Balaca rəssamın qazandığı 17 diplom və 14 beynəlxalq sertifikat böyük nailiyyətdir
Sevindirici haldır ki, uşaq və yeniyetmələr asudə vaxtlarını səmərəli və faydalı keçirmək, hələ erkən yaşlarında valideynlərin və müəllimlərin diqqətini cəlb edən istedad və bacarıqlarını, yaradıcılıq potensiallarını inkişaf etdirmək məqsədilə məktəbdənkənar təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən yaradıcılıq dərnəklərinə üzv yazılırlar. Məşhur peşə sahiblərinin, korifey sənətkarların, rəssamların, heykəltəraşların, musiqiçilərin və incəsənət xadimlərinin həyat və fəaliyyət tarixçələrini vərəqləyərkən diqqəti cəlb edən bir vacib amil bu gün haqqında danışacağımız bu tipli yaradıcılıq dərnəklərinin vacibliyini və mahiyyətini bir daha təsdiqləyir. Yəni, birmənalı olaraq uşaqlarda şəkil çəkməyə, rəqs etməyə, mahnı oxumağa və başqa sahələrə həvəs lap elə kiçik yaşlarından başlayır.
Bu gün haqqında ürəkdolusu söhbət açmaq istədiyim uşaq da saysız-hesabsız uğurlara imza atıb. Kim bilir, bəlkə də bu uşaq gələcəyin tanınmış korifey sənətkarları kimi tanınacaq, bu gün həvəslə məşğul olduğu yaradıcılıq mərkəzinə şərəf qazandıracaq, üzərində əməyi olan Nərmin müəllimin başını uca edəcək...
Qazandığı uğurlar
6 yaşlı Kövsərin yaradıcılığı ilə tanış olarkən qazandığı uğurlar adamı heyran edir. Bu yaşda 17 diplom və 14 beynəlxalq sertifikat böyük uğurdur. Kiçikyaşlı olmasına baxmayaraq bu qızcığaz “Palitra” rəsm dərnəyinin ən istedadlı və bacarıqlı üzvlərindən biridir. Dəfələrlə respublika və beynəlxalq sərgilərin qalibi olub. Bir-birindən maraqlı, çoxmənalı və çoxməzmunlu, rəngarəng rəsmləri ilə nəinki yerli, hətta xarici rəssamları da heyrətə gətirib. Bu günlərdə “Gələcəyin rəssamı mənəm” adlı onlayn fərdi sərginin ilk iştirakçısı da elə o olub.
Müəllimi rəssam Nərmin Abdullayevadır. Kövsər Qurban 2014-cü ildə Bakı şəhərində, rəssam ailəsində dünyaya göz açıb.
Valideynləri hələ onun 3 yaşında olarkən yaradıcılığa maraq göstərdiyini rəsm çəkmə, rəngləmə, plastilinlə yapma və aplikasiyaya olan həvəsini müşahidə ediblər və bu, onlarda uşağa diqqəti artırıb. 2018-ci ildə balaca Kövsəri valideynləri Naxçıvan şəhərində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinə üzv yazdırıblar. Əməkdar rəssam Səyyad Bayramovun rəhbərlik etdiyi dərnəkdə balaca Kövsər yavaş-yavaş inkişaf etməyə başlayıb.
“Sehrli fırçam” ilk fərdi sərgisi
2019-cu ildə 5 yaşı tamam olan balaca rəssamın mərkəzdə “Sehrli fırçam” devizi altında ilk fərdi sərgisi keçirilib. Mərkəzin direktoru, Əməkdar rəssam Murad Babayev Kövsərin istedad və bacarığı ilə yaşıdlarından fərqləndiyini qeyd edib və onu diplomla mükafatlandırıb. Sərgidə iştirak edən sənətsevər qonaqlar da öz çıxışlarında balaca həvəskar rəssamın istedad və bacarığı, rəng duyumu, fantaziyası ilə öz yaşıdlarından seçildiyini vurğulayaraq ona hədiyyələr təqdim ediblər. Və nəhayət, ailə Bakı şəhərinə köçüb və 2019-cu ilin sentyabr ayından Kövsər Bakı şəhər 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Palitra” rəsm studiyasına üzv yazılıb.
Rəsmlərində daha çox şən obrazlar
Kövsərin rəsmlərindəki zəngin rəng çalarları, əlvan kolorit, gözoxşayan kompozisiya duyumu və düşüncələrini ustalıqla kağıza köçürməsi onun fitri istedada malik olmasına işarədir. Rəsmlərində daha çox rast gəldiyimiz gülən günəş, sülh göyərçinləri, təbəssümlü şən obrazlar Kövsərin xoşbəxt uşaq dünyasının yaradıcılıq təxəyyülünün məhsullarıdır.
“Vətənim Azərbaycan”
Kövsər mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli sərgilərdə, müsabiqələrdə iştirak edir. Müxtəlif illərdə “Mənim yay tətilim”, “Vətənim Azərbaycan” , “Koronovirusa birgə qalib gələk!”, “Evdə qalmağın xeyri” onlayn rəsm müsabiqələrində uğur qazanaraq diplomlarla mükafatlandırılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı onlayn rəsm müsabiqəsində “Dostluq” nominasiyası üzrə “Sertifikat”, 2021-ci ilin divar və stolüstü təqvimlərinə, hədiyyəlik çantalara üz qabığı olaraq Kövsərin rəsminin nəşri (Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu), 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Mənim milli adət-ənənələrim” adlı beynəlxalq onlayn rəsm müsabiqəsinin qalibi olub və I yerə layiq görülüb.
“Ölkəmin nağılları”
21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə Dünya Sülh Fondunun Yaponiyanın Goi Sülh Fondu ilə birgə ABŞ-da təşkil etdiyi 22-ci Beynəlxalq Sülh Dostları Rəsm Sərgi və Müsabiqəsində Finalçı “Sertifikat”a, Macarıstanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi “Dyula Bentsur” uşaq rəsm sərgi müsabiqəsində diploma, 10-cu beynəlxalq “Ölkəmin nağılları” rəsm müsabiqəsində III yerə, Londonda fəaliyyət göstərən “Cosmourse” onlayn rəsm kurslarının təşkil etdiyi “Öz evini dizayn et” mövzusunda Payız Challenge-i “Runner Up” müsabiqəsində mükafata layiq görülüb. “Möcüzəli sualtı” adlı XV Beynəlxalq sualtı rəsm festivalının yekununda diplom (Rusiya), Beynəlxalq Kosmos Fondu tərəfindən təşkil edilən XI Beynəlxalq Uşaq-Gənclər rəsm müsabiqəsində “Sertifikat” (ABŞ, CO), italiyalı incəsənət tarixi doktoru dr.Antonia Pesarenin pandemiya dövründə təsis etdiyi və müəllifi olduğu layihədə ilk beynəlxalq müsabiqə laureatı olub.
Kövsər beynəlxalq rəsm müsabiqələrində qazandığı uğurlarını artırır. Bunun çox böyük bir siyahını təşkil edəcəyini düşünüb bununla kifayətlənirik. Bu qədər uğura imza atan bu istedadlı həvəskar rəssamın vur-tut 6 yaşı var.
Sifai SƏFƏROVA