Bakı Slavyan Universitetinin professoru, görkəmli pedaqoq Kərim Məmmədovun “Zəngəzurda çap evi” nəşriyyatında nəşr edilmiş tədris vəsaiti “Müstəqillik dövrünün pedaqoji problemləri”nə (2020, 108 səh.) həsr edilmişdir. Bu dəyərli vəsaitin rəyçiləri professor F.Rüstəmov, professor M.İlyasov, dosent S.Axundova və dosent K.Səmədovdur.
Tədris vəsaiti Azərbaycan pedaqoji cameəsində maraq və rəğbətlə qarşılanmışdır. Vəsaitdə müstəqillik dövrümüzün pedaqoji problemləri təhlil, dövrün pedaqoji alimlərinin əsərlərinə nüfuz edilmiş, müəllif baxışından onların əsərlərindəki pedaqoji problemlər geniş təhlilə cəlb olunmuş, fikir və mülahizələr bildirilmiş, pedaqoji elminə gətirdikləri töhfələr təqdir edilməklə bərabər, buraxılmış nöqsanlar da göstərilmişdir.
Əsərin girişində uzun illər yaşadığımız kommunist ideologiyasının təhsilimizə, mənəvi həyatımıza göstərdiyi mənfi təsirlər qeyd edildiyi kimi, həmçinin göstərilmişdir ki, müstəqillik dövrünün gətirdiyi azadlıq, humanizm, demokratiya və yeni pedaqoji təfəkkür işığında yazılan əsərlər rəğbətlə qarşılanmışdır.
Müəllif haqlı olaraq göstərir ki, müstəqillik dövrümüzün ən böyük nailiyyətlərindən biri Azərbaycan pedaqoji fikir tarixinin ətraflı şəkildə öyrənilməsinə, şərq, türk xalqlarının pedaqoji fikir tarixinin tədqiq edilməsinə geniş imkan və yolların açılmasıdır. Bu sahədə tanınmış pedaqoqlar professorlar H.M.Əhmədov, Ə.Ə.Ağayev, F.A.Rüstəmov, F.Ə.Seyidovun və başqalarının sanballı əsərləri meydana çıxmışdır. Qeyd edək ki, professor Kərim Məmmədovun “Şərq pedaqoji fikir tarixindən” adlı əsəri də dəyərli əsərlər sırasındadır. Bu əsər türkcəyə çevrilərək Türkiyədə - İstanbulda da nəşr edilmişdir. Burada “Avestada tərbiyə məsələləri”, “Qurani Kərimdə tərbiyə məsələləri”, “Əl Qəzzalinin pedaqoji fikirləri”, “Nəsirəddin Tusinin pedaqoji ideyaları”, “Ziya Goyalpın” pedaqoji düşüncələri ətraflı təhlil edilmişdir. Həmçinin müəllifin “Türk xalqlarının pedaqoji fikir tarixindən nümunələr” adlı əsəri də bu qəbildəndir. Müəllifin 100-dən artıq əsəri yalnız Azərbaycanda deyil, Türkiyədə, Rusiyada, Gürcüstanda da nəşr olunmuşdur. Elmdə, təhsildə səmərəli, fədakar əməyi “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Müəllifin yeni nəşr edilmiş tədris vəsaitində göstərilir ki, müstəqillik dövründə pedaqogika tarixi və nəzəriyyəsinə dair dəyərli tədqiqat əsərləri də işıq üzü görmüşdür. Onların sırasında professorlar A.O.Mehrabovun, M.A.İsmixanovun, R.L.Hüseynzadənin, L.N.Qasımovanın, M.İ.İlyasovun, H.Ə.Əlizadənin dövrün tələblərinə uyğun olaraq tədqiqat əsərləri çap olunaraq oxuculara təqdim edilmişdir.
Müəllif qeyd edir ki, nailiyyətlərlə yanaşı bir sıra səhvlərə də yol verilmişdir. Belə ki, pedaqogikada “metodologiya” anlayışına yanaşmalarda bu, özünü göstərir.
