Təhsil işçiləri ön cəbhədə də nümunə göstərirlər
Artıq bir aya yaxın müddətdir ki, ölkəmizdə Vətən müharibəsi gedir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu işğal altında olan tarixi Azərbaycan torpaqlarının bir hissəsini azğın düşməndən azad edib. İnşallah növbəti günlərdə də işğal altında olan digər torpaqlarımızın azad olunacağına xalqımız inanır və əmindir.
Vətən müharibəsi başlayan gündən kiçiyindən-böyüyə, cavandan-yaşlıya qədər, peşə sahibindən, vəzifəsindən asılı olmayaraq, hər bir kəs döyüşə getməyə hazır olduğunu deyir. Bütün bunlar xalq, dövlət, ordu birliyinin ölkəmizdə nə qədər güclü olduğunu, xalqımızın daim ölkə Prezidentinin ətrafında sıx birləşdiyini bir daha sübut edir.
Vətənin bu günlərində bütün peşə sahibləri kimi müəllimlərimiz, təhsil işçilərimiz də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canla-başla iştirak edirlər. Bu gün öz keçmiş şagirdləri ilə səngərdə çiyin-çiyinə vuruşan müəllimlər gələcək nəsilə, bu günün şagirdlərinə vətənpərvərlik ruhunda tərbiyyəni, torpaq uğrunda canından keçməyin örnəyini sinifdə deyil, döyüş meydanında nümayiş etdirirlər.
Respublikamızın hər bölgəsində yerləşən təhsil müəssisələrinin müəllimləri, məktəb rəhbərləri, təhsilin idarəetməsində yüksək vəzifədə çalışanlar səngərdə mənfur düşmənlə üz-üzə dayanıb, torpaqlarımızın azadlığı uğrunda döyüşür. Təkcə Bakı məktəblərindən 127 müəllim bu gün cəbhənin müxtəlif istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edir.
Müəllimlərin cəbhənin ön hissəsində xidmət aparmaqlarını yüksək qiymətləndirən təhsil işçiləri, ekspertləri öz fikirlərini bizimlə bölüşüb.
“Azərbaycan müəllimi hər zaman ölkəmizin ictimai-siyasi həyatında müstəsna rol oynayıb”
Təhsil Nazirliyinin məktəbəqədər və ümumitəhsil şöbəsinin əməkdaşı Əhliyyət Adıgözəlov bizimlə söhbətində bildirib ki, Azərbaycan müəllimi hər zaman ölkəmizin ictimai-siyasi həyatında müstəsna rol oynayıb, müəllimlərimiz dövlətimizə, millətimizə sədaqətlə xidmət edib: “Bu gün ölkəmizdə gedən Vətən müharibəsində müəllimlərimiz cəbhədə döyüşür. Qeyd etmək istəyirəm ki, müəllimlərlə bərabər Təhsil Nazirliyinin nümayəndəsi, Təhsil şöbə müdiri də bu günlərdə cəbhədə vuruşanlar arasındadır. Düşünürəm ki, əgər bir rayonda təhsil şöbəsinin müdiri döyüşlərə qatılırsa deməli bütün rayon təhsil işçilərində böyük ruh yüksəkliyi yaranır. Bu kimi hallar həm şagirdlərdə, həm də müəllimlərdə vətənə sevgi hissini daha da gücləndirir”.
“İnşallah tezliklə torpaqlarımız işğaldan azad ediləcək və müəllimlərimiz səngərdən sinfə qayıdacaq”
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov da müəllimlərin döyüşlərdəki iştirakı ilə bağlı düşüncələrini bizimlə bölüşüb. O, müəllimlərin döyüşlərdə iştirak etməsini təkcə müharibə dövründə deyil, gələcək illərdə də cəmiyyətə, təhsilimizə, şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyyəsinə çox müsbət təsir edəcəyini vurğulayıb: “Təhsil dəyərdir. Vətən isə müqəddəs dəyərdir. Düşünürəm ki, vətənizimin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda bütün dəyərlər birləşib. Təhsil işçiləri, müəllimlərin Vətən müharibəsində iştirakı digər peşə sahiblərindən fərqli olaraq gələcək nəsillər üçün həm də bir nümunədir. İnşallah tezliklə torpaqlarımız işğaldan azad ediləcək və müəllimlərimiz səngərdən sinfə qayıdacaq. Onda müəllimi haqqında, onun döyüş qəhrəmanlığı barədə məlumatı olan şagird gələcəkdə onu təbii ki, özünün idealı hesab edəcək”.
“Bu gün hamı kimi müəllimlərimiz də cəbhədə fəallıq göstərir”
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov da müəllimlərimizin qəhrəmanlıq səlnaməsi yazdığını, döyüşlərdə fəal iştirak etdiyini bildirib. O, birinci Qarabağ müharibəsi zamanı da müəllimlərimizin ön xətdə döyüşdüyünü, şücaət göstərdiyini sözlərinə əlavə edib: “Müəllim cəmiyyətin ən aparıcı simalarından biridir. Bu gün hamı kimi müəllimlərimiz də cəbhədə fəallıq göstərir. Bu hər birimizin vətəndaşlıq borcudur. Təbii ki, əgər mövzu Vətəndirsə müəllimlərimiz burada da öndə olmalıdır. Şübhəsiz ki, təhsil işçiləri hər yerdə nümunə olmalıdır. Bilirik ki, bu gün Azərbaycan məktəblərinin qarşısında duran ən ümdə vəzifə vətəndaş yetişdirməkdir. Düşünürəm ki, bu baxımdan müəllimlərimiz şəxsi nümunə göstərir. Bu nümunə şagirdlərimizin milli ruhda tərbiyyə olunmasında böyük önəm daşıyır”.
Niyazi RƏHİMOV