Təhsilsiz insanlar daha çox bu alverin qurbanına çevrilir


Bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. Qeyd edək ki, insan alverinə qarşı mübarizə ölkəmizdə də geniş vüsət alıb. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. 

 

Bəs, insan alveri nədir? Kimlər bu alverin daha çox qurbanlarına çevrilirlər? İnsan alveri ilə məşğul olanların toruna düşməmək üçün hansı addımlar atılmalıdır? Dövlət səviyyəsində bu çirkin alverə qarşı hansı mübarizə tədbirləri həyata keçirilir? Elə isə diqqətlə oxuyun. Oxuyun və oxuduqlarınızı daha çox təbliğ edin ki, istər özünüz, istərsə də yaxınlarınız bu ümumbəşəri bəladan əziyyət çəkməyəsiniz.

 

İnsan alveri nədir?

 

İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər. Onlar  oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsini təmin edirlər. Bu alver zamanı qurbana çevrilənlər gizli şəkildə saxlanılır, daşınır və ya satılır.  Qanunvericiliyə əsasən məcburi əmək, cinsi istismar,  köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti insan alveri halları hesab edilir. Bundan başqa  son vaxtlar bu işlə məşğul olan çirkin insanlar tərəfindən daha çox istifadə edilən insan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası,  şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi insan alveri halları kimi qeyd edilir.

 

Hər bir məsələdə olduğu kimi, bu məsələdə də təhsil önə çıxır. Niyə? Çünki insan alverinin qurbanlarına çevrilənlərin istisnalar olmaqla demək olar ki, hamısı təhsilsiz insanlar olur. Bu statistikanı insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlar, dövlət qurumları, QHT-lər də hesabatlarında xüsusilə vurğulayır. Onlar təhsildən yayınanların bu məsələdə daha çox əziyyət çəkdiyini deyirlər. Bundan başqa işsizlər,  miqrantlar, avaralıqla və dilənçiliklə məşğul olanlar, səfillər, kimsəsizlər və baxımsızlar,  əxlaqsız həyat tərzi sürənlər; əqli cəhətdən anlaqsız vəziyyətdə olanlar, içki, narkotika və psixotrop maddələrdən asılı olanlar da daha çox insan alveri qurbanlarına çevrilir.

 

İnsan alveri ilə məşğul olanlar öz niyyətlərinə çatmaq üçün bir çox vasitələrdən istifadə edir, bu vasitələrlə öz qurbanlarını aldatmağa müvəffəq olurlar. Onlar daha çox qanunsuz İşədüzəltmə firmaları,  Moda agentlikləri, İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar və sairə vasitələrdən məharətlə istifadə edirlər. Eyni zamanda, tanışlar, qonşular, qohumlar tərəfindən gələcək qurbanlarına təkliflər göndərirlər. Bundan başqa, xarici agentliklər tərəfindən təkliflərlə də insanları aldatmağa nail ola bilirlər.

 

Qurbana çevrilənlər kimlərə müraciət edə bilər?

 

Bu alverin qurbanlarına çevrilənlər ilk öncə hüquq-mühafizə orqanlarına, həmin orqanların qaynar xəttinə, bundan başqa səfirlik və konsulluqlara, Qeyri-Hökumət Təşkilatlarına, Beynəlxalq təşkilatlara, Dini qurumlara, Tibb müəssisələrinə də vaxtında xəbər verə bilərlər.

 

Xüsusi müəssisələr

 

İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar, İnsan alveri qurbanlarına yardım mərkəzləri onların müdafiəsi üçün olan xüsusi müəssisələrdir. Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

İnsan alverinin qurbanı olmuş şəxsin gizli saxlanılması təmin edilir

 

İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatların gizli saxlanması - konfidensiallığı bütün hallarda təmin edilir. İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları və ya onun barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

Xaricdə insan alverinin qurbanına çevrilən vətəndaşlarımızın müdafiəsi təmin edilir

 

Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir, onların Azərbaycan Respublikasının ərazisinə qayıtmasına yardım edirlər.

 

İnsan alverinin qurbanı əgər Azərbaycan ərazisində yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə onlara müdafiə və yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.

 

İnsan alveri qurbanının normal həyat tərzinə qaytarılması necə baş verir?

 

İnsan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaş hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edilir. İnsan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması - reinteqrasiyası sosial reabilitasiya proqramları çərçivəsində həyata keçirilir. Sosial reabilitasiya insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur. Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” Qanununa əsasən, cinayət təqibi orqanının müraciətinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərməlidirlər. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir.

 

Niyazi RƏHİMOV