Cavanşir Cəbrayılov: “Partizan hərəkatında çiyin-çiyinə döyüşən silahdaşları atamla bağlı xatirələrini mənimlə bölüşdülər”
Elə qəhrəmanlar var ki, onlar haqqında nə qədər yazılsa, nə qədər danışılsa da kifayət etmir. Belə qəhrəmanlardan biri də xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovdur. Qəzetimizin ötən nömrələrinin birində Armed Mişel, Xarqo ləqəbi ilə bütün Fransanın qəhrəmanlıq nümunəsinə çevrilən həmyerlimiz Əhmədiyyə Cəbrayılov haqqında geniş məqalə dərc etmişdik. Həmin məqalədə daha çox Əhmədiyyə Cəbrayılovun döyüş yolundan, igidliklərindən söhbət açmışdıq. Bu dəfə isə oxucularımıza qəhrəmanımızın aldığı təhsildən, bir vətəndaş kimi cəmiyyətə faydalılığından, nümunəvi ailə başçısı olmasından söhbət açacağıq. Bu məqsədlə də Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovla olan söhbəti oxuculara təqdim edirik.
“Atam təhsil almağa həmişə həvəsli olub”
Atam bizimlə söhbətində həmişə təhsilin nə qədər önəmli olduğunu deyərdi. Özü də çətin illər olmasına baxmayaraq təhsil almağa, oxumağa həmişə həvəsli olub. Orta məktəbi bitirdikdən sonra İpəkçilik texnikomunu aqranom ixtisası üzrə bitirən atam Quba-Xaçmaz zonasında aqronom işləyib. Burada işləyən zaman qəzetlərin birində elan görür ki, Ukraynada hərbi məktəb açılıb. Rayon hərbi komissarlığına müraciət edir ki, onu həmin məktəbə göndərsinlər. Atam ora oxumağa gedərkən hələ müharibə başlamamışdır. Beləliklə, atamı həmin məktəbə göndərirlər və orada atama hərbi biliklər öyrədirlər. Bununla yanaşı, həmin hərbi məktəbdə alman dili dərsi də keçirlər. Öyrənməyə həmişə böyük marağı olan atam burada alman dilini öyrənir. Təsadüfi deyil ki, bu dili mükəmməl şəkildə bilməsi əsir düşdüyü vaxtlarda onun çox işinə yarayır. Ümumiyyətlə, atamda dillərə qarşı bir həvəs də var idi. O, fransız dilini də qısa müddət ərzində öyrənib və bu dildə də səlis danışırdı. Partizan hərəkatına qoşularkən atamın rus, alman, fransız dillərini bilməsi onu başqalarından fərqləndirirdi. Ona görə də Fransada olan zaman ən çətin tapşırıqları atama tapşırırlarmış. Dil biliklərindən başqa həm də atam çox cəsur, qorxmaz adam olub.
Atam üçün oxumaq, öyrənmək heç vaxt gec deyildi. O, ali təhsilini 1964-1970-ci illərdə alıb. İndiki Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsini bitirib. Ali məktəbi bitirəndə atamın 50 yaşı var idi.
“Şarl De Qollun atama xüsusi rəğbəti var idi”
Atamla Şarl De Qoll ilk dəfə 1944-cü ildə tanış olublar. Bir gün Şarl De Qoll Fransa Partizan Hərəkatının fəal üzvləri haqqında məlumat toplayarkən tez-tez Armed Mişel, Xarqo, Rus Axmed və atama məxsus digər adlara rast gəlir. O, köməkçisinə bu adamlarla görüşmək istədiyini bildirir. Atam Şarl De Qolla görüşə gedir. De Qoll köməkçisindən soruşur ki, bəs qalan adamlar haradadır? Atam cavab verir ki, bu adların hər biri ona məxsusdur. Bu görüşdən sonra atamın De Qolla şəxsi münasibətləri yaranır və onun ən yaxın silahdaşlarından birinə çevrilir.
“Əhmədiyyə Cəbrayılov həm də nümunəvi vətəndaş idi”
Atam müharibədən sonrakı dövrlərdə həmişə vətəni, eli-obası üçün canla-başla çalışıb. Ona iki dəfə avtomobil hədiyyə ediblər. Bilirsiniz ki, həmin avtomobillərdən birini Sülh Fonduna bağışlayıb. İkinci dəfə atama avtomobil hədiyyə edəndə isə həmin maşının pulunu kolxozun hesabına köçürdü. Sonra bu pulla kəndimizlə çayın arasına 200 metrlik bənd salınıb. Atam vətəninə o qədər bağlı adam idi ki, kəndin hər bir problemini öz problemi kimi bilirdi. Məsələn, kəndimizdə su problemi var idi. Atam getdi Bakıdan smeta layihəsi hazırlanmağını xahiş elədi və kəndimizə su çəkdirdi. Kolxozda abadlıq, quruculuq işləri görürdü. Kənd sakinlərinin problemlərini də həmişə diqqətdə saxlayardı. Kənd sakinlərindən hər hansı birinin evinin təmirinə ehtiyac olduqda iməcilik təşkil edərdi. Həmin sakinin probleminin aradan qaldırılmasına köməklik göstərərdi. Bundan başqa, kənddə iki nəfər arasında münaqişə düşərdisə onları evə dəvət edərdi. Süfrə açdırardı və onları barışdırıb yola salardı. Bir sözlə, Əhmədiyyə müəllim əsl el ağsaqqalı idi.
“Ümummilli lider Heydər Əliyev Fransaya səfər edərkən məni də özü ilə aparmışdı”
Ulu öndər Heydər Əliyev atama həmişə xüsusi diqqət və qayğı göstərib. Bu qayğını biz bu gün də ölkə Prezidenti cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan görürük. Atamın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam ailə üzvlərimizin sevincinə səbəb oldu. Ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
1997-ci ildə ulu öndər Heydər Əliyevin Fransaya səfəri var idi. Ümummilli liderimiz bu səfərə məni də özü ilə apardı. Səfər çərçivəsində mən atamın qəhrəmanlıq göstərdiyi torpaqları görə bildim. O vaxt Fransanın Prezidenti olan Jak Şirakla görüşdüm. Bundan başqa partizan hərəkatında atamla çiyin-çiyinə döyüşən silahdaşları ilə tanış oldum. Onlar atamla bağlı xatirələrini mənimlə bölüşdü. Bu səfər mənim həyatımda ən yaddaqalan səfər idi.
Sonra mən Fransada daha iki dəfə səfərdə oldum. 2006-cı ildə Mehriban xanım Əliyeva, 2009-cu ildə isə Leyla xanım Əliyeva ilə Fransada təşkil olunan tədbirlərdə iştirak etdim. Bu səfərlərdə iştirakıma şərait yaratdıqlarına görə Prezident ailəsinə dərin minnətdarlığımı bildirirəm.
“O həm də çox gözəl insan, nümunəvi ailə başçısı idi”
Atam qanlı-qadalı müharibələrdə olmasına baxmayaraq, çox mülayim insan idi. Evimizə istər Moskvadan, istərsə də Bakıdan mötəbər qonaqlar gəlirdi. Bununla yanaşı, həmçinin, orta məktəb şagirdləri də bizə qonaq gəlirdi. Sizi inandırım ki, atam mötəbər qonaqlara necə münasibət göstərirdisə, balaca məktəblilərə də o cür həssaslıqla yanaşırdı.
Yeddi uşaq sahibi olan atamın xüsusi tərbiyə metodu var idi. O, bizimlə çox mülayim, mehriban davranırdı. İxtisas, peşə seçməyimizə heç vaxt qarışmayıb. Deyirdi ki, hansı peşənin sahibi olursunuzsa olun, işinizin mütəxəssisi olun. Bir də vicdan məsələsi, gözütoxluq onun üçün ən vacib amillər idi. Atamın tələblərindən biri də o idi ki, oğlan uşağı mütləq əsgərlikdə olmalıdır.
Niyazi RƏHİMOV