Vətən bizi gözləyir... | |
Son günlər Azərbaycan ordusunun göstərdiyi şücaət düşmənə tarixin acı silləsi oldu. Azərbaycan əsgəri düşmənə öz yerini göstərdi! Şanlı ordumuz irəlilədikcə Vətənimizin ərazi bütövlüyü bərpa olunmağa başlayır. Müzəffər ordumuzun gücü qarşısında düşmən tab gətirə bilmir. 27 ildən sonra torpaqlarımız düşmən tapdağından azad olunur. Oktyabrın əvvəllərindən başlayaraq hər gün cəbhədən sevindirici xəbərlər almağa davam edirik. Yaşayış məntəqlərimiz, kəndlərimiz, şəhərlərimiz işğaldan azad olunur. Oktyabrın 17-də Azərbaycan ordusu Füzuli rayonunu işğaldan azad etdi. Həmin gün Füzuli sakinləri ilə yanaşı Azərbaycan xalqının ən sevincli və xoşbəxt günlərindən biri kimi tarixin yaddaşına yazıldı. Bəli, bu zəfər bayramını Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə müzəffər ordumuz bizlərə yaşatdı.
“Kəndimizin alınma xəbərini eşidəndə sevinc göz yaşlarıma hakim ola bilmədim”
Füzuli sakinlərinin 27 illik Vətən həsrəti sona çatdı. Füzuli torpağının hər daşını, qayasını dünyanın bütün gözəl yerlərindən üstün hesab edən Füzuli rayon Aşağı Əbdürrəhmanlı kənd sakini Əbdül Cəfərov müzəffər ordumuzun zəfər bayramı və Füzulinin işğalçılardan alınması münasibəti ilə xalqımıza təbriklərini ifadə edərək sevincini bizimlə bölüşdü: “İşğaldan əvvəl 9 il Aşağı Əbdürrəhmanlı kəndində kimya müəllimi işləmişəm. Hazırda Füzuli rayon 32 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıram. Sevincimin hədd-hüdudu yoxdur. Axır ki, 27 illik həsrət sona çatdı. Allah məni arzuma və istəyimə qovuşdurdu. Mənim uşaqlığım, gəncliyim, müəllim kimi fəaliyyətim Füzuli rayonu Aşağı Əbürrəhmanlı kəndi ilə bağlıdır. 27 ildir ki, o kəndə qayıtmaq, ata-babalarımızın uyuduğu müqəddəs torpaqları yad etmək, kəndimizin saf suyunu içmək, təmiz havasını udmaq arzusu ilə yaşamışam. Kəndimizin alınma xəbərini eşidəndə keçirdiyim sevinc hisslərini izah etməkdə çətinlik çəkirəm. Çox çalışdım özümü saxlayım, lakin sevinc göz yaşlarıma hakim ola bilmədim. Sevindim ki, Qarabağın qapısı sayılan Füzuli rayonu artıq müzəffər ordumuzun əlindədir. Füzulidən həm Xankəndinə, həm Ağdama, eyni zamanda Şuşaya yollar açılır. Bu gün Azərbaycan xalqı bir yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşib. Hər bir vətəndaş torpağımızın azad olması üçün öz töhfəsini verməyə çalışır. Belə bir xalqı məğlub etmək olmaz. İnanırıq ki, işğal olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağından tam azad olacaq, şəhərlərimiz, kəndlərimiz bərpa olacaq və biz köçkünlər öz doğma yurd-yuvalarımıza qayıdacağıq. Azad olmuş torpaqlar bizi gözləyir. Tanrı ordumuzu qorusun”.
“Bütün xalqımız kimi mən də çox qürurluyam”
Füzuli rayonu 33 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Ülkər Hüseynova 1977-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək doğma yurdunda - Füzuli rayonunun Yuxarı Seyidəhmədli kənd tam orta məktəbində müəllim işləməyə başlayır. Füzulinin işğal olunması həmyerliləri kimi onu da Vətən həsrəti ilə yaşamağa məcbur edir: “Qürbət cənnət olsa da, mənim şahım vətəndir, Azərbaycandır. Mən özümü onda tapmışam. Mən onun torpağından yaranmışam, onun torpağına da qarışacağam. Onsuz mənə həyat, dirilik yoxdur. Bütün soydaşlarım kimi mən də erməni işğalçılarının təcavüzkarlığının şahidi olmuş, uşaqlığımı, gəncliyimi yaşadığım doğma yurdumdan 4 körpə övladımla didərgin düşmüşəm. Bu il xalqımızın tarixində ən şərəfli dövrü yaşayırıq. 27 ildən artıq şəhid qanları ilə suvarılmış torpaqlarımız qüdrətli ordumuz və hərtərəfli, uzaqgörən siyasəti ilə xalqımızın sonsuz məhəbbətini qazanmış Ali Baş Komandanımızın şücaəti ilə işğaldan azad olunur. Şəhidlərimizin və vətən həsrəti ilə dünyasını dəyişənlərimizin ruhu şad olsun! Bütün xalqımız kimi, mən də çox qürurluyam, xalqımızla, dövlətimizlə, Prezidentimizlə fəxr edirəm. Hər bir əsgərimizə, zabitimizə və bu qələbəni xalqımıza yaşadan Prezidentimizə sonsuz sevgi və minnətdarlığımı bildirirəm. Uca Tanrı Sizi qorusun!”
“Ən böyük arzum Polad kimi, Mübariz kimi Vətənimə xidmət etməkdir”
Füzuli rayon 48 nömrəli tam orta məktəbin şagirdləri də Füzulinin işğaldan azad olunmasına çox sevinirlər.
XI sinif şagirdi Elşən Hüseynzadənin arzusu valideynlərinin baya-başa çatdıqları Füzulidə təhsilini davam etdirmək, ali təhsilini başa vurduqdan sonra doğma Vətəni üçün çalışmaqdır. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” cümlələri ilə hisslərimi sizə çatdırmaq istəyirəm. Bu gün 27 illik həsrətimizə son qoyuldu. Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, igid əsgərlərimiz torpaqlarımızı işğaldan azad edir. Təhsil aldığım 48 nömrəli tam orta məktəbin müəllimləri hər il bizləri cəbhədə xidmət edən əsgərlərimizlə görüşə aparırdı. Tez-tez onlara məktub yazırdıq, əsgərlərimizə güvəndiyimizi bildirirdik. Onlar isə cavabında “bizə güvənin, torpaqlarımızı erməni işğalçılarından azad edəcəyik” deyirdilər. Bəli, bu gün igid əsgərlərimiz verdiyi sözün üstündə durdular. Bir neçə şəhər və çoxlu sayda kəndlərimiz işğaldan azad olundu. Prezidentimizlə qürur duyuruq. Prezidentimiz İlham Əliyev yeni tarix yazdı, 27 illik işğalda olan torpaqlarımızı azad etmək üçün böyük qətiyyət göstərərək prinsipial və ədalətli mövqeyini bütün dünyaya göstərdi. Ən böyük arzum Polad kimi, Mübariz kimi güclü hərbiçi olmaq və Vətənimə xidmət etməkdir. Azərbaycanın hər bir qarış torpağı, daşı mənim üçün çox dəyərlidir. Vətənimi çox sevirəm. Cəbhədən, döyüş meydanından gələn xoş xəbərlər bizi sevindirir. Rəşadətli güclü ordumuzun qəhrəmanlığı biz gənclər üçün bir örnəkdir”.
“Qarabağda turizmin inkişafında gözəl işlər görəcəyəm”
Füzuli rayon 48 nömrəli tam orta məktəbin X sinif şagirdi Aydın Aydınov bildirir ki, bu gün hamımızın ürəyi işğal olunmuş torpaqlarımız uğrunda döyüşən oğullarımızla döyünür. Hər birimiz cəbhədən gələcək xoş müjdələrin sorağındayıq. “Mənim 15 yaşım var. Qarabağ haqqında çox eşidib, oxumuşam. O, yerlərə getmək xəyal idi mənim üçün. Artıq xəyallar gerçək oldu. Mən öz doğma rayonum Füzulidə məzun olmaq və işğaldan azad olunan Vətən torpağında ilk zəngi çalmaq arzusundayam. Orada yaşamaq istəyirəm. Sevincimin hədd-hüdudu yoxdur. Yaxşı oxuyuram, arzum turizm sahəsidir. Təhsilimi bu sahə üzrə davam etdirəcəyəm. Qarabağda turizmin inkişafında gözəl işlər görəcəyəm. Bizə bu sevinci yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarına və Rəşadətli Ordumuza təşəkkür edirəm. Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Yaxın günlərdə qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid oğullarımız bizə böyük qələbə hissini yaşadacaq. Qarabağ həsrətinə son qoyulacaqdır. Bəli, doğma yurd həsrəti artıq sona çatır. Xalqımız darıxdığı kəndlərinə, ev-eşiklərinə, ordakı uşaqlıq, gənclik xatirələrinə tezliklə qovuşacaq. Onları qovuşduran da cəsur Azərbaycan əsgəridir!
“Füzulini görməmişəm, ancaq qanadım olsaydı ora uçardım”
Həmin məktəbin IX sinif şagirdi Hacı Hacıyev. “Anam və atam Füzuli rayonunda doğulublar. Nənəm və babam doğma yurdlarının bərəkətli torpağı, saf suyu, təmiz havası, mehriban və zəhmətkeş camaatından çox danışıb. Demək olar ki, valideynlərimin vətən haqqında danışdıqları nağıllarla böyümüşəm. Prezidentimiz “Füzuli şəhəri düşməndən azad edildi” xəbərini verəndə evdə hamı sevincdən ağladı. Çox qəribə hiss idi... Ana vətənimi, Füzulini görməmişəm, ancaq qanadım olsaydı ora uçardım deyə fikirləşdim. Həmişə babam, nənəm deyirdi: “Vətən dünyada olan heç bir varlıqla əvəz edilməz! Maldan-mülkdən, candan keçilər, amma Vətəndən keçilməz! Torpaq adamı çəkir”. Hər gün televizor qarşısında oturub Prezidentimizin, dahi sərkərdəmizin dilindən hansısa bir bölgəmizin alınma xəbərini gözləyirəm. Torpaqlarımızın alınması kimi gözəl xəbərləri Prezidentimizin dilindən eşitmək çox xoşuma gəlir. Ali Baş Komandanımızın qələbə xəbərlər deyən siması yaddaşımda və qəlbimdə əbədi həkk olundu. İnşallah, ümid edirəm ki, Rəşadətli Ordumuz bizim vətənimizə, ata-baba yurdumuza, Qarabağımıza qayıtmağımız üçün bütün bağlı yolları açacaq. Qaçqın və köçkün kimi sözlər üstümüzdən götürüləcək, o gözəl torpaqlarımıza qayıdacayıq.
Mən Prezidentimizlə, rəşadətli ordumuzla fəxr edirəm! Fəxr edirəm ki, dünya şöhrətli siyasətçi İlham Əliyev kimi Prezidenti olan Azərbaycan vətəndaşıyam! Mən vətənimi sevirəm!
Rəşad ZİYADOV
|
|
23.10.2020 | 14:21 | |
|
|
|