İstedadla zəhmət vəhdətdə olanda... | |
Könüllərin rübabını oxşayandı, duyandı tar. Dəryadır o, sonsuzdur o qüdrətilə, min-min dərin hikmətilə. Düşındürən, yandırandı, yaxandı tar. Tanrı eşqi bu alətin notlarında dərya kimi çağlar... çağlar... Şəlalədir, qıy vurar o, qanad açar, zirvələrdən uçar ağlar. Dili baldan şirin tardır, məna yükü dərin tardır. Başdan-başa fəlsəfədir, şeirdir o, qəzəldir o. Bəstənigar, Cahargahdır, Zabuldur o, Dilkəşdir o,canı haldan-hala salan Segahdır o. Bu səslərin, nəfəslərin sehrinə erkən yaşında düşdü Fateh İskəndər. Boyu tardan balacaydı onda hələ, ancaq ruhən vurulmuşdu bu alətə. Böyüdü, çatdı tarına, tarla qoşa ucaldı o. Muğamların, təsniflərin ahəngiylə qoşa çəkilir adları. Tar onun sevimlisidir, o da tarının fatehi.
Qazandığı uğurlar ifaçılıq həvəsini artırıb
...Bəli, bu Fateh 2006-cı ildə Bakıda anadan olub. 263 nömrəli tam orta məktəbdə təhsil almaqla bərabər 30 nömrəli uşaq musiqi məktəbində tar ixtisası üzrə Əməkdar müəllim Ramiz Əzizovun sinfində tar ifaçılığı sənətinin sirlərinə də əzmkarlıqla yiyələnib. Bu ixtisas üzrə tam kursu əla qymətlərlə bitirdikdən sonra isə Fateh musiqi sahəsində təhsilini davam etdirmək üçün Respublka İncəsənət Gimnaziyasına qəbul olub. Hələ uşaq musiqi məktəbində təhsil aldığı müddətdə yeniyetmə tarzən çoxlu sayda uğurlara imza atıb. İlk dəfə olaraq 2018-ci ildə Azərbaycan Gənclər İttifaqının keçirdiyi “Arts Olimpia” müsabiqəsində solo ifa üzrə II və duet üzrə I yerə layiq görülüb. Daha sonra 2019-cu ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi”ndə II yerin sahibi olub.
Qran-pri mükafatı
2020-ci ildə keçirilən “World Harmony” III beynəlxalq müsabiqədə də ifaçılıq məharəti yüksək qiymətləndirilib və yenə də I yeri qazanıb. Davamlı şəkildə nail olunan uğurlar Fatehin tar ifaçılıq sənətinə həvəsini daha da artırıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə keçirilən 9 may alman faşizmi üzərində qələbənin 75 illiyinə həsr olunan I onlayn-festival müsabiqədə II dərəcəli diploma, Belarusda keçirilən beynəlxalq müsabiqədə isə S.Fərəcovun “Qarabağ” və C.Cahangirovun “Rondo” əsərini ifa edərək Qran-pri mükafatına layiq görülüb. Həmin il Azərbaycan Gənclər İttifaqının təşkil etdiyi “KARABAKH INTERNATİONAL CULTURE & ART CONTEST AZERBAİJAN 2020” adlı müsabiqədə də Fateh birinci yeri tutub.
Həm sevinir, həm həyəcanlanır
...On beş yaşlı yeniyetmə tarzən ötən bu illər ərzində ifaçılıq sənətində imza atdığı uğurlar barədə danışarkən həyəcanını da gizlədə bilmirdi. Dedi ki, ilk dəfədir bir qəzet mənim haqqımda məqalə hazırlayır. Bu, məni həm sevindirir, həm də həyəcanımı qeyri-ixtiyari artırır.
Nailiyyətlərinin qazanılmasında Fateh sevimli musiqi müəllimlərinin, eləcə də valideynlərinin rolunu xüsusilə vurğuladı və onların əməklərinin hədər getmədiyinə, ona göstərilən etimadı doğrultduğuna görə özünü xoşbəxt sayır. Yeniyetmə tarzən maraqlı keçən söhbətimizi hədsiz sevinc hissi ilə davam etdirir.
