Yeni dünyanın təhsildən gözləntilərini əsas götürməliyik


Təhsildə keyfiyyətə nəzarət etmək, mövcud vəziyyəti öyrənmək və təhsilalanların müasir çağırışlara nə qədər hazırlıqlı olduqlarını dəyərləndirmək, təhsilin keyfiyyətini beynəlxalq standartlarda qiymətləndirmək məqsədi ilə dünyada müxtəlif beynəlxalq qiymətləndirmə proqramları mövcuddur. Ümumi təhsil sahəsində  PISA, PIRLS və TIMSS əsas beynəlxalq qiymətləndirmə proqramlarından sayılır. Ölkəmiz hər üç proqramın iştirakçısıdır. Bu yazıda PISA haqqında məlumat verməyə və PISA direktoru Andreas Schleicherin təhsillə bağlı çağırışlarını çatdırmağa çalışacağam. Bu yerdə böyük qürur hissi ilə qeyd etmək istərdim ki,  cənab Andreas bu yaxında təşkil etdiyimiz və təşkilat komitəsinin sədri olduğum  və 10 mindən çox iştirakçının qatıldığı “Təhsildə Yeni Çağırışlar Beynəlxalq Forum”da ilk dəfə olaraq azərbaycanlı auditoriya qarşısında çıxış edirdi və buna görə onun irəli sürdüyü məqamlara xüsusi olaraq toxunmağa çalışacağam.

 

Öncə PISA-nın nə olduğuna baxaq. PISA-(Programme for International Student Assessment) beynəlxalq şagird qiymətləndirilməsi proqramıdır. Bu proqram 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını ölçür və onların qlobal səriştəsinə baxır. 

 

Tədqiqat “Yaşamaq üçün öyrənmək” devizinə əsaslanır və tədqiqatda bu suallara cavab axtarılır:  Şagirdlər əldə etdikləri bilikləri necə istifadə edə bilirlər? Məktəblər  onları yetkin həyata kifayət qədər hazırlayırmı? Məktəb şagirdlərin gələcəyini inkişaf etdirə bilirmi? Şagirdlər öyrəndikləri biliklərlə problemləri hansı formada həll edirlər? Sintez, təhlil və mühakimə yürütmə, dəyərləndirmə bacarıqları necədir? Bir sözlə, əsas məqsəd şagirdlərin məktəbdə öyrəndikləri bilik və bacarıqları günlük həyatda istifadə etmə qabiliyyətlərini ölçməkdir. Əslində, PISA sadəcə bununla kifayətlənmir. Şagirdlərin motivasiyalarını, onların özləri haqqında fikirlərini, öyrənmə tərzlərini, məktəb və ailələri haqqında məlumatları da toplayır. Şagirdlərin öyrənmək istəkləri, dərslərdəki performansları və öyrənmə mühitinə aid məlumatları təqdim edir.  Beləcə, şagirdlərin nəticələrini müqayisə və test etməklə təhsildə standartlaşmanı və inkişafı artırmağa çalışır.

 

PISA proqramı 2000-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur. Bu günə kimi 7 dəfə PISA dəyərləndirilməsi keçirilib. Yeri gəlmişkən, COVID 19 sonrası çətinlikləri əks etdirmək üçün PISA komandası 2021-də keçirilməsi planlaşdırılan PISA 2021-i 2022-də, PISA 2024-ü isə 2025-ci ildə keçirmək qərarı verib.

 

PISA-nın hər tədqiqatında oxu, riyaziyyat və təbiət elmlərindən biri əsas mövzu kimi  götürülür. Məsələn, 2009-cu ildə oxu üzrə bacarıqları, 2015-ci ildə isə təbiət elmləri əsas mövzu kimi götürülüb. PISA 2018-də oxu savadlılığı ilə yanaşı maliyyə savadlılığı da nəzərə alınıb. PISA 2022 yaradıcı düşüncə testi ilə riyaziyyata fokuslaşacaq.  PISA 2025 isə təbiət elmlərinə fokuslaşacaq və  “Rəqəmsal dünyada öyrənmə” istiqamətini də əhatə edəcək.

 

PISA tədqiqatında 2000-ci ildən 90-dan artıq ölkə ümumilikdə 3 000 000 şagird  iştirak edib. Tədqiqata qatılan məktəblilər kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşdirilir. Tədqiqatın nəticələri mütləq deyil, 5 faiz xəta payı olan məlumat xarakterlidir.

 

PISA tədqiqatlarında istifadə edilən "savadlılıq" anlayışı, şagirdlərin bilik və potensialını inkişaf etdirmək və cəmiyyətə daha effektiv bir şəkildə qatılmaq və töhfə vermək üçün yazılı mənbələri tapmaq, istifadə etmək, qəbul etmək və qiymətləndirmək kimi müəyyən edilir.

 

PISA bacarıqları üç kateqoriyada qiymətləndirir:  təməl, orta və yüksək. Təməl səviyyə sadə əlaqələr qurmaq, məhdud sayda şərhlər vermək bacarığı olaraq dəyərləndirilir. Orta səviyyədə isə məsələyə şərh vermək getdikcə çətinləşir. Çünki şagirdlər açıq və bir qədər aydın verilməyən məlumatları taparaq əlaqələndirməli,  sətiraltı mənanı başa düşməlidirlər. Bu baxımdan, orta səviyyə daha dərin əlaqə qurmaq, daha əhatəli şərh vermək bacarığını irəli sürür.  Şagirdin mürəkkəb vəziyyətlər üçün açıq modellərlə effektiv şəkildə işlədiyini göstərir. Şagird daha çevikdir. O, öz şərhlərinə əsaslanan müzakirələr qura və bu müzakirələri əlaqələndirə bilər. Yüksək səviyyədə yer alan şagirdlər isə daha mürəkkəb, ziddiyyətli məqamlar üçün modellər hazırlaya və bu modellərlə işləyə bilər. Bu modellərlə əlaqəli kompleks problemlərin həlli üçün uyğun problem həlletmə strategiyalarını seçə, müqayisə edə və qiymətləndirə, ən xırda təfərrüatına qədər şərh edə bilər.

 

Riyaziyyat üçün tələb olunan bacarıqlar və şagirdin vəzifələri belədir:

 

  • - Yenidənqurma/sadə riyazi əməliyyatlar
  • - Əlaqələndirmək/bir problemi həll etmək üçün fərqli düşüncə və metodları bir araya gətirmək
  • - Riyazi nəticələr əldə etmək.

 

Təbiət elmləri üçün tələb olunan bacarıqlar isə belə sıralana bilər:

 

  • - Faktları elmi cəhətdən izah etmək
  • - Elmi araşdırma metodu dizayn etmək və qiymətləndirmək
  • - Məlumatları elmi olaraq şərh etmək.

 

Oxu bacarıqları ilə bağlı vəzifələr belədir:

 

  • - Məlumat əldə etmək və xatırlamaq
  • - Məlumat toplamaq və şərh etmək
  • - Öz düşüncələrini əks etdirmək və mətni dəyərləndirmək.

 

PISA sualları üç fərqli formada soruşur. Sualların təxminən yarısı 4-5 variantlı seçimdir, şagirdlər 4 və ya 5 variantdan birini seçirlər. Yaxud onlar razılıqlarını bəli və xeyr cavabları ilə bildirərək mümkün cavabdan birini seçirlər. Qalan suallar isə açıq tipli suallardır. Açıq suallar dörd müstəqil ekspert tərəfindən qiymətləndirilir.

 

Azərbaycan olaraq biz PISA-da 3 dəfə iştirak etmişik. Nəticələrimiz hədəfimizin altında olsa da bu istiqamətdə islahatlar davam edir. Məlumdur ki, təhsil sistemimiz açıq tipli suallara, fənlərarası inteqrasiyaya yeni keçid edir və şagirdlər üçün belə suallar yenidir. Şübhəsiz ki, islahatlar yaxın gələcəkdə nəticəyə təsir edəcək. Həm də bu sahədə Azərbaycanda xüsusi işçi qrup mövcuddur və onlar təhlillər aparır, müəllimləri maarifləndirir.

 

Yuxarıda qeyd etdiyim kimi, bu yaxında Andreas Schleicher ilk dəfə olaraq Azərbaycan auditoriyası qarşısında çıxış edərək təhsillə bağlı bir sıra çağırışını dilə gətirmişdi. Nə idi bu çağırışlar?

 

- Uğurlu təhsilin sirri hər uşağın öyrənmə potensialına güvənməkdir. Ən yaxşı təhsil sistemləri bütün şagirdlərini ən yaxşıya götürür.

- Şagird keçmişdəki ənənələrlə deyil, gələcək zaman üçün hazırlanmalıdır. Unutmayın ki, dəyişən bir dünyada yeni bacarıq növlərinə ehtiyac var.

- Müasir təhsilin məqsədi bilik verməkdən daha çox, yaradıcı yanaşmanı, tənqidi düşüncəni inkişaf etdirməyin yollarını öyrətməkdir. Gələcəyin məktəbləri şagirdlərin mühakiməsini, tənqidi və yaradıcı düşüncəsini, şəxsi və ictimai fəaliyyətlərini daha səmərəli etmələrinə kömək etməlidir.

- Təhsildə ümumi uğur müəllimin uğurundan çox ola bilməz. Müəllimlər nə qədər yaxşıdırsa, təhsil sistemi bir o qədər yaxşıdır. Ən önəmlisi ən istedadlı insanları müəllim olmağa sövq etməkdir. Ən istedadlı müəllimləri ən çətin, ucqar rayonlara göndərmək lazımdır. Çin bunu çox yaxşı bacarır.

- Müəllimlərə həmkarlarını müşahidə etmək üçün daha geniş imkanlar yaradılmalı, tədrisdə komanda ruhunun formalaşdırılmasına, şagirdlərin komanda ilə işləmə bacarıqlarına xüsusi önəm verilməlidir.

- Yaxşı müəllimlər tədqiqatçıdırlar, onlar yalnız dərslikdə yazılanları öyrətmirlər. Məsələn, Şanxaydakı müəllimlər daha az dərs keçirlər. Çünki onlar vaxtlarının çox hissəsində yeni təlim texnologiyalarını inkişaf etdirirlər.

- Gələcəkdə müəllimlər fənlərarası inteqrasiyadan daha çox istifadə etməyə yönələcək.

- Qeyri-müəyyənlik dövründə şagirdlər öz yollarını tapa bilməlidir. Bunun üçün verilən təhsil onların həyatında kompas rolunu oynamalıdır.

- Şagirdləri hər gün yeni formul əzbərlətməyə sövq etsəniz, onlar dərsdən soyuyacaqlar. Onlara o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyatı götürək. Onlara formul əzbərlətmək yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları əzbərləməkdən daha vacibdir.

- Şagirdlərdə hansı dəyərləri formalaşdıracağınıza dair açıq vizyonunuz olmalıdır. Çünki təhsilin gələcəyi sosial dəyərlərdir. Açıq olmaq, fərqli mədəniyyətlərə hörmət, cəsarət, maraq əsasdır.

- Savadlılıq artıq məlumat tapmaq yox, bilik yaratmaqdır. Bir təcrübənin nəticələrini öyrətmək əvəzinə, şagirdlərlə bir sınaq-təcrübə hazırlamaq daha effektivdir. 

- Oxu savadlılığının əhəmiyyəti getdikcə daha da artır.  Bu gün Google-dan bir sual soruşduqda yüzlərlə cavabla qarşılaşırsınız. Kimsə sizə hansının doğru olduğunu söyləmir. Deməli, oxu savadlılığı, tənqidi düşüncə bacarığını inkişaf etdirmək xüsusi əhəmiyyət daşıyır.

- Bütün şagirdlərin öz potensiallarını kəşf edəcək bir sistem inşa etməlisiniz.

- Təhsildə əsas diqqət həmişə inkişafa yönəldilməlidir. Şagirdlər necə daha yaxşı öyrənir, müəllimlər necə daha yaxşı öyrədirlər, məktəblər necə daha yaxşılaşır?

- Biliyi yaradıcı formada istifadə etmək bacarığı formalaşdırılmalıdır.  Əzbərçilikdə yox, yaradıcılıqda yaxşı olmağa cəhd edilməlidir.

- Google onsuz da hər şeyi bilir. Smartfonunuz məktəbdə öyrəndiklərinizin çoxunu edir. Deməli, təhsildə məqsəd bir smartfon kimi ağıllı olmaq yox, insan təbiətinin fərqli qabiliyyətlərindən istifadə etmək və bunu daha da inkişaf etdirmək olmalıdır.

- Təhsildə zəif nəticənin əsas səbəblərindən biri bu suallara cavabdan qaçmaqdır: Elmi araşdırma nədir, bir alim hansı suallara cavab verə bilər, mən hansı fərziyyəni inkişaf etdirə bilərəm? Onu necə yoxlaya bilərəm? Həm də düşünməlisiniz: internetdən tapa biləcəyiniz məlumata sahib olmağın mənası nədir?

- Müasir dünyada artıq nə bildiyinizin heç bir əhəmiyyəti yoxdur. Nə edə biləcəyiniz vacibdir. Buna görə təhsildə əsas hədəf qəliblərdən kənara çıxmaq və bilikləri  tətbiq etməyi öyrənmək olmalıdır. Şagirdlər əldə etdikləri məlumatları gündəlik həyatla əlaqələndirə bilməlidirlər. Unutmayın ki, gündəlik həyatda heç kim "həndəsə" və ya "cəbr" kimi bir problemlə qarşılaşmır.

- Dünya insanların bilikləri necə tətbiq etdiklərini, yeniliyə açıq olduqlarını mükafatlandırır.

- Ömür boyu öyrənməyi, yaxud yenidən öyrənməyi asanlaşdıran bir mühit qurmalıyıq.

- Tədrisin səmərəliliyi və keyfiyyəti onun müddətindən daha önəmlidir.

- 2030-cu ildə insanların nəyə ehtiyacı var? Bunu necə ölçə bilərik? Buna hazırıqmı? Məncə, yox. Deməli, mövcud məktəblərin təklif etdiklərini yox, yeni dünyanın təhsildən gözləntilərini əsas götürməliyik. Bizim PISA olaraq məqsədimiz budur.

 

Bir sözlə, PISA-nın qayəsi və təbliğ etdiyi ideya bilik və bacarığı gündəlik həyatda istifadə edə bilmək, bu məlumatları gerçəkliklə əlaqələndirmək, tənqidi, yaradıcı, analitik düşünmə, təhliletmə bacarıqlarını daha da inkişaf etdirməkdir.  İnkişaf etmiş ölkələrlə birlikdə belə beynəlxalq qiymətləndirmədə iştirak etmək daha geniş mənzərəni görmək, müqayisəli təhlil aparmaq, konkret problemlər üzərində işləməyə başlamaq imkanı verir.

 

Cəfər Mənsimi,

“T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru