Azərbaycan təhsil tarixinin müəllim hazırlığı ilə bağlı salnaməsi dəyərli hədiyyə olaraq oxuculara təqdim edilir
XX əsrin əvvəllərində Azərbaycanda ali təhsilli milli kadrların hazırlanması Milli Hökumətin fəaliyyət hədəflərindən biri idi. Bu istiqamətdə mütəmadi işlər aparılırdı. Nəhayət, Azərbaycanda ilk ali pedaqoji institut böyük dövlət və siyasi xadim Nəriman Nərimanovun 1921-ci ildə imzaladığı dekretlə fəaliyyətə başladı. Pedaqoji və elmi-pedaqoji kadr hazırlığı sahəsində böyük bir missiyanı üzərinə götürdü. O, bu günə qədər özünün məzmun və strukturunu təkmilləşdirə-təkmilləşdirə ölkənin ümumtəhsil məktəbləri üçün 160 mindən çox yüksək ixtisaslı müəllim kadrları hazırlamışdır. Ali pedaqoji təhsilin avanqardı olmaqla pedaqoji, psixoloji və digər elmlərin inkişafını istiqamətləndirmiş, onların Azərbaycan elmi mühitində yer tutmasında əhəmiyyətli rol oynamışdır.
Artiq gələn il Pedaqoji Universitetin bir əsrlik yubileyi tamam olur. Bu məqsədlə rektor, professor Cəfər Cəfərovun təşəbbüsü ilə universitetin tarixinin dərindən araşdırılmasına, yeni kitabların yazılmasına başlanılmışdır. Universitetin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun ilk mənbələr və zəngin arxiv sənədləri əsasında ərsəyə gətirdiyi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” (2019) kitabı bu qəbildəndir. Universitetin bir əsrlik tarixi ayrı-ayrı vaxtlarda Pedaqoji Universitetə rəhbərlik etmiş 31 rektorun həyatı, ictimai-siyasi, elmi-pedaqoji fəaliyyəti və idarəetmə səriştəsi fonunda təhlil və tədqiq olunmuşdur. Professor Fərrux Rüstəmov bu istiqamətli tədqiqatlarını daha da dərinləşdirmiş, “Ali Pedaqoji İnstitutun salnaməsi” (Bakı: Elm və təhsil, 2020, 196 s.) kitabının nəşrinə nail olmuşdur. Bu kitabın layihə rəhbəri, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, elmi redaktoru isə professor Yaqub Babayevdir. Tərtib, əski əlifbadan translitirasiya, izahlar və şərhlər professor Fərrux Rüstəmova aiddir. O, həm də kitaba “Pedaqoji İnstitutun ilk buraxılış və ya üçillik tarixin salnaməsi” adlı geniş ön söz yazmışdır. Onun tərəfindən kitabda 300-ə yaxın söz və ifadənin izahı verilmişdir. İnstitutun ilk buraxılışı münasibəti ilə birinci dəfə 1924-cü ildə əski əlifbada nəşr olunan “Ali Pedaqoji İnstitutun salnaməsi” kitabı, təəssüf ki, indiyə kimi tədqiqatlardan kənarda qalmış, müasir əlifbaya çevrilərək nəşr edilməmişdir. Nəticədə belə bir zəngin xəzinədən təhsil tarixçiləri, eləcə də maraqlanan oxucular bəhrələnə bilməmişdir.
İnstitutun əsasnaməsinə görə, təhsil müddəti 3 il olmuşdur. 1924-cü ildə Pedaqoji İnstitutun 28 məzundan ibarət ilk buraxılışı pedaqoji məktəblərə və orta məktəblərə göndərilmişdir. “Ali Pedaqoji İnstitutun salnaməsi”də məhz bu, ilk buraxılışa həsr olunmuşdur.
Salnamə “Ön söz”dən və institutun fəaliyyətlərini əks etdirən digər bölmələrdən ibarətdir. Onun hazırlanmasında qarşıya qoyulmuş vəzifənin təfərrüatları ilə verilməsi və bunun hesabatlılıq baxımından ciddi əhəmiyyət daşıdığı aydın görünür.
“Ön söz”də Pedaqoji İnstitutun açılması uğrunda milli ziyalıların (F.Rzabəyli, A.Şaiq, H.Mahmudbəyov, M.Əfəndiyev, S.Hüseynov, C.Cuvarlı, R.Cəfərov və b.) mücadiləsi və milli-mənəvi potensialın formalaşmasında ilk pedaqoji institutun oynadığı rol ətraflı şərh edilir.
İlk pedaqoji institutun açılmasında fədakarlıq göstərən bu ziyalıların fəaliyyəti ilə tanış olarkən oxucu istər-istəməz qürur hissi keçirir və müqəddəs bir amal uğrunda mübarizə aparan həmin şəxslərlə daha yaxından tanış olmaq istəyir. Bu şəxslər kimlər idi? İlk pedaqoji institut haqqında onların düşüncələrində özünə yer tapan müqəddəs ideallar hansılardır? Ali Pedaqoji İnstitutun ilk direktoru Fətulla bəy Rzabəyli deyirdi ki, Pedaqoji İnstitut Azərbaycanda Şərq institutu olaraq bütün türk ölkələrinə yanar məşəl kimi ziya saçacaqdır. Azərbaycan Xalq maarif komissarı Mustafa Quliyevin fikrincə, “Pedaqoji İnstitut Azərbaycanda yeganədir. O, yalnız biz azərbaycanlıların deyil, bütün məhkum Şərq xalqlarının mədəni-maarif qayələrini təmin etməlidir”. A.Əfəndizadə institutu bütün Şərq elmi üçün inqilab məşəli hesab edərək, “Oksford” və “Kembric” universitetləri kimi Şekspirlər, Nyutonlar, Miller və Darvinlər yetişdirməsini arzu edirdi. Belə bir həssas məqamda milli pedaqoji institutun açılmasının əleyhinə olanlar da var idi. Hətta Azərbaycan SSR Xalq Komissarları Sovetinin Ali Pedaqoji İnstitutunun təşkili ilə bağlı müvafiq dekretindən sonra onun fəaliyyət göstərəcəyinə şübhə ilə yanaşanlar və hətta əks-təbliğat aparanlar da olmuşdur. Cavad Cuvarlı belələri haqqında yazırdı: “Bütün yılan, qurbağa və həşərat dilə gəlib, şöylə dedilər ki, a kişi, bu nə sərsəmlikdir, böylə də iş olarmı? Türk Ali Pedaqoji İnstitutu açıla bilərmi? Dəvə hara, hamam hara? Bu işi apara biləcək müəllimlər, mürəbbilər hanı? Yox-yox! Böylə şey olamaz!”. Amma milli ziyalılar bu maarif məşəlini yandırmaqla sübut etdilər ki, Azərbaycanda ali pedaqoji məktəb açmaq mümkündür.
İlk bölmə “Ali Pedaqoji İnstitutun tarixçəsi” adlanır. İnstitutun ilk direktoru Fətulla bəy Rzabəylinin “Azərbaycan birinci dövlət