Qocaman təhsil ocağı yubileyini uğurları ilə qarşılayır
Böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavid vaxtilə yazmışdı: “Bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, sabah millətimiz də elə olacaqdır”. Bu gözəl kəlmələrin işıq selinin izi ilə 140 illik yubileyi ilində Azərbaycanın qocaman təhsil ocaqlarından birinin - Kürdəmir rayonu V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin inkişaf yoluna nəzər salmaq lap yerinə düşərdi. Bu gün qarşımızda Azərbaycanda 200 illik dünyəvi məktəb təhsilinin 140 ilini öz çiyinlərində şərəflə daşıyan, fəaliyyətində xalqımızın tarixi ənənlərinə və milli dəyərlərinə əsaslanan və müstəqillik illərində uğurlu nəticələr əldə edən müqəddəs bir məbəd ucalır. Onun fəaliyyətini nəzərdən keçirdikcə ortaya çıxan suallara cavab tapmağa çalışır və bu zaman istər-istəməz xəyalən 140 il əvvələ qayıdırıq.
Azərbaycanın dünyəvi məktəb təhsili tarixində XIX əsrdə xalq məktəbləri adı ilə meydana gələn kənd məktəbləri xüsusi yer tutur. 1881-ci ildə Bakı quberniyasında cəmi beş yeni kənd məktəbi açılmışdı ki, bunlar Lənkəran qəzasının Privolnı, Şamaxı qəzasının Kürdəmir və Kerkenc, Quba qəzasının Qusar və Göyçay qəzasının Məlikkənd kəndlərində idi.
Bir sözlə, 1881-ci il fevral ayının 9-da sərəncamla Şamaxı qəzasının Kürdəmir kəndində rəsmən ibtidai məktəb fəaliyyətə başladı. Kürdəmir kənd məktəbi 1860-cı ildən 1890-cı ilədək Bakı quberniyasında 28, Şamaxı qəzasında isə 11 ibtidai məktəbdən biri olmuşdur. Bunu da qeyd edək ki, Şamaxı qəzasında ibtidai məktəb Xilmilli (1860),Mərəzə (1866) və Altıağac (1879) kəndlərindən sonra 4-cü olaraq Kürdəmir kəndində açılmışdı.
1883-cü ildə açılan Bakı - Tiflis dəmir yolu xəttinin müəyyən hissəsi Kürdəmir kəndinin ərazisinə düşdü. Bakı-Tiflis dəmir yolunun kəndin ərazisində qurulan stansiyası müvafiq olaraq Kürdəmir adlandırılır və o, mərkəzə çevrilməyə başlayır. Qəza idarələrinin yerli şöbələri stansiya ətrafında cəmləşməyə başlayır. Yeni mərkəzi bazar stansiya ətrafında formalaşmağa başlayır və o da Kürdəmir həftəbazarı adlandırılır. Eyni zamanda, əvvəlki bazar (sovet dövründə Köhnəbazar “selpo”su - “kənd istehlakçıları cəmiyyəti” rayonun ən güclü ticarət mərkəzlərindən biri olmuşdur) və onun yanında 1881-ci ildən təsis edilən kənd məktəbi öz fəaliyyətlərini davam etdirsələr də, əski adları ilə deyil, “Köhnə bazar” və Köhnəbazar məktəbi” adı ilə adlandırılır. Beləliklə, 1881-ci ildə yaradılan Kürdəmir kənd məktəbi Köhnəbazar orta məktəbi adı ilə öz fəaliyyətini davam etdirmişdir. Fəxrlə qeyd edə bilərik ki, ictimai-siyasi xadim, maarifpərvər-publisist, Rusiyanın I Dövlət Dumasının deputatı Əsədulla bəy Muradxanov 1886-1893-cü illərdə Köhnəbazar məktəbinin müəllimi olmuşdur.
Sovet dövründə hökumət tərəfindən Köhnəbazar məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi nəticəsində, fədakar müəllimlərin zəhməti sayəsində bu qocaman tədris müəssisəsi böyüdü, şagird və müəllim kollektivinin sayına görə rayonun əvvəlcə yeddiillik, sonra səkkizillik, daha sonra isə onillik mərkəzi məktəblərindən birinə çevrildi. Məktəb geniş bir ərazidə, bir neçə korpusdan (ibtidai məktəb binası ayrı olmaqla), böyük bir bağdan, emalatxanadan, voleybol və futbol meydançalarından və s. ibarət nəhəng bir kompleks idi. Bütün fənn kabinetləri əyani vəsaitlərlə zəngin idi. Həmin məktəbin məzunu kimi çox yaxşı xatırlayıram ki, kimya, fizika biologiya, coğrafiya və digər fənlər həmişə əyani vasitələrlə təcrübə əsasında keçirilir, ingilis və rus dilləri dərsləri linqafon kabinetlərində aparılırdı.
