Quba hər zaman xəyallarımın yüksəklərində dayanan bir yurd yerimiz olub. Çünki ölkəmin bu dilbər guşəsi Azərbaycanın tarixinə, ədəbiyyatına böyük şəxsiyyətlər bəxş edib. Burada ölkənin bir çox tanınmış ictimai-siyasi xadimləri, pedaqoqları şərəfli və mənalı əmək fəaliyyəti göstəriblər. Bu gün də həmin ənənə davam etdirilir.

 

Tale elə gətirdi ki, mənim də ömür yolum Quba ilə bağlandı. Sanki xəyallarımdakı arzularımı Tanrı mənə canlı yaşatmaq imkanı verdi. Buradakı insanların isti, çılğın, dürüst, dostcanlı münasibətlərini gördükcə qəlbimdə Tanrıya çox şükürlər edirəm.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialına direktor təyin olunduğum ilk gündən bəri Qubanın sosial həyatına, ictimai mühitinə, mədəni çevrələrinə daxil olduqca hər addımda bir-birindən dəyərli insanlarla tanış olur, dostlaşır və doğmalaşıram.

 

Bir yerdə çalışdığım filial kollektivinin hər bir üzvünün savadını, cəmiyyətdəki nüfuzunu, mədəniyyətini və etikasını müşahidə etdikcə gələcəklə bağlı düşüncələrim tamamilə nikbinləşməyə başladı. Olduqca maraqlı, işgüzar, güclü potensiala malik bir kollektivlə yola çıxdığımın fərqində oldum. Əməkdaşlar arasında özünəməxsus keyfiyyətləri ilə fərqlənən insanlardan biri diqqətimi daha çox çəkdi. Bu insan ağıryanalığı, ədəb-ərkanı, hadisələrə obyektiv yanaşması, düzgün baxışları ilə seçilən, həmkarları arasında böyük nüfuza malik olan filialın ingilis dili müəllimi Rahib Əlimurad oğlu Sədullayev idi. Onu Quba ədəbi mühitində daha çox “Rahib Alpanlı” kimi tanıyırlar.

 

İlk ünsiyyətdən hiss etdim ki, bu insanla aramızda gözəgörünməz bir doğmalıq bağları var. Bunu daha çox altıncı hiss üzvümlə duyurdum. Beynimdə kodlaşmış informasiyalardan bəzi siqnallar gəlsə də, səbəbi tam aydın deyildi. Zaman keçdikcə hər şey yaddaşımda su kimi şəffaf görünməyə başladı. Uşaqlıq illərimdə mərhum atam İmrayıl müəllimin əmisi qədər doğma olan Mehdixan Vəkilovun Qubanın Alpan kəndi haqqında danışdıqlarını xatırlamağa başladım. Demək ki, doğmalıq hissi Alpanla bağlı imiş.

 

Mehdixan müəllimin atama söylədiklərinə görə, Qazax mahalında yaşayan əsilzadə, bəy nəslindən olan bir çox ailə XVIII-XIX yüzildə Dərbəndə, Qubaya köç edir. Məşhur Qayıbovlar soyundan bir neçə ağa və bəy ailəsinin də Alpan kəndinə köçməsi həmin dövrə düşür. Köçün ehtimal olunan səbəblərindən biri o zaman bu bölgənin dini mərkəz kimi məşhur olması idi. Köç etmiş ailələrdən biri də Alpan kəndində yaşamış, el-obada böyük hörmət sahibi olan Zaman Qayıbovun babaları olub.

 

Atam, Səməd Vurğunun və qardaşı Mehdixan Vəkilovun Qubada yaşadığı və işlədiyi dövrdə Zaman müəllimin ailəsi ilə sıx əlaqədə olduqlarını, onun evini özlərinin ata evi bildiklərini söyləyirdi. Qubanın tanınmış nəsil nümayəndələrindən biri, uzun müddət Quba filialında müəllim və rəhbər vəzifədə işləmiş Şükür Baxışovun bildirdiyinə görə, Səməd Vurğunun ölümündən sonra Zaman Qayıbov vaxtilə dahi şairin yazıb ona verdiyi, əsasən “Dürrə-Səməd” dastanına aid çoxlu əlyazmasını üzə çıxarıb. Alpan kəndini öz doğma kəndim kimi sevməyimin təməlində, yəqin ki, bunlar da var...

 

Elə məni də Rahib müəllimlə doğmalaşdıran da qədim türk yurdu Alpandan qəlbimə süzülən şəfəq, nur imiş. Bir müddət ingilis dilində danışmaq vərdişlərimi cilalamaq üçün Rahib müəllimlə ünsiyyətdə oldum. Bu doğma insanla hər dəfə ünsiyyətdə olduqca onun ruhunda bulaq kimi qaynayan, dağ çiçəyi kimi ətir saçan gözəl duyğularının necə bol olduğunu görürdüm. Sən demə, heç yanılmamışam da. İxtisasca ingilis dili müəllimi, sənətinin vurğunu olan bu insan həm də bir-birindən maraqlı şeirlər və hekayələrin də müəllifi imiş. Necə deyərlər, həm pedaqoq, həm şair, həm də nasir. Bundan başqa, Rahib müəllimin mükəmməl jurnalist qələmi də vardır ki, regionda, ölkədə, dünyada baş verən hadisələri özünün analiz süzgəcindən keçirərək publisistik yazılarla dövrü mətbuatda mütamadi çıxışlar edir.

 

Ustad şair Ramiz Qusarçaylı ilə söhbətimiz zamanı o, mənə Rahib Alpanlının yaradıcılığının zənginliyindən bəhs etdi. “Ay işığı” ədəbi məclisinin üzvü olan şairin kitablarını əldə edib oxumağa qərar verdim. Məni az-çox tanıyanlar bilir ki, ixtisasca fizik olsam da, professor Rüstəm Kamalın təbirincə desək, ruhum ədəbiyyat alaçığında doğulduğundan ədəbiyyatı, poeziyanı həyatımın mənəvi ənginliklərində yaşadıram.

 

Dəyərli Rahib müəllimin kitablarını kitabxanadan götürüb oxuyub, sevə-sevə incələməyə başladım. Oxuduqlarımdan ruhuma gözəl bir enerji gəldi.

 

Bir məsələni də qeyd etmək yerinə düşər ki, müasir Azərbaycan ədəbi mühitində həm şair, həm də nasir kimi fəaliyyət göstərən qələm əhlinə az-az rast gəlirik. Bədii yaradıcılığın bu iki stixiyasını bir arada tutmaq yazı adamından fərqli bir ustalıq tələb edir.

 

Halal eşqli, tox nəfsli şair Rahib Alpanlının şeirlərini oxuyarkən sanki arı güldən, çiçəkdən şirə çəkən kimi ruhuna mənəvi qida çəkirsən. Şeirin misraları bəndə çevrilənədək insanı içdən-içə silkələyir. “Düzgünü var” şeirində olduğu kimi:

 

Nə çox yazın qış havası,

Qışda neçə yaz günü var.

Hər kişinin öz qisməti,

Hər qismətin öz günü var.

 

Adamların mərdi azmı,

Mərd olanın dərdi azmı,

Gülən gülür, pərti azmı,

Yaşamağın üzgünü var.

 

Qaratikan bağ olsa da,

Qəm ürəyə dağ olsa da,

Fani dünya dağılsa da,

Halalı var, düzgünü var.

 

Doğulduğu Alpan kəndinin folklor ruhuna uyğun yazıları da var Rahib müəllimin. Yaradcılığında xalq yaddaşının qədimliyini özündə yaşadan bayatı janrının fərqli yeri də. Anasının nənnilərdən, laylalardan doğan bayatılarını da qələmə alaraq gözəl nümunələr ortaya qoyub:

 

Qaşın var,

Kirpiyin var, qaşın var.

Soruş “Nələr çəkmisən?

Demə “Neçə yaşın var?

*

Bara bax,

Budağa bax, bara bax.

Dünya qan ağlayacaq,

Gülməyincə Qarabağ.

*

Açmadı,

Nə yozma, nə açmadı.

Çörək tutan gözləri,

Heç Allah da açmadı.

 

Şeirləri kimi hekayələri də maraqlıdır, günümüzlə, zamanımızla ayaqlaşmağ qadirdir. Onun qələmindən çıxan hekayələrin təhkiyəsi oxucunu mətnə bağlayır. Bu hekayələrdə sürətlə cərəyan edən real hadisələr həyatdan götürülüb. “Müəllim manatı”, “Fürsət”, “Məktəbin ürəyi” kimi hekayələrin qəhrəmanları sanki hamımıza tanış insanlardır. “Müasir müəllimin klassik vəzifələri” kimi monoloq hekayələrdə müəllifin yazıçılığı ilə pedaqoqluğu qovuşur; müəllif müəllimin cəmiyyətdəki rolunu onun öz dilindən söyləyərək oxucuya və cəmiyyətə çatdıra bilir.

 

Rahib Alpanlının hekayələrində bədii detallar, həyat ştrixləri elə ustalıqla verilir ki, oxucunun gözləri önündə böyük bir səhnə canlanır. “Hədiyyə” hekayəsində gözəl bir mənzərə oxucunu sanki tilsimə salır:

“... Gözləri dolmuş qızcığaz atasına baxdı:

- O qutu boş deyil, ata, - dedi. – İçini öpüşlərimlə doldurmuşdum.

 

Adam elə sarsıldı ki, qaçıb qızına sarıldı. Birlikdə ağladılar. Adam ömrünün sonuna qədər o “qızıl qutu”nu yatağının başında saxladı. Keyfi pozulanda, özünü pis hiss edəndə həmin qutuya qaçar, içindən balaca qızının sevgi ilə doldurduğu xəyali öpüşlərindən birini çıxarardı”...

 

Şair, yazıçı, pedaqoq, Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi Rahib Alpanlını bir yazı ilə oxucuya tanıtmaq çətindir. Çünki Rahib müəllim əyaləti qüdrətli istedadı ilə ədəbi təfəkkürdə ucalda bilən şəxsiyyətdir. Əslində, o, qədim Alpan obasında nəinki bir kəndə, şəhərə, bütünlüklə dünyaya sığacaq bir ömür yaşayır. Bu ömrün tutumu bir insan ömrünün tutumundan qat-qat böyükdür.

 

21 fevral 1956-cı ildə soyuq qış axşamında Əlimurad kişinin ailəsində onuncu oğul övladı kimi dünyaya gələn, şərəfli kişi ömrü yaşayan, səmimiyyəti, doğruluğu, ədalətliliyi ilə hər kəsin sevimlisinə çevrilən Rahib müəllim ömür karvanını kamillik sərhədindən çoxlu dost-tanış, oğul-uşaq, nəvə-nəticə qazancı ilə keçirir. Qazancı bol olsun!

 

65 illik yubiley yaşını qarşılayan dəyərli ədəbiyyat nümayəndəsi, peşəkar müəllim Rahib Alpanlıya cansağlığı, uzun ömür, şəxsi həyatında və fəaliyyətində uğurlar arzu edirəm.

 

Çox yaşayın!

 

Yusif Alıyev (Avşar)

ADPU-nun Quba filialının direktoru, dosent