Azərbaycanda elmi-pedaqoji elitanın formalaşmasında müstəsna xidmətləri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilinin bu il 100 ili tamam olur. Bu qocaman elm və təhsil məbədinin bir əsrlik yubileyinin yüksək səviyyədə keçirilməsinə hazırlıq işləri görülür. Pedaqoji Universitetin təşəkkülü və inkişafının bütün mərhələləri yenidən araşdırılır, bu təhsil ocağında fədakarlıqla çalışan təhsil fədailərinin xidmətlərinin gənc nəslə çatdırılması istiqamətində uğurlu layihələr həyata keçirilir. Bu baxımdan, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun arxiv sənədləri və ilk mənbələr əsasında yazdığı və nəşr etdirdiyi əsərlər mühüm əhəmiyyətə malikdir. Görkəmli təhsil və pedaqoji fikir tarixçisi, Azərbaycan pedaqogikaşünaslığının yaradıcısı, dərsliklər müəllifi kimi tanınan professor Fərrux Rüstəmovun bu istiqamətli tədqiqatları əsl fədakarlıq nümunəsidir.
Pedaqoji İnstitutun ilk məzunlarına (“Ali Pedaqoji İnstitutun salnaməsi”), ilk yubileyinə (“Azərbaycan Ali Pedaqoji İnstitutu”) həsr olunmuş məcmuələrin əski əlifbadan transliterasiya edilərək nəşr edilməsi, zəngin arxiv materialları əsasında yazılan “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” və “Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946)” adlı ciddi elmi araşdırmaların meydana gəlməsi onun sistemli araşdırmalarının məhsuludur. Professor Fərrux Rüstəmovun bu istiqamətli tədqiqatlarının təhlilinə və təbliğinə ciddi ehtiyac duyulmaqdadır. Biz müəllifin bütün kitabları haqqında deyil, son günlərdə nəşr edilən “Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946) (Bakı,2021, 188 s.) kitabı ilə bağlı fikirlərimizi oxucularla bölüşməyi vacib hesab etdik.
Kitab iki hissədən ibarətdir. Birinci hissədə ADPU-nun 1930-1946-cı illərdəki fəaliyyəti araşdırılır, həmin illərdə tədrisin və elmi işlərin təşkili sahəsində görülən işlər ümumiləşdirilir. Ali Pedaqoji İnstitutun Azərbaycan Dövlət Universitetinin tərkibinə verilməsinin (1927), iki il sonra yenidən bərpasının (1929), ADU-nun ləğv edilməsinin (1930) və onun Pedaqoji fakültəsinin Pedaqoji İnstitutun tərkibinə verilməsinin, müharibə illərində Pedaqoji İnstitutun ADU-ya birləşdirilməsinin və yenidən (1943) təşkilinin pedaqoji kadr hazırlığına vurduğu zərər elmi mənbələr əsasında sübut olunur. Bu ayrılmalar və birləşmələr milli dövlətçilik təfəkkürünün formalaşmasına vurulan ağır zərbə kimi dəyərləndirilir. Bununla yanaşı, 30-40-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji və elmi-pedaqoji kadr hazırlığının mərkəzinə çevrilməsi inandırıcı faktlarla sübut olunur. Qeyd edilir ki, pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası bir elm sahəsi kimi məhz burada təşəkkül taparaq sürətlə inkişaf etdi. Pedaqoji-psixoloji araşdırmalar ümumtəhsil, orta ixtisas və ali məktəblərin ehtiyaclarına istiqamətləndirildi. Kitabda respublikada elmi-pedaqoji fikrin əsas mərkəzinə çevrilən Pedaqoji İnstitutun Azərbaycan Pedaqoji Akademiyasına çevrilməsi ilə bağlı institutun direktoru Məmməd Abbas oğlu Bayramovun bu sahədəki fəaliyyəti, onun ÜİK(b)P-nin Zaqafqaziya Vilayət katibi Kartvelişviliyə, Azərbaycan K(b)P MK-nın katibi Ağa Sultanova, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Dadaş Bünyadzadəyə, Xalq maarif komissarı Maqsud Məmmədova ünvanlandığı rəsmi sənədlər və məktublar geniş araşdırılır. 30-40-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tədrisin təşkili və elmin inkişaf istiqamətlərini əhatəli araşdıran professor F.Rüstəmov həmin dövrdə Pedaqoji İnstitutda tədris və elmi işlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirləri (yeni fakültə və kafedraların təşkili, elmi dərəcəsi olanların tədris prosesinə cəlb edilməsi, illik, altıaylıq və üçaylıq hazırlıq kurslarının təşkili, kitabxananın zənginləşdirilməsi, kimya və fizika laboratoriyasının yeni avadanlıqlarla təchizi və s.) əhatəli və sistemli şəkildə araşdırmağa nail olur. Tədqiqatda ilk dəfə olaraq Pedaqoji İnstitutunun “Lenin tərbiyəsi uğrunda” qəzetinin və ilk “Elmi əsərlər”in fəaliyyət istiqamətləri araşdırılır.
Kitabda Pedaqoji İnstitutda erməni şöbəsinin təşkiliməkrli erməni siyasətinin bariz nümunəsi kimi təqdim edilir və ermənilərin bir institutun timsalında Azərbaycan millətinin başına açdığı oyunların real mənzərəsi yaradılır. Onların Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də geniş şəbəkə yaratdığı faktlarla sübut olunur. 1944-cü ildə Pedaqoji İnstituta Nazirlər Sovetinin təsdiq etdiyi qəbul planı göndərilir. Sənəddə növbəti tədris ilində ADPİ-yə 30% azərbaycanlı, 60% erməni və 10% rusun qəbulunun planlaşdırıldığı göstərilir. İnstitutun direktoru Əhməd Seyidovun ciddi etirazı nəticəsində ermənilərin bu məkrli siyasəti baş tutmasa da, uzun müddət ermənilərin millətçilik işlərinin qarşısını almaq mümkün olmur.
Kitabda diqqəti cəlb edən əsas məsələlərdən biri də Pedaqoji İnstitutun 25 illik yubileyinin keçirilməməsinin səbəblərinin müəyyənləşdirilməsidir. F.Rüstəmov bu problemin izahına ritorik bir sualla başlayır: “İlk baxışdan təəccüblü görünən odur ki, Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırovun siyasi nüfuzunun yüksək olduğu 1946-cı ildə Pedaqoji İnstitutun yubileyi nə üçün keçirilməyib?”. Sonra da M.C.Bağırovun Moskvaya- ÜİK(b)P MK-nın katibi A.A.Jdanova ünvanladığı məktubun məzmununu verir. Deməli, siyasi rəhbərlik razı olub, bəs onda niyə keçirilməyib? Müəllifin fikrincə, “institutun yubileyinin keçirilməməsinin səbəbi SSRİ Nazirlər Sovetinin və ÜİK(b)P MK-nın 10 aprel 1941-ci ildə qəbul etdiyi “Yubileylərin keçirilməsi haqqında” 886 saylı qərarla bağlı olmuşdur. Həmin qərarda birmənalı olaraq bildirilir ki, böyük nailiyyətləri olan təhsil müəssisələrinin 20 illik, 50 illik və 100 illik yubileyləri keçirilə bilər”.
Professor Fərrux Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946)” adlı kitabının ikinci hissəsində yubiley nəşri kimi nəzərdə tutulan və 1948-ci ildə işıq üzü görən “V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1921-1946)” məcmuəsi kiril əlifbasından latın qrafikasına çevrilərək nəşr edilmişdir.
Məcmuə institutun direktoru dosent Əhməd Seyidovun “V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu 25 il ərzində” məqaləsi ilə açılır. Məqalədə Pedaqoji İnstitutun 25 illik fəaliyyəti inandırıcı faktlarla təhlil edilir. İnstitut partiya komitəsinin katibi S.Abramovanın “APİ partiya təşkilatı kommunist tərbiyəsi uğrunda mübarizədə” məqaləsində respublikada savadsızlığın ləğvində, 7 illik icbari təhsilin başa çatdırmasında, orta məktəblərin, texnikumların ali təhsilli müəllim kadrları ilə təmin edilməsində institutun əməkdaşlarının fəaliyyəti təqdir olunur. İnstitutun yalnız Azərbaycan məktəblərinə deyil, Ermənistan, Gürcüstan, Dağıstan və Orta Asiya respublikalarına da yüzlərlə yüksək ixtisaslı müəllim kadrları hazırladığı vurğulanır.
İnstitutun tədris və elmi hissə üzrə direktor müavini dosent M.Mehdizadə “APİ və Azərbaycanda pedaqoji təhsilin inkişafı” məqaləsində Pedaqoji İnstitutda aspiranturanın təşkilinin elmi-pedaqoji kadr hazırlığına təsirindən, elmi kadr hazırlığında rus alimlərinin köməyindən bəhs edilir, institut əməkdaşları tərəfindən pedaqogika ilə bağlı müdafiə olunan dissertasiyalar və dərs vəsaitləri haqqında məlumat verilir.
Məcmuədə Pedaqoji İnstitutda filologiya elminin inkişafı ilə bağlı professor Ə.Sultanlının və dosent İ.Əfəndiyevin“Azərbaycan filolojisinin ilk ocağı”, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Ə.Dəmirçizadənin“Azərbaycan dilçiliyi kafedrası”, Xarici dillər fakültəsinin dekanı Ə.Xudaverdiyevin və İngilis dili kafedrasının müdiri R.Qayıbovanın “İnstitutun əcnəbi dillər fakültəsi”, Tarix fakültəsinin dekanı, dosent C.İbrahimovun “Tarix fakültəsi 25 il ərzində”, Əməkdar elm xadimi, professor M.R.Əfəndiyevin “Fizika-riyaziyyat fakültəsi 25 il ərzində”, Fizika kafedrasının müdiri, dosent A.Abaszadənin “Azərbaycanda fizikanın inkişafında Dövlət Pedaqoji İnstitutunun rolu”, Təbiyyat fakültəsinin dekanı, dosent Z.Şahtaxtinskayanın “Respublikamızda təbiyyat elmlərinin ilk ocağı”, Qeyri-üzvi kimya kafedrasının müdiri, dosent X.Ş.Kələntərlinin “Kimyaçı kadrların hazırlanmasında V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rolu” məqalələri və hər bir məqalənin məzmununa uyğun olaraq xeyli şəkil verilmişdir.
Professor Fərrux Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi (1930-1946)” kitabı Pedaqoji Universitetin inkişafının 30-40-cı illər mərhələsini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir.
Ramiz ƏLİYEV,
ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor, Əməkdar müəllim
Yaqub BABAYEV,
filologiya elmləri doktoru, professor