Beynəlxalq müsabiqələrin 10 yaşlı qalibi

Sənətdə özünü təsdiq edən bütün korifeylərin tərcümeyi-hallarına diqqət yetirəndə eyni  təkzibolunmaz həqiqətin şahidi olursan. Şairlərin və yazıçıların, bəstəkar və müğənnilərin, rəssam və heykəltaraşların fitri istedadlarının uşaq və yeniyetməlik dövrlərində üzə çıxdığını kimsə təkzib edə bilməz. Bu, ya gen daşıyıcılığı, ya da  fərdi istedad cücərtiləri sayəsində baş verir. Ən əsası odur ki, fitri  istedad üzə çıxarkən onu inkişaf etdirməyi bacarasan. Valideynlər və ixtisas müəllimləri bu məqamda istiqamətverici  rola və  ilahi gücə malik olurlar. Bu da həqiqətdir ki, bütün klassiklər, sənət fədailəri, korifeylər parlaq ulduza çevriləndən sonra qazandıqları bütün nailiyyətlərə görə məhz bu  iki müqəddəs  varlıq qarşısında  ömürlərinin sonunadək özlərini borclu sayırlar.  

 

Mədinə Elçin qızı Nurəliyeva  2011-ci ildə Bakı şəhərində  anadan olub. Uşaqlıqdan  musiqiyə, idmana və rəsm çəkməyə böyük həvəs göstərib. Kiçik yaşlarından valideynləri qeyri-adi istedadını üzə çıxarmaq üçün onu  eyni zamanda rəssamlıq, bədii gimnastikaya və piano məşğələlərinə aparıblar. Piano müəllimi Əfruz Məmmədova da balaca qızcığazın  xüsusi istedada malik olduğunu  ilk gündən hiss edib. O zaman Mədinənin  5 yaşı olub və hələ  məktəbə getmirmiş.  6 yaşı tamam olduqda isə onu  2017-ci ildə  Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasına  aparıblar. Direktor Aytən Əhmədovanın rəhbərliyi ilə keçirilən qabiliyyət imtahanında uğurlu nəticə göstərərək məktəbə qəbul olub. Beləliklə, Mədinə  əsas ixtisas müəllimi  olan Əfruz Məmmədovanın sinfində fortepiano ixtisası üzrə təhsil almağa başlayıb.

 

İlk uğurlar ona qol-qanad verib

 

Hazırda Mədinə 4-cü sinif şagirdidir. İlk müsabiqədə iştirakı 2-ci sinifdə oxuyarkən  baş tutub. Həmin müsabiqə 2019-cu ildə Bakı Musiqi Akademiyası tərəfindən təşkil edilib. İlk sınaq müsabiqəsində ifa tərzi yüksək qiymətləndirilib və o,  III yerə layiq görülüb. Daha sonra Bakı Musiqi Akademiyası tərəfindən təşkil olunan növbəti müsabiqədə isə  I  yeri qazanıb.

 

2020-ci ildən pandemiya ilə əlaqədar olaraq bütün müsabiqələr online  qaydada keçirilir və bu müddət ərzində Mədinə 6 müxtəlif beynəlxalq müsabiqədə iştirak edərək öz istedad və bacarığını həvəslə nümayiş etdirib. O, Bakı Musiqi Akademiyası tərəfindən təşkil olunmuş “Qarabağ” beynəlxalq incəsənət müsabiqəsində   II yerə, “Akademik, milli, caz ifaçılarının  birinci beynəlxalq müsabiqəsi”ndə isə diplomant adına layiq görülüb.

 

Təhsil aldığı ocağa uğur qazandırıb

 

Müxtəlif ölkələrdə - Türkiyə, Rusiya, İsveç və İtaliyada  keçirilən beynəlxalq müsabiqələrin hamısında Mədinə  I yeri  tutaraq  təmsil olunduğu təhsil ocağına uğur qazandırıb. 2021-ci ildə Rusiyada keçirilən Qara Qarayevin xatirəsinə həsr olunan  açıq internet müsabiqəsində də   I yerə layiq görülüb.

 

Mədinənin bəstəkarlıq qabiliyyəti 

 

Bir müddət sonra ixtisas müəllimi  Əfruz  Məmmədova  Mədinənin  istedadının başqa çalarlarını da üzə çıxarıb. Müəllim hiss edib ki, pianoçu qız ifa etdiyi mahnılara öz əlavələrini, notların dili ilə öz  ahəngini də qata bilir. Gimnaziyanın direktoru Aytən Əhmədova bu barədə məlumatlı olan kimi dərhal  Mədinənin istedadını inkişaf etdirmək məqsədi ilə  onun  bəstəkar-pianoçu  Pikə Axundovanın  yanında  bəstəkarlıq məşğələlərinə başlamasına   şərait yaradır.

 

Öz  çalışqanlığı ilə seçilib

 

Beləliklə, cəmi 3-4  ay  müddətində bəstəkarlıq dərslərində öz çalışqanlığı ilə seçilən  Mədinə bu sahədə də   növbəti uğurunu  qazanır. Pikə Axundova ilə kompozisiya fənni üzrə  ciddi məşğul olan   istedadlı pianoçu   İtaliyada keçirilən gənc bəstəkarların internet müsabiqəsində I yerə layiq görülür.

 

...Mədinə ilə tanışlığımız da elə online şəraitində baş tutdu. Danışıq manerası, suallarımı  təmkinlə və  sanki bir mütəxəssis  prizmasından  özünəməxsus tərzdə  cavablandırması diqqətimdən yayınmadı. Əslində elə bu, özü də istedadlı pianoçu - bəstəkarın daha bir müsbət göstəricisi idi. Söhbət zamanı Mədinə qazandığı bütün nailiyyətlərə görə  istedadına qiymət və onun inkişafına  təkan verən   müəllimlərinə, təhsil aldığı  gimnaziyanın rəhbərliyinə və təbii olaraq  sevimli valideynlərinə təşəkkür etdiyini də dilə gətirdi. “Bundan sonra da mənə  olan etimadlarını doğruldacağam”.

 

Sifai SƏFƏROVA

 



01.05.2021 | 12:19