Müəllim qiymətləndirmə zamanı şagirdin həm mənimsəmə səviyyəsini, həm də qabiliyyətlərinin xüsusiyyətlərini sözlərlə açıqlamalı, rəqəmlərlə ifadə etməlidir


Psixoloqlar maraqlı bir pedaqoji məsələyə diqqət yetirirlər. Onların fikrincə, şagird hər hansı bir qiyməti alanda həmin qiymətin dəyərini, çəkisini bilməlidir. Amma təcrübə bunun əksini göstərir, şagird əksər hallarda aldığı qiymətin dəyərini, çəkisini bilmir.

 

Başqa sözlə desək, bilmir ki, öyrəndiklərindən nəyi səhv başa düşüb, nəyi düz, daha nələri öyrənmək lazımdır, nəyə görə yaxşı və ya pis qiymət aldı və s. Nəticədə öz müvəffəqiyyətinin məzmununu izah etməkdə və ən əsası, özünü qiymətləndirməkdə çətinlik çəkir. Halbuki, psixoloqların təbirincə desək, özünüqiymətləndirə biləndə tamamilə başqa mənzərə yaranır, o özünü, öz qüvvəsini, imkanlarını yeniləşdirməli olduğunu başa düşür. Bu şagirdləri şüurlu fəaliyyətə qoşmaq, təhliletmə, ümumiləşdirmə, nəticəçıxarma kimi fikri fəallığa cəlb etmək deməkdir. Belə olduqda, şagirdlər qiymət üçün deyil,  bilik və bacarıqlara yiyələnmək üçün səy göstərirlər.

 

Qiymətləndirməyə şagird reaksiyaları

 

Görəsən, bütün şagirdlər aldıqları qiymətə eyni münasibət bəsləyirlər? Əlbəttə yox, bunu hamımız dəfələrlə müşahidə etmişik, elə yaxşı qiymət alanda da, pis qiymət alanda da. İki şagird təsəvvür edək. Onlardan hər ikisi qeyri-müvəffəq qiymət alıb, biri kədərlidir, ağlamsınır, o birinin isə, heç vecinə deyil, heç nə olmamış kimi gedib yerində oturur. Yaxud şagirdlərdən hər ikisinin təlim fəaliyyəti orta bal ilə qiymətləndirilmişdi. Onlardan biri sevinir, digəri kədərlənir, birinin sifəti gülür, digərinin isə sifəti gülmür. Hər bir şagird aldığı qiymətə özünəməxsus formada reaksiya verir. İstər-istəməz belə bir sual haqqında düşünməli olursan:-Görəsən niyə? Suala birmənalı cavab vermək çətindir, bunun səbəbləri çoxdur. Bunun səbəbləri sırasına psixoloqlar “şagirdin qiymətə münasibətini”, “özünüqiymətləndirməsini”,  “iddia səviyyəsini”, “qiymətləndirmə məqamında şagirdin aldığı qiymətə münasibətini”, “şagirdin əldə etdiyi uğura müəllimin münasibətini” və s. daxil edirlər. Səbəblər çoxdur, amma reallıq odur ki, bəzən bu səbəblər qiymətdən daha çox əhəmiyyət kəsb edir. Görəsən, bu səbəblərı aradan qaldırmaq olar? Onları aradan qaldırmaq üçün nə etmək lazımdır?

