Həmkar dostları yubilyar sənətkar haqqında


Elə insanlar var ki, onlar özləri üçün deyil, Vətəni, dövləti, mənsub olduğu xalqı üçün yaşayır, yaradır. Bir çıraq kimi ətrafına işıq saçır. Bu işıqdan minlərlə insana pay düşür. Belə insanlardan biri də ömrünü Azərbaycan təhsilinə, musiqisinə, mədəniyyətinə həsr edən “Əməkdar incəsənət xadimi”, II dərəcəli “Əmək” ordenli, professor Nazim Kazımovdur.  Ömrünün 70-ci baharını yaşayan Nazim Kazımov Naxçıvan şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə, ədəbiyyata xüsusi marağı olan Nazim müəllim əzmlə, iradə ilə öz arzularına doğru gedərək yüksək zirvələri fəth etmişdir. Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda tar ixtisası üzrə təhsil alır. Sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirir. Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi fakültəsində də təhsil almaq qərarına gəlir. Zəhməti, əzmi hesabına bu ali musiqi məbədinə daxil olan N.Kazımov Konservatoriyanı yüksək qiymətlərlə bitirir. Xoşbəxtliklərindən biri də odur ki, o həmişə ustad sənətkarlardan dərs alıb. Musiqi texnikumunda Adil Gəraydan, Konservatoriyada isə görkəmli şəxslər olan Səid Rüstəmov və Süleyman Ələsgərovdan aldığı dərslər sonralar onun həm peşəkar musiqiçi, həm də pedaqoq kimi püxtələşməsində xüsusi rol oynayıb.

 

Mükəmməl təhsil alan qəhrəmanımız əldə etdiyi nəzəri bilikləri  uğurla təcrübəyə çevirməyi də bacarıb. Keçmiş Əli Bayramlı şəhərindəki musiqi məktəbində tar müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Nazim Kazımov sonralar həmin məktəbin direktoru vəzifəsinə təyin olunur. Onun xüsusi idarəçilik bacarığı, yüksək qabiliyyəti rəhbərliyin diqqətindən kənarda qalmayıb. N.Kazımov Təhsil Nazirliyinin aparatında  müvafiq sahə üzrə yüksək vəzifəyə dəvət alır. On ilə yaxın müddətdə nazirlikdə çalışan Nazim müəllim sonralar Bakı Musiqi Kollecinə direktor təyin olunur. 

 

O, elmi-tədqiqat işlərinə, yaradıcılığa geniş yer ayıran, təcrübəni nəzəriyyəyə gətirən böyük pedaqoqlardandır. Çoxsaylı elmi məqalələri, tezisləri musiqi pedaqoqikasında geniş istifadə olunur. O, həm də ümumtəhsil məktəblərindəki “Musiqi” dərsliklərinin bir çoxunun müəlliflərindəndir.

 

Nazim Kazımovun çoxşaxəli fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, 2020-ci ildə isə II dərəcəli “Əmək” ordeninə  layiq görülüb.

 

Tanınmış ziyalılar, elm adamları Nazim Kazımov haqqında fikirlərini bizimlə bölüşüb. Onu 70 illik yubileyi və təltif edilməsi münasibətilə təbrik ediblər.  

 

Nazim müəllimin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, Səid Rüstəmovdan dərs alıb

 

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi: “Nazim Kazımovla birgə Konservatoriyaya imtahan vermişik. Eyni vaxtda təhsil aldığımız üçün bir-birimizi yaxşı tanıyırdıq. Sonralar da Nazim müəllimin musiqi sahəsində pedaqoji fəaliyyəti haqqında yüksək fikirlər eşidirdim. Onun bu sahədə böyük təcrübəyə malik olması, elmi-pedaqoji məqalələri, bacarıqları, bir sözlə, bir mütəxəssis kimi özünü təsdiq etməsi məni həmişə sevindirirdi.  Elə bu səbəbdən də Milli Konservatoriya yarananda onu Bakı Musiqi Kollecinə rəhbərlik etməyə dəvət etdim. Həmin vaxtlar Nazim müəllim Təhsil Nazirliyində mühüm vəzifədə çalışırdı. Buna baxmayaraq o dəvətimi qəbul etdi və çox məsuliyyətli, çətin bir müəssisəyə rəhbərlik etməyə başladı. Artıq  xeyli müddətdir ki, həmin təhsil müəssisəsinə rəhbərlik edir. Rəhbərlik etdiyi zamandan kollecdə böyük işlərə imza atan Nazim müəllim həm kollektivin, həm də musiqi ictimaiyyətinin böyük rəğbətini qazandı.  Nazim müəllimin rəhbərliyi altında Musiqi Kollecinin məzunları bu gün ölkəmizin demək olar ki, bütün bölgələrində pedaqoji fəaliyyətlə məşğuldur. Kollecin məzunları respublikamızda və beynəlxalq arenada keçirilən müsabiqələrin qalibidir.

 

Nazim müəllimin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, o dahi bəstəkar, Xalq artisti mərhum Səid Rüstəmovdan dərs alıb. Düşünürəm ki, onun bir musiqiçi və pedaqoq kimi yetişməsində Səid Rüstəmovun böyük rolu olub. Nazim müəllimin bir sıra elmi-pedaqoji əsərləri, kitabları var ki, onlardan biri də müəllimi Səid Rüstəmov haqqındadır. 

 

Ümumiyyətlə, təhsil proqramlarının, dərsliklərin yazılmasında Nazim Kazımovun böyük xidmətləri var. Nazim müəllim bu yaxınlarda ölkə Prezidenti tərəfindən təltif edilib. Bu, dövlətimizin onun əməyinə verdiyi ən yüksək qiymətdir. Düşünürəm ki, o, bundan sonra da yaradıcılığını əzmlə davam etdirəcək, Azərbaycan musiqisi, mədəniyyəti üçün əlindən gələni əsirgəməyəcək.

 

Nazim Kazımovu  yubileyi münasibətilə təbrik edirəm, şərəfli ömür yolunda ona uğurlar arzulayıram”.

 

Musiqi pedaqokikasının ən görkəmli nümayəndələrindən biri

 

Pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim Vidadi Xəlilov: “Nazim Kazımov ziyalılarımızın önündə gedən, mənəvi zənginliyə malik olan insanlardandır. Nazim Kazımovu musiqi pedaqogikasının ən görkəmli nümayəndələrindən biri hesab edirəm. O, bu sahədə böyük təcrübəyə malikdir. Musiqi təhsili sisteminin ən mahir bilicilərindəndir.

 

Digər musiqiçilərdən fərqli olaraq Nazim Kazımov üçün hər hansı əsər barədə, onun mahiyyəti, estetik qayəsi haqqında söz demək çox asandır. Nazim müəllim heç vaxt nəzəriyyəni təcrübədən ayırmayıb. Onun ən böyük üstünlüyü tərcübədə müşahidə etdiklərini nəzəriyyəyə çevirə bilməsidir.

 

Nazim müəllim həm də böyük idarəçilik qabiliyyətinə malik bir insandır. Ona görə də təsadüfü deyil ki, o uzun illərdir Musiqi Kollecinə rəhbərlik edir. Bu təhsil müəssisəsinə rəhbərlik etmək böyük bacarıq tələb edir. Nazim müəllim işini elə bir şəkildə qurub ki, hətta 20-25 günlük qastrol səfərində olanda belə rəhbərlik etdiyi təhsil müəssisəsi bir saat mexanizmi kimi dəqiq işləyir.

 

Nazim Kazımovu yubileyi və aldığı yüksək ada görə təbrik edir, gələcək işlərində uğurlar arzulayıram”.  

