Ulu öndər Heydər Əliyev həmişə gənc nəslin təlim-tərbiyəsinə, onların vətənpərvərlik ruhunda formalaşmasına xüsusi diqqət yetirirdi. “Gənc nəsil bizim gələcəyimizdir”-deyirdi. Onun uşaqlara, təhsillərinə göstərdiyi diqqət və qayğı böyük bir məktəb idi. Dahi şəxsiyyətin uzaqgörənliklə əsasını qoyduğu təhsil siyasəti, gələcəyə hesablanmış mükəmməl inkişaf strategiyası layiqli davamçısı olan Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Təsadüfi deyil ki, dövlət başçısı kimi fəaliyyətinin ilk beş ilini səciyyələndirərkən  cənab  Prezident  dərin məmnunluq hissi ilə qeyd edirdi ki, "Biz beş ildə ölkənin bütün bölgələrində 1400 ümumtəhsil məktəbi tikdik, 300 məktəbi əsaslı təmir etdik..."

 

Bu uğurlu siyasət təbii ki, sonrakı illərdə də ardıcıl və dönməz şəkildə aparıldı. Ölkə Prezidenti birmənalı şəkildə öz mövqeyini bildirdi: "Azərbaycanda yeni gənc nəslin yetişdirilməsində və tərbiyə olunmasında təhsilin, məktəbin çox böyük rolu var...”.

 

Həqiqətən də belədir.

 

...Zaman-zaman "Kitabi-Dədə Qorqud"dan gələn milli düşüncə və ideyalar gənc nəslə daha dərindən aşılanmağa başlandı. Milli mücadilə şairlərimiz Əhməd Cavad, Almas İldırım, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Söhrab Tahir və başqalarının Vətən ünvanlı şeirlərinin yeni baxış prizmasından tədrisi reallığa çevrildi. Gənc nəsil "Mən gözümü verərəm, Qarabağı vermərəm" (Tofiq Bayram), "Azərbaycan deyiləndə ayağa dur ki, Ana Yurdun ürəyinə toxuna bilər!" (Məmməd Araz) ruhunda tərbiyə olundu.

 

Xalq şairi Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" çağırışı mənəvi konteksdə təlim-tərbiyə işinin devizinə çevrildi.

 

Təsadüfi deyil ki, məhz bu ideologiyanın, təhsil prinsiplərinin əhatəsində yetişən gənc nəsil İkinci Vətən Savaşı dönəmində qalib Azərbaycan Ordusunun ön cərgəsində yer aldı!

 

Üstəlik, bu vətənpərvərlik duyğularının formalaşmasında təhsil ocaqlarının, fədakar müəllimlərin də müstəsna xidmətləri var. Azərbaycan təhsilinin istiqamətverici, səfərbəredici missiyası Qarabağ  Zəfərini təmin edən başlıca amilə çevrildi. Təhsilin, yüksək peşəkarlığa malik təhsil işçilərinin yetişdirmələri olan gənc nəsil Ali Baş Komandanın rəhbərliyi altında Zəfər Bayrağını haqqımız çatan zirvələrdə dalğalandırdılar.

 

Həmin günlərdə Azərbaycan təhsilinin çoxsaylı heyəti də könüllü olaraq Vətən Müharibəsinə yollandı. 700-ə yaxın təhsil işçisi qələbəyədək döyüşdü. Vətənpərvərlik ruhu aşılayan təhsil işçiləri öz yetirmələri ilə birlikdə “Qarabağ Azərbaycandır!” şuarının hərb yolu ilə təminatına nail oldular.

 

Bir təhsil şöbə müdiri, 20 məktəb direktoru, 32 direktor müavini və yüzlərcə təhsil işçisinin döyüş yolu hərb tariximizə yazıldı. 44 günlük Vətən Müharibəsində 20 nəfər təhsil işçisi  Şəhidlik zirvəsinə yüksəldi. Ruhları şad olsun!

        

Çox gözəl haldır ki, şəhid ailələrinə, yaralı əsgər və zabitlərə göstərilən qayğı davamlı xarakter daşıyır. Bu istiqamətdə Təhsil Nazirliyinin gördüyü işlər də çox təqdirəlayiqdir.

 

Təhsil naziri Emin Əmrullayevin döyüş iştirakçıları olmuş təhsil işçiləri ilə görüşü, onların müharibə xatirələrini dinləməsi ictimaiyyətdə xoş qarşılanıb. Bildirilib ki, belə görüşlər davamlı keçiriləcək və heç bir qazi təhsil işçisi diqqətdən kənarda qalmayacaq.

 

Qarabağ Zəfəri uşaqdan-böyüyə hər bir Azərbaycan vətəndaşına sonsuz sevinc yaşadıb. O sevinci, o qələbəni böyüməkdə olan gənc nəslə çatdırmaq üçün də Azərbaycan müəlliminin, məktəbinin üzərinə böyük vəzifələr düşür. Bu məqsədlə Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” müvafiq əmri hər bir müəllim və məktəbin fəaliyyətinə  gərəkli istiqamət verir.

 

İşğaldan azad olunmuş torpaqlarda geniş bərpa, quruculuq işləri başlayır. Ali Baş Komandan İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət  paytaxtı elan edib. İnşallah, Vaqif, Zakir, Nəvvab, Natəvan kimi nəhəng şairlər yetirən Şuşamız Azərbaycana yeni-yeni istedadlar bəxş edəcək. 

 

Bir daha imkan verməyəcəyik ki, ocağımızdan köz, bulağımızdan su götürən o nadan qonşularımız gözlərini yenidən torpaqlarımıza diksin.  Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək qüdrətli Azərbaycanın  işıqlı gələcəyinə inamla baxır!

                                                               

Səxavət Tağıyev,

Əməkdar müəllim