Mixail Qorbaçovun 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə seçilməsi və psevdoislahatlara başlaması istər SSRİ-də, istərsə də dünyada dağıdıcı hadisələrin olacağını qaçılmaz edirdi. Zəif iradəli Baş katibin qətiyyətsizliyi qısa müddətdən sonra xaosun yaranacağından xəbər verirdi. Yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etməyin mahir ustası olan ermənilərin illər boyu arzuladıqları, həyata keçirmək üçün fürsət axtardıqları şərait yaranmışdı. Lakin danılmaz həqiqətdir ki, nəhəng siyasətçi, xarizmatik şəxsiyyət Heydər Əliyevin Kremldə yüksək vəzifədə olması onların planlarının qarşısını alırdı. İlk növbədə Heydər Əliyevi Kremldən uzaqlaşdırmaq lazım idi və bəri başdan deyək ki, onlar bu niyyətlərini həyata keçirə bildilər. Qorbaçov “perestroyka”sının müəlliflərindən hesab edilən akademik Abel Aqanbekyanın Parisdə erməni diasporu qarşısında Dağlıq Qarabağa yüksək statusun verilməsini SSRİ rəhbərliyi ilə razılaşdırıldığını bəyan etməsi məlum münaqişənin ideoloji başlanğıcı oldu. Bir qədər sonra Dağlıq Qarabağdakı mitinqlər, ermənilərin törətdiyi Sumqayıt hadisələri, azərbaycanlıların Ermənistandan - öz əzəli torpaqlarından, dədə-baba yurdlarından qovulması artıq Qarabağ münaqişəsini qaçılmaz edirdi. 1990-cı ilin 20 Yanvar faciəsi hadisələrin kulminasiya nöqtəsi oldu.
Lakin zaman azərbaycanlılar üçün münasib deyildi. Tez-tez baş verən hakimiyyət dəyişikliyi, yüz minlərlə qaçqın və köçkün, onların problemlərinin həlli və digər məsələlər gənc ölkəni çıxılmaz vəziyyətə salmışdı. Demək olar ki, Dağlıq Qarabağ Bakının nəzarətindən kənarda qalmışdı. Amma bu, erməniləri qane etmir, onların daha çox əraziləri öz nəzarətinə almaq istəklərini artırırdı. Nəhayət, ermənilər havadarlarının köməyilə Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan Laçını, Kəlbəcəri, Ağdamı, Cəbrayılı, Füzulini, Qubadlını və Zəngilanı işğal etdilər. Münaqişənin birinci mərhələsi məğlubiyyətlə nəticələndi. Böyük güclərin, beynəlxalq təşkilatların qərarları ilə davranışları arasında kəskin fərq göstərirdi ki, onları problemin həlli yox, kövrək sülhün və sabitliyin olması maraqlandırırdı. Qarşılıqlı kompromis təklif olunur, haqsız olan daha çox dəstəklənirdi...
Cəzasızlıq, ermənilərin xeyrinə birtərəfli mövqe onları daha da azğınlaşdırır, Azərbaycan ərazilərini zəbt etmək istəyini gücləndirirdi. Xalqımız sanki ikili hiss yaşayırdı: torpaq itkisi və həsrəti, ümidsizlik, qürurun tapdalanması və eyni zamanda düşdüyü vəziyyətlə barışmamaq, vəziyyətdən çıxış yolları axtarmaq.
Lakin hər dövrdə dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları, beynəlxalq aləmdə öz yerini axtaran dövlətlərin məqsəd və məramları olur. Tarix heç də bütün xalqlara yolun hamarını qismət etmir. Hər xalq öz dövlətini qurmaq, sərhədlərini möhkəmləndirmək, milli ideallarını gerçəkləşdirmək üçün çətinliklərdən keçir, qurbanlar verir, məhrumiyyətlər yaşayır. Ağır sınaqlar dövründə həmin xalqların uğurlarına vəsilə olanlarsa, məhz tarixi şəxsiyyətlərdir.
1993-cü ildə siyasi uzaqgörənliyi, diplomatik gedişləri, zəngin təcrübəsi ilə dünya liderlərini belə heyran qoyan Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi və həm daxili, həm beynəlxalq vəziyyəti, həm də ölkəmizin iqtisadi və digər imkanlarını nəzərə alaraq 1994-cü ilin may ayında atəşkəsə nail oldu. Cəmiyyəti gələcəyə hazırlamaqdan ötrü ardıcıl tədbirlər həyata keçirməyə başladı. Qaçqın və köçkünləri yerləşdirmək, ölkədə sabitlik yaratmaq, dağılmış iqtisadiyyatı bərpa etmək lazım idi.
Həm ölkənin iqtisadiyyatını dirçəltmək, həm də müstəqilliyini gücləndirmək baxımından “Əsrin müqaviləsi”nin imzalanması böyük əhəmiyyətə malik hadisə oldu. Həqiqətdir ki, həmin vaxt müstəqil Azərbaycan az tanınırdı. Dağlıq Qarabağın tanınmasından isə söhbət belə gedə bilməzdi. Bu səbəbdən Ulu Öndər həmin vaxtlar səfər etdiyi ölkələrə özü ilə Azərbaycanın xəritəsini aparır, Dağlıq Qarabağın harada, hansı ərazidə yerləşdiyini dünyaya göstərirdi. Lakin dünya dövlətləri bütün bunların fərqində deyildi. Üstəlik, müxtəlif adlarla mobil şəkildə birləşmiş erməni diasporu lazım olan bütün vasitələrdən istifadə edir, hətta bunun üçün nüfuzlu adamların ailəsinə zorla daxil olmaqdan belə çəkinmirdi. Məsələn, Nobel mükafatı laureatı, beynəlxalq aləmdə yüksək nüfuza malik Andrey Saxarovla ailə qurmuş milliyyətcə erməni Boner Əlixanyanın vasitəsilə ermənilər öz xeyirlərinə akademikdən maksimum istifadə edirdilər. Bax, belə yollarla ermənilər özlərinin məğlubedilməzliyinə həm başqalarını inandırmış, həm də özləri inanmışdılar.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu yaradılanda əvvəl Rusiya və Fransanın həmsədrliyi təsdiq olunmuşdu. Siyasət ustadı, Ulu Öndər Heydər Əliyev bu həmsədrliyin yaxşı nəticə verməyəcəyini bilirdi. Lakin həmin dövrdə həmsədrlərin dəyişdirilməsi mümkün deyildi. Fransa Prezidenti ilə görüşü zamanı Jak Şirak Heydər Əliyevi inandırmağa çalışmışdı ki, o, ədalətli, tərəfsiz mövqe tutacaq. Heydər Əliyevin cavabı isə belə olmuşdu: “Bəs sonra?..” Məhz bundan sonra Heydər Əliyevin təkidi ilə Minsk qrupu həmsədrliyinə ABŞ da daxil edildi. Ümummilli Liderin nə qədər haqlı olduğunu isə zaman göstərdi. Bölgədə Rusiya ilə ABŞ-ın maraqları heç vaxt üst-üstə düşə bilməz. Fransanın hazırkı Prezidenti Emmanuel Makronun mövqeyi isə hər kəsə məlumdur.
2003-cü ildə Azərbaycanın Prezidenti seçilən İlham Əliyev haqqında ən səlis və dəqiq fikri Heydər Əliyev söyləmişdi: “Mən İlhama özüm qədər inanıram”. Xalqın bəxti yenə gətirmişdi. Gənc, yüksək səviyyəli təhsil almış, Avropanın nüfuzlu təşkilatlarında Azərbaycanı ləyaqətlə təmsil edən İlham Əliyevin torpaq, xalq sevgisi ona güc, qüvvət və inam verirdi. Prezident İlham Əliyev ilk gündən həm dünya güclərinə, ermənilərin himayədarlarına, həm də Azərbaycan xalqına bəyan etdi ki, münaqişə bitməyib, sadəcə onun birinci mərhələsi başa çatıb.
Cari ilin iyul ayında Tovuz döyüşləri Qarabağ savaşının pik nöqtəsini yaxınlaşdırırdı. 2016-cı il aprel döyüşlərindəki məğlubiyyət, Tovuz döyüşlərindəki uğursuzluq ermənilərin “məğlubedilməz ordu”, “Ohanyan səddi” və s. əfsanələrinə son qoymuşdu. Özlərinin ruh yüksəkliyini, qalib olduqlarını sübut etmək üçün erməni baş nazirinin arvadının Azərbaycan tərəfə silah tuşlaması, N.Paşinyanın Şuşada sərxoş vəziyyətdə rəqs etməsi, “Qarabağ Ermənistandır. Nöqtə” deməsi isə problemin danışıqlar yolu ilə həll edilməsinə olan azacıq ümidi də yox etmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün bunlar barədə dünya güclərinə səslənməsi və əvəzində həmin çağırışların susqunluqla qarşılanması, üstəlik, Ermənistanın yeni müharibəyə başlayıb yeni ərazilər işğal etmək istəyini gizlətməməsi ölkəmizə başqa yol qoymurdu. Beynəlxalq təşkilatların, böyük dövlətlərin kompromis istəyi də öz mənasını itirmişdi. İki fərqli fikir, iki barışmaz mövqe qarşı-qarşıya dayandıqda kompromis yalnız müvəqqəti xarakter daşıyır. Kompromis heç vaxt məsələnin tam, qəti həlli ola bilməz. Qarşıdurma zamanı barışdırıcı mövqe tutanlar özləri də uğursuzluğa düçar olurlar. Tarix sübut edir ki, belə məsələlər tam və qəti, həm də ədalətlə, obyektiv həll olunmadıqda dərinləşdirilmiş şəkildə sonrakı mərhələyə daxil olur. Görəsən Ermənistan Dağlıq Qarabağ münaqişəsini müharibəyə çevirərkən nəyə ümid edirdi? Özünün “məğlubedilməz ordu”sunamı, Rusiyanın, Fransanın müdafiəsinəmi, bəlkə erməni lobbisinə? Bütün hallarda unudurdular ki, 2020-ci ildir və Azərbaycanın qətiyyətli Prezidenti, güclü ordusu, azərbaycanlıların doğma torpaqlarına qayıtmaq əzmi, Türkiyə kimi ədalətli ölkələrin siyasi-diplomatik dəstəyi var. Bir də yaddan çıxarırdılar ki, onların bütün düşüncəsi miflərdən, yalanlardan ibarətdir və bunların da sonu yoxdur.
Miflərdən söz düşmüşkən. Tarixi təcrübə göstərir ki, milli mif özündə üç amili birləşdirir: bioloji, sosial və psixoloji. Yəni ermənilər milli mifin əsasını təşkil edən subyektiv və obyektiv olanları birləşdirir, ondan şərait yarananda maksimum istifadə edirlər. Ermənilər üçün obyektiv olan böyük məqsəd “dənizdən dənizə olan ərazilərdə böyük erməni dövləti yaratmaqdır”. Böyük məqsədə çatmaq üçün hər bir şəraitdən istifadə edərək xırda məqsədləri həyata keçirmək istəyirlər. Hər iki məqsəd daim onların şüuruna hakim kəsilir. Onların düşüncəsinə görə, uğur qazanmaq üçün istənilən vasitədən istifadə etmək məqbul sayılır. İlk növbədə müxtəlif ölkələrə səpələnmiş erməniləri hansısa bir ərazidə toplamaq lazımdır. Belə münbit şərait Rusiya və İran arasında 1813, 1828-ci illərdə baş verən müharibələr və bağlanmış sülh müqavilələri oldu. Müxtəlif yerlərdən ermənilər Dağlıq Qarabağa köçürüldülər. Artıq ermənilərin kompakt yaşamaları üçün əsas müəyyənləşdirildi və real ərazi yarandı. Bu, həm çar Rusiyası, həm də ermənilər üçün əlverişli idi. Belə vəziyyətdə hər iki tərəf vasitə idi və müəyyən məqsədə xidmət edirdi: çar Rusiyası üçün ermənilər burada olan xanlıqlara təsir etmək vasitəsi idi. Ermənilər isə rusların köməyi ilə möhkəmlənir, tədricən müstəqillik əldə etmək imkanı qazanırdılar. Ermənilər yaranmış hər bir vəziyyətdən öz xeyirlərinə istifadə etməyə çalışır, istəklərinə əsasən nail olurdular. Nəticədə Azərbaycan əraziləri hesabına özlərinin müstəqil dövlətini (Ermənistan Respublikasını) və Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdılar. Sonrakı illərdə Ermənistan Respublikası sayılan azərbaycanlıların əzəli torpağından 500 mindən artıq azərbaycanlı köçürüldü və ya qovuldu.
Sentyabrın 27-dək ermənilər təxəyyüllərində yaratdıqları bu “qələbə”lərin nəşəsini yaşayırdılar. Şuşada rəqs edir, toplantı keçirir, azərbaycanlıları Qarabağa qonaq dəvət edirdilər. Unudurdular ki, azərbaycanlıların ləyaqəti, milli hissləri ilə oynamaq təhlükəlidir. Azərbaycan xalqı ləyaqət hissi ilə oynamağa heç kimə imkan verməz. Gözləmirdilər ki, özləri üçün təsəvvür etdikləri kiçik münaqişə azərbaycanlılar üçün Vətən müharibəsinə çevrilər.
Müharibədə qalib gəlməyin ən vacib şərtlərindən biri isə qələbəyə inamdır. Xalqımız Ali Baş Komandana, Ordumuza inanır. Əsgərlərimizin ardıcıl qələbələri xalqımızı ruhlandırır. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən Ermənistan isə dinc əhaliyə hücum edir. Lakin bu, bizi nəinki sarsıdır, əksinə, daha da mətinləşdirir. Çünki bizim savaşımız ədalət, haqq uğrundadır.
Asəf ZAMANOV,
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Ramiz ƏLİYEV,
ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor