Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Şah İsmayıl Xətainin 1501-ci ilin payızında Təbrizə daxil olmasını salnaməçilər ruhun bədənlə qovuşması kimi təsvir edirlər.

 

44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşaya səfəri ilə bağlı videogörüntüləri izləyəndə ilk yadıma düşən salnaməçilərin həmin bənzətməsi oldu.

 

Müstəqillik tariximizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti müqəddəs şəhərimiz Şuşaya daxil oldu. İllərin həsrəti, intizarı bitdi! On illərin əziyyəti, məşəqqəti bitdi!

 

Ruhumuzun şəhəri

 

Vətənimizin bütün yaşayış yerləri, şəhər və kəndlərinin hər qarış torpağı bizim üçün doğmadır. Hər birinin qəlbimizdə özünəməxsus yeri var. Şuşa isə ruhumuzun şəhəridir. Böyük Tanrının sehirli fırçası ilə çəkilmiş gözəllər gözəli Şuşanın düşüncələrimizdə yeri bir başqadır. Bunun səbəbi, yəqin ki, Şuşanın unikal təbiəti, külli-Qarabağın göz işlədikcə canlanan əsrarəngiz mənzərəsi, tarixi hekayəsi, dumandan başına örtdüyü ağ kəlağayının Azərbaycanın qeyrət rəmzinə çevrilməsidir.

 

Şuşa qədim mədəniyyət mərkəzlərimizdəndir. Bu şəhər ictimai fikir tariximizin inkişafında mühüm rol oynayıb, Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş edib. Şuşa Qafqazın konservatoriyasıdır, həm də səsimizin çağlayan bulağıdır. “Qarabağ bülbülləri”nin ana Vətənidir.

 

Bu şəhər haqqında düşünəndə istər-istəməz adamın qəlbini mübhəm hisslər bürüyür. Ruhunun göylərə ucalmış qayalarının zirvəsində qartal kimi qanad açıb uçduğunu, nur içində uyuduğunu, saf havasının ciyərlərə həzin-həzin dolduğunu hiss edirsən. Bütün bunlar Şuşanı qəlbimizdə özü kimi ucalara yüksəldib, təsəvvürlərdə əfsanəvi nağıla çevirib.

 

Şuşa bizə həmişə yenilməzlik nişanəsi, milli ruhumuzun etibarlı sığınacağı kimi görünüb. Ermənistanın Azərbaycana qarşı işğalçı hücumları güclənəndə çoxumuza elə gəlirdi ki, düşmən heç zaman Şuşanı ala bilməyəcək. Çünki xəyallarımızda bu şəhər sıldırımlı qayalarla əhatə olunmuş təbii istehkamları ilə alınmaz qala timsalında idi. Əsrlər əvvəl Ağa Məhəmməd Şah Qacar kimi əzəmətli hökmdar, güclü sərkərdə belə Şuşanı ala bilməmişdi. Köhnə şuşalıların dili ilə desək, Şuşada “baş qoyub” getmişdi.

 

Ona görə də 1992-ci ilin 8 mayında xəyanət nəticəsində Şuşanın düşmənə təslim edilməsi həyatımızın ən böyük faciəsi oldu.

 

Bu qədim şəhərin 28 ildən sonra - 2020-ci ilin 8 noyabr günü Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, hünəri, əsgər və zabitlərimizin rəşadəti sayəsində düşməndən geri alınması ömrümüzün ən böyük bayramına çevrildi, qanı kəsilməyən yaralara məlhəm oldu. Şuşa həsrətimizə son qoyuldu.

 

Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Şuşaya səfəri uzun illər bu şəhərin həsrəti ilə odlanmış qəlbimizə su çilədi. Onlarla birgə Şuşaya bütün Azərbaycan, böyük bir izdiham gedirdi. Dünyada yaşayan bütün azərbaycanlılar Şuşaya varid olurdu.

 

Mehriban xanımın yolboyu çəkdiyi kadrlar, Şuşaya aparan yolun təsvirləri, təbiətin mənzərələri, Şuşanın görüntüləri sərin su kimi ürəyimizə hopurdu. Təsvirlərdə əks olunmuş bu yol hər gün gedib gəldiyimiz, qət etdiyimiz adi yollardan deyil. Bu yol müqəddəs yoldur. Qələbəmizin qanadlarında qayıdışımızı 28 il həsrətlə gözləyən zəfər yoludur. İztirablarımıza son qoyan, ülvi arzularımıza çatdıran müqəddəs yoldur.

 

Bu yoldan Şuşanı azad etmiş igidlərimiz keçib gedib. Bu yola Azərbaycanın Zəfəri naminə canını fəda etmiş şəhidlərimizin qanı qarışıb. Bu yol qəlbimizdən başlanır, ruhumuza qovuşur.

