Fateh İskəndər, beynəlxalq müsabiqələr laureatı: “Qələbə sevinci ilə bir gözüm ağlayırdı, bir gözümsə gülürdü...”


Könüllərin rübabını oxşayandı, duyandı tar. Dəryadır o, sonsuzdur o qüdrətilə, min-min dərin hikmətilə. Düşındürən, yandırandı, yaxandı tar. Tanrı eşqi bu alətin notlarında dərya  kimi çağlar... çağlar... Şəlalədir, qıy vurar o, qanad açar, zirvələrdən uçar ağlar. Dili baldan şirin tardır, məna yükü dərin tardır. Başdan-başa fəlsəfədir, şeirdir o, qəzəldir o. Bəstənigar, Cahargahdır, Zabuldur o, Dilkəşdir o,canı haldan-hala salan  Segahdır o. Bu səslərin, nəfəslərin sehrinə erkən yaşında düşdü Fateh  İskəndər. Boyu tardan  balacaydı onda hələ, ancaq  ruhən vurulmuşdu bu alətə. Böyüdü, çatdı tarına, tarla qoşa ucaldı o. Muğamların, təsniflərin  ahəngiylə qoşa çəkilir adları. Tar onun  sevimlisidir, o  da  tarının  fatehi.

 

Qazandığı uğurlar ifaçılıq həvəsini artırıb

 

...Bəli,  bu Fateh   2006-cı ildə Bakıda  anadan olub.  263 nömrəli tam orta məktəbdə təhsil  almaqla bərabər   30  nömrəli  uşaq musiqi  məktəbində  tar  ixtisası üzrə Əməkdar müəllim Ramiz  Əzizovun  sinfində  tar ifaçılığı sənətinin  sirlərinə  də  əzmkarlıqla yiyələnib. Bu  ixtisas  üzrə tam kursu əla qymətlərlə bitirdikdən sonra  isə Fateh  musiqi sahəsində təhsilini davam etdirmək üçün Respublka İncəsənət Gimnaziyasına qəbul olub. Hələ  uşaq  musiqi məktəbində  təhsil aldığı  müddətdə  yeniyetmə  tarzən çoxlu  sayda uğurlara imza atıb.  İlk dəfə olaraq 2018-ci  ildə Azərbaycan Gənclər İttifaqının keçirdiyi “Arts Olimpia” müsabiqəsində  solo ifa üzrə  II  və duet üzrə I yerə layiq görülüb. Daha sonra  2019-cu  ildə  Mədəniyyət Nazirliyinin təşkilatçılığı  ilə keçirilən “Uşaq və gənclər arasında xalq çalğı alətləri  ifaçılarının IV Respublika müsabiqəsi”ndə II  yerin sahibi olub.

 

Qran-pri mükafatı

 

2020-ci ildə keçirilən “World Harmony” III beynəlxalq müsabiqədə  də  ifaçılıq məharəti    yüksək qiymətləndirilib və  yenə də  I yeri  qazanıb. Davamlı şəkildə  nail olunan  uğurlar Fatehin tar ifaçılıq  sənətinə həvəsini daha da artırıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə keçirilən  9 may alman faşizmi üzərində qələbənin 75 illiyinə həsr olunan  I onlayn-festival müsabiqədə II dərəcəli diploma, Belarusda keçirilən beynəlxalq müsabiqədə isə  S.Fərəcovun “Qarabağ” və C.Cahangirovun “Rondo” əsərini  ifa edərək Qran-pri mükafatına layiq görülüb.  Həmin il  Azərbaycan Gənclər İttifaqının təşkil etdiyi “KARABAKH INTERNATİONAL CULTURE & ART CONTEST AZERBAİJAN 2020” adlı müsabiqədə  də Fateh birinci yeri tutub.

 

Həm sevinir, həm həyəcanlanır

 

...On beş yaşlı yeniyetmə tarzən ötən bu illər ərzində  ifaçılıq sənətində  imza atdığı  uğurlar barədə danışarkən həyəcanını da gizlədə bilmirdi. Dedi  ki, ilk dəfədir  bir qəzet  mənim haqqımda məqalə hazırlayır. Bu,  məni həm sevindirir, həm də həyəcanımı qeyri-ixtiyari artırır.

 

Nailiyyətlərinin  qazanılmasında  Fateh  sevimli musiqi müəllimlərinin, eləcə də valideynlərinin rolunu xüsusilə vurğuladı və  onların  əməklərinin hədər getmədiyinə, ona göstərilən etimadı doğrultduğuna görə özünü  xoşbəxt sayır. Yeniyetmə tarzən maraqlı keçən söhbətimizi  hədsiz sevinc hissi ilə davam etdirir.

 

Gənc laureat

 

- Türkiyədə keçirilən VI beynəlxalq müsabiqədə iştirak edərək Qran-pri mükafatına  layiq  görüldüm. Həmin ilin sonunda Başqırdıstanda keçirilən II beynəlxalq müsabiqədə laureat adını qazandım. Yeri  gəlmişkən, demək istəyirəm ki, təhsil aldığım 30 nömrəli uşaq musiqi məktəbinin kütləvi  tədbirlərində  fəal  iştirak etdiyim üçün məktəb  rəhbərliyi tərəfindən diplom və fəxri fərmanlarla  mükafatlandırılmışam. Paytaxtdakı G.Şaroyev adına 35 nömrəli  onbirillik  musiqi məktəbində də dəfələrlə solo konsertlər vermişəm.

 

Tar ifaçılığı sənətinə hədsiz məhəbbət

 

İstər təhsil aldığım musiqi məktəbinin  rəhbərliyindən, istərsə də  ixtisas müəllimimdən   təkcə yüksək müəllim-şagird münasibətləri deyil, eyni zamanda  doğma valideyn  münasibətləri hiss edirdim. Bu doğmalıq  öz növbəsində  məndə həm məktəbə, həm də seçdiyim tar ifaçılığı sənətinə  hədsiz məhəbbət, sevgi  hissi yaradırdı. Odur ki, ifaçılıq sənətində qazandığım   nailiyyətlərə görə   sevimli  müəllimim Ramiz Əzizova  və  gimnaziyanın direktoru Aytən Əhmədovaya dərin təşəkkürümü  bildirməyi özümə borc bilirəm. 

 

Boş vaxtlarımda idmanın müxtəlif növləri ilə də məşğul oluram. Vətənimizin tarixinə və coğrafiyasına aid olan  sənədli filmlərə  heyranlıqla baxıram. Arzum gələcəkdə  dahi  sənətkarlarımızın ilham boxçalarından  məharətlə  bəhrələnərək  milli-mənəvi dəyərlərimizin  atributu sayılan  Azərbaycan musiqisini, Azərbaycan muğamını, xüsusilə  Azərbaycan tarını dünyaya tanıtdırmaqdır.

 

Elə ustalıqla ifa etdi ki...

 

...Söhbətimizin şirin yerində yeniyetmə tarzən birdən-birə qeyri-ixtiyari ciddi bir görkəm aldı və qarşısındakı tarı sinəsinə basıb 44 günlük Qarabağ savaşında qəhrəmancasına həlak olan Xudayarın ifa etdiyi, artıq “Xudayar dastanı” kimi dillərdə əzbər olan “Vətən yaxşıdır”  təsnifini  elə ustalıqla ifa etdi ki, dolmuş gözlərini  gizlədə bilməyən Fateh  bir az da  ciddi görkəm alıb söhbətini bu kövrək notlarla tamamladı:

 

- 2020-ci il  sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsində  böyük qardaşlarım, əmi və dayılarım-bir sözlə vətənimin  bütün comərd oğulları  döyüş meydanlarında  qəhrəmanlıq səlnamələri yazdılar. Onlar arasında Xudayar kimi muğam və  xalq  mahnılarının  ifaçıları,  bəstəkar mahnılarının  yaxşı biliciləri, eləcə də həvəskar  musiqiçilər də az olmayıb. Vətən müharibəsində  ürəklərində VƏTƏN sevgisi vulkan kimi püskürən, torpaq sevgisi  coşub-daşan  sənətçi  qardaşlarımız  da hamı kimi eyni amal uğrunda  qanlı döyüşlərə atılaraq   öz canları, həyatları bahasına   musiqinin beşiyi sayılan Qarabağı  düşmən tapdağından  xilas  etdilər. Allah  şəhidlərimizə rəhmət eləsin!

 

Qələbə sevinci, şəhid yanğısı

 

...Şanlı qələbəmiz münasibətilə təşkil olunan konsertdə mən də  sənətçi dostlarımla bərabər  çıxış edərək S.Fərəcovun “Qarabağ” əsərini, Azərbaycan xalq muğamı  “Xaric  Segah”ı  və başqa muğamları   ifa etdim. Qələbə sevinci ilə şəhid yanğısı  qanımı cuşa gətirirdi,  barmaqlarım altında sarı sim  hayqırırdı, haldan-hala  düşürdüm,  bir gözüm ağlayırdı, bir gözümsə gülürdü...

 

Sifai SƏFƏROVA