Ülvi Əsədli: “Rəsmlərimdə erməni faşistlərinə nifrət hissimi daha qabarıq təsvir edirəm”
Əsədli Ülvi qeyri-adi istedad sahibidir. Həmsöhbətim sevə-sevə məşğul olduğu rəsm dərnəyinin fəaliyyəti ilə bağlı həyəcansız danışa bilmirdi. Hiss olunurdu ki, ötən bu illər ərzində Ülvi dərnəyə sadəcə vaxtını boş keçirməmək naminə getməyib. Qeyri-ixtiyari olaraq mən yeniyetmə olsa da artıq bu sahədə kifayət qədər təcrübəsi olan bir rəssamla qarşı-qarşıya söhbət etdiyimin fərqində oldum. Müxtəlif mövzulu və məzmunlu rəsm əsərlərini, qrafik üsulda fırçaya aldığı yaradıcılıq nümunələrini mənə göstərdikcə hiss edirdim ki, baxışlarımdan və üzümün mimikasından yaradıcılıq potensialına dəyər verdiyimi, hər bir sənət əsərini ürəkdən bəyəndiyimi duyurdu. Bu, onu daha da ruhlandırır, daha da ürəkli edir, çəkdiyi rəngarəng rəsmlərin fövqündə hansı hissləri yaşadığını çəkinmədən etiraf edirdi. Ülvi danışdıqca, onun yaradıcılığına olan vurğunluğum daha da artırdı. O, ən maraqlı bir həmsöhbət idi. Özünü olduqca sərbəst aparır, fikirlərini səlis ifadə edirdi. Bu, məni də bir jurnalist olaraq çox sevindirirdi.
Qısa təqdimat
13 yaşım var. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Buta dizayn” studiyasının üzvüyəm. Rəsm muəllimim Könül Orucovadır. Kiçik yaşlarımdan şəkil çəkməyə həvəsim var. Artıq 6 ildir ki, bu dərnəkdə məşğul oluram. Yaşıdlarımdan istedadımla seçildiyim kimi təhsildə də sinif yoldaşlarımdan geri qalmıram.
Üç il ardıcıl olaraq müsabiqə qalibi oldum
Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən 2017, 2018 və 2019-cu illərdə “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsində əl işi nominasiyası üzrə 3 il ardıcıl olaraq I yerlərə layiq görülmüşəm. Sonra Mərkəzin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəqşi cahan” naxış festivalında fəal iştirakıma görə diplomla mükafatlandırıldım. Daha sonra isə Mərkəzimizin təşkil etdiyi “PAZL ART” adlı sərgidə rəsmlərim yüksək qiymətləndirildi və sertifikat əldə etdim. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “My National customs and Traditions” Respublika sərgisində də sertifikat qazandım.
İlk qələbəmin sevinci
Yeri gəlmişkən, qeyd edim ki, dərnək dostlarım kimi mənim də rəsmə marağımı ilk hiss edən valideynlərim olub və 2-ci sinifdə oxuyarkən sənədlərimi bu Mərkəzə təqdim ediblər. Sınaq yoxlamalardan uğurla çıxdığıma görə dərhal məni rəsm dərnəyinə üzv yazdılar. Ötən bu 6 ildə iştirak etdiyim sərgi, festival və müsabiqələrin sayı-hesabı yoxdur və demək olar ki, bütün yaradıcılıq yarışmalarında qaliblər cərgəsində olmuşam. İlk uğurum 2017-ci ildə keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” sərgisi oldu və bu, məni çox həvəsləndirdi. İlk qələbənin sevinci məni daha gözəl və məzmunlu rəsmlər çəkməyə ruhlandırdı.