Gənc laureat
- Türkiyədə keçirilən VI beynəlxalq müsabiqədə iştirak edərək Qran-pri mükafatına layiq görüldüm. Həmin ilin sonunda Başqırdıstanda keçirilən II beynəlxalq müsabiqədə laureat adını qazandım. Yeri gəlmişkən, demək istəyirəm ki, təhsil aldığım 30 nömrəli uşaq musiqi məktəbinin kütləvi tədbirlərində fəal iştirak etdiyim üçün məktəb rəhbərliyi tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılmışam. Paytaxtdakı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində də dəfələrlə solo konsertlər vermişəm.
Tar ifaçılığı sənətinə hədsiz məhəbbət
İstər təhsil aldığım musiqi məktəbinin rəhbərliyindən, istərsə də ixtisas müəllimimdən təkcə yüksək müəllim-şagird münasibətləri deyil, eyni zamanda doğma valideyn münasibətləri hiss edirdim. Bu doğmalıq öz növbəsində məndə həm məktəbə, həm də seçdiyim tar ifaçılığı sənətinə hədsiz məhəbbət, sevgi hissi yaradırdı. Odur ki, ifaçılıq sənətində qazandığım nailiyyətlərə görə sevimli müəllimim Ramiz Əzizova və gimnaziyanın direktoru Aytən Əhmədovaya dərin təşəkkürümü bildirməyi özümə borc bilirəm.
Boş vaxtlarımda idmanın müxtəlif növləri ilə də məşğul oluram. Vətənimizin tarixinə və coğrafiyasına aid olan sənədli filmlərə heyranlıqla baxıram. Arzum gələcəkdə dahi sənətkarlarımızın ilham boxçalarından məharətlə bəhrələnərək milli-mənəvi dəyərlərimizin atributu sayılan Azərbaycan musiqisini, Azərbaycan muğamını, xüsusilə Azərbaycan tarını dünyaya tanıtdırmaqdır.
Elə ustalıqla ifa etdi ki...
...Söhbətimizin şirin yerində yeniyetmə tarzən birdən-birə qeyri-ixtiyari ciddi bir görkəm aldı və qarşısındakı tarı sinəsinə basıb 44 günlük Qarabağ savaşında qəhrəmancasına həlak olan Xudayarın ifa etdiyi, artıq “Xudayar dastanı” kimi dillərdə əzbər olan “Vətən yaxşıdır” təsnifini elə ustalıqla ifa etdi ki, dolmuş gözlərini gizlədə bilməyən Fateh bir az da ciddi görkəm alıb söhbətini bu kövrək notlarla tamamladı:
- 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsində böyük qardaşlarım, əmi və dayılarım-bir sözlə vətənimin bütün comərd oğulları döyüş meydanlarında qəhrəmanlıq səlnamələri yazdılar. Onlar arasında Xudayar kimi muğam və xalq mahnılarının ifaçıları, bəstəkar mahnılarının yaxşı biliciləri, eləcə də həvəskar musiqiçilər də az olmayıb. Vətən müharibəsində ürəklərində VƏTƏN sevgisi vulkan kimi püskürən, torpaq sevgisi coşub-daşan sənətçi qardaşlarımız da hamı kimi eyni amal uğrunda qanlı döyüşlərə atılaraq öz canları, həyatları bahasına musiqinin beşiyi sayılan Qarabağı düşmən tapdağından xilas etdilər. Allah şəhidlərimizə rəhmət eləsin!
Qələbə sevinci, şəhid yanğısı
...Şanlı qələbəmiz münasibətilə təşkil olunan konsertdə mən də sənətçi dostlarımla bərabər çıxış edərək S.Fərəcovun “Qarabağ” əsərini, Azərbaycan xalq muğamı “Xaric Segah”ı və başqa muğamları ifa etdim. Qələbə sevinci ilə şəhid yanğısı qanımı cuşa gətirirdi, barmaqlarım altında sarı sim hayqırırdı, haldan-hala düşürdüm, bir gözüm ağlayırdı, bir gözümsə gülürdü...
Sifai SƏFƏROVA |
|
12.02.2021 | 16:21 | |
|
|
|