Əsərin tədrisi zamanı şagirdləri araşdırmaya yönəltməyi vacib hesab edirəm
Bütün yaradıcılığı boyu insanlığa bəşəri və humanist çağırışlar edən Nizami Gəncəvi “Xəmsə”yə daxil olan poemalarında müharibə və sülh haqqında fikirlərə də geniş yer vermişdir. Belə fikirlərə poemaların hamısında rast gəlmək olar. Lakin şairin sonuncu əsəri olan “İskəndərnamə”də bu mövzu bütün əhatəliliyi ilə qeyd edilib. Poemanı oxuduqca Nizaminin müharibə və sülhə, ordu quruculuğuna, ordunun döyüş ruhunun yüksəldilməsinə, işğal olunmuş ərazilərə, siyasi rəqiblərə münasibətə və s. məsələlərə dair bu gün də aktuallığını qoruyub saxlayan fikirləri ilə tanış oluruq.
Xüsusilə indiki mərhələdə-ordumuzun zəfər çaldığı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə böyüməkdə olan nəslin vətənpərvərlik və döyüşkənlik ruhunun qaldırılmasında həmin fikirlərin böyük əhəmiyyəti vardır. Bunları nəzərə alaraq “İskəndərnamə” əsərinin tədrisi zamanı şagirdləri mövzunun həmin istiqamətlərdən araşdırılmasına yönəltməyi vacib hesab edirəm. Təcrübə göstərir ki, poemanın məzmunu üzərində işləyərkən şagirdlər humanist şairin dəyərli fikir və mülahizələrini fərqləndirməyi bacarırlar. Bir fasilitator-müəllim kimi özüm də şagirdləri ayrı-ayrı konkret faktlara istiqamətləndirir, onların axtarışlarını ümumiləşdirirəm. Bu yazıda “İskəndərnamə”dən seçdiyim nümunələrə istinad etməklə şairin müharibə və sülh haqqında düşüncələrinin ümumi təsvirini verməyə, fikirlərimi oxucularla bölüşməyə çalışacağam.
“Şərəfnamə”də şair yazır ki, İskəndər tutduğu yerləri dağıtmır, əksinə öz qurucu, yaradıcı zəkası ilə həmin yerlərə əbədiyyətə qədər qalan abadlıq gətirir.O, böyük şəhərlər bina etdirir, qalalar, sədlər tikdirir. “Dastanınxülasəsi və İskəndərin cahangirlik tarixi” fəslindən öyrənirik ki, Həri, Dərbəndi, Bulqar şəhərini İskəndər bərqərar etdirmiş, uca dağları bir-birinə bağlayan “Yəcuc hasarı”nı da o çəkdirmişdir:
Hinddən başlayaraq Yunana qədər
Hər yerdə tikdirdi böyük şəhərlər.
Səmərqənd şəhrinə o verdi zivər,
Çəndi də tikdirmiş böyük İskəndər.
Nizaminin təsvirində İskəndər “atını çapdığı” yerləri şənləndirir, onun ayağı dəyən həmin yerlər səadət tapır. Misir xalqını zəncilərin zülmündən azad etdikdən sonra zəncilər üzərində qələbə çalan hökmdar Misirdə İskəndəriyyə şəhərini tikdirir.
Əsərin təhlili zamanı bu epizodlarla bağlı fikirləri çatdırarkən Ağdamda, Füzulidə, Zəngilanda - Qarabağın işğalı dövründə ermənilərin şəhər və kəndlərimizi xarabalığa çevirdiklərinə, dünyada misli-bərabəri olmayan “vəhşi qəbilə” vandallığına şagirdlərin diqqətini cəlb edirəm.
Nizami tarixin dərslərinə əsaslanaraq belə bir fikir irəli sürür ki, dünya kin və savaşlarla, sülh və barışlarla sınanmış, sülhdən xeyir görmüş, kindən isə daim ziyan çəkmişdir. İran hökmdarı Daraya xərac verməmək barədə özlüyündə qərar qəbul edən İskəndər öz sərkərdələrini bir yerə yığır, onların da rəyini öyrənmək istəyir. Şair qəhrəmanının dili ilə sərkərdələrini sınağa çəkərək belə bir dilemma qarşısında qoyur:
“Sülhmü, ya savaşmı çox fayda verər?”
Müdrik sərkərdələr Daranın İskəndərə qarşı dayana bilməyəcəyini əsaslandıran fikirlər irəli sürürlər. “Sənin bir neçə üstünlüyün var: Dara zalım hökmdar kimi öz ordusu tərəfindən sevilmir. O, bir kin bəsləyər, sən din bəslərsən”; “Elə bir düşməndən niyə qorxursan, evinin içi də özünə düşməndir”; “Zəncilər üzərində qələbə çalmaqla sən çox uğurlusan. Üstəlik, tale, bəxt sənin tərəfindədir - həndəsi naxışlar bunu təsdiqləyir”; “Bu çarpışma gec-tez olacaq, ancaq sən birinci hücum etmə, ordunu döyüşə hazırla” və s. kimi fikirlər onu qələbəyə daha da ruhlandırır. Lakin o tələsmir, müdrik və tədbirli bir hökmdar nümunəsi göstərir. Nəticədə, Daranın 90 minlik ordusu üzərində parlaq qələbə qazanır.
“İskəndərnamə”də şairin ordu quruculuğu, əsgərlərin döyüş ruhunun yüksəldilməsi haqqındakı fikirləri çox maraqlıdır. Bu düşüncələr müasir ordu quruculuğunda və döyüşdə bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Həmin fikirlərdən bəzilərini tezislər şəklində belə ifadə etmək olar:
- Orduda birlik olmalıdır (ermənilərə qarşı son savaşda Azərbaycan xalqının misilsiz birliyi qələbəmizin əsas səbəblərindən biri deyilmi? - X.Ə).
- Ordunun silahlanmasına, təchizatına, döyüş texnikasına, döyüşçülərə xüsusi diqqət yetirir. Elə bir ordu qurur ki, “Sanki muma möhürlə naxış vurur”.
- Orduda qorxu hissi olmamalıdır. Əsgərə qorxu üz versə, cəza fayda verməz, ordu dağılar. Düşmən qarşısında can qorxusu olmamalı, heç kəs canının hayında qalmamalıdır (Zəncilərlə müharibə zamanı İskəndərin elçisi Tutiyanuş Zəncilərin şahı tərəfindən öldürülür. Həmin hadisə İskəndərin qoşununa psixoloji cəhətdən mənfi təsir edir. Lakin İskəndər Ərəstunun məsləhəti ilə həmin vəziyyətdən ordusunu xilas etməyi bacarır).
- “Hərbə girərkən utanmaq nə gərək? Utanmaq igidi hünərdən qoyar”.
- “Döyüş meydanında ədalət güclünün tərəfindədir. Lakin döyüş ədalətli olmalıdır: Adil padşahdan zülm baş verməz”.
- “Acizlərə dövran mehriban olsa, qarışqa aslana meydan oxuyar”.
- “Qaniçən zülmkar düşmən qarşısında nəzakət göstərsən, bunu sənin acizliyin sayar”.
- “Haqsızlıq haqq ilə düşmən olubsa, Haqq yerini tutanda haqsızlıq peşman olacaq”.
- “Qarşında düşmən kin ilə coşarsa, sənin də qəlbində qan cuşə gəlməlidir”.
- “Ordu səbir etməkdən cana doymuşdur, qana susamış aslan kimi zəncirini çeynəyir. Həmin anı dəyərləndir”.
- “Qalib gəlmək sayıqlıqdan çox asılıdır, dövranın hər işinə qarşı sayıq olmaq igidin başını ucaldar”.
Yuxarıdakı fikirləri İskəndərin döyüş kodeksi də adlandırmaq olar. Döyüş meydanında adlı-sanlı pəhləvanlarını itirdikdən sonra Zəngibar şahı ilə açıq döyüşə girən İskəndər onu meydanda həlak edir. Şair həmin döyüşü mübaliğəli şəkildə belə təsvir edir:
“Qılıncın, qalxanın şaqqıltısından,
Aya baş vururdu buxarla duman”.
Nizami poemada bir neçə yerdə döyüş səhnələrini çox geniş təsvir etmişdir. Qalib gəldikdən sonra İskəndər döyüş meydanını gəzir. Qətlə yetirilmiş “bir dünya meyit”ə ibrətlə baxır, qələbədən üzü gülsə də, qəlbindən qara qanlar axır...
Təhlil zamanı həmin səhnələrdən bəhs edərkən Vətən müharibəsində şəhid olmuş minlərlə həmvətənimizi hörmətlə anır, hər iki tərəfdən itkilərin baisi kimi erməniləri lənətləyirik.
Əsərdə ruslarla döyüş səhnələri çox geniş təsvir olunur. Ruslar yüz min əsir verir, çox sayda itkilərdən sonra təslim olur. İskəndər rus sərkərdəsi Qıntalı öldürmür, onu öz taxtında oturtdurur, vergi verməsini tələb edir.
Əsərdə sülhün təbliği, savaşdan qaçmağın mümkünlüyü barədə fikirlər də geniş yer tutur. Poemanı çapa hazırlayan tədqiqatçılar haqlı olaraq Nizami mövqeyində dayanıb müharibələri “insan cəmiyyəti üçün fəlakət” sayırlar. Əsərdə şairin humanist təbiəti və dünyagörüşü sülhü, insanlığın xilasını, tərəqqini tərənnüm edir. İskəndərin xarakterində sülhsevərliyin hücuma nisbətən daha üstün keyfiyyət olduğuna şahid oluruq. Zəngibar şahla döyüşdən əvvəl elçisini barış üçün göndərir. Elçi zəncilərin şahına:
Kin ilə, sülh ilə sınanmış cahan,
Sülhündən xeyr almış, kinindən ziyan,
- deyərək onu savaşdan çəkindirməyə çalışır. Savaşdan çəkinməyən hökmdarın aqibəti isə çox acınacaqlı olur.
İran şahı Daranın İskəndərlə savaşa başlamasını təsvir edərkən orduda sülh istəyinin güclü olduğuna diqqəti cəlb edir:
Hamı düşünürdü, bəlkə, sülh olsun,
Qılınclar qınında sakit otursun.
Sülh istəyi, ölkəsini dağıdıcı müharibədən azad etməyə yönəlmiş siyasət Hindistan şahı Keydlə, Çin xaqanı və Bərdə hökmdarı Nüşabə ilə görüşlərdə və həmin ölkələrə yürüşlərdə geniş təsvir olunur. Hökmdarlar İskəndərlə dostluq münasibətləri yaratmaq üçün ağıllı tədbirlər görür və təkliflər irəli sürürlər. İskəndər də savaş və yürüşləri dostluq münasibətlərinə çevirir. Beləliklə, Hindistan və Çin kimi Azərbaycan da İskəndərin qoşunlarının tapdağından xilas olur. Bu məsələlərə şagirdlərin diqqətini cəlb etdikdən sonra onları Nizami təxəyyülünün qəhrəmanı olan Nüşabənin dövrü, Bərdənin qədim dövr tarixi haqqında əlavə mənbələri də araşdırmağa yönəldirəm.
Xeyransa ƏLİYEVA,
Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Azərbaycan Milli EA-nın doktorantı