativa” beynəlxalq onlayn rəqs müsabiqəsi idi. Həmin müsabiqədə kollektiv şəkildə təqdim etdiyimiz rəqs Qran-pri mükafatına layiq görüldü. Bu qələbə bizim sevincimizin pik həddini təmin etdi, ruhumuza sərinlik qatdı. Bu, doğrudan da mötəbər bir müsabiqə idi və biz həmin müsabiqədə dərnək rəhbərimizin, Mərkəzimizin, qələbəmizi gözləyən hər bir kəsin etimadını tam doğrulda bildik. Açığını söyləyim ki, mən ən xoş anlarımı müsabiqələrdə qazandığımız qələbə sevinci ilə yaşamışam. Respublika daxilində də baş tutan müxtəlif nominasiyalı tədbirlərdə və festivallarda daim Mərkəzimizi həvəslə təmsil etmişik və həmişə də bizə yönəli olan ümidləri doğrultmağa çalışırıq.
Gələcək peşəsindən asılı olmayaraq Leyla artıq mahir rəqqasədir
...Yazının əvvəlində qeyd etdiyim kimi mən əvvəlki həmsöhbətlərimdən fərqli olaraq bu dəfə artıq məktəbli yaşında olan istedad sahibi ilə deyil, yetkin bir gənclə onun yaradıcılıq boxçasını birlikdə seyr etdik və səmimi söyləyim ki, görüşdən olduqca məmnun da qaldım. Bir daha əmin oldum ki, bu gənc istedad sahibi gələcəkdə diplom alandan sonra hansı peşənin sahibi olacağından asılı olmayaraq musiqini, incəsənəti və onun ən maraqlı qolu olan milli rəqsimizi, bütün başqa rəqs növlərini çox sevir və onların hər birini ustalıqla təqdim etməyə hər an qadirdir.
Sifai SƏFƏROVA
|
|
29.05.2021 | 10:14 | |
|
|
|