 

Hazırda dövlət rəhbərimizin tapşırığı ilə Şuşanın yeni yolunun tikintisi sürətlə davam etdirilir. Tezliklə qələbəmizin simvoluna çevrilmiş bu yol hazır olacaq. Azərbaycan Prezidenti də xüsusi vurğuladı ki, Şuşaya gedən yol geniş olmalıdır. Azərbaycanın hər yerindən, dünyanın bütün məkanlarından ülviyyət şəhərinə doğru hamar, cənnətə aparan yol başlanacaq. Yaddaşımızda bir çox milli dəyərimizi rəmzləşdirən Şuşa həm də milli birliyimizin, həmrəyliyimizin, Azərbaycanlı olmaq qürurumuzun, Vətənə sevgimizin nümunəsi kimi əbədiləşəcək. Şuşaya aparan yol həsrətli keçmişimizdən qürurlu gələcəyimizə aparan vüsal yolu olacaq. Bu yolun üstündə qüdrətli əlləri ilə xoşbəxt gələcəyi nişan verən Ulu Öndərin möhtəşəm heykəlini görürəm.

 

Qələbənin rəmzi

 

Azərbaycan Prezidenti Şuşaya qalib fateh kimi getdi. Öz varlığını, iradəsini, gücünü, qətiyyətini, ona məhəbbətlə dəstək verən xalqımızın vəhdətini, qələbəmizin sevincini Şuşaya ən qiymətli hədiyyə kimi apardı, arzularına yetişmiş, mənfur düşmənə qalib gəlmiş sərkərdə kimi!

 

Bu səfər 28 illik işğaldan, ayrılıqdan, əzab və iztirablardan canımızda qalmış sıxıntıları tam qoparıb atdı. Şuşanın azad edilməsi Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun nail olduğu çox mükəmməl qələbədir. Bəlkə də hadisələrin bilavasitə içində olduğumuzdan bu qələbənin mahiyyətini hələ tam dərinliyi ilə dərk edə bilmirik. Amma illər, əsrlər ötəcək, gələcək nəsillər Şuşa qələbəsi ilə, bu Vətən müharibəsindəki Zəfərimizlə həmişə qürur duyacaq, Vətən torpağının müqəddəsliyini dərk edib, bu qələbədən ürəklər riqqətə gələcək. Onun qüruru işığında qəhrəman övladlarımız yetişəcək. Bu qələbənin heyrətamiz təcrübəsi dünyanın ən məşhur hərbçilərinə, sərkərdələrinə örnək olacaq.

 

Azərbaycan Prezidenti Şuşaya səfəri ilə bizim sevincimizə qısqananlara, bizi istəməyənlərə göz dağı çəkdi. Özünün də dediyi kimi, dostlarımız sevinsin, düşmənlərimiz kor olsun.

 

Düşmən Şuşanın bizim üçün nə demək olduğunu yaxşı bilirdi. Ona görə geniş işğal prosesinə 1992-ci ilin mayında Şuşadan başlamışdı. Məqsəd milli ruhumuzu sarsıtmaq şəraitində işğal niyyətlərinə daha asan nail olmaq idi. Əfsuslar olsun ki, o zaman düşmən bu niyyətinə çatdı. Şuşa kimi qeyrət qalamızın müdafiəsini lazımi şəkildə təşkil etməkdənsə, başı Bakıda hakimiyyət davalarına qarışmış ünsürlərin xəyanəti nəticəsində qürurumuzun, iftixarımızın məskəni Şuşa əldən getdi. Halbuki hərb elmindən az-çox anlayışı olan hər kəs bilir ki, ovaxtkı hakimiyyət nümayəndələrinin və onların yerinə keçmək üçün hər cür oyundan çıxan Azərbaycan Xalq Cəbhəsi rəhbərlərinin bir qədər vicdanı, tarix qarşısında məsuliyyəti olsaydı, Şuşanı qorumaq mümkün idi. Təəssüf ki, işğalçıları kənarda qoyub paytaxtda hakimiyyət, mənsəb üstündə bir-biri ilə didişənlər artıq mərkəzdən heç bir kömək, əmr, komanda gözləmədən sadəcə öz ambisiyaları ilə Şuşanın müdafiəsi uğrunda son damla qanlarınadək döyüşən igid övladlarımız qədər qeyrət göstərə bilmədilər. Hakimiyyət eşqi hər şeyə üstün gəldi.