Uğurlarıma görə müəllimlərimə borcluyam
Müəllimim Könül Orucovanın vaxtaşırı verdiyi öyüd-nəsihətlər rəsmlərimdə mövcud olan qüsurları aradan qaldırmaq üçün mənə dəstək olurdu. Təcrübəli müəllimimin verdiyi düzgün istiqamət yavaş-yavaş bu sahəyə marağımı və daha yaxşı rəsmlər çəkməyə həvəsimi artırırdı. Buna görə də indi bütün məsuliyyətimlə söyləyirəm ki, yaxşı müəllimin pis şagirdi olmur, müəllim şagirdi düzgün istiqamətləndirəndə zəhməti hədər getmir və yetirməsi ümidlərini doğruldur. Bütün yaradıcılıq sahələrində olduğu kimi, rəssamlıqda da uğurların mənbəyi, özəyi əməkdir, bir də bu sahəyə hədsiz həvəsin, bağlılığın, məhəbbətin. Bu üç amil vəhdətdə olanda istedad sahibini yaradıcılıq potensialını inkişaf etdirməyə həvəsləndirir.
Foto müsabiqəsində də birinci
2020-ci ildə Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birlikdə təşkil etdiyi “Pəncərəmdən açılan mənzərə” onlayn beynəlxalq uşaq foto- müsabiqənin “Adidə qeyri-adilik” nominasiyası üzrə I yeri tutdum. Bu foto-müsabiqə mənim yaradıcılıq hesabatlarım arasında ən çox yaddaqalan oldu. Təbii olaraq buna qədər bir çox rəsm sərgilərində artıq birinciliklər qazanmışdım. Amma bu, axı, foto müsabiqəsi idi və mən ilk dəfə olaraq bu sahədə də öz bacarığımı ortaya qoymalı idim. Etiraf edim ki, özümə güvənirdim, bilirdim ki, özünəgüvənclik olmasa, mən qalib gələ bilməyəcəyəm. İncəsənətin bu növünə də yaranan marağım foto çəkilişinə həvəsimi birə-beş artırdı və nəticədə müsabiqəyə təqdim etdiyim “Ümid işığı” adlı şəklim I yerə layiq görüldü.
Biz birlikdə güclüyük
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Biz bilikdə güclüyük” onlayn rəsm müsabiqəsində yaşıdlarımı, bütövlükdə xalqımızı narahat edən pandemiyaya qarşı birgə mübarizəyə səsləyən qeyri-adi bir rəsm nümunəsi ortaya qoydum. Biz doğrudan da bu gözəgörünməz bəlaya qarşı birlikdə və inadla mübarizə aparmalıyıq ki, virusun qarşısında aciz qalmayaq. “Ən yaxşı qrafik rəsmə görə” fəxri fərmana layiq görülən bu qrafik rəsmim həm də yaşıdlarıma bir çağırış idi.
Qürur hissi keçirirəm
Son zamanlar kağız üzərində canlandırdığım rəsmləri tam mənada qəhrəmanlıq salnamələri adlandırmaq olar. Çünki bu rəsmlərin demək olar ki, hamısı igid oğullarımızın Qarabağ savaşında çaldığı tarixi qələbənin müxtəlif çalarlarını əks etdirir. Haldan-hala düşürəm bu mövzunun içində yaşayan zaman. Gah kövrəlirəm, gah qürur hissi keçirirəm, gah da qeyzə gəlirəm, sanki barıt qoxulu səngərdə hayqıraraq erməniləri lənətləyirəm. Rəsmlərimdə azğın erməni faşistlərinə nifrət hissimi daha qabarıq təsvir edirəm. Bu mövzuya həsr olunan bütün rəsmlərim sərgilərdə və müsabiqələrdə qaliblər sırasında sərgilənir.
Çox çalışacağam
...Rəssamlıq sənətinin sirlərinə dərindən yiyələnəcəyimə, bu ülvi peşənin məşhur simalarından olacağıma özümə söz vermişəm. Bunun üçünsə bilirəm ki, öz üzərimdə çox çalışmalı olacağam, lap çox. İnadkarlıq nümayiş etdirəcəyəm, gecəmi gündüzümə qatıb bu arzumu gerçəkləşdirəcəyəm.
Sifai SƏFƏROVA