Daha sonra müəllif yanlışlıqlar və problemlər sırasında pedaqoji anlayışların bir çox hallarda yerində və düzgün işlədilməməsi, tərbiyənin tərkib hissələrinin müxtəlif cür işlədilməsi və əlavə tərkib hissələri ilə sayının çoxaldılması, pedaqoji prinsiplərdə müxtəliflik, pedaqogika elminin bölmələrinin fərqli bölgüsü, strukturuna fərqli yanaşmalar, bəzi “əxlaq tərbiyəsi”nin “mənəvi tərbiyə” kimi və ya əksinə işlədilməsi, bunların fərqli mənalarının izah edilməməsi, yaxud mahiyyəti əsasən eyni olan, müxtəlif başlıqlarla verilən “Zehni tərbiyə”, “Əqli tərbiyə”, “Ağıl tərbiyəsi” kimi müxtəliflik, yaxud da bəzi mənbələrdə “metod”, digərlərində “üsul” kimi ifadələrin işlədilməsi tələbə auditoriyalarında çaşqınlıq yaradır. Müəllif haqlı olaraq hələ də pedaqogika elmimizdə “Ustanovka”, “Priyom”, “Situasiya” və s. kimi ifadələrin işlədilməsini qəbul etmir. Doğru olaraq bildirilir ki, pedaqogika yarandığı vaxtdan dünyəvi elmdir, bəşəri bir elmdir və bir elm kimi də daim inkişafdadır.
Əsərdə göstərilir ki, bu gün təhsilimizə daxil olmuş “İnteraktiv metodlar” vaxtilə Sovetlər birliyi dövründə “Problemli təlim” mahiyyəti daşıyırdı. Hər iki metodun mahiyyətinə görə təhsilalanlara obyekt kimi deyil, subyekt kimi baxılması tələb edilirdi. Bunların pedaqoji ədəbiyyatımızda izahının verilməsi, əlbəttə, arzu ediləndir. Həmçinin “İnteraktiv təlim metodları” və “Fəal təlim metodları” bəzi pedaqoji ədəbiyyatımızda eyni mahiyyətdə qəbul edilib bərabərləşdirilir, bəzilərində isə bunların ayrı-ayrı metodlar olduğu bildirilir. Bütün bunlara da pedaqoji ədəbiyyatımızda aydınlıq gətirilməlidir.
Müəllif əsərinin - “Yeni dövrdə pedaqogika elminin təşəkkülünə dair mülahizələr” və “Yeni dövrdə pedaqoji tədqiqatların əsas istiqamətləri” adlı birinci və ikinci fəslində yuxarıda göstərilən yanlışlıqların geniş şərhini və təhlilini verməklə bərabər, həm də yeni pedaqoji problemlərdən, yeni tədqiqat sahələrindən, xüsusilə müstəqillik dövrünün uğurlu pedaqoji tədqiqat işlərindən ətraflı məlumatlar vermişdir.
Əsərin birinci fəslində pedaqogika elminin dünya təlim və tərbiyə sisteminə inteqrasiyası məsələləri, həmçinin müstəqillik dövründə pedaqogika elminin anlayışlarına, metodoloji problemlərinə, strukturuna, dünyagörüş və siyasi mədəniyyət tərbiyəsinə müxtəlif yanaşmalar təhlil olunaraq müəllifin dəyərli, doğru mülahizələri əsasında şərh edilmişdir.
Əsərin ikinci fəslində isə Şərq pedaqoji fikir tarixinə yeni yanaşmalar, türk xalqlarının pedaqoji fikir tarixinin tədqiqi, Türkiyə və Azərbaycan pedaqoji əlaqələrinin əsas istiqamətləri və yeni dövrdə ölkəmizdə pedaqogika elminin məzmununun təkmilləşdirilməsi sahəsində aparılan işlər yeni pedaqoji təfəkkür işığında, müasir pedaqoq - alim baxışında dəyərli fikir və mülahizələr yürüdülmüş, ətraflı şərhlər və təhlillər edilmişdir.
Bu əsəri ali məktəb tələbələri və müəllimləri, magistr və doktorantları, habelə pedaqogika sahəsində tədqiqat aparan tədqiqatçılar üçün dəyərli vəsait hesab edirəm.
Rüfət HÜSEYNZADƏ,
Pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim