Fəal-interaktiv təlimdə şagird tədqiqatçı, müəllim bələdçidir


Tədris etdiyim Azərbaycan dili və ədəbiyyat fənni materiallarının rəngarəngliyi ilə seçilir. Bunu nəzərə alaraq çalışıram ki, həmin fənnin tədrisi zamanı müxtəlif təlim metodlarından istifadə edim və  onlar mövzuya uyğun gəlsin. Çünki fəal təlim əsasında qurulan dərsdə bir metodla kifayətlənmək çox vaxt mümkün olmur. Bir neçə təlim metodu qarşılıqlı əlaqədə tətbiq olunduqda təlim metodunun xarakteri ilə yanaşı, dərsin qarşısına qoyulan məqsəd, sinfin səviyyəsi nəzərə alındıqda səmərə yüksək olur.

 

Tədris etdiyim bir dərs nümunəsinə nəzər salaq:

 

V sinif

Mövzu: “Qanadlı misralar”. Sözün məcazi mənası necə yaranır?

 

Standartlar:

2.2.3 Lakonik və sətiraltı məlumat şəklində ifadə olunmuş fikri müəyyən edir.

2.1.2 Kontekstdən çıxış edərək sözün məcazi mənasını müəyyənləşdirir.

1.1.2 Mətndəki əsas faktlara aid sualları cavablandırır.

4.1.2 Sözün həqiqi və məcazi mənasını müəyyənləşdirir.

 

Təlim məqsədi: sözün həqiqi və məcazi mənasını müəyyənləşdirir.

 

Dərsin tipi: induktiv (yeni bilik verən dərs)

 

İş forması: kollektivlə və fərdi iş.

 

İş üsulu: beyin həmləsi, müzakirə

 

İnteqrasiya: ədəbiyyat

 

Resurslar: İKT, şəkillər, iş vərəqələri

 

Dərsin gedişi:

 

Motivasiya: Motivasiya üçün aşağıdakı misraları ekranda nümayiş etdirirəm.

 

İnci tək sözlər seç, az danış, az din,

Qoy az sözlərinlə dünya bəzənsin.

Az sözün inci tək  mənası solmaz.

Çox sözün kərpic tək qiyməti olmaz.

Və şagirdlərə belə bir sualla müraciət edirəm:

 

- Sizcə, bugünkü dərsimizin mövzusu nə ola bilər? (Səs, söz, cümlə, sözün qiyməti). Daha sonra dərsin adı elektron lövhədə göstərilir: “Qanadlı misralar”.

 

Tədqiqat sualı:

 

Tədqiqat sualını verilmiş mətnin məzmunundan çıxararaq şagirdlərə təqdim edirəm: “Qanadlı misralar” mətnində sözün qiyməti, sözün dəyəri, sözün qüdrəti ilə bağlı hansı məqamlar deyilə bilər?

 

Tədqiqat sualı ilə bağlı şagirdlərin irəli sürdükləri fikirlər:

 

1. Mətndə şairin, yazıçının söz haqqında yazdığı şeirlər ola bilər.

2. Atalar sözləri, məsəllərdən nümunə ola bilər.

3. Hikmətamiz, tərbiyəvi sözlər ola bilər.

 

Şagirdlərin fərziyyələri təhlil olunur və ümumiləşdirilir.

 

Tədqiqatın aparılması:

 

Dərsin bu mərhələsində hər  şagirdə iş vərəqi verirəm və onlara aşağıdakı şeir parçasını mətnlə əlaqələndirərək öz fikirlərini yazmağı tapşırıram:

Söz gözəl olarsa-olsun nə qədər,

Pis əda o sözü tamam məhv edər.

(Nizami Gəncəvi).

 

Sözün də su kimi lətafəti var,

Hər sözü az  desən daha xoş olar.

Bir inci saflığı varsa da suda

Artıq içiləndə dərd verir  su da.

(Nizami Gəncəvi).

 

Sözün qanadları var, quş kimi incə-incə,

Dünyada söz olmasa nəyə gərək düşüncə.

(Nizami Gəncəvi).

 

Şagirdlər tapşırığı yerinə yetirəndən sonra məlumat mübadiləsi aparılır.

 

Məlumat mübadiləsi və müzakirə.

 

Şagirdlər öz tapşırıqları ilə bağlı yazdıqları fikirləri təqdim edir və lazım bildikləri əlavələri edərək müzakirə aparırlar. Tapşırıqları yoxlayıram və şagirdləri qiymətləndirirəm.

 

Sonra isə kollektivlə işimi davam etdirirəm.

 

Sözün həqiqi və məcazi mənası ilə bağlı çalışmalar verir və müzakirələr aparıram.

 

1. Hansı cümlədə “ağır” sözü məcazi mənada işlənib.

* Çantam çox ağır idi.

* Leylanın sözləri mənə çox ağır gəldi.

* Balaca ağır daşı qaldıra bilmədi.

 

2. Hansı söz birləşməsində “acı” sözü həqiqi mənada işlənib?

* Acı söz

* Acı soğan

* Acı həyat

 

3. Hansı cümlədə “şirin” sözü dad bildirir?

* Anamın bişirdiyi şirniyyat şirin olur.

* Ana qucağı şirin olur.

* Anam şirin-şirin danışırdı.

 

Müzakirəni istiqamətləndirmək üçün aşağıdakı suallarla şagirdlərə müraciət edirəm:

1. Şair məcazi mənada olan sözlərdən nə məqsədlə istifadə etmişdir?

Səndən doymaq olarmı,

Həyat sən nə şirinsən?!

 

2. Mətndə hansı məcazi mənalı sözlər verilmişdir?

 

3. Sözün həqiqi mənası ilə məcazi mənasına nümunə göstərin.

 

Nəticə:

 

Öyrəndik ki, insan öz fikrini izah edərkən yersiz sözlərdən istifadə etməməli, fikrini yığcam çatdırmalıdır. Fikrin daha dəqiq, daha canlı olması üçün müdriklərimizin, dahilərimizin sözlərindən sitatlar gətiririk. Bu da nitqimizi  gözəlləşdirir. Aforizmlər fikri daha aydın ifadə etməkdə böyük rol oynayır.

 

Dərsin əvvəlində şagirdlərin irəli sürdüyü fikirlərin müzakirə zamanı söylədiyi fikirlərlə müqayisəsi aparılır. Şagirdlər nəyin yeni olduğunu müəyyən edirlər.

 

Eyni zamanda sözün həqiqi və məcazi mənada işləndiyini ayırmağa çalışırlar.

 

Ev tapşırığı  yaradıcı tətbiqetmə istiqamətində verilir:

 

Nizami Gəncəvinin aforizmlərinə illüstrasiyalar çəkin.

 

Qiymətləndirmə:

 

Qiymətləndirmə aşağıdakı kriteriyalar üzrə həyata keçirilir:

1. Sətiraltı məlumat şəklində ifadə olunmuş fikri müəyyən edir.

2. Sözün məcazi mənasını müəyyənləşdirir.

3. Mətndəki əsas faktlara aid sualları cavablandırır.

4. Sözün həqiqi və məcazi mənasını müəyyənləşdirir.

 

Dərs nümunəsindən göründüyü kimi, fəal-interaktiv təlimdə şagird tədqiqatçı, müəllim bələdçidir. Bu təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsi hər şeydən üstün tutulur.

 

Nahidə ƏHMƏDOVA,

Bakı Modern Təhsil Kompleksinin Azərbaycan dili və ədəbiyyat müəllimi