 

Şuşa heç də ermənilərin iddia etdiyi kimi “Dağlarda toy” adlı qurama əməliyyat nəticəsində işğal olunmamışdı. 1992-ci ilin mayında məhz ozamankı AXC rəhbərlərinin xəyanəti nəticəsində bu tarixi şəhər düşmən əlinə keçmişdi. Antimilli ünsürlər bədnam əməlləri ilə Şuşanı mənfur ermənilərə təhvil verib sonra özləri də qaçıb gizlənmişdilər. Düşmən Şuşanı, tariximizin bu alınmaz qalasını, demək olar ki, ciddi bir itki vermədən ələ keçirtdi. 28 il bizə göz dağı verdi. Şuşa dərdi əsəblərimizi tarıma çəkdi. Getdikcə bu yaranın göynərtisi artdı. İş o yerə çatdı ki, düşmən Şuşada Qarabağdakı hərbi xunta rejiminin, terrorçu qruplaşmanın rəhbərinin andiçmə mərasimini keçirirdi. Qondarma respublikanın parlament binasını inşa edirdi. İnsan hüquqlarından dəm vuran Ermənistanın yeni baş naziri Şuşada içib sərxoş vəziyyətdə yallı gedirdi, bununla düşmən bizə daha böyük mənəvi acı yaşatmağa can atırdı, özünü qalib hesab edirdi. Daha düşünmürdü ki, “bu xəmir hələ çox su aparacaq”...

 

Qəhrəmanlıq örnəyi

 

Sıldırım qayalardan dırmaşaraq alpinist hünəri ilə Şuşaya daxil olan, bıçaqla, tapança ilə, avtomatlı, tanklı, toplu düşmənin üstünə atılan və bu qəhrəmanlığı ilə dünyanın hərb tarixinə adı şərəflə yazılan igid Azərbaycan əsgəri dövlətinin, xalqının başını göylərə ucaltdı.  

 

Müharibənin gedişində Azərbaycan Prezidenti İlham Əliyev Şuşa ilə bağlı ermənilərin xaricdəki havadarlarının bütün təzyiqlərinə mərdliklə sinə gərdi. Hər addımında olduğu kimi, Şuşa barədə də əsl liderlik, mərdlik, cəsarət nümunəsi meydana qoydu. “Şuşasız bizim işimiz yarımçıq qalar” dedi və bu sözünə də sahib çıxdı. Şuşanı əsgər və zabitlərimiz igidliklə, Ali Baş Komandanın rəhbərliyi ilə azad etdilər. Adları tarixə Şuşanı azad etmiş Milli qəhrəmanlar kimi yazıldı.

 

Əgər cənab Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərimizin gücü ilə Şuşanın azadlığına nail olmasaydıq, düşmən Şuşanı təhvil verməyəcəkdi. Onlar bu şəhərin müdafiəsinə böyük önəm verirdi. Hətta Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan kimi Xocalı cəlladı da Şuşaya gəlmişdi ki, şəhərin müdafiəsinə rəhbərlik etsin. Amma Ordumuz bütün müdafiə sədlərini vurub dağıtdı. Misilsiz qəhrəmanlıq göstərib, yalçın qayalara kəndirlə dırmaşaraq Şuşaya daxil oldu. Bu doğma şəhəri, zərif duyğularımızın beşiyini böyük şücaət göstərərək düşməndən azad etdi. Xocalı cəlladları bu qəhrəmanlıq qarşısında qaçıb ilim-ilim itdilər. Şuşanın azadlığı Ermənistan rəhbərliyini fakt qarşısında qoydu. Düşmənin beli məhz Şuşada sındı. Onlar artıq müharibəni uduzduqlarını anladılar, əlacsız qalıb kapitulyasiya aktına imza atdılar. Dövlət rəhbərimizin düşünülmüş hərbi siyasəti başqalarına güvənən erməni rəhbərini diz çökdürdü.

 

Şuşanın azadlığı Azərbaycanda möhtəşəm qələbə bayramına çevrildi. Xəyanət ləkəsi alnımızdan silindi.

 

Şuşanın azadlığına qədər qəhrəman hərbçilərimiz yaxınlıqdakı Daşaltı kəndini də düşməndən təmizlədilər. Bu o kənddir ki, Birinci Qarabağ müharibəsinin bizim üçün ən faciəli əməliyyatlarından biri burada baş vermişdi. Kəndi erməni terrorçularından azad etməyə yollanan neçə-neçə say-seçmə igidimiz xəyanət nəticəsində düşmən həmləsinə tuş gəlmişdi. Neçəsi itkin düşmüşdü və talelərindən indiyədək bir xəbər yoxdur. Bu kəndin və Şuşanın azadlığından “Daşaltı əməliyyatı”nda həlak olmuş dağ kimi oğullarımızın da ruhu rahatlıq tapdı. Uzun illərdən sonra ilk dəfə noyabrın 8-də Şuşada üçrəngli bayrağımız dalğalandı. Bu hadisə Zəfər Günü kimi tarixə düşdü. Azərbaycan əsgər və zabitlərinin Şuşa qəhrəmanlığı dünyanın aparıcı hərbi məktəblərinin dərsliklərinə yazılacaq bir örnək kimi dildən-dilə dolaşdı.

 

Zaman gələcək bu qələbə təfərrüatı ilə neçə-neçə dərsliklərin, bədii əsərlərin, filmlərin mövzusuna çevriləcək, Azərbaycan dövlətinin, onun müdrik rəhbərinin, xalqımızın igid övladlarının adını əbədiləşdirəcək. Bu, bizim qəhrəmanlıq salnaməmizin əbədiyyətə qovuşan həqiqəti kimi nəsillərə yol göstərəcək. Milli təəssübkeşlik, milli qeyrət, milli vətənpərvərlik yolunu...

 

Qalib gənclik

 

Şuşanın və düşməndən təmizlənmiş digər ərazilərimizin azadlığının daha böyük bir mənası da var. Bu əraziləri azad edənlərin çoxu son onilliklərdə ərsəyə gəlmiş gənclərimizdir. Onların səriştəli komandirləri, yeni nəsil generallarımız da Ulu Öndər Heydər Əliyevin və onun ordu quruculuğu işini uğurla davam etdirən cənab İlham Əliyevin yetişdirdiyi peşəkar zabitlərimizdir.

 

Cənab İlham Əliyev 17 ildir Azərbaycanın rəhbəridir. Azərbaycan gəncliyinin böyük hissəsi bu illərdə formalaşıb. İlham Əliyevin yetişdirdiyi gənc nəsil öz Vətəninin hər qarışı uğrunda varlığından keçməyi şərəf bilən igidlərdir.

 

Səndən ötrü can verməyə cümlə hazırız,

Üçrəngli bayrağınla məsud yaşa!

 

- Həyatımızın ülvi məqsədinin simvolu!

 

Ruhun şad olsun böyük şair! Sənin məramın qərinələr aşaraq amalımıza çıraq tutur.

 

2003-cü ildə 10, 15 yaşı olanların bu gün 27-32 yaşı var. 44 günlük Vətən müharibəsi, ondan əvvəl 2016-cı ilin aprelindəki dördgünlük savaş Azərbaycanda nə qədər vətənpərvər, güclü, milli ruhlu gənc nəsil yetişdiyini bir daha təsdiqlədi. Bu nəslin təmsilçiləri döyüşə getmək üçün yerli səfərbərlik xidmətlərinin əməkdaşları ilə mübahisələrə çıxdılar. Ön cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmaq, onlarla birgə əldə silah düşmənə qarşı vuruşmaq üçün ipə-sapa yatmadılar. Müharibəyə də toya-bayrama gedirmiş kimi getdilər.

 

Onların vətənpərvərlik ruhunda tərbiyə alması, mənəvi dünyalarının düşmənə nifrət hissləri ilə köklənməsi bizi Qələbəyə apardı. Azərbaycanın Vətən uğrunda müharibəsi öz zəfərinə onların sarsılmaz ruhu ilə nail oldu. Biz buna görə həm də Azərbaycan məktəbinə, Azərbaycan anasına minnətdarıq. Torpaqlarımızı bu illərdə yetişən, yaşa dolan, öz müstəqil həyatını təmin edən, karyera uğurları qazanan, dövlət rəhbərimizin müdrik siyasətinə ürəkdən inanan və Ali Baş Komandanın əmrinə müsəlləh əsgər kimi müntəzir olan vətənpərvər insanlar xilas etdilər. Qarabağımızı, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Əlbəttə, xalqımızın hətta kiçik yaşlı üzvündən tutmuş ən yaşlı vətəndaşına qədər bütün nəsillərdən olan soydaşlarımızın ümumi qələbəmizdə payı var. Amma əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Bu müqəddəs işin ağırlığını, əziyyətini ən çox onlar çəkdilər. Böyüklərindən örnək aldılar, Vətənləri uğrunda canlarından keçməyə hazır oldular. Neçə-neçə igid övladımız bu müqəddəs müharibədə həyatını itirdi, şəhidliyə qovuşdu. Onların qeyrəti, namusu, Vətənə bağlılığı beşikləri başında layla deyən Azərbaycan analarının ruhundan ayrılıb canlarına, qanlarına, iliklərinə, sümüklərinə işləmişdi.

 

(Ardı var)

 

Nurlana ƏLİYEVA,

BSU-nun rektoru, professor, YAP Qadınlar Şurasının sədri