Qələbə əzmi, döyüşkənlik ruhu | |
Ta qədim zamanlardan xalqlar öz milli ruhlarını mentalitetlərinə uyğun tərzdə müxtəlif cür ifadə ediblər. Musiqi və idman da qədim insanların öz asudə vaxtlarını səmərəli və əyləncəli keçirmək üçün istifadə etdikləri atributlardan olub. Qədim dünya tarixindən zaman-zaman yaddaşlara köçürülən bu kimi həqiqətlər barədə dolğun məlumatlar arxivin yaddaşında saxlanılır və bu gün də maraq dairəmizin mərkəzində yer alır.
Bəşəriyyət inkişaf etdikcə, xalqlar və dövlətlər arasında dostluq, barışıq rəmzi sayılan idman millətlərarası sivilizasiyaları da bir-birinə yaxınlaşdırıb, insanların baxışlarında kök salan stereotipləri sağlam ruhla əvəzləyib.
Xüsusilə Şərq ölkələrində o vaxt idmanın ən məşhur növü sayılan güləş bu gün də yeniləşən dünyamızda fəaliyyətdə olan saysız-hesabsız idman növləri sırasında öncül yerlərdən birini tutur. Bu gün isə biz təvəllüd tarixi çox da qədim olmayan, ancaq müasir dövrün çoxsaylı gəncləri tərəfindən kifayət qədər sevilən başqa bir idman növü - taekvondo və onun yeniyetmə bir təmsilçisi barədə söhbət edəcəyik. Qeyd edim ki, bu idman növü üzrə Azərbaycanda artıq kifayət qədər qara kəmər sahibləri, dünya və Avropa çempionları var. Bu gün onlar böyük vətənpərvərlik missiyası yerinə yetirərək sabahın cəsur əsgərləri olacaq uşaq, yeniyetmə və gənclərimizə taekvondo idman növünün dərin fəlsəfəsini səbrlə mənimsədirlər.
Yeniyetmə taekvondoçu ilə qısa tanışlıq
Əsgər Səbuhi oğlu Həsən 2010-cu il sentyabrın 4-də Bakı şəhərində anadan olub. 5 yaşından idmanın taekvondo növü ilə məşğul olmağa başlayıb. 6 nömrəli İxtisaslaşdırılımış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan 11 yaşlı Əsgər Həsənin məşqçi-müəllimi Əməkdar məşqçi Ramil Həsənovdur. Əsgər idmana getdiyi ilk aylardan başlayaraq taekvondoya xüsusi marağı ilə seçilib və respublikamızın ayrı-ayrı rayonlarında keçirilən açıq birinciliklərdə dəfələrlə qalib olub. Ölkəmizdən kənarda keçirilən beynəlxalq taekvondo yarışlarında da xüsusilə fərqlənərək çalışdığı idman məktəbinə uğur qazandırıb. Komandanın fəxri yetirməsi sayılan Əsgərin gələcəyinə məşq müəllimi kimi böyük ümidlərlə baxıram. İstər zaldakı məşqlər zamanı, istərsə də bütün xarakterli yarışlarda tatami üzərində Əsgəri tanımaq olmur. Sanki bir az öncə mehriban və gülərüz görünən yetirməm tatami üzərində bambaşqa adam olur; baxışlar və üz cizgiləri, mimikası, rəqiblə üz-üzə nümayiş etdirdiyi aldadıcı jestlər Əsgərin artıq təcrübəli idmançı statusu qazandığından xəbər verir, deyə məşqçi müəllimi söylədi və nümunəvi yetirməsi haqda fikirlərini belə həyəcan dolu bir nidayla tamamladı. Bu, məni çox sevindirir!
...Övladlarının müxtəlif yarışlarda qələbə qazandığı məqamları lentə alan valideynləri həmin fraqmentləri mənə də təqdim etdilər və mən bu yeniyetmə idmançının qalibiyyət ruhunu görəndə sözün tam mənasında qürur hissi yaşadım. Hər bir nümunəvi şagird sanballı, tələbkar müəllimin ona şərəf və şöhrət qazandıra biləcək sənət əsəridir. Elə bu yerdə Əsgərlə bağlı söhbətimizə keçid edək.
Biz Azərbaycanımızın xoşbəxt yeniyetmələriyik
Yeniyetmə olmasına baxmayaraq idmanın ən çətin növlərindən biri ilə ciddi məşğul olan həmsöhbətimin söylədiklərindən o da məlum oldu ki, başqa idman məktəblərində, klublarında və mərkəzlərində olduğu kimi onun artıq neçə illərdir ki, həyatının simvoluna çevrilən 6 nömrəli İxtisaslaşdırılımış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi də dövlət tərəfindən daim xüsusi diqqət və qayğı ilə əhatə olunur. Nə məşq proseslərində, nə idman zallarının məşq üçün uyğunluğunda, nə də heç məşqçi-idmançı münasibətlərində zərrəcə problem yaşanmır. Əksinə, belə zallarda, bu cür cəngavər ustadların ciddi nəzarətləri altında idmanın dərin fəlsəfəsinə yiyələnmək, vətənə layiqli övladlar kimi yetişmək bizlərə qismət olubsa, demək biz bu dünyanın yox, Azərbaycanımızın ən xoşbəxt yeniyetmələriyik və bununla yalnız qürur hissi duymalıyıq, deyir yeniyetmə taekvondoçu Əsgər və sonra isə fikrini belə tamamlayır. Həyat rəmzi olan şəfa dolu suyundan dadmaq üçün dərin quyunun dibinə baş vurmağı bacarmaq qədər çətin, şərəfli, məsuliyyəti, əhəmiyyətli, eləcə də kişilik məktəbi sayılır bizim Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbimiz. İdman hərbidə olduğu kimi nizam-intizam sevir, əsgərin döyüşdə qazandığı qələbəylə idmançının yarışda tatami üzərində qazandığı qələbə oxşar qanunlarla təmin olunur; ciddi hazırlıq, həssaslıq, qələbə əzmi, döyüşkənlik ruhu hər iki qələbənin təminatçısıdır.
Birincilik Əsgərin alın yazısıdır
...Taekvondoya hədsiz marağı və sevgisi olan Əsgər 2 Fevral Gənclər Gününə həsr edilmiş taekvondo idman növü üzrə uşaq-yeniyetmə və gənclər arasında Saatlı rayon birinciliyində, Gənclər və İdman Nazirliyi, Tovuz rayon Gənclər və İdman İdarəsinin “5 mart Bədən Tərbiyə və İdman günü”nə həsr edilmiş uşaq və yeniyetmələr arasında taekvondo üzrə açıq rayon birinciliyində, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında taekvondo idman növü üzrə açıq rayon birinciliyində, Qala Taekvondo klubunun təşkilatçılığı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş taekvondo idman növü üzrə klublararası yoldaşlıq görüşlərində, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi 18 oktyabr Dövlət Müstəqillik Gününə həsr olunmuş uşaqlar arasında taekvondo idman növü üzrə açıq rayon birinciliyində, Abşeron rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş taekvondo üzrə Abşeron rayon turnirində və başqa yarışlarda I yerlərə layiq görülərək çempionluq kürsüsünə qalxıb. Əsgər həmçinin beynəlxalq yarışlarda da iştirak edib. Abşeron rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi beynəlxalq taekvondo yarışında uşaqlar arasında ikinci olan Əsgər göstərdiyi özünəməxsus döyüş taktikası ilə seçilib.
I Pum qara kəmər sahibi
Müəlliminin və valideynlərinin böyük ümid bəslədiyi Əsgərin idman taleyində 23-24 fevral 2019-cu il tarixdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən beynəlxalq taekvando turniri xüsusi rol oynayıb. Bütün rəqiblərinə böyük xal üstünlüyü ilə qalib gələn Əsgər I yeri tutaraq çempionluq kürsüsünə ucalıb və üçrəngli bayrağımızı dalğalandırıb. Əsgər eyni zamanda Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində keçirilən beynəlxalq taekvondo çempionatında da fərqlənib. Bir sıra respublikalardan gəlmiş idmançıların gərgin mübarizə apardığı yarışlarda o, III yerə layiq görülüb və bürünc medalla təltif olunub. Yeniyetmə taekvondoçu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi tərəfindən təşkil edilən çempionatda da fərqlənib. İndiyə qədər əksəriyyəti qızıl olmaqla 25-dən artıq medala, çoxlu sayda diplomlara sahib olub. Kəmər imtahanı mərhələlərini uğurla keçən Əsgər Həsən hazırda 1 pum qara kəmər sahibidir. Onun ümidverici bir idmançı kimi yetişməsində məşqçi-müəllimi Ramil Həsənovun əməyi şübhəsiz əvəzsizdir. Söhbət zamanı Əsgər bütün yarışlarda qazandığı qələbələrə görə sevimli məşqçisinə minnətdar olduğunu xüsusi vurğu ilə dilə gətirdi.
İdmanda qazandığı nailiyyətləri Əsgər məktəbdə də təkrarlayır
Paytaxtdakı 14 nömrəli tam orta məktəbin V “a” sinif şagirdi olan Əsgər dərslərini də yaxşı oxuyur. O, fənlər arasında heç bir fərq qoymur, tarix, ədəbiyyat, ana dili, riyaziyyat, ingilis dili, rus dili, həyat bilgisi, informatika və sair fənlərə eyni dərəcədə maraq göstərir. İdmanla yanaşı xalqımızın tarixini də öyrənməyə böyük həvəs göstərir. Bədii ədəbiyyatla maraqlanır, xüsusən də qəhrəmanlıqla, hərb tarixi ilə bağlı kitabları sevir. Əsgərin ən böyük arzusu ancaq idmanla, illərdir həvəslə məşğul olduğu taekvondo ilə bağlıdır. O, gələcəkdə olimpiya və dünya çempionu olmaq, vətənimizin bayrağını dünya ölkələrində yüksəklərə qaldırmaqla öz arzusuna qovuşmaq yoluna böyük inamla çıxıb.
Sifai SƏFƏROVA
|
|
08.05.2021 | 13:42 | |
|
|
|