Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar (YT Park ) Parkının rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyində neft-qaz quyularının qazılmasında istifadə üçün nar qabıqları əsasında quru tozvari reagent hazırlanıb. Nar qabıqlarından hazırlanmış reagent neft quyularının qazılmasında uğurla tətbiq olunur.

 

Qeyd edək ki, “Aşqar” Elmi İstehsalat Birliyi (EİB) Aşqarlar Kimyası İnstitutunun (AKİ) təcrübi-texnoloji bazası əsasında yaradılıb.

 

AKİ tərəfindən ilk dəfə olaraq qətransız müalicəvi Naftalan neftinin alınma texnologiyası işlənilıb  və onun “Aşqar” EİB-də təcrübi qurğuda istehsalı təşkil edilib.

 

Neft-qaz quyularının qazılmasında istifadə edilən buruq reagentinin keyfiyyətinin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi istiqamətində birlikdə tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində respublikada nar şirəsi istehsalı zamanı tullantı kimi alınan nar qabıqları əsasında quru tozvari reagent hazırlanıb və onun neft-qaz quyularının qazılmasında istifadəsi təklif edilib.

 

Bu təklif Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) razılığı ilə Siyəzəndə qazılan neft quyusunda böyük müvəffəqiyyətlə sınaqdan keçirilib, əldə olunan nəticələr ARDNŞ-ə təqdim olunub.

 

Xarici şirkətlər və investorların də diqqətini cəlb edən bu kimi tozvari reagentlərlə dənizdə neft quyularını qazmaq çox sərfəlidir və daha səmərəli nəticələr verir.

 

Qeyd edək ki, hazırda Aşqarlar Kimyası İnstitutunda yeni yaradılan və tətbiqi üçün tövsiyə edilən  bəzi elmi-tədqiqat işlərinin nəticələrinin də “Aşqar” EİB-də reallaşdırılması istiqamətində tədbirlər görülür.