Bunu qeyd etmək lazımdır ki, Köhnəbazar məktəbi müəllim-şagird kollektivinin sayına görə deyil, həm də səriştəli və xüsusi təşkilatçılıq qabiliyyətinə malik direktorları, hazırlıqlı, təcrübəli və fədakar müəllim kollektivi və eləcə də istedadlı, bilikli şagirdləri ilə rayonun ən qabaqcıl məktəblərindən biri olmuşdur. Bu baxımdan Köhnəbazar məktəbin direktorlarını - Əhməd Vəzirovu (1930-1941), Gülputa Əliyevanı (1941-1946), Şükür Umudovu (1946-1951), Ömər Şirəliyevi (1951-1964), Şakir Abdullayevi (1964-1976) və Əlövsət Yusifovu (1976-1997) hörmətlə xatırlayırıq. 1997-ci ildən hazırkı vaxtadək məktəbə rəhbərlik etmiş Zülfi Zahidovun əməyini də qeyd etmək lazımdır.
Köhnəbazar məktəbində təlimin keyfiyyətinin yaxşılaşdırılmasında fədakar əməyinə görə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1952-ci il fərmanı ilə N.Usubov (ibtidai sinif) və Ə.Məmmədəliyev (Azərbaycan dili və ədəbiyyat) “Lenin” ordeninə layiq görülmüş, faşizmə qarşı mübarizədə Z.Zahidov (kimya-biologiya) və E.Şükürov (tarix), M.Məhyəddinov (rus dili), Y.Həbibov (coğrafiya), Ş.Baxışov (fizika - riyaziyyat) və digərləri qəhrəmanlıq nümunələri göstərərək orden və medallarla təltif olunmuşdular.
Təhsil və elmi bilikdə qazandığımız bütün uğurlara görə Şəməddin, S.Şükürova, N.Zahidova (ibtidai təhsil) N.Mustafayev (fizika), Ə.Qəribov (kimya), F.Məmmədov, Ə.Yusifov, İ.Ömərova (Azərbaycan dili və ədəbiyyat), H.Məmmədova, İlqar, Nadejda, S.Həmidova, F.Həmidov, F.Məmmədov, Z.Zamanova (rus dili), M.Baxışov, A.Lətifov, P.Bəkirov (tarix), Həmidə, M.Mahmudova (ingilis dili), Fikrət (alman dili), A.Zamanov, C.Nəsibov (riyaziyyat), Məfkurə (biologiya) və digər onlarla cəfakeş müəllimlərimizə borcluyuq. Dünyasını dəyişmiş unudulmaz müəllimlərimizin ruhu şad olsun! Pedaqoji fəaliyyətini bu gün davam etdirən ağsaçlı müəllimlərimizə isə cansağlığı və maarifimizin inkişafında yeni uğurlar diləyirik!
Bunu da qeyd edək ki, Köhnəbazar məktəbi fəaliyyət göstərdiyi 140 il ərzində ölkəmizə, xalqımıza yüzlərlə ziyalı və peşə sahibləri - müəllimlər, həkimlər, şairlər, yazıçılar, alimlər, incəsənət və mədəniyyət xadimləri, sənaye və kənd təsərrüfatı mütəxəssisləri, dövlət və ictimai xadimlər bəxş etmişdir. Məktəbin yetirmələri təhsil, elm və mədəniyyətin ayrı-ayrı sahələrində, AMEA-nın ayrı-ayrı institutlarında, respublikamızın nüfuzlu orta və ali məktəblərində, müxtəlif vəzifələrdə Azərbaycanın tərəqqisi yolunda fədakarlıq göstərmiş və hazırda müvəffəqiyyətlə çalışmaqdadırlar.
Məktəbin ilk şagirdlərindən biri olan Mustafa Mahmudovun adını xüsusi olaraq qeyd etmək istərdim. Zaqafqaziya Qori Müəllimlər Seminariyasının məzunu, görkəmli pedaqoq, II Dövlət Dumasının milli zülmə qarşı alovlu çıxışları ilə seçilən deputatı, Cümhuriyyət qurucusu, AXC parlamentinin üzvü M.Mahmudov Köhnəbazar məktəbinin yetirməsi olmuşdur. O,1937-ci il dekabrın 20-də repressiyaya məruz qalaraq güllələnmişdir.
Köhnəbazar məktəbinin yüzlərlə məzunu hazırda xarici ölkələrdə müvəffəqiyyətlə çalışmaqdadır. Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, “Azərbaycan-Ukrayna Dostluq Cəmiyyəti”nin Xarkov vilayəti bölməsinin sədri prof. M.Ömərov Köhnəbazar məktəbinin məzunlarındandır. Onun rəhbərliyi ilə “Dostluq” cəmiyyətinin nəzdində Azərbaycan bazar günü məktəbi, “Azərbaycanın inciləri” uşaq rəqs kollektivi, “Qarabağ” folklor ansamblı, “Natəvan” qadınlar klubu, “Novruz” gənclər klubu, habelə hüquq xidməti fəaliyyət göstərir. Köhnəbazar məktəbinin məzunu və həm də tarix müəllimi olmuş P.Bəkirov “Azərbaycan bazar günü” məktəbinin işində fəal iştirak edir.
