Təbiətə sevgi şagirdlərdə vətənpərvərlik və humanizm hissləri tərbiyə edir
Biologiya elmi insanların öz həyati problemlərini həll etmək üçün yollar axtarması ilə yaranmış və insan cəmiyyəti ilə birlikdə inkişaf etmişdir. Bu problemlərdən ən birincisi qidanın əldə edilməsi idi. İnsan orqanizminin öyrənilməsi də ilk vaxtlar bu problemlərdən biri olub. Lakin biologiyanın əsas nailiyyətləri yalnız qida məhsullarının artırılması, tibb elminin uğurları ilə məhdudlaşmadı. Zaman keçdikcə bu elmin insan orqanizminin quruluşunu, fiziologiyasını öyrənən sahələri ilə yanaşı, təfəkkürün yaranmasını, insanın ictimai həyat tərzini öyrənən sahələri də meydana gəldi. Bizim dövrümüzdə biologiya elmi təbiətdə baş verən proseslərin öyrənilməsi və cəmiyyətin inkişafı naminə istifadə edilməsi üçün zəruri biliklərin mənbəyinə çevrilmişdir. Müasir biologiya elmi insan, onun sağlamlığı, sosial mahiyyəti, psixoloji xüsusiyyətlərinə aid həyati əhəmiyyəti olan ən vacib bilik və bacarıqları, insan və təbiət münasibətlərini əhatə edir. İnsan təbiətin tərkib hissəsidir, onun təkamülünün məhsuludur. Təbiətdə baş verən bütün hadisələr birbaşa insana təsir edir. Müasir dövrdə bu hadisələr saysız-hesabsız, onların yaratdığı təsirlər isə ölçüyəgəlməz dərəcədə böyükdür. Bu baxımdan müasir biologiyanın qarşısında çoxsaylı problemlərin həlli yollarını tapmaq vəzifəsi durur. Əsrin yeni yaranan infeksion və genetik xəstəliklərin qarşısının alınması, effektiv peyvəndlərin hazırlanması, əhalinin qida məhsulları ilə təmin edilməsi, su mənbələrinin, atmosfer havasının təmiz saxlanması, torpaqların eroziyadan qorunması, meşələrin məhv olmasının qarşısının alınması... və s. bütün bunlar dövrümüzün aktual problemləri olub biologiya elminin araşdırdığı məsələlərdir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq əminliklə demək olar ki, biologiyanın həyatımızda, gələcək nəslin maariflənməsi və tərbiyəsində rolu ilk baxışda göründüyündən daha böyükdür. Biologiya gələcəyin elmidir. Biologiya təbiətlə insanın harmoniyada yaşamasının açarıdır. Bu açardan nəinki müasir sivilizasiyanın inkişafı, həm də insanlığın mövcudluğu asılıdır. Yalnız bu sahənin biliklərinə əsaslanaraq insanların təbiətlə ehtiyatlı və anlayışlı münasibətinə, onun qanunauyğunluqlarına əməl edilməsinə, planetimizin çiçəklənməsinə nail olmaq mümkündür. İnsanın bir şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün genişlənməsində və özünüinkişafında biologiya fənninin müstəsna yeri var. Biologiya insanın təbiətlə ünsiyyətində və cəmiyyətə inteqrasiyasında əsas təkanverici vasitədir və onun dünyanı sağlam düşüncə süzgəcindən keçirərək yaradıcı münasibətlə öyrənməsini, ətraf aləmə qayğı ilə, qoruyucu və bərpaedici yanaşmasını təmin edir.
Bugünkü şagirdlər sabahın qurucularıdır. Deməli, təbiəti bilmək, öyrənmək, ətraf mühitə, sağlamlığa qarşı diqqətli olmaq məktəbdən formalaşmalıdır. Müasir insanın həyatında ekoloji tərbiyə çox əhəmiyyətlidir. Ekoloji tərbiyə estetik tərbiyə ilə əlaqəlidir: təbiətdəki gözəlliyi duymaq qabiliyyəti insan şəxsiyyətinin formalaşmasında mühüm yer tutur.
Təbiətə sevgi şagirdlərdə həm də vətənpərvərlik və humanizm hissləri tərbiyə edir. Əminəm ki, ətraf mühitin problemləri bu məsələyə lazımınca qiymət verilməməsi nəticəsində yaranır. Gəlin düşünək: biologiya bilikləri zəif olan gənc öz təsərrüfat fəaliyyətində təbiətdəki əlaqələrə nə dərəcədə həssas yanaşa bilər? Beləliklə, mühit amilləri yararsız hala düşür, yaşıllıqlar və heyvanlar qorunmur, ümumiyyətlə, təbiətə münasibət dəyişir. Paralel olaraq onlar qeyri-sağlam həyat tərzindən qazanılan xroniki xəstəliklər, qohum nikahlardan dünyaya gələn xəstə nəsil və s. bu kimi problemlərlə də üzləşirlər.
Biologiyanın ən əhəmiyyətli sahələrdən biri olan anatomiyanı hər bir kəs bilməlidir. Səkkizinci sinifdə şagirdlər insan oqanizminin quruluşu, fizioloji prosesləri, gigiyena qaydalarını öyrənirlər. İlk yardımın göstərilməsi üsulları ilə tanış olur, lazımi bacarıqlara yiyələnirlər. Belə bacarıqlar, heç şübhəsiz, onlara həyat yolunda kömək göstərə bilər. Keçid dövrü zamanı yeniyetmələrdə öz bədənlərində baş verən dəyişikliklərlə bağlı müəyyən suallar yaranır. Bir çox hallarda şagirdlər ailə üzvləri ilə bu suallar ətrafında danışmağa utanırlar. Onlar axtardıqları cavabı anatomiya dərslərində tapırlar. Aldıqları biliklər onları xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər haqqında məlumatlandırır, xəstəliklərin yaranmasına səbəb olan amillərlə tanış edir.
Yuxarı siniflərdə biologiya fənni şagirdlərə həyati vacib bilik və bacarıqlar verilməsini nəzərdə tutur. Bu mərhələdə şagirdlərə həyatın yaranması, inkişafı, molekulyar səviyyədən mürəkkəb biosistemlərə qədər həyat təzahürlərinin mövcudluğu, onların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı təsiri öyrədilir. Uşaqlar Yer planetində həyatın yaranması və bunun yenidən təkrar ola biləcəyi, gen mühəndisliyi, bu sahədə atılan ilk addımlarla tanış olurlar.
Mən biologiya fənninə marağın, diqqətin artırılmasına nail olmaq yollarını müəyyən etməyə çalışıram. Müəllim peşəsi bütün dövrlərdə ən hörmətli peşə hesab olunub. Ona görə yox ki, o, ən biliklidir, ona görə ki, o öz bilik və bacarığını ötürə bilir, başa düşülməyəni izah edir, insanları yönəldir, onların həyat yoluna işıq salır.
Biologiya müəllimi olaraq vəzifəm şagirdlərə bioloji biliklərin nə dərəcədə əhəmiyyətli olduğunu anlatmaq, onlara bu fənnin gələcəkdə həm özlərini, həm də ətraf mühiti başa düşməkdə kömək edəcəyinə inandırmağa çalışmaqdır. Nə qədər faydalı, humanist bir fənni tədris etdiyimi bilir, hər dəfə dərsə girərkən bu suallar ətrafında fikirləşirəm: şagirdlərimdə tədris etdiyim fənnə qarşı marağı neçə artıra bilərəm? Necə edə bilərəm ki, biologiya dərsləri daha yaradıcı və yaddaqalan olsun?
Biologiya fənnində tədrisin səmərəliliyi dərsin hansı şəraitdə keçilməsindən asılıdır. Müasir dövrümüzdə əyani vasitələrdən, informasiya texnologiyalarından geniş istifadə edilir, mövzularla bağlı qısa filmlərə, videoçarxlara baxılır. Mövzulara aid kitabça, bukletlərdən istifadə elmə marağın artmasında əhəmiyyətli təsir göstərir. Ancaq, kompüter texnologiyaları təbiətlə canlı təması, canlı müşahidəni əvəz edə bilməz. Biologiya dərsləri əyaniliyi sevir. Biologiya dərsləri praktiki işlərlə, fakültətiv məşğələlərlə, ekskursiyalarla, çöl praktikaları ilə, təcrübələrin qoyulması və s. ilə paralel həyata keçilməlidir.
Bütün bunlara baxmayaraq dərslərimin orijinal, canlı keçməsinə çalışıram. Bir neçə nümunə çəkmək istəyirəm. “Bitkilərin tozlanması” mövzusu keçdiyim zaman şagirdlər tozlanma hadisəsini, bunun çox mühüm bir proses olduğunu, bu işdə həşəratların, xüsusilə arıların əhəmiyyətli vəzifə yerinə yetirdiyini öyrənirlər. Şagirdlər “Arıların qət etdikləri yol” adlı esseni yazdıqda arıların qorunmasının nə qədər vacib olmasını, onların heç də insanları sancmaq üçün yaranmadığını öz sözləri ilə təsdiq edirlər. “Bitkilərin torpaqdan qidalanması” mövzusu keçilən zaman şagirdlər bitkilərin qidanı torpaqdan necə almasını öyrənirlər. Dərsimin əsas məqsədi “Yaxşı məhsul verən bitki yetişdirmək üçün nə etmək lazımdır?” sualı ətrafında olur. Yalnız yanaşma belə olduqda şagirdlər bitkinin inkişafında mineral maddələrin, gübrələmənin, suyun, hətta şitilləmənin nə qədər mühüm olmasını başa düşürlər. Bitkilərin vegetativ çoxalmasını keçərkən dərsdə qarşıya həyətyanı sahələrdə, sinif otaqlarında bitkilərin necə çoxaldılmasını öyrənmək kimi məqsədlər qoyulur. Şagirdlər özləri sərbəst şəkildə bitkilərin vegetativ yolla çoxaldılması ilə məşğul olurlar. “Fotosintez” prosesini izah edərkən çalışıram şagirdlərim başa düşsünlər ki, onların həyatı əllərini atıb etinasızca qırdıqları yarpaqdan asılıdır. Anatomiya dərslərində “Tənəffüs” bölməsində “Ağciyərlərin hava tutumu” mövzusu keçirildiyi zaman şagirdlərim sinif otağının sahəsini təxmini ölçür, bir dəqiqədə tənəffüs zamanı xaric etdikləri karbon qazının miqdarını sinifdə olan şagirdlərin sayına, alınan rəqəmi isə 45 dəqiqəyə vuraraq bir dərs zamanı sinif otağında karbon qazının artmasını hesablayırlar. Beləliklə, onlar otağın havalandırılmasının nə qədər vacib olduğunu başa düşürlər. Təcrübəmdən bilirəm ki, bu formada keçilən real dərslərin səmərəsi böyükdür.
Biologiyanı öyrənmək maraqlıdır, ona görə ki, hər bir şagird mikroskopla bitki toxumasına baxıb onun quruluşunu, sitoplazmanın hərəkətini müşahidə edərkən özü üçün yeni kəşflər edir. Genetika bölməsi keçirildiyi zaman irsiyyətin qanunauyğunluqları ilə tanış olur və özünü genetik kimi hiss edir. Biologiya kabinetlərində insan skeletinin modelini diqqətlə, ətraflı nəzərdən keçirmək, sümüklərə əllə toxunmaq mümkündür.
Müasir dövrümüzdə biologiya müəllimləri geniş mənada yer üzündəki həyatın sağlamlığı uğrunda çalışırlar. Onlar şagirdlərə təbiəti, onun davamlı inkişafı üçün qorunması yollarını izah edir, dərslərdən alınan biliklərdən faydalanmağı, əldə olunmuş bacarıqlardan gündəlik həyatlarında istifadə etməyi öyrədirlər.
Müasir biliklər yalnız dərsliklərdə yazılan mövzularla məhdudlaşmır. Əgər müasir şagirdlər bilikli və savadlı olmaq istəyirlərsə, onlar mütləq daha ətraflı öyrənməyə çalışacaqlar. Bu yolda isə onlara müəllimləri kömək etməlidir. Müəllimlərlə daha çox təmasda olmaları üçün, fakültətiv məşğələlər keçirilməlidir. Fakültətiv məşğələnin məqsədi şagirdlərə ayrı-ayrı mövzularla bağlı daha dərin bilikləri ötürməyə imkan verir. Fakültətiv məşğələlərə şagirdlər könüllü qoşulur, qruplar sərbəst eksperimentlərin qoyuluşuna, müşahidələrə, yeni biliklərin öyrənilməsinə imkan əldə edir. Həm fakültətiv məşğələlər, həm də laboratoriya dərsləri zamanı qoyulan bioloji eksperimentlər qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli eksperimentlər botanika dərslərində keçirilən toxumun tərkibinin öyrənilməsini, yarpaqlarda nişastanın təyini və s. kimi işləri nəzərdə tutur. Daha sadə təcrübələrin aparılması və müşahidəsi, məsələn, toxumun cücərməsi şəraitinin və suyun yarpaqlarda buxarlanmasının öyrənilməsi şagirdlərə evə tapşırıq kimi verilə, dərsdə isə nəticələr yoxlanıla bilər.
Uzunmüddətli eksperimentlərə mineral maddələrin yerkökünün böyümə və inkişafına təsirini, toxumların sıx əkilməsinin məhsuldarlığa təsirini və s. misal göstərmək olar. Bu tip təcrübələri şagirdlər həm laboratoriyada və həm də həyətyanı sahələrdə apara bilərlər. Şagirdlərə təcrübənin nəticələrini müqayisə etmək tapşırılır. Şagirdlər dəqiq müşahidələr və ölçmələr aparır, cədvəllərdə müəyyən qeydlər edirlər, nəticələr isə dərslərdə müzakirə olunur. Bu cür praktiki işlər şagirdlərdə dəqiq işləmək, məlumatların dəqiq ötürülməsi, müşahidə etmək bacarığı formalaşdırır, nailiyyətlərin əldə edilməsi yolunda zəhmətin, müqayisəetmə bacarığının və gələcəkdə də elmi işləri aparmaq istəyinin aşılanmasında böyük rol oynayır. Şagirdlərimlə ağacəkmə aksiyalarında iştirak etdikdən sonra onların öz işləri ilə nə qədər qürur duyduqlarının şahidi olmuşam. Təmizlik aksiyalarında ərazilərin təmizlənməsində şagirdlərimin yorulmadan, can-başla iştirak etdiklərini fərəh hissi ilə izləmişəm. Əminəm ki, biologiya dərslərinə belə münasibət bəslənərsə, bu gün parta arxasında əyləşən uşaqlar sabah təbiətlə harmoniyada yaşayan, onun qayğısına qalan gənclərə çevriləcəklər.
Xanım MURADOVA,
132-134 nömrəli Təhsil Kompleksinin biologiya müəllimi, “Tərəqqi” medallı