“Rəssamlıq sənətinin məşhur simalarından olacağam”

Əsədli Ülvi qeyri-adi istedad sahibidir. Həmsöhbətim    sevə-sevə  məşğul olduğu rəsm dərnəyinin fəaliyyəti ilə bağlı həyəcansız danışa bilmirdi. Hiss olunurdu ki, ötən bu illər ərzində Ülvi dərnəyə sadəcə vaxtını boş keçirməmək naminə getməyib. Qeyri-ixtiyari olaraq  mən yeniyetmə olsa da artıq bu sahədə kifayət qədər  təcrübəsi olan bir rəssamla  qarşı-qarşıya söhbət etdiyimin fərqində oldum. Müxtəlif  mövzulu və məzmunlu rəsm əsərlərini, qrafik üsulda fırçaya aldığı yaradıcılıq nümunələrini  mənə  göstərdikcə  hiss edirdim ki, baxışlarımdan və üzümün mimikasından yaradıcılıq potensialına dəyər verdiyimi, hər bir  sənət əsərini ürəkdən  bəyəndiyimi duyurdu. Bu, onu daha da ruhlandırır, daha da ürəkli edir, çəkdiyi rəngarəng rəsmlərin fövqündə  hansı hissləri yaşadığını çəkinmədən etiraf edirdi. Ülvi danışdıqca, onun yaradıcılığına olan vurğunluğum daha da artırdı. O, ən maraqlı bir həmsöhbət idi. Özünü olduqca sərbəst aparır, fikirlərini  səlis ifadə edirdi. Bu, məni də bir jurnalist olaraq çox sevindirirdi.

 

Qısa təqdimat

 

13 yaşım var. 3 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin  “Buta dizayn”  studiyasının üzvüyəm. Rəsm muəllimim Könül Orucovadır. Kiçik yaşlarımdan şəkil çəkməyə  həvəsim var. Artıq 6 ildir ki, bu dərnəkdə məşğul oluram. Yaşıdlarımdan istedadımla seçildiyim kimi  təhsildə də  sinif yoldaşlarımdan geri qalmıram.

 

Üç il ardıcıl olaraq müsabiqə qalibi oldum

 

Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən 2017, 2018 və 2019-cu illərdə “Fövqəladə hallar uşaqların gözü  ilə”  Respublika uşaq yaradıcılıq müsabiqəsində  əl işi nominasiyası üzrə 3 il ardıcıl olaraq I yerlərə layiq görülmüşəm.  Sonra  Mərkəzin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəqşi cahan”  naxış festivalında fəal iştirakıma görə diplomla mükafatlandırıldım. Daha sonra  isə Mərkəzimizin təşkil etdiyi  “PAZL ART” adlı sərgidə  rəsmlərim yüksək qiymətləndirildi və sertifikat əldə etdim. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  “My National customs and Traditions”  Respublika sərgisində də  sertifikat qazandım.

 

İlk qələbəmin sevinci

 

Yeri gəlmişkən, qeyd edim ki, dərnək dostlarım kimi mənim də  rəsmə marağımı ilk hiss edən valideynlərim olub  və 2-ci sinifdə oxuyarkən sənədlərimi bu Mərkəzə təqdim ediblər. Sınaq yoxlamalardan uğurla çıxdığıma görə  dərhal məni rəsm dərnəyinə üzv yazdılar. Ötən bu 6 ildə iştirak etdiyim sərgi, festival və müsabiqələrin sayı-hesabı yoxdur və demək olar ki,  bütün yaradıcılıq yarışmalarında  qaliblər cərgəsində olmuşam. İlk uğurum  2017-ci ildə keçirilən  “Fövqəladə hallar uşaqların gözü  ilə” sərgisi oldu və bu, məni çox həvəsləndirdi. İlk qələbənin sevinci məni daha gözəl və məzmunlu rəsmlər çəkməyə ruhlandırdı.

 

Uğurlarıma görə müəllimlərimə borcluyam

 

Müəllimim Könül Orucovanın vaxtaşırı verdiyi öyüd-nəsihətlər rəsmlərimdə mövcud olan qüsurları aradan qaldırmaq üçün mənə  dəstək olurdu. Təcrübəli müəllimimin verdiyi düzgün istiqamət yavaş-yavaş bu sahəyə marağımı və daha  yaxşı rəsmlər çəkməyə həvəsimi artırırdı. Buna görə də  indi bütün məsuliyyətimlə söyləyirəm ki, yaxşı müəllimin pis şagirdi olmur, müəllim şagirdi düzgün istiqamətləndirəndə  zəhməti  hədər getmir və yetirməsi  ümidlərini doğruldur. Bütün yaradıcılıq sahələrində olduğu kimi, rəssamlıqda da uğurların mənbəyi, özəyi  əməkdir, bir də bu  sahəyə hədsiz həvəsin,  bağlılığın, məhəbbətin. Bu üç amil vəhdətdə olanda istedad  sahibini   yaradıcılıq potensialını  inkişaf etdirməyə  həvəsləndirir.

  

Foto müsabiqəsində də birinci

 

2020-ci ildə Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birlikdə təşkil etdiyi “Pəncərəmdən açılan mənzərə” onlayn beynəlxalq uşaq foto- müsabiqənin “Adidə qeyri-adilik” nominasiyası üzrə  I yeri tutdum. Bu foto-müsabiqə mənim yaradıcılıq hesabatlarım arasında ən çox yaddaqalan oldu.  Təbii olaraq  buna qədər bir çox rəsm sərgilərində artıq  birinciliklər qazanmışdım. Amma bu, axı, foto müsabiqəsi idi və mən ilk dəfə olaraq bu sahədə də öz bacarığımı ortaya qoymalı idim. Etiraf edim ki, özümə  güvənirdim, bilirdim ki, özünəgüvənclik olmasa, mən qalib gələ bilməyəcəyəm. İncəsənətin bu növünə də yaranan marağım  foto çəkilişinə həvəsimi birə-beş artırdı və nəticədə  müsabiqəyə təqdim etdiyim “Ümid işığı” adlı şəklim    I yerə layiq görüldü. 

 

Biz birlikdə güclüyük

  

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Biz bilikdə güclüyük” onlayn rəsm müsabiqəsində  yaşıdlarımı, bütövlükdə xalqımızı  narahat edən pandemiyaya qarşı birgə mübarizəyə səsləyən qeyri-adi bir rəsm nümunəsi  ortaya qoydum. Biz doğrudan da bu gözəgörünməz bəlaya qarşı birlikdə  və inadla mübarizə aparmalıyıq ki,  virusun qarşısında aciz qalmayaq. “Ən yaxşı qrafik rəsmə görə” fəxri fərmana layiq görülən bu  qrafik rəsmim həm də yaşıdlarıma bir çağırış idi.

 

Qürur hissi keçirirəm

 

Son zamanlar  kağız üzərində canlandırdığım rəsmləri tam mənada   qəhrəmanlıq salnamələri adlandırmaq olar. Çünki bu rəsmlərin demək olar ki, hamısı  igid oğullarımızın Qarabağ savaşında çaldığı tarixi qələbənin müxtəlif çalarlarını əks etdirir. Haldan-hala düşürəm  bu mövzunun içində yaşayan zaman. Gah kövrəlirəm, gah qürur hissi keçirirəm, gah da qeyzə gəlirəm, sanki barıt qoxulu səngərdə hayqıraraq  erməniləri lənətləyirəm. Rəsmlərimdə azğın erməni faşistlərinə nifrət hissimi daha  qabarıq təsvir edirəm. Bu mövzuya həsr olunan  bütün rəsmlərim  sərgilərdə və müsabiqələrdə qaliblər sırasında sərgilənir.

 

Çox çalışacağam

 

...Rəssamlıq sənətinin sirlərinə dərindən yiyələnəcəyimə, bu ülvi peşənin məşhur simalarından olacağıma özümə söz vermişəm. Bunun üçünsə bilirəm ki,  öz üzərimdə çox çalışmalı olacağam, lap çox. İnadkarlıq nümayiş etdirəcəyəm,  gecəmi gündüzümə qatıb bu  arzumu gerçəkləşdirəcəyəm.

 

Sifai SƏFƏROVA

 



23.05.2021 | 12:17