“Hünər ardınca qoş, xalqa xeyir saç,

Qapılar bağlama, ər ol, qapı aç”

 

- demişdi dahi Azərbayan şairi Nizami Gəncəvi. Üstündən 9 əsr zaman keçməsinə baxmayaraq, bütün dövrlərdə öz hikməti və doğruluq payı ilə aktual olan bu kəlamlar 2021-ci ildə də dilimizin əzbəri, söhbətlərimizin bəzəyidir. Məhz buna görə də bu il dahi şair, mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzaladı. Uzun illərdir ədəbiyyatşünaslar, filosoflar, tarixçilər, tədqiqatçılar tərəfindən araşdırılmasına, öyrənilməsinə baxmayaraq, öz sirrini, sehrini qoruyub-saxlamağı bacaran Nizami Gəncəvi dünyası bu il daha dərindən tədqiq olunacaq, başqa dillərə tərcümə edilərək bütün dünyaya tanıdılacaq. Artıq üç aydır ki, müxtəlif qurumlar mövcud pandemiya qanunlarına əməl etməklə bu iş üzərində çalışmaqda, fərqli layihələr hazırlamaqdadır.

 

2021-ci il Azərbaycan xalqı üçün başqa bir mənada da əlamətdar və önəmlidir. Belə ki, 2020-ci ilin sentyabrın 27-də başlanıb 44 gündən sonra böyük qələbəylə nəticələnən II Qarabağ müharibəmizin bəhrələri məhz bu ilə təsadüf edir. Hazırda işğaldan azad olunan torpaqlarda yenidənqurma işləri gedir, xarabazara çevrilən yurdlarımız 30 ildən sonra özünə qayıdır. Qələbə ötən ildə yaşansa da, bir çox insanlarımız məhz bu il öz dədə-baba yurdlarını gedib görə bildilər, illər sonra ilk dəfə o torpaqlara ayaq basdılar. Onlar üçün, elə hamımız üçün bu, sevinc dolu qürurverici və tarixi bir hadisədir.

 

Qələbə ilindən dərhal sonra “Nizami Gəncəvi İli”nin elan olunması da təsadüfi hadisə deyil. Bütün yaradıcılığı boyunca haqqı, ədaləti, vətənə sevgini təbliğ edən, özü ömrünün axırınacan doğulub boya-başa çatdığı Gəncə şəhərindən bir addım da kənara atmayan şair yurda bağlılığın ən gözəl nümunəsidir.

 

Şairin doğma torpağı Gəncə də erməni zülmündən əziyyət çəkən şəhərlərimizdən biridir. Mənfur erməni dığasının hər zaman hədəfinə  çevrilən Gəncə şəhəri II Qarabağ müharibəsində də ən ağrılı taleni yaşayan bölgələrimizdən oldu. Müharibə meydanında Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən düşmən özünün xislətinə, kökünə yaraşan tərzdə davranmağa davam etdi, hiyləyə, terrora əl atdı. Azərbaycan Əsgərinə gücü çatmayan düşmən yenə də bacardıqca çox ziyan vermək məqsədilə dinc əhalini hədəf aldı. Müharibə zamanı cəbhədən yüzlərlə kilometr uzaqda yerləşən Gəncə, Bərdə şəhərlərindəki terror aktları, dinc əhalinin hədəf alınaraq bombalanması düşmənin ən iyrənc üzünün daha bir nümayişi idi. Lakin Nizami yurdu Gəncə, şairin “İsgəndərnamə” poemasında xüsusi vəsf olunan Bərdə, digər terrora məruz qalan şəhərlərimiz, onların mərd sakinləri yenə də düşmənə qarşı dimdik dayandılar, ona istədiyini vermədilər. Onlar dahi şairin kəlamına bir daha sadiq qaldılar, ən çətin zamanda belə mərdlik göstərməyə davam etdilər:

 

Mərd olmaq gərəkdir həyatda hər an,

Mərdliklərlə çatar arzuya insan.

 

Ölkəmizdə bütün bu önəmli hadisələr dünya və dövlətimiz üçün qlobal bir hadisənin fonunda baş verdi. Ötən ildən etibarən dünyanı cənginə alan COVID-19 pandemiyası hər kəsin həyatına bu və ya digər şəkildə toxunub. Bir ildən artıq davam edən karantin rejimi insanların ünsiyyətini azaldıb, məktəblərin, müəssisələrin fəaliyyətini məhdudlaşdırıb.

 

Azərbaycanda da uzun zamandır, məktəblər, təhsil ocaqları onlayn rejimdə fəaliyyət göstərir. Bu karantin tədbirləri canlı ünsiyyəti azaltsa da, ölkə rəhbərliyinin diqqəti və qayğısı sayəsində  hər kəs bu durumdan daha az ziyanla çıxmaq üçün çalışır. Xüsusən, təhsil ocaqları onlayn rejimdə belə olsa, dərslərindən qalmır, ölkədə baş verən proseslərə adekvat münasibət göstərirlər. Bunu II Qarabağ müharibəsində də gördük, “Nizami Gəncəvi İli”ndə də. Orta və ali məktəblər onlayn şəkildə, ya da məhdud şəraitdə keçirdiyi tədbirlər, konfranslar, görüşlərlə baş verən hadisələrə münasibətlərini göstərirlər.

 

Su kimi aləmə həyat ver, can ver,

Hər rəngə uyğunlaş, dərdə dərman ver.

 

Bəli, bu gün aləmə həyat, can verən müəllimlərimiz dünyada tüğyan edən yeni növ koronavirus pandemiyasının yaratdığı çətinliklərə sinə gərərək bir daha sübut etdilər ki:

 

“Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz”.

 

Belə ki, hər kəs sağlamlığını qorumaq üçün gözəgörünməz virusla mübarizə apardığı vaxtda Azərbaycan müəllimləri şairin də dediyi kimi, hər rəngə uyğunlaşaraq elmsizlik adlı dərdə dərman oldular. Bütün fədakar müəllimlər öz qüvvələrini səfərbər etdilər. Baxmayaraq, ilk aylar yeni formada tədris biz müəllimlər üçün çətinlik yaratdı, amma Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan layihələr, həyata keçirilən tədbirlər üzləşdiyimiz problemlərin tez bir zamanda aradan qaldırılmasına səbəb oldu. "Virtual məktəb" layihəsinin həyata keçirilməsi hər bir müəllim kimi məni də sevindirdi. Çünki tədrisin bu şəkildə əlçatan olması  bizi bir ailə kimi yenidən birləşdirdi.  Ümid edirik ki, çox tez zamanda koronavirus infeksiyası bütün dünyadan yox olacaq, ölkəmiz və dünyamız normal həyatına qayıdacaq, biz də işğaldan azad olunan torpaqlarımızda həm qələbəmizi, həm də “Nizami Gəncəvi İli”ni rahat, məhdudiyyətsiz şəkildə qeyd edəcəyik. Axı o böyük adam da deyirdi:

 

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

 

Səbinə İMANOVA,

Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi