Tanınmış ziyalı və alim, müasir gəncliyə örnək ola biləcək zəngin bir həyat yolu yaşayan tibb elmləru doktoru, professor Cabbar Hacıyevin 70 yaşı tamam olur. Bu ad Azərbaycanın tibb, elm və təhsil sahəsində çalışanlara yaxşı tanışdır. Cabbar müəllim, təkcə elm sahəsindəki nailiyyətlərinə, pedaqoji fəaliyyətinə görə deyil, həm də əsl ziyalı ömrü yaşamasına görə fərqlənib, seçilib...

 

Cabbar müəllim kimi insanlar cəmiyyət üçün yalnız elmi, pedaqoji uğurları ilə örnək sayılmır. Bu cür elm adamlarının özəlliyi öz gücləri, potensialları sayəsində ucalmaları, cəmiyyət üçün faydalı ziyalıya çevrilmələridir. Belə ömür yolu qeyd etdiyimiz kimi, hər bir gənc üçün nümunədir.

 

Qubanın ucqar dağ kəndində, çoxuşaqlı, imkanları o qədər də geniş olmayan bir ailədə dünyaya göz açıb, həyatda ciddi uğurlar əldə etməyin tək yolu daima oxumaq, çalışmaq, yorulmaz əmək olub. Kimsə ona kənardan dəstək verməyib, tapşırmayıb, işini aşırmayıb. Tək yolu oxumaq, gecə-gündüz çalışmaq olub. Çətinliklərə dözməyin, zəhmətin, öz gücünə güvənib oxumağın əvəzi bütövlükdə cəmiyyət üçün xeyrli, fəxr duyulası bir ömrə sahib olmaqla nəticələnib.

 

Prof. C. Hacıyevin Azərbaycanın tibb elminə verdiyi töhfələrə toxunmazdan öncə həyat yoluna qısaca nəzər salaq.

 

11 sentyabr 1950-ci ildə Quba rayonunun (keçmiş Qonaqkənd) Yerfi kəndində anadan olan Cabbar müəllim, orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olub. Tələbəlik dövründə özünün çalışqanlığı, fəallığı ilə seçilib, Lenin təqaüdünə layiq görülüb. 1974-cü ildə II müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib. Sonra gənc yaşlarından elmi-pedaqoji fəaliyyətə başlayıb, Ümumi cərrahlıq kafedrasında klinik ordinator, baş laborant vəzifələrindən prorektor, kafedra müdiri vəzifələrinə qədər yüksəlib. Hazırda Azərbaycan Tibb Universtetinin Ümumi cərrahlıq kafedrasının professoru kimi çalışır.

 

Paralel olaraq, elmi-tədqiqat işlərini də müvəffəqiyyətlə yerinə yetirən prof. C.Hacıyev bu sahədə uğurlu nailiyyətlər qazanıb. 350-ə qədər çap olunmuş elmi əsərin, həmçinin Tibb Universitetinin tələbələri üçün 4 dərsliyin, 1 monoqrafiyanın, 9 ixtira və patentin və 18 səmərələşdirici təklifin müəllifi olan prof. C.Hacıyev tanınmış alim kimi dünyanın bir çox ölkələrində keçirilmiş elmi konqreslərdə iştirak edərək elmi məruzələrlə çıxış  edib. Onun rəhbərliyi altında 2 doktorluq, 9 namizədlik dissertasiyaları müdafiə edilib, 2 namizədlik dissertasiyası isə ilkin müzakirədən keçib. Dalağın zədələnmələrində 5 üzvqoruyucu əməlyyatların (Hacıyev əməliyyatı) və iki tikiş növünün (Hacıyev – Abasov tikişləri) müəllifidir. O, Cərrahlıqda “Reqenerasiyanın limfoid tənzimi” adlı yeni elmi istiqamətin əsasını qoyanlardan biridir.

 

Cabbar müəllimin çoxşaxəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə toxunarkən, onun 1975-ci ildən Azərbaycan Cərrahlar Cəmiyyətinin,1998-ci ildən Avroasiya Qastroenteroloji Cəmiyyətin üzvü olmasını, 1982-ci ildən gənclərin Ümumittifaq Elmi-Texniki Yaradıcılıq müsabiqəsinin laureatı, 2002-ci ildə XXI əsrin tanınmış həkimi, 2003-cü ildə isə XXI əsrin tanınmış alimi Beynəlxalq diplomlarına layiq görülməsini də vurğulamaq vacibdir.

 

Öz həyatını tibb elminin inkişafına həsr edən prof. C.Hacıyevin elm və səhiyyə sahəsindəki xidmətləri diqqətdən kənarda qalmayıb. Təhsil və Səhiyyə nazirlikləri, Tibb Universitetinin rəhbərliyi tərəfindən müxtəlif mükafatlar və fəxri fərmanlarla mükafatlandırılıb.

 

Üç ziyalı oğul atası olan Cabbar müəllimin övladları müxtəlif dövlət qurumlarında çalışırlar. Onların sırasında Novruz Hacıyev atasının yolunu davam etdirir. Novruz müəllim hazırda İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tədris və müalicə işləri üzrə prorektoru və Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının professorudur.

 

Prof. C.Hacıyev  yetişdirdiyi tələbələri də öz övladı sayıb. Bu gün onun tələbələri müxtəlif sahələrdə çalışır, dövlətə və cəmiyyətə öz töhfələrini verirlər.

 

Qədim Yunan filosofu Sokrat deyib ki, “Alimin biliyi o, təvazökar olanda üzə çıxır”. Cabbar müəllim məhz belə bir ömür yaşayıb, yersiz tərifdən, özü haqqında danışmaqdan qaçıb. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, həssaslıq, səmimiyyət kimi ali insani keyfiyyətlərə malik olan  Cabbar müəllim daim xatırlanacaq, faydalı bir ömür yaşayıb.

 

Həmişə həyat eşqi və öyrətmək əzmi ilə yaşayan, ömrünün 70 ilinin 46 ilini çoxşaxəli elmi-pedaqoji və ictimai fəaliyyətə həsr edən Cabbar müəllimə  uzun ömür, möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər diləyirik!

 

E.Babayev

Əməkdar jurnalist