Mədinə Nurəliyeva: “Mənə olan etimadlarını doğruldacağam”
Sənətdə özünü təsdiq edən bütün korifeylərin tərcümeyi-hallarına diqqət yetirəndə eyni təkzibolunmaz həqiqətin şahidi olursan. Şairlərin və yazıçıların, bəstəkar və müğənnilərin, rəssam və heykəltaraşların fitri istedadlarının uşaq və yeniyetməlik dövrlərində üzə çıxdığını kimsə təkzib edə bilməz. Bu, ya gen daşıyıcılığı, ya da fərdi istedad cücərtiləri sayəsində baş verir. Ən əsası odur ki, fitri istedad üzə çıxarkən onu inkişaf etdirməyi bacarasan. Valideynlər və ixtisas müəllimləri bu məqamda istiqamətverici rola və ilahi gücə malik olurlar. Bu da həqiqətdir ki, bütün klassiklər, sənət fədailəri, korifeylər parlaq ulduza çevriləndən sonra qazandıqları bütün nailiyyətlərə görə məhz bu iki müqəddəs varlıq qarşısında ömürlərinin sonunadək özlərini borclu sayırlar.
Mədinə Elçin qızı Nurəliyeva 2011-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə, idmana və rəsm çəkməyə böyük həvəs göstərib. Kiçik yaşlarından valideynləri qeyri-adi istedadını üzə çıxarmaq üçün onu eyni zamanda rəssamlıq, bədii gimnastikaya və piano məşğələlərinə aparıblar. Piano müəllimi Əfruz Məmmədova da balaca qızcığazın xüsusi istedada malik olduğunu ilk gündən hiss edib. O zaman Mədinənin 5 yaşı olub və hələ məktəbə getmirmiş. 6 yaşı tamam olduqda isə onu 2017-ci ildə Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasına aparıblar. Direktor Aytən Əhmədovanın rəhbərliyi ilə keçirilən qabiliyyət imtahanında uğurlu nəticə göstərərək məktəbə qəbul olub. Beləliklə, Mədinə əsas ixtisas müəllimi olan Əfruz Məmmədovanın sinfində fortepiano ixtisası üzrə təhsil almağa başlayıb.
İlk uğurlar ona qol-qanad verib
Hazırda Mədinə 4-cü sinif şagirdidir. İlk müsabiqədə iştirakı 2-ci sinifdə oxuyarkən baş tutub. Həmin müsabiqə 2019-cu ildə Bakı Musiqi Akademiyası tərəfindən təşkil edilib. İlk sınaq müsabiqəsində ifa tərzi yüksək qiymətləndirilib və o, III yerə layiq görülüb. Daha sonra Bakı Musiqi Akademiyası tərəfindən təşkil olunan növbəti müsabiqədə isə I yeri qazanıb.
2020-ci ildən pandemiya ilə əlaqədar olaraq bütün müsabiqələr online qaydada keçirilir və bu müddət ərzində Mədinə 6 müxtəlif beynəlxalq müsabiqədə iştirak edərək öz istedad və bacarığını həvəslə nümayiş etdirib. O, Bakı Musiqi Akademiyası tərəfindən təşkil olunmuş “Qarabağ” beynəlxalq incəsənət müsabiqəsində II yerə, “Akademik, milli, caz ifaçılarının birinci beynəlxalq müsabiqəsi”ndə isə diplomant adına layiq görülüb.
Təhsil aldığı ocağa uğur qazandırıb
Müxtəlif ölkələrdə - Türkiyə, Rusiya, İsveç və İtaliyada keçirilən beynəlxalq müsabiqələrin hamısında Mədinə I yeri tutaraq təmsil olunduğu təhsil ocağına uğur qazandırıb. 2021-ci ildə Rusiyada keçirilən Qara Qarayevin xatirəsinə həsr olunan açıq internet müsabiqəsində də I yerə layiq görülüb.
Mədinənin bəstəkarlıq qabiliyyəti
Bir müddət sonra ixtisas müəllimi Əfruz Məmmədova Mədinənin istedadının başqa çalarlarını da üzə çıxarıb. Müəllim hiss edib ki, pianoçu qız ifa etdiyi mahnılara öz əlavələrini, notların dili ilə öz ahəngini də qata bilir. Gimnaziyanın direktoru Aytən Əhmədova bu barədə məlumatlı olan kimi dərhal Mədinənin istedadını inkişaf etdirmək məqsədi ilə onun bəstəkar-pianoçu Pikə Axundovanın yanında bəstəkarlıq məşğələlərinə başlamasına şərait yaradır.
Öz çalışqanlığı ilə seçilib
Beləliklə, cəmi 3-4 ay müddətində bəstəkarlıq dərslərində öz çalışqanlığı ilə seçilən Mədinə bu sahədə də növbəti uğurunu qazanır. Pikə Axundova ilə kompozisiya fənni üzrə ciddi məşğul olan istedadlı pianoçu İtaliyada keçirilən gənc bəstəkarların internet müsabiqəsində I yerə layiq görülür.
...Mədinə ilə tanışlığımız da elə online şəraitində baş tutdu. Danışıq manerası, suallarımı təmkinlə və sanki bir mütəxəssis prizmasından özünəməxsus tərzdə cavablandırması diqqətimdən yayınmadı. Əslində elə bu, özü də istedadlı pianoçu - bəstəkarın daha bir müsbət göstəricisi idi. Söhbət zamanı Mədinə qazandığı bütün nailiyyətlərə görə istedadına qiymət və onun inkişafına təkan verən müəllimlərinə, təhsil aldığı gimnaziyanın rəhbərliyinə və təbii olaraq sevimli valideynlərinə təşəkkür etdiyini də dilə gətirdi. “Bundan sonra da mənə olan etimadlarını doğruldacağam”.
Sifai SƏFƏROVA