Birinci və İkinci Qarabağ müharibəsinin qəhrəmanları arasında Köhnəbazar məktəbinin məzunları da vardır. Birinci Qarabağ döyüşlərində şəhid olan qəhrəman oğullardan V.Mustafayevi, M.Əzimovu, S.Qəniyevi və başqalarını göstərmək olar. Bunlardan biri də “Azərbaycan Bayrağı” ordenli şəhid Vüqar Rüstəm oğlu Qurbanovdur ki, 1994-cü ildən məktəb onun adını daşıyır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitləri 44 gün davam edən Vətən müharibəsində hərb tariximizin yeni şanlı səhifələrini yazdılar. Ərazi bütövlüyümüzü təmin etdilər. Köhnəbazar məktəbinin məzunlarından Rəvan Məlikov, Fərid Məmmədov, Murad Yunusov və Əli Məmmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldular. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə F.E.Məmmədov “Vətən uğrunda” və “Laçının azad olunması uğrunda” medalları ilə, R.Ə.Məlikov, Ə.Ə.Məmmədov və M.B.Yunusov “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Məktəbin fizika müəllimi Osmanov Elnur Rza oğlu leytenant rütbəsində sentabrın 21-dən Horadiz uğrunda döyüşlərdə iştirak etmiş və dekabrın 31-də cəbhədən tərxis olunaraq sağ-salamat evə qayıtmışdır.
Kürdəmir Rayon Təhsil Şöbəsinin nəzdindəki 43 tam orta məktəb arasında qabaqcıl yerini qoruyub saxlayan Köhnəbazar məktəbində hazırda 93 müəllim və 26 texniki işçi çalışır, 822 şagird təhsil alır.
Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verən bu qocaman orta təhsil ocağının fədakar müəllimləri şagirdlərin dövlət standartları səviyyəsində bilik və bacarıqlara yiyələnməsini təmin etmək, şagirdlərə həyati və təcrübi bacarıqlar aşılamaq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və rəqabətə davamlı yetişməsi istiqamətində öz əməyini əsirgəmirlər. Tədris ocağında hazırda X.Məmmədova, R.Məlikova, Ş.Yunusova, M.Azayeva, A.Yusifov, S.Zülfüqarova, C.Cəbrayılova, V.Səmədova, C.Nuriyev, M.Nuriyeva, Y.Təvəkkül kimi öyrəncilərə bilik və tərbiyə verməyi qarşısına məqsəd qoymuş, ömrünü şagirdləri yolunda şam kimi əridən bacarıqlı və tələbkar müəllimlər çalışmaqdadırlar.
Yuxarıda qeyd edilənlər bir daha təsdiq edir ki, Köhnəbazar məktəbi 140 il ərzində şərəfli yol keçmiş və bu gün də Azərbaycan təhsil sistemində layiqli yer tutmaqdadır. Hər il Köhnəbazar məktəbliləri fənn olimpiadalarında və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmişlər. Bunu 2019/2020-ci tədris ilində ali məktəblərə qəbul olanların sayına görə rayon üzrə birinci yer tutması bir daha təsdiq edir. Belə ki, son ildə Köhnəbazar məktəbinin 24 məzunu Azərbaycan Respublikasının müxtəlif nüfuzlu ali məktəblərinə daxil olmuşdur. Həm də iftixar hissi ilə qeyd edirik ki, qəbul olunanlardan 7 nəfəri bir sinfin - V.Səmədovanın XIa sinfinin şagirdləri olub, 500-600-dən yuxarı bal toplamışlar. Ramazan Tağıyev (600+), Ruslan Zərbəliyev (600+), Sarvan Məcidli (500+), Mətin Şirəlizadə (500+), Fidan Vahidova (500+), Xanım Əzimova (500+), Badam Şirəlizadə (500+).
Bunu da əlavə edək ki, bu il məktəbi 1 nəfər gümüş medalla bitirmiş, 1 nəfər isə Olimpiadada qalib gələrək gümüş medala layiq görülmüşdür.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, “Müəllim adı dünyada ən şərəfli addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram... Təhsil millətin gələcəyidir”. Bu mənada gənc nəslin təlim və tərbiyəsində mühüm xidməti olan 140 yaşlı Köhnəbazar məktəbi yubileyini uğurları ilə qarşılayır.
Köhnəbazar məktəbinin kollektivini, onun yetirmələrini bu qocaman təhsil ocağının 140 illiyi münasibəti ilə təbrik edirəm! Azərbaycanın gələcək qurucuları olacaq yeni nəslin yetişdirilməsi yolunda məktəbin fədakar müəllimlərinə böyük uğurlar arzu edirəm!
Habil MƏMMƏDOV,
tarix elmləri doktoru, professor