   

Tanınmış nəslin, ziyalı ailənin nümayəndəsi

 

Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Xalq artisti, professor Fərhad Bədəlbəyli: “Atalar demişkən: “Ot kökü üstə bitər”.  Nazim müəllim tanınmış nəslin, ziyalı ailənin nümayəndəsidir. Onun atası da görkəmli şəxslərdən biri idi. Bu, çox vacib məsələdir.  Hələ Nazim müəllim nazirlikdə işləyərkən işimizlə bağlı mən onunla tez-tez danışırdım. Yüksək rütbəli məmur olmasına baxmayaraq həmişə insanlarla nəzakətlə danışırdı. Mən təsəvvür etmirəm ki, Nazim Kazımov haqqında kimsə incik danışa.

 

Nazim Kazımovun əmək fəaliyyəti, elmi yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, kollecə rəhbər təyin ediləndə indikindən fərqli olaraq bir az çətin vaxtlar idi. Bütün bunlara baxmayaraq Nazim Kazımov orada yaxşı təhsil mühiti yaratdı. Tədrisin keyfiyyəti yüksəldi. Bir məsələni də qeyd edim ki, Nazim müəllim kollecə rəhbərlik etdikdən qısa müddət sonra kollecdən Musiqi Akademiyasına daha hazırlıqlı tələbələr gəlməyə başladı. Bu, onun gərgin əməyinin nəticəsidir.

 

Nazim müəllim çox xeyirxah insandır. Hamının dərdinə şərik olan, dostpərəst adamdır.

 

Nazim Kazımovu yubileyi münasibətilə təbrik edirəm. Ona cansağlığı, gələcək işlərində uğurlar arzulayıram”.  

 

Dar günün dostu

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, “Tərəqqi” medallı Fərhad Əliyev: “Nazim müəllimlə 30 ilə yaxındır ki, dostluq edirik. O, 1992-ci ildə Təhsil Nazirliyinin Aparatında işə başlayanda mən nazirliyin Mühasibat uçotu və hesabat şöbəsində sektor müdiri-baş mühasib vəzifəsində çalışırdım. Həmin vaxt nazirlik Hökumət Evində yerləşirdi. Əvvəllər onunla yalnız nazirliyin tədbirlərində görüşürdük. Sonra elə oldu ki, Nazim müəllimlə mənim xidməti otağım eyni mərtəbəyə köçürüldü. Eyni mərtəbədə olduğumuz üçün  tez-tez üz-üzə gəlirdik. Görüşüb, söhbətləşməli olurduq.  Zaman keçdikcə bu görüşlər, söhbətləşmələr bizi möhkəm dosta çevirdi.

 

Böyük ürəkli insan, əziz və gözəl dost Nazim Kazımovun uğurları məni həmişə sevindirir və mən onunla fəxr edirəm.  Nazim müəllimin parlaq, böyük elmi-pedaqoji fəaliyyətindən, musiqi və mədəniyyət sahəsindəki xidmətlərindən, idarəçilik qabiliyyətindən saatlarca danışmaq olar. Qeyd etməliyəm ki, Musiqi Kollecində tədris-təlim sahəsində əldə edilən uğurların qazanılmasında əziz dostumuzun və onun kollektivinin böyük xidmətləri olmuşdur. Bu xidmətlər dövlətimiz, ölkə başçısı İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilmişdir.

 

Nazim müəllim öz xeyirxahlığı, sadəliyi, dürüstlüyü və mərdliyi ilə dostlar arasında seçilmiş, hamının rəğbətini qazanmışdır. Onun dosta, dostluğa dəyər verdiyini və sadiqliyini xüsusi vurğulamaq istərdim. Nazim müəllim dar günün dostudur. Ən çətin anlarda belə dostlarına qarşı sədaqət göstərmiş, mərdlik nümayiş etdirmişdir. O, dostunun çəkdiyi problemi öz problemi kimi bilən, dost üzüləndə üzülən, sevinəndə isə sevinən insandır.

 

Əziz qardaşımı yubileyi və əldə etdiyi uğurları münasibətilə ürəkdən təbrik edirəm, ona cansağlığı arzulayıram”.

 

Müsbət keyfiyyətləri özündə cəmləşdirən insan

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov: “Həmişə vətənpərvərliyi, humanizmi, insanı şəxsiyyətə çevirən hərəkətləri ilə seçilən Nazim müəllimi Təhsil Nazirliyinin Elm idarəsinə rəhbərliyə başladığım 1997-ci ildən tanıyıram. Həmin vaxt Nazim müəllim həm də Təhsil Nazirliyinin Həmkarlar Təşkilatının sədri vəzifəsində işləyirdi. İlk tanışlığımız qısa zaman kəsiyində möhkəmlənib dostluğa, məsləkdaşlığa çevrildi. Hesab edirəm ki, bu prosesdə atalarımızın dostluğu da katalizator rolunu oynadı.

 

Nazim müəllimin qeyri-adi insanpərvərliyi, zəhmətsevərliyi, istedadı onu ömür payının yetmiş illik zaman kəsiyində insanlığın zirvəsinə yüksəltmişdir.

 

Qeyri-adi zəkaya və yüksək mədəniyyətə malik Nazim müəllim Ulu Tanrının öz bəndəsinə bəxş etdiyi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən İNSANDIR.

 

İyirmi il uğurla rəhbərlik etdiyi Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin 110 illik yubileyinin təntənəli şəkildə dövlət səviyyəsində keçirilməsində Nazim müəllimin xüsusi xidmətləri danılmazdır.

 

Mənalı ömrünün əsas hissəsini musiqiçilər nəslinin yetişməsinə həsr edən, qayğıkeşliyi və xeyirxahlığı ilə fərqlənən, bacarıqlı təhsil təşkilatçısı professor Nazim Kazımov indi də gənclik həvəsi ilə çalışaraq elmi, pedaqoji və təşkilatçılıq fəaliyyətini uğurla davam etdirir. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən II dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi əməkdar incəsənt xadimi Nazim Kazımovu yeni nailiyyətlərə ruhlandıracaqdır.

 

Etibarlı dost, gözəl ailə başçısı, mehriban baba, yüksək səviyyəli ziyalı professor Nazim Kazımovu həm yüksək təltif, həm də 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayıram”.

 

Sinəsində incə və  kövrək bir ürək döyünür

 

Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Ramiz Hümbətov: “Nazim Kazımov ilə uzun illər davam edən dostluq münasibəti ona həm dost, həm şəxsiyyət, həm də təhsil işçisi-mütəfəkkir və ictimai xadim kimi xarakterizə etməyə imkan verir. Nazim müəllimin sinəsində incə və  kövrək bir ürək döyünür. Fikrimizcə, musiqi duyumu, incəsənətə meyl etməsi yəqin ki, onun ailədə aldığı ilkin tərbiyə və daxili aləminin çağırışı ilə bağlı olub. Rus klassiki Anton Çexovun “İnsanda hər şey: həm siması, həm libası, həm qəlbi, həm də fikirləri gözəl olmalıdır” sözləri elə bil Nazim Kazımov haqqında deyilib. Əgər əməllərinin də gözəl və xeyirxah olduğunu əlavə etsək, bütöv portret alınar.

 

Digər tərəfdən təhsil sistemində uzunmüddətli səmərəli və fədakar əməyi ilə o, özünü yüksək peşəkarlığa malik təhsil işçisi, pedaqoq və mahir təşkilatçı kimi təsdiq edib. Dahi Səid Rüstəmovdan aldığı biliklər onun ifaçılıq məharətinin cilalalanmasında mühüm rol oynayıb və sonralar onun müəllifliyi ilə musiqi məktəblərində tədrisdə istifadə olunan dərsliklərin ərsəyə gəlməsinə imkan yaratmışdır.

 

Nazim Kazımov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə II dərəcəli “Əmək” ordeni ilə təltif edilib.Bu mükafat dostumuzu milli musiqimizin inkişafı yolunda yeni yaradıcılıq uğurlarına sövq edəcəkdir!

 

Əziz dostumuzu yubileyi və yüksək dövlət mükafatı münasibətilə səmimi qəlbdən təbrik edir, milli musiqimizin təbliği və inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayırıq! 

 

Niyazi RƏHİMOV