 

Qiymətləndirmədə qrup effekti

 

Qiymətləndirmə zamanı bizdə elə təsəvvür yaranır ki, bu proses iki nəfərin - müəllim və şagirdin münasibəti sahəsini əhatə edir. Belə düşüncənin məntiqi aydındır: - müəllim qiymət verir, şagird qiymətləndirilir. Görünən odur ki, qiymətləndirmə prosedurunda iki nəfər iştirak edir. Amma reallıqda belə deyil, onun təsir dairəsi bizim gözlədiyimizdən daha genişdir. Psixoloqlar bu zaman prosesi müşahidə edən sinif şagirdlərinin də az rol oynamadığını vurğulayırlar. Nəzəri və praktik əhəmiyyət daşıyan bir sual medana çıxır. Müəllim və şagirdin bu situasiyada rolu aydındır, bəs, qiymətləndirmə situasiyasında “sinif şagirdlərinin” rolu nədən ibarətdir? Psixoloqlar maraqlı bir məsələyə diqqəti cəlb edirlər: - şagirdlər sadəcə olaraq bu prosesi izləyən müşahidəçi deyillər, onlar (oxu: sinif kollektivinin bütün üzvləri) qiymətləndirmə situasiyasının həm də iştirakçısıdırlar, onlar da qiymətləndirmə situasiyasında iştirak edirlər, amma öz qiymət meyarları ilə, özüdə təkcə şagirdi deyil, həm də müəllimi qiymətləndirirlər. Müəllimlərin çoxu bu məqama diqqət yetirmirlər.

 

Sinif kollektivi şagirdi qiymətləndirəndə

 

Psixoloqlar şagirdlərin yoldaşlarını qiymətləndirməsini çox vaxt emosional qiymət kimi xarakterizə edirlər. Onlar qiymətləndirmə prosesində əksər hallarda öz yoldaşlarının tərəfini saxlayırlar. Şagird aldığı qiymətdən narazı olduğu hallarda bu, özünü daha aydın şəkildə göstərir. Sinifdəki bütün şagirdlər onun bu və ya digər formada, açıq və ya gizli, tərəfini saxlayır, tənəffüs vaxtı ona təskinlik verirlər. Müəllimin qiymətləri daha əsas olsa da, şagird üçün sinif yoldaşlarının qiyməti çox vaxt müəllimin qiymətindən üstün olur. Axı onun öz fəaliyyətinə verdiyi qiymətlə yoldaşlarının verdiyi qiymətlər bir-birinə uyğun olur və o, yoldaşlarının  verdiyi qiymətlərlə təskinlik tapır. Evdə də valideynlərinə aldığı qiymət haqqında danışanda, “bütün sinif yoldaşlarının müəllimin ona aşağı qiymət yazdığını dediklərini” xüsusi olaraq vurğulayır.

 

Beləliklə, müəllimin qiymətləri ilə sinif yoldaşlarının qiymətləri arasında fərqlərin yaranması müəllimin pedaqoji fəaliyyətində çətinliklərin yaranmasını şərtləndirir. Görəsən, elə etmək olar ki, müəllimin qiymətləri ilə sinif şagirdlərinin verdiyi qiymətlər bir-birinə uyğun olsun? 

 

Diqqət: şagirdlər müəllimin fəaliyyətini qiymətləndirir

 

Müəllimin fəaliyyətinin qiymətləndirilməsi bizə qəribə də gələ bilər. Amma psixoloqlar şagirdlərin bu sirrini aça biliblər. Müəllim dərsi izah edəndə də, dərs soruşanda da, sual-cavab edəndə də, şagirdi qiymətləndirəndə də...bir sözlə, fəaliyyətinin bütün sahələrində şagirdlərin nəzarəti altındadır. Bu nəzarətin nəticəsi olaraq, şagirdlər müəllimləri “savadlı” və ya “savadsız”, “qərəzsiz” və ya “qərəzli”, “haqlı” və ya “haqsız”, “ədalətli” və ya “ədalətsiz”, “xeyirxah” və ya “qəddar” və s. kimi xarakterizə edirlər. Şagird qiymətlərində müəllimin fəaliyyətinin məzmun çalarları özünü daha dolğun əks etdirir.  Bəlkə də bu gerçəkliyə görə inkişaf etmiş ölkələrdə xüsusi testlər vasitəsi ilə şagirdlərin müəllimlər haqqında fikirlərinin öyrənilməsinə önəm verilir. Görəsən, necə etmək lazımdır ki, şagirdlər qiymətləndirmə prosesində müəllimi “ədalətli” və “xeyirxah” kimi xarakterizə etsinlər?

 

Şagirdin qiymətlərinə valideyn reaksiyaları

 

Valideynlərin də şagirdin qiymətlərinə reaksiyaları önəmlidir. Psixoloqların fikrincə, ailə söhbətlərində bu qiymətlər  valideyn ölçüləri ilə müzakirə olunur. Onlar çox vaxt sadəcə olaraq öz gözünə inanan - uşağın, necə deyərlər, səhərdən axşamacan evdə dərs oxuduğunu görən, lakin onun “nə və necə oxuması ilə” maralanmayan valideynlər, təəssüf ki, çox vaxt bu məqamda hissiyyata qapılır, analıq və atalıq hissinin fəhmində  müəllimi deyil, şagirdi müdafiə edirlər.     

 

Valideyn şagirdi müdafiə etməlidir? Əlbəttə, etməlidir, amma qiymətin aşağı olmasını uşağın təlim fəaliyyətinin yetərli olmamasında axtarmalıdır, uşağını  müdafiə etməsi şagirdin təlim fəaliyyətində mövcud olan çətinlikləri üzə çıxarmaq və ona kömək etməkdən ibarət olmalıdır. Əlbəttə, belə valideynlər də az deyil, lakin təcrübə göstərir ki, şagirdin qiymətinin aşağı olmasında müəllimi günahlandıran valideynlər də az deyil, hətta belə hallarda neqativ yollara əl atan valideynlər də var. Bunlar kimə məlum deyil? Beləliklə, şagirdin akademik qiymətləri axarında valideyn-övlad münasibətlərində tədricən əmələ gələn emosional çalarlar ailə-məktəb, valideyn-müəllim münasibətlərinə də öz təsirini göstərməyə başlayır. Psixoloqların bu dəqiq diaqnozuna görə, valideynlərin müəllimə mənfi münasibəti bu axarda yaranır və elə bu münasibətlər çərçivəsində də müəllimi qiymətləndirirlər. Bu qiymətlər əksər hallarda subyektiv xarakter daşıyır, elə bu subyektivlik axarında onlar müəllimdən inciyir, bəziləri konfliktə girir, bəziləri isə... Valideynlər bir yerə toplaşanda isə müəllimə verilən bu subyektiv qiymətlər müzakirəyə çıxarılır, tədricən valideyn həqiqətlərinə çevrilir. Görəsən, valideyn reaksiyalarının neqativ xarakter daşımasının qarşısını almaq olar?    

 

İlkin qənaət və qiymətləndirmədə müəllim səhvləri

 

Müəllimin verdiyi qiymətlər şagirdin, sinif yoldaşlarının və valideynin qiymətləri ilə uyğun olmadıqda özünəməxsus tərzdə yozulur və neqativ halların yaranmasına səbəb olur. Görəsən, müəllimin verdiyi qiymətlər niyə heç də həmişə şagird, sinif yoldaşları və valideynlər tərəfindən birmənalı qarşılanmır. Müəllim harada səhv edir? Görəsən, müəllimin verdiyi qiymətlər şagird, sinif yoldaşları və valideynlər tərəfindən birmənalı qarşılana bilərmi?

 

Müxtəlif tədqiqatlarda müəllimlərin qiymətləndirmə prosesində yol verdikləri səhvlər açıqlanır. Biz psixoloqların vurğuladığı üç səhvə diqqəti cəlb etmək istərdik.

 

I səhv:

Qiymətləndirmədə rəğbətləndirmə və cəzalandırma effektləri

 

Təcrübə göstərir ki, müəllimlərin bəziləri şagirdə yaxşı qiymət verərdə onu  tərifləyir, pis qiymət verəndə danlayır. Amma qiymətləndirmə zamanı əsas diqqət şagirdin təlim fəaliyyətinə yönəldilməlidir, onun verilən tapşırıqları necə, hansı səviyyədə öyrəndiyi, nəyi düz başa düşmədiyi və s. açıqlanmalıdır. Şagird bu qiyməti nə üçün aldığının səbəblərini bilməlidir. Belə qiymətləndirmə şagirdin özünüqiymətləndirməsini, onun yoldaşlarının (sinif şagirdlərinin) və valideynlərinin (valideyn nə üçün bu qiyməti aldığını soruşanda şagird ona bunun səbəblərini açıqlaya bilir) qiymətləndirməsi ilə uyğunlaşmasına şərait yaradır.

 

Şagirdi tərifləməklə və ya danlamaqla oxumağa stimullaşdırmaq istəyən müəllim öz məqsədinə həmişə nail ola bilmir. Bu, təbiidir, şagirdi tərifləyəndə o öz səviyyəsindən razı qalır, yeni nəyisə öyrənməyə səy etmir, danlayanda isə ruhdan düşür, bu da onun yeni nəyisə öyrənməsinə əngəl yaradır, səylərini azaldır. Şagird nəyi bilmədiyini biləndə isə onu öyrənməyə çalışır. 

 

II səhv:

Şagird müqayisə obyekti olanda

 

Bir çox hallarda  müəllimlər şagirdin təlim fəaliyyətini təhlil edəndə onun uğurlarını və ya uğursuzluqlarını başqa şagirdin fəaliyyətinin nəticələri ilə müqayisə edirlər. Psixoloqlar bunun səmərəsiz olduğunu vurğulayır və  göstərirlər ki, şagirdin uğurlarını hər hansı bir başqa şagirdin uğurları ilə deyil, onun özünün əvvəlki nəticələri ilə müqayisə etmək daha məqsədəuyğundur. Bu, onun özünün inkişaf dinamikasını görməyə və nəticə çıxarmasına şərait yaradır. Başqa sözlə desək, şagirdi tərifləmək və ya başqa şagirdlə müqayisə etmək əvəzinə onun keçən dərsdəki fəaliyyəti ilə müqayisə edərək, üstün cəhətlərini və ya çatışmazlıqlarını izah etmək xüsusi əhəmiyyət daşıyır. Burada artıq nə tərifləməyə, nə danlamağa, nə də başqa şagirdlə müqayisə etməyə yer qalmır. Şagirdin aldığı qiymətin səbəbləri həm onun özünə, həm də sinif yoldaşlarına məlum olur, onlar bununla razılaşırlar. 

 

III səhv:

Qiymətin “tərcümeyi-halı”

 

Şagird dərsdə qiymət alır. Görəsən, o bu qiyməti hansı fəaliyyətinə görə alır? Şagirdin dərsdə aldığı qiymətlər, görəsən, onun mövzunu yaddasaxlamasına görə verilib, yoxsa qabiliyyətlərinin səviyyəsini əks etdirir? Qiymətləndirmə zamanı müəllim nəyi nəzərə alır? Pedaqogika və fənlərin tədrisi metodikaları qiymətin vahid meyarlarını işləyib hazırlayıb. Görəsən, müəllimlərin hamısı öz fəaliyyətlərində bu meyarlara eyni dərəcədə riayət edirlər? Suallar çoxdur, əslində bu suallar bir-biri ilə bağlı və ya bir-birini tamamlayan suallardır, onların cavabları da çoxumuza məlumdur. Elə məlum olduğu üçün də onlara birbaşa cavab verməməyi üstün tuturuq. Dolayı izah etmək üçünsə, diqqəti psixoloqların qeyd etdiyi, ilk baxışda qeyri-adi görünən bir fakta cəlb etmək istərdik. Eyni sinifdə oxuyan və müəllimin eyni sözlərlə təriflədiyi iki şagird eyni dərsdə yüksək qiymət alır. Eyni ölçülərlə iki şagirdin aldığı bu yüksək qiymətlərin, psixoloqların təbirincə desək, hər birinin özünəməxsus “tərcümeyi-halı” var. Bu qiymətlərin “tərcümeyi-halı” ilə maraqlananda birini dərsi əzbərləməsi, digərinin isə dərsi şüurlu dərk etməsi, problemi analiz və sintez etməsi ilə rastlaşırıq. Görəsən, sinif kollektivi bir yerdə olanda, hər hansı bir problemi həll edəndə bu şagirdlərdən hansı daha ağıllı görünür? Amma onlar şagirdlərin gözü qarşısında eyni qiymət almışdılar, indi şagirdlər bu iki qiymətlə necə razılaşsınlar? Qiymətin “tərcümeyi-halı”nın məzmunu özünü bu zaman daha qabarıq şəkildə göstərir.

 

İkinci qənaət və yeni sual

 

Biz psixoloqların tədqiqatlarına əsaslanaraq, müəllimlərin qiymətləndirmə prosesində yol verdikləri üç səhvə diqqəti cəlb etdik. Qabaqcıl müəllimlər bu səhvlərdən uzaq olmağı üstün tuturlar. Əslində bu kiçicik səhvlər müəllimin bütün pedaqoji fəaliyyətinə neqativ təsir göstərir. Görəsən, bu səhvlərdən necə sığortalanmaq olar?  

 

“Rəqəmli” və “sözlü” qiymətləndirmə

 

Qiymət verməyin tarixi qədim dövrlərə gedib çıxır. İlk qiymət tərbiyə vasitəsi kimi əmələ gəlib. Cəmiyyət tərəfindən qəbul edilən normalara riayət edəndə uşağı tərifləmişlər, pozanda danlamışlar. Belə qiymətləndirmə tədricən təlim prosesinə də sirayət etmişdi. Dərsi pis öyrənəndə, verilən tapşırıqları yerinə yetirməyəndə onu danlamışlar, yaxşı öyrənəndə, tapşırıqları düzgün yerinə yetirəndə onu tərifləmişlər.

 

Danlama və ya tərifləmə uşağın həyat-fəaliyyətinin, o cümlədən təlim fəaliyyətinin qymətləndirmə vasitəsi kimi zamanın süzgəcindən keçə-keçə öz məzmununu dəyişmiş, tədricən şagirdin güclü və ya zəif tərəflərini sözlə ifadə etmək vasitəsinə çevrilmişdir. Bunun nəticəsində, psixoloqların qeyd etdiyi kimi,  məktəb təcrübəsində sözlü qiymət bərqərar olub. Sözlü qiymətlər uşağın fəaliyyətini məzmun baxımından dəyərləndirir. Şagirdə verilən qiymətlərin çəkisini dəqiqləşdirmək üçün məktəbin inkişafının müəyyən mərhələsində rəqəmli qiymətdən istifadə etməyə başlamışlar.

 

Sözlü qiymətləndirmədə şagirdin bilik və bacarıqlarının güclü və zəif tərəfləri göstərildiyi, nəyə görə yaxşı və ya pis qiymət aldığı ona izah edildiyi üçün  keyfiyyət ölçüləri ilə, şagirdin təlim fəaliyyətinin nəticələri müəyyən bal vasitəsi ilə ifadə edildiyi  üçün rəqəmli qiymətləndirmə kəmiyyət ölçüləri ilə xarakterizə edilir. Qabaqcıl müəllimlər qiymətləndirmə zamanı onların hər ikisindən istifadə edirlər. Belə olduqda müəllim şagirdə təlim fəaliyyətindəki nöqsanları izah edir (sözlü qiymətləndirmə) və şagird aldığı rəqəmli qiymətin onun təlim fəaliyyətinə adekvat olduğunu başa düşür (bu vacib məqamdır, şagird qiymətin onun təlim fəaliyyətinə adekvat olduğunu qəbul edəndə, sinif yoldaşları və valideynlər də bu qiyməti adekvat qiymətləndirirlər) və catışmazlıqlarını aradan qaldırmaq üçün fəaliyyətini genişləndirir. Əlbəttə, hər bir kəs əgər bilsə ki, nəyi bilmir, onu öyrənməyə çalışar. Sözlü və rəqəmli qiymətlər birlikdə verildikdə şagirddə belə stimul yaranır. Yalnız rəqəmli qiymətlər verildikdə isə....şagirddə müəllimin verdiyi qiymətlərə şübhə yaranır, müəllimin onun qiymətini aşağı yazdığına inanmağa başlayır və bu davamlı olduqda....təcrübə göstərir ki, onun həmin fənn (fənlər) üzrə təlim fəaliyyəti zəifləyir, o tədricən layiq olmadığı halda, geridə qalan şagirdə çevrilir. Bu yolda sinif yoldaşlarının və valideynlərinin də qiymətləri “özünəməxsus rol” oynayır. Məktəb təcrübəsində köklü nöqsanlar bu sadə həqiqətlərin zəminində özünü göstərir.  

 

Formativ və summativ qiymətləndirmə

 

Hazırda məktəblərdə formativ və summativ qiymətləndirmədən istifadə olunur. Formativ qiymətləndirmə mahiyyəti etibarı ilə sözlü qiymətləndirməni, formativ qiymətləndirmə isə rəqəmli qiymətləndirməni özündə ehtiva edir. Bu məsələni izah edək.

 

Formativ qiymətləndirmənin üç funksiyası ayırd edilir:-izləyici, stimullaşdırıcı və formalaşdırıcı. Müəyyən edilmişdir ki, bu funksiyalar monitorinq, nəticələrin təhlili (həm müəllim, həm də şagird tərəfindən), əks-əlaqənin verilməsi və dəstəklənmə (stimullaşdırma), inkişaf üçün istiqamətin verilməsi və əməkdaşlıq, tədrisin təkmilləşdirilməsi kimi ardıcıl fəaliyyətləri özündə birləşdirir. Bu fəaliyyətlər nəticəsində psixoloqların fikrincə, müəllim şagirdin güclü və zəif tərəflərini müəyyən edir və açıqlayır, şagirdə təlim fəaliyyətinin güclü və zəif tərəfləri məlum olur, onun özünüqiymətləndirməsi müəllimin qiyməti ilə adekvatlaşır və müəllim əks-əlaqə vasitəsi ilə şagirdi inkişafa istiqamətləndirir. Bu zaman həm şagird, həm də valideynlə əməkdaşlıq edən müəllim öz fəaliyyətini təkmilləşdirir. Təsadüfi deyildir ki, formativ qiymətləndirmədə şagirdin inkişaf dinamikası qısa sözlərdə öz təcəssümünü tapır. 

Summativ qiymətləndirmə isə üç istiqamətdə aparılır: kiçik summativ (bəhs və ya bölmənin sonunda), böyük summativ (yarım ilin sonunda) və yekun summativ (ilin sonunda). Summativ qiymətləndirmə müxtəlif formalarda (yazılı, şıfahi, test və s.) həyata keçirilir və rəqəmli qiymətlərdə öz təcəssümünü tapır. 

 

Nəticə

 

Müasir təhsil konsepsiyalarında bilik və bacarıqların qiymətləndirilməsinin psixopedaqoji sirləri var: müəllim qiymətləndirmə zamanı şagirdin həm mənimsəmə səviyyəsini, həm də qabiliyyətlərinin xüsusiyyətlərini sözlərlə açıqlamalı, rəqəmlərlə ifadə etməlidir. Onlar bir-birinə adekvat olmalıdır. Formativ və summativ qiymətləndirmənin düzgün verilməsi bu istiqamətdə geniş imkanlar açır və qarşıya çıxan suallar asanlıqla öz həllini tapır.

 

Hikmət Əlizadə,

BDU-nun professoru