Yeni dərs ilinin başlanmasına az qalır. Bu gün istər valideynləri, istərsə də müəllimləri düşündürən bir sual var. Görəsən, dərs ili necə olacaq? Sosial şəbəkələrdə bu haqda geniş müzakirələr gedir. Distant təhsillə bağlı müxtəlif fikirlərlə rastlaşırıq. İstədim, mən də öz fikirlərimi bölüşüm. Qərara aldım ki, daha geniş auditoriyada fikirlərimi paylaşsam daha yaxşı olar. İstər müəllim kimi dərs dediyim siniflərdə, istərsə də hazırlaşdırdığım şagirdlərlə ilk öncə necə edəcəyimi bilmədim. Yaşım az olmasa da, həyatım boyu rast gəlmədiyim bir hadisə ilə üz-üzə idim. Pandemiya nədir? Hansı müddətə aradan qalxacaq? Doğrusu, bütün bunlar haqqında təsəvvürüm yox idi. Odur ki, öncə gözləməyi düşündüm. Sonra məlum olanda ki, hələ qeyri-müəyyən müddət davam edə bilər, distant təhsilə başlamağı qərara aldım. İstəyirəm distant təhsilin tərəfdarları və əleyhdarlarının fikirlərinə təcrübədən yararlanaraq münasibət bildirim.
Bəli, şagirdin məktəbə gəlməsi, müəllimlə canlı ünsiyyətdə olması təkcə şagirdə bilik yox, həm də sosial davranış öyrədir, onu tərbiyə edir. Mərhum müəllimlərimizdən biri deyirdi ki, şagird və tələbənin məktəb və ya universitetin binasından içəri girməsi belə onu öyrədir. Amma nə etməli, bu gün şagirdlərin sağlamlığı valideynlər üçün daha önəmlidir. Odur ki, dərs başlasa belə, biz dərsdə davamiyyəti tam təmin edə bilmərik. Bununla yanaşı, müəllim və başqa təhsil işçilərinin sağlamlığı da təhlükə qarşısında qalacaq.
6 aylıq onlayn tədris aparan bir müəllim kimi bu təcrübənin mənfi və müsbət tərəflərini göstərmək istərdim.
Hər şeydə bir müsbət axtaran şəxs kimi əvvəlcə müsbət tərəfini göstərim.
Üstünlükləri:
- 1. Şagird proqram materialı öyrənmək üçün müəllimlə ünsiyyət qura bilir ki, bunu müstəqil bacarmayacaq və ya etməyəcək.
- 2. İstənilən vaxt valideynlə ünsiyyət qurmaq mümkündür. Mən votçapda bir şagird qrupu, bir də valideyn qrupu yaratmışdım ki, şagirdlər mənə ev tapşırıqlarının həllini göndərirdi, valideynlərə isə şagirdin davamiyyəti və ev tapşırığının yerinə yetirilməsi haqqında məlumat verirdim.
- 3. Şagirdlərin üzləşdiyi çətinliklərin aradan qaldırılmasında yardımçı olurdum.
- 4. Dərsi yaddaşa yazmaqla şagirdlərin sonradan dərsdə iştirak etməsə belə, yararlanmasına yardımçı olurdum
- 5. Ən əsası, sağlamlıq təhlükə altına atılmırdı.
Çatışmayan cəhəti:
- 1. İnternetin tez-tez qırılması. Xüsusilə günün ikinci yarısı internet yüklənir, bu da Zoom proqramında işləməyə çətinlik yaradır.
- 2. Şagirdlərin dərs prosesinə vaxtında qoşulmaması. Bəzi şagirdlər interneti bəhanə edib dərsə vaxtında girmir və ya kameranı bağlayıb dərsdən yayınır.
- 3. Şagirdlərlə interaktiv deyil, ənənəvi dərs keçməli oluruq. Ev tapşırığını yoxla, suallara cavab ver, şagirdlərin çətinlik çəkdiyi tapşırıqları həll et, yeni dərsi izah et.
- 4. Bəzən internetin qırılması üzündən bir şeyi dəfələrlə təkrarlamaq lazım gəlir.
Bütün bunlara baxmayaraq, yoluxma riski varsa, şagirdlərin və təhsil işçilərinin sağlamlığını təhlükəyə atmaq olmaz və onlayn dərslərin imkanlarından istifadə etmək lazımdır.
Zabul ƏHMƏDOV,
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi, Əməkdar müəllim