Elm sahəsində yetirməmlə fəxr edirəm


Yubileylərlə bağlı  yazı yazmaq dəbdədir. Bəzən 50, 60, 70 yaşı tamam olacaq bir adam siyahı tutaraq yoldaşlara özü haqqında kitab çap etdirəcəyini söyləyərək dost-tanışdan xahiş edir ki, onlar da öz ürək sözlərini yazsınlar. Hətta iş o yerə çatır ki, yaxşı tanımadığın, yaxud gözündə heç də ideal olmayan bir insan barəsində də məcburən nə isə yazmalı olursan! Fəqət ha yazdın a! Deyilən söz ürəkdən gəlməlidir. Söz sədəqə deyil ki, çıxarıb verəsən. O, insan deyilən sözə layiq olmalıdır.

 

Həzrəti Məhəmməd peyğəmbərin belə bir hədisi var:  “Ən yaxşı sədəqə ürəkdən deyilən sözdür”.

 

Eşidəndə ki, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun anadan olmasının 60 illiyi tamam olur, yadıma peyğəmbərimizin həmin qiymətli kəlamı düşdü.  İntiqam müəllim haqqında ürəkdən söz deməyə dəyər!

 

İ.Cəbrayılovla tanışlığım ötən əsrin səksən doqquzuncu ilinə təsadüf edir. O zamanlar bizim institut Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu adlanırdı. Aspiranturaya qəbul imtahanları başa çatmışdı. Hündür boylu bir gənc mənə yaxınlaşaraq özünü təqdim etdi. Neftçalalı olduğunu, Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix-hüquq-ictimaiyyat ixtisası üzrə ali təhsil aldığını, Neftçala rayonunun Xolqaraqaşlı kənd orta məktəbində tarix müəllimi işlədiyini və aspiranturanın əyani şöbəsinə qəbul olduğunu bildirdikdən sonra utana-utana məndən xəbər aldı: “Akif müəllim, mənim elmi rəhbərim olarsınızmı?”

 

Onun gözlərinə baxdım, duruşuna, danışığına diqqət yetirdim və razı qaldım.  Məlum oldu ki, İntiqam müəllim universiteti də  fərqlənmə diplomu ilə bitirib. Aspiranturaya qəbul imtahanlarında da yaxşı qiymətlər alıb, bir şəxsiyyət kimi də müsbət fikir yaradır. Odur ki, tərəddüd etmədən əlini sıxıb:

 

-Niyə olmuram ki?! - dedim. -Elmi rəhbər olaram.

 

Onda İntiqam müəllimin 29 yaşı vardı. Çox sevindi. Razılığını bildirdi. Onun dissertasiya mövzusunu “Tarixi abidələr  şagirdlərdə milli mənlik şüuru formalaşdırmağın vasitəsi kimi”  müəyyənləşdirdik və o, elmi fəaliyyətə başladı. 1994-cü ildə dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, pedaqoji elmlər namizədi (hazırda pedaqogika üzrə fəlsəfə doktoru)  alimlik dərəcəsi aldı.

 

Zənnimdə yanılmamışdım. İntiqam Cəbrayılov yaxşı tarix müəllimi və eyni zamanda səriştəli tədqiqatçı idi. İnstitutda çalışa-çalışa ali təhsil müəssisələrində ümumi tarixdən, Azərbaycan tarixindən mühazirələr oxuyur, seminar məşğələləri keçirirdi. O zamanlar mən institutda şöbə müdiri işləməklə yanaşı Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor idim. Mənim zəmanətimlə rektor, professor Ağarəhim Rəhimov İntiqam Cəbrayılovu müəllim kimi işə götürdü. Hazırda o, Təhsil İnstitutunda çalışmaqla yanaşı həmin universitetdə tarix kafedrasının müdiridir.

 

2001-2008-ci illərdə İntiqam müəllim mənim müdir olduğum Ali və orta ixtisas təhsilinin nəzəri problemləri şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmağa başladı. Eyni zamanda elmlər doktoru proqramı üzrə şöbənin doktorantı oldu. 2007-ci ildə  “Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri” mövzusunda (təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (tarixin tədrisi metodikası) ixtisası üzrə) dissertasiya işini müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi aldı.

 

Həmin vaxt mən institutun elmi katibi və həm də institutda fəaliyyət göstərən dissertasiya şurasının  da elmi katibi idim.

 

İllərə nə var ki?! Quş qanadlıdır.  Sezilmədən ötüb keçir, xoş xatirələr qoyub gedir. İllər bax beləcə günləri, həftələri, ayları qovub apardı. Gənclik illərimizi də əlimizdən aldı. Bu il mən 70, İntiqam müəllim də 60 yaşına çatdı.

 

Mən təxminən 40 nəfərə qədər elmlər doktoru və fəlsəfə doktoru yetişdirmişəm. Mənim elmi məsləhətçiliyim və elmi rəhbərliyimlə onlar müdafiə edib ad-san qazanıblar. Bu qırx nəfərin içərisində pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov öz dəsti-xətti, çalışqanlığı, elmi-pedaqoji fəaliyyəti ilə seçilir. Özü də bir neçə fəlsəfə doktoru və bir nəfər elmlər doktoru yetişdirmişdir.

 

İntiqam Cəbrayılov Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsil nəzəriyyəsi və tarixi şöbəsinin müdiridir. Şöbənin əməkdaşlarının elmi-tədqiqat yaradıcılığı yalnız institut üçün deyil,  eyni zamanda, bütün təhsil sahəsindən ötrü dəyərlidir. 

 

İntiqam Cəbyarılovun araşdırmaları aktuallığı ilə seçilir. Diqqət yetirək: milli mənlik şüurunun formalaşdırılması, tarixin tədrisində islam dəyərlərindən istifadə, Azərbaycanın yeni və ən yeni dövr tarixinin tədqiqi və tədrisi məsələləri, ali məktəblərdə Azərbaycan tarixi təliminin müasir problemləri, tarixin tədrisində diyarşünaslıq materiallarından istifadə, Azərbaycan tarixi fənni üzrə təhsil standartlarının hazırlanması, tarix ixtisası üzrə  müəllim kadrların hazırlığı məsələləri, Azərbaycan tarixinin tədrisində izah və mühakimə metodlarının rolu,   Azərbaycan tarixinin   tədrisi keyfiyyətini yüksəltməyin şərtləri, Heydər  Əliyev irsində Azərbaycan tarixinin tədqiqi və tədrisi məsələləri, tarix dərsliyinin müasir məzmun problemləri, Azərbaycanın dövlətçilik  tarixinin tədrisi problemləri, seminar dərslərinin təşkili, tarixi təfəkkürün metodoloji xüsusiyyətləri, tarix fənninin təlim strategiyaları, Azərbaycan tarixşünaslığı və vətən tarixinin tədrisi məsələləri, şəxsiyyətyönlü təhsil və şəxsiyyətin formalaşdırılması,   əlavə təhsilin təşkilinin müasir problemləri,   təhsilimizin inkişafında Heydər Əliyev mərhələsi və s.

 

İntiqam Cəbrayılov öz fəaliyyətini elmi-tədqiqatlar aparmaqla, doktorant və dissertantlara elmi rəhbərlik etməklə, rəsmi opponent olmaqla və eyni zamanda ali məktəblərdə tarix fənnindən  mühazirə oxumaqla məhdudlaşdırmır. Fəal ictimai iş aparır, müxtəlif elmi qurumların, təşkilatların işində yaxından iştirak edir.

 

O, respublikada pedaqoji və psixoloji tədqiqatları əlaqələndirən Pedaqogika  və Psixologiya Problemləri üzrə Elmi Şuranın sədri vəzifəsini daşımış (2014-2019-cu illərdə);  bir müddət ARTPİ-nin nəzdində fəaliyyət göstərən dissertasiya şurasının elmi katibi, sonrakı illərdə  dissertasiya şurasının  nəzdindəki elmi seminarın elmi katibi, eyni zamanda Təhsil Nazirliyinin elmi-metodik şurasının pedaqogika və psixologiya bölməsinin elmi katibi, 2000-ci ildə “Azərbaycan məktəbi” jurnalının məsul katibi; bütün bunlarla yanaşı, BDU-nun və ADPU-nun  nəzdində müxtəlif vaxtlarda yaradılmış birdəfəlik dissertasiya şuralarının üzvü olmuşdur.

 

İntiqam müəllim həm də ümumtəhsil məktəbləri üçün tarix və həyat bilgisi fənn kurikulumlarının hazırlanmasında komissiya üzvü kimi də iştirak etmiş, Azərbaycan tarixi və ümumi tarix fənləri standartlarını hazırlayarkən milli məsləhətçi və işçi qrupunun sədri olmuşdur.

 

Hazırda o, ümumi təhsilin milli standartlarını hazırlayan işçi qrupunun üzvüdür. Tarix fənni üzrə respublika fənn olimpiadasında komissiya üzvü, “İlin müəllimi” müsabiqəsində ekspert olmuşdur.

 

Bundan başqa,  şagirdlər arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” respublika müsabiqəsində  münsiflər heyətinin üzvü;  respublika  təhsil işçilərinin  sentyabr konfranslarında Təhsil Nazirliyinin nümayəndəsi kimi iştirak edir. Bir neçə il tələbələrin respublika konfransında tarix bölməsi üzrə ekspert komissiyasının; Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzində) tarix fənni üzrə ekspert komissiyasının üzvü, III ixtisas qrupu üzrə ali məktəblərə tələbə qəbulu imtahanında tarix fənni  üzrə rəhbər-eksperti (2007-ci ildə bunkerdə) olmuşdur.

 

İ.H.Cəbrayılov “Qabaqcıl təhsil işçisi” döş nişanı təltif olunmuşdur.

 

İntiqam müəllimin zəngin elmi yaradıcılığı vardır. 3 dərs vəsaitinin, 10 monoqrafiya və kitabın, 8 metodik vəsaitin, 48 fənn proqramının, 8 metodik tövsiyənin və 119 elmi məqalənin, 80-a yaxın konfrans materialının və topluda məqalənin müəllifidir.

 

“Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri”, “Azərbaycan tarixinin tədrisi metodikası”, “Şəxsiyyətyönlü təhsil və vətəndaş cəmiyyəti”, “Müasir təhsil: axtarışlar və perspektivlər”, “Təhsilin modernləşdirilməsinin elmi-nəzəri problemləri” (həmmüəlliflərlə), “Müasir təhsilə innovativ yanaşmalar” (həmmüəlliflərlə),  “Müstəqillik dövründə Azərbaycan təhsili: nəzəri və praktik aspektlər” (həmmüəlliflərlə),  “ Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar” monoqrafiyalarını;   “Azərbaycan tarixi: Ali məktəblər üçün mühazirə mətnləri”,    “Azərbaycan tarixi: Abituriyentlər üçün dərs vəsaiti”   (T.M. Məmmədovla), “Əqli mülkiyyət mədəniyyətinin nəzəri və pedaqoji əsasları: magistrantlar üçün (K.V. Mikayılova ilə) dərs vəsaitlərini nümunə göstərmək mümkündür.

 

Beləcə pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamlarını diqqət mərkəzinə gətirdik.

 

Bildirirəm ki, elm sahəsində yetirməm olan İntiqam müəllimlə fəxr edirəm. O, mənim ümidlərimi doğrultmuş, pedaqoji  elmin zirvəsinə qalxmağa müvəffəq olmuşdur.  İntiqam müəllim təcrübəli ali məktəb müəllimi, istedadlı metodist və pedaqoq, səriştəli tədqiqatçıdır!

 

Bir Allah şahiddir ki, yuxarıda bütün dediklərim ürəkdən gələn sözlərdir, həqiqətdir!

 

Mən pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun 60 illik yubileyini salamlayır və üzümü ona tutaraq deyirəm:

 

60 yaşın mübarək, İntiqam müəllim!!!

 

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim