Əsgər Həsən: “Arzum üçrəngli bayrağımızı dünya ölkələrində dalğalandırmaqdır”


Ta qədim zamanlardan  xalqlar öz milli ruhlarını  mentalitetlərinə uyğun  tərzdə  müxtəlif cür ifadə ediblər. Musiqi və idman  da qədim insanların  öz  asudə vaxtlarını  səmərəli  və əyləncəli  keçirmək üçün  istifadə etdikləri  atributlardan  olub. Qədim dünya tarixindən  zaman-zaman yaddaşlara köçürülən bu kimi həqiqətlər barədə  dolğun məlumatlar  arxivin yaddaşında saxlanılır və  bu gün də  maraq dairəmizin mərkəzində yer  alır.

 

Bəşəriyyət inkişaf  etdikcə, xalqlar və  dövlətlər arasında dostluq, barışıq rəmzi sayılan idman  millətlərarası sivilizasiyaları da bir-birinə yaxınlaşdırıb, insanların baxışlarında kök salan stereotipləri  sağlam ruhla əvəzləyib.

 

Xüsusilə Şərq ölkələrində o vaxt  idmanın ən məşhur növü sayılan güləş bu gün də yeniləşən dünyamızda  fəaliyyətdə olan  saysız-hesabsız idman növləri sırasında  öncül yerlərdən birini tutur. Bu gün isə biz təvəllüd tarixi çox da qədim olmayan, ancaq müasir dövrün  çoxsaylı gəncləri tərəfindən  kifayət qədər sevilən  başqa bir  idman növü - taekvondo və onun yeniyetmə  bir təmsilçisi barədə  söhbət edəcəyik. Qeyd edim ki, bu idman növü üzrə Azərbaycanda artıq kifayət qədər  qara kəmər sahibləri, dünya və Avropa çempionları  var. Bu gün  onlar  böyük vətənpərvərlik  missiyası yerinə yetirərək  sabahın  cəsur əsgərləri olacaq  uşaq,  yeniyetmə və gənclərimizə   taekvondo idman növünün dərin fəlsəfəsini  səbrlə mənimsədirlər.

 

Yeniyetmə taekvondoçu ilə qısa tanışlıq

 

Əsgər Səbuhi oğlu Həsən 2010-cu il sentyabrın 4-də Bakı şəhərində anadan olub. 5 yaşından idmanın taekvondo növü ilə məşğul olmağa başlayıb. 6 nömrəli İxtisaslaşdırılımış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin   yetirməsi olan 11 yaşlı Əsgər Həsənin məşqçi-müəllimi Əməkdar məşqçi Ramil Həsənovdur. Əsgər idmana getdiyi ilk aylardan başlayaraq taekvondoya xüsusi marağı ilə seçilib və respublikamızın ayrı-ayrı rayonlarında keçirilən açıq birinciliklərdə  dəfələrlə qalib olub. Ölkəmizdən kənarda keçirilən beynəlxalq taekvondo yarışlarında da xüsusilə  fərqlənərək  çalışdığı idman məktəbinə  uğur qazandırıb. Komandanın fəxri yetirməsi sayılan  Əsgərin  gələcəyinə  məşq müəllimi kimi böyük ümidlərlə baxıram. İstər zaldakı məşqlər zamanı, istərsə də  bütün  xarakterli yarışlarda tatami üzərində Əsgəri  tanımaq olmur. Sanki bir az öncə mehriban və gülərüz görünən  yetirməm   tatami üzərində  bambaşqa adam olur; baxışlar və üz cizgiləri, mimikası, rəqiblə üz-üzə nümayiş etdirdiyi aldadıcı jestlər Əsgərin artıq təcrübəli idmançı  statusu qazandığından  xəbər verir, deyə məşqçi müəllimi söylədi və  nümunəvi yetirməsi haqda fikirlərini belə həyəcan dolu bir nidayla tamamladı. Bu, məni çox sevindirir!

 

...Övladlarının müxtəlif yarışlarda  qələbə qazandığı məqamları lentə alan valideynləri həmin fraqmentləri mənə də təqdim etdilər və mən bu yeniyetmə idmançının qalibiyyət ruhunu görəndə sözün tam mənasında qürur hissi yaşadım.  Hər bir nümunəvi şagird  sanballı, tələbkar müəllimin  ona şərəf və şöhrət qazandıra biləcək sənət əsəridir. Elə bu yerdə  Əsgərlə bağlı söhbətimizə  keçid  edək.

 

Biz Azərbaycanımızın xoşbəxt yeniyetmələriyik

 

Yeniyetmə olmasına baxmayaraq idmanın ən çətin növlərindən biri ilə ciddi məşğul olan həmsöhbətimin söylədiklərindən  o da  məlum oldu  ki, başqa idman məktəblərində, klublarında və  mərkəzlərində  olduğu kimi onun  artıq neçə illərdir ki, həyatının simvoluna çevrilən  6 nömrəli İxtisaslaşdırılımış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi  də dövlət tərəfindən daim  xüsusi diqqət və qayğı ilə əhatə olunur. Nə məşq proseslərində, nə idman  zallarının  məşq üçün uyğunluğunda, nə də heç   məşqçi-idmançı  münasibətlərində  zərrəcə   problem yaşanmır. Əksinə, belə zallarda, bu cür cəngavər ustadların  ciddi nəzarətləri altında idmanın dərin fəlsəfəsinə yiyələnmək, vətənə layiqli övladlar kimi yetişmək bizlərə qismət olubsa, demək biz bu  dünyanın yox, Azərbaycanımızın ən xoşbəxt yeniyetmələriyik  və  bununla  yalnız qürur hissi duymalıyıq, deyir  yeniyetmə  taekvondoçu  Əsgər  və sonra  isə  fikrini belə tamamlayır. Həyat rəmzi  olan  şəfa dolu suyundan  dadmaq üçün   dərin quyunun dibinə baş vurmağı bacarmaq qədər  çətin, şərəfli, məsuliyyəti, əhəmiyyətli, eləcə də kişilik məktəbi sayılır  bizim Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbimiz. İdman  hərbidə olduğu kimi  nizam-intizam sevir, əsgərin döyüşdə  qazandığı qələbəylə  idmançının yarışda  tatami üzərində  qazandığı  qələbə oxşar qanunlarla təmin  olunur; ciddi hazırlıq, həssaslıq, qələbə əzmi, döyüşkənlik ruhu hər iki qələbənin təminatçısıdır.

 

Birincilik Əsgərin alın yazısıdır 

 

...Taekvondoya  hədsiz  marağı və sevgisi olan Əsgər 2 Fevral Gənclər Gününə həsr edilmiş  taekvondo idman növü üzrə uşaq-yeniyetmə və gənclər arasında Saatlı rayon birinciliyində, Gənclər və İdman Nazirliyi, Tovuz rayon Gənclər və İdman İdarəsinin “5 mart Bədən Tərbiyə və İdman günü”nə həsr edilmiş uşaq və yeniyetmələr arasında taekvondo üzrə açıq rayon birinciliyində, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında taekvondo idman növü üzrə açıq rayon birinciliyində, Qala Taekvondo klubunun təşkilatçılığı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş taekvondo idman növü üzrə klublararası yoldaşlıq görüşlərində, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi 18 oktyabr Dövlət Müstəqillik Gününə həsr olunmuş uşaqlar arasında taekvondo idman növü üzrə açıq rayon birinciliyində, Abşeron rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş taekvondo üzrə Abşeron rayon turnirində və başqa yarışlarda I yerlərə layiq görülərək çempionluq kürsüsünə qalxıb. Əsgər həmçinin beynəlxalq yarışlarda da iştirak edib. Abşeron rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi beynəlxalq taekvondo yarışında uşaqlar arasında ikinci olan Əsgər göstərdiyi özünəməxsus döyüş taktikası ilə seçilib.

 

I Pum qara kəmər sahibi

 

Müəlliminin və valideynlərinin böyük ümid bəslədiyi Əsgərin idman taleyində 23-24 fevral 2019-cu il tarixdə  Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən beynəlxalq taekvando turniri xüsusi rol oynayıb. Bütün rəqiblərinə böyük xal üstünlüyü ilə qalib gələn Əsgər  I  yeri  tutaraq çempionluq kürsüsünə ucalıb və  üçrəngli bayrağımızı dalğalandırıb. Əsgər eyni zamanda Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində keçirilən beynəlxalq taekvondo çempionatında da fərqlənib. Bir sıra respublikalardan gəlmiş idmançıların gərgin mübarizə apardığı yarışlarda o, III yerə layiq görülüb və bürünc medalla təltif olunub. Yeniyetmə taekvondoçu  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi tərəfindən təşkil edilən çempionatda da fərqlənib. İndiyə qədər əksəriyyəti  qızıl olmaqla 25-dən artıq medala, çoxlu sayda diplomlara sahib olub. Kəmər imtahanı  mərhələlərini uğurla keçən Əsgər Həsən hazırda 1 pum qara kəmər sahibidir. Onun ümidverici  bir idmançı kimi yetişməsində məşqçi-müəllimi Ramil Həsənovun əməyi şübhəsiz əvəzsizdir. Söhbət zamanı Əsgər  bütün yarışlarda qazandığı qələbələrə görə sevimli məşqçisinə minnətdar olduğunu xüsusi vurğu ilə dilə gətirdi.

 

İdmanda qazandığı nailiyyətləri Əsgər məktəbdə də təkrarlayır

 

Paytaxtdakı 14 nömrəli tam orta məktəbin  V “a” sinif şagirdi olan Əsgər  dərslərini də yaxşı oxuyur. O, fənlər arasında heç bir fərq qoymur, tarix, ədəbiyyat, ana dili, riyaziyyat, ingilis dili, rus dili, həyat bilgisi, informatika və sair fənlərə eyni dərəcədə maraq göstərir. İdmanla yanaşı xalqımızın tarixini də öyrənməyə  böyük həvəs göstərir. Bədii ədəbiyyatla maraqlanır, xüsusən də qəhrəmanlıqla, hərb tarixi ilə bağlı kitabları sevir. Əsgərin ən böyük arzusu ancaq idmanla, illərdir həvəslə məşğul olduğu taekvondo ilə bağlıdır. O, gələcəkdə olimpiya və dünya çempionu olmaq, vətənimizin bayrağını  dünya ölkələrində yüksəklərə qaldırmaqla  öz  arzusuna  qovuşmaq yoluna böyük inamla çıxıb.

 

Sifai SƏFƏROVA