Aydın Aydınov, X sinif şagirdi: “Füzulidə məzun olmaq və işğaldan azad olunan Vətən torpağında ilk zəngi çalmaq arzusundayam”


Son günlər Azərbaycan ordusunun göstərdiyi şücaət düşmənə tarixin acı silləsi oldu. Azərbaycan əsgəri düşmənə öz yerini göstərdi! Şanlı ordumuz irəlilədikcə  Vətənimizin ərazi bütövlüyü bərpa olunmağa başlayır. Müzəffər ordumuzun gücü  qarşısında düşmən tab gətirə bilmir.  27 ildən sonra torpaqlarımız düşmən tapdağından azad olunur. Oktyabrın əvvəllərindən başlayaraq hər gün cəbhədən sevindirici xəbərlər almağa davam edirik. Yaşayış məntəqlərimiz, kəndlərimiz, şəhərlərimiz işğaldan azad olunur. Oktyabrın 17-də Azərbaycan ordusu  Füzuli rayonunu işğaldan azad etdi. Həmin gün  Füzuli sakinləri ilə yanaşı Azərbaycan xalqının ən sevincli və xoşbəxt günlərindən biri kimi tarixin yaddaşına yazıldı. Bəli, bu zəfər bayramını Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə müzəffər ordumuz bizlərə yaşatdı.

 

“Kəndimizin alınma xəbərini eşidəndə sevinc göz yaşlarıma hakim ola bilmədim”

 

Füzuli sakinlərinin 27 illik Vətən həsrəti sona çatdı. Füzuli torpağının hər daşını, qayasını dünyanın bütün gözəl yerlərindən üstün hesab edən  Füzuli rayon Aşağı Əbdürrəhmanlı kənd sakini Əbdül Cəfərov müzəffər ordumuzun zəfər bayramı və Füzulinin işğalçılardan alınması münasibəti ilə xalqımıza təbriklərini ifadə edərək sevincini bizimlə bölüşdü: “İşğaldan əvvəl 9 il Aşağı Əbdürrəhmanlı kəndində kimya müəllimi işləmişəm. Hazırda Füzuli rayon  32 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıram. Sevincimin  hədd-hüdudu yoxdur. Axır ki, 27 illik həsrət sona çatdı. Allah məni arzuma və istəyimə qovuşdurdu. Mənim uşaqlığım, gəncliyim, müəllim kimi fəaliyyətim Füzuli rayonu Aşağı Əbürrəhmanlı kəndi ilə bağlıdır. 27 ildir ki, o kəndə qayıtmaq, ata-babalarımızın uyuduğu müqəddəs torpaqları yad etmək, kəndimizin  saf suyunu içmək, təmiz havasını udmaq arzusu ilə yaşamışam. Kəndimizin alınma xəbərini eşidəndə keçirdiyim sevinc  hisslərini izah etməkdə çətinlik çəkirəm. Çox çalışdım özümü saxlayım, lakin sevinc göz yaşlarıma hakim ola bilmədim. Sevindim ki, Qarabağın qapısı sayılan  Füzuli rayonu artıq müzəffər ordumuzun əlindədir. Füzulidən həm Xankəndinə, həm Ağdama, eyni  zamanda Şuşaya yollar açılır. Bu gün Azərbaycan xalqı bir yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşib. Hər bir vətəndaş torpağımızın azad olması üçün öz töhfəsini verməyə çalışır. Belə bir xalqı məğlub etmək olmaz. İnanırıq ki, işğal olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağından tam azad olacaq, şəhərlərimiz, kəndlərimiz  bərpa olacaq və biz köçkünlər öz doğma yurd-yuvalarımıza qayıdacağıq. Azad olmuş torpaqlar bizi gözləyir. Tanrı ordumuzu qorusun”.

 

“Bütün xalqımız kimi mən də çox qürurluyam”

 

Füzuli  rayonu 33  nömrəli  tam  orta  məktəbin  direktoru, əməkdar  müəllim Ülkər  Hüseynova  1977-ci  ildə   Azərbaycan  Pedaqoji  İnstitutunun  Azərbaycan  dili  və  ədəbiyyat  fakültəsini  fərqlənmə  diplomu ilə  bitirərək doğma  yurdunda - Füzuli  rayonunun  Yuxarı  Seyidəhmədli  kənd  tam  orta  məktəbində  müəllim  işləməyə  başlayır. Füzulinin işğal olunması həmyerliləri kimi onu da Vətən həsrəti ilə yaşamağa məcbur edir: “Qürbət cənnət olsa da, mənim şahım vətəndir, Azərbaycandır. Mən özümü onda tapmışam. Mən onun torpağından yaranmışam, onun torpağına da qarışacağam. Onsuz mənə həyat, dirilik yoxdur. Bütün  soydaşlarım  kimi  mən  də  erməni  işğalçılarının  təcavüzkarlığının  şahidi  olmuş, uşaqlığımı, gəncliyimi  yaşadığım  doğma  yurdumdan  4  körpə  övladımla  didərgin  düşmüşəm.  Bu  il  xalqımızın  tarixində  ən  şərəfli  dövrü  yaşayırıq. 27  ildən  artıq  şəhid  qanları  ilə  suvarılmış  torpaqlarımız  qüdrətli  ordumuz  və  hərtərəfli, uzaqgörən  siyasəti  ilə  xalqımızın sonsuz məhəbbətini  qazanmış  Ali  Baş  Komandanımızın  şücaəti  ilə  işğaldan  azad  olunur. Şəhidlərimizin  və  vətən  həsrəti  ilə  dünyasını  dəyişənlərimizin  ruhu  şad  olsun!  Bütün  xalqımız  kimi, mən  də  çox  qürurluyam, xalqımızla, dövlətimizlə, Prezidentimizlə  fəxr  edirəm. Hər  bir  əsgərimizə, zabitimizə və  bu  qələbəni  xalqımıza  yaşadan  Prezidentimizə sonsuz sevgi və minnətdarlığımı bildirirəm. Uca  Tanrı  Sizi  qorusun!”

        

“Ən böyük arzum Polad kimi, Mübariz kimi Vətənimə xidmət etməkdir”

 

Füzuli rayon 48 nömrəli tam orta məktəbin şagirdləri də Füzulinin işğaldan azad olunmasına çox  sevinirlər.

 

XI sinif  şagirdi Elşən Hüseynzadənin arzusu valideynlərinin baya-başa çatdıqları Füzulidə təhsilini davam etdirmək, ali təhsilini başa vurduqdan sonra doğma Vətəni üçün çalışmaqdır.  “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” cümlələri ilə hisslərimi sizə çatdırmaq istəyirəm.  Bu gün 27 illik həsrətimizə son qoyuldu. Başda Ali Baş Komandanımız  İlham Əliyev olmaqla,  igid əsgərlərimiz torpaqlarımızı işğaldan azad edir.  Təhsil aldığım 48 nömrəli tam orta məktəbin müəllimləri  hər il bizləri cəbhədə xidmət edən əsgərlərimizlə görüşə aparırdı.  Tez-tez onlara məktub yazırdıq, əsgərlərimizə güvəndiyimizi bildirirdik. Onlar isə cavabında “bizə güvənin, torpaqlarımızı erməni işğalçılarından azad edəcəyik” deyirdilər. Bəli, bu gün igid əsgərlərimiz verdiyi sözün üstündə durdular. Bir neçə şəhər və çoxlu sayda kəndlərimiz işğaldan azad olundu. Prezidentimizlə qürur duyuruq. Prezidentimiz İlham Əliyev yeni tarix yazdı, 27 illik işğalda olan torpaqlarımızı azad etmək üçün böyük qətiyyət göstərərək prinsipial və ədalətli mövqeyini bütün dünyaya göstərdi. Ən  böyük arzum  Polad kimi, Mübariz kimi güclü hərbiçi olmaq və Vətənimə xidmət etməkdir.   Azərbaycanın hər bir qarış torpağı, daşı mənim üçün çox dəyərlidir. Vətənimi çox sevirəm. Cəbhədən, döyüş meydanından gələn xoş xəbərlər bizi sevindirir.  Rəşadətli  güclü ordumuzun  qəhrəmanlığı biz gənclər üçün bir örnəkdir”.

 

“Qarabağda turizmin inkişafında gözəl işlər görəcəyəm”

 

Füzuli rayon 48 nömrəli tam orta məktəbin   X  sinif şagirdi  Aydın Aydınov bildirir ki, bu gün hamımızın ürəyi işğal olunmuş torpaqlarımız uğrunda döyüşən oğullarımızla döyünür.  Hər birimiz cəbhədən gələcək xoş müjdələrin sorağındayıq.  “Mənim 15 yaşım var. Qarabağ haqqında çox eşidib, oxumuşam. O, yerlərə getmək xəyal idi mənim üçün. Artıq xəyallar gerçək oldu.  Mən öz doğma rayonum Füzulidə məzun olmaq  və  işğaldan azad olunan Vətən torpağında ilk zəngi çalmaq arzusundayam. Orada yaşamaq istəyirəm. Sevincimin hədd-hüdudu yoxdur. Yaxşı oxuyuram, arzum turizm sahəsidir. Təhsilimi bu sahə üzrə davam etdirəcəyəm. Qarabağda turizmin inkişafında gözəl işlər görəcəyəm. Bizə bu sevinci yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarına və Rəşadətli Ordumuza təşəkkür edirəm. Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır.  Yaxın günlərdə qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid oğullarımız bizə böyük qələbə hissini yaşadacaq. Qarabağ həsrətinə son qoyulacaqdır. Bəli,  doğma yurd həsrəti artıq sona çatır. Xalqımız darıxdığı kəndlərinə, ev-eşiklərinə, ordakı uşaqlıq, gənclik xatirələrinə tezliklə qovuşacaq. Onları qovuşduran da cəsur Azərbaycan əsgəridir!

 

“Füzulini görməmişəm, ancaq qanadım olsaydı ora uçardım”

 

Həmin məktəbin IX sinif şagirdi Hacı  Hacıyev. “Anam və atam Füzuli rayonunda doğulublar. Nənəm və babam doğma yurdlarının bərəkətli torpağı, saf suyu, təmiz havası, mehriban və zəhmətkeş camaatından çox danışıb. Demək olar ki, valideynlərimin vətən haqqında danışdıqları nağıllarla böyümüşəm. Prezidentimiz “Füzuli şəhəri düşməndən azad edildi” xəbərini verəndə evdə hamı sevincdən ağladı. Çox qəribə hiss idi... Ana vətənimi, Füzulini görməmişəm, ancaq qanadım olsaydı ora uçardım deyə fikirləşdim. Həmişə babam, nənəm deyirdi: “Vətən dünyada olan heç bir varlıqla əvəz edilməz! Maldan-mülkdən, candan keçilər, amma Vətəndən keçilməz!  Torpaq adamı çəkir”. Hər gün televizor qarşısında oturub Prezidentimizin, dahi sərkərdəmizin dilindən hansısa bir bölgəmizin alınma xəbərini gözləyirəm. Torpaqlarımızın alınması kimi gözəl xəbərləri Prezidentimizin dilindən eşitmək çox xoşuma gəlir. Ali Baş Komandanımızın qələbə xəbərlər deyən siması yaddaşımda və qəlbimdə əbədi həkk olundu. İnşallah, ümid edirəm ki,  Rəşadətli Ordumuz bizim vətənimizə, ata-baba yurdumuza, Qarabağımıza qayıtmağımız üçün bütün bağlı yolları açacaq. Qaçqın və köçkün kimi  sözlər üstümüzdən götürüləcək, o gözəl torpaqlarımıza qayıdacayıq.

 

Mən Prezidentimizlə, rəşadətli ordumuzla fəxr edirəm! Fəxr edirəm ki, dünya şöhrətli siyasətçi İlham Əliyev kimi Prezidenti olan Azərbaycan vətəndaşıyam! Mən vətənimi sevirəm!

 

Rəşad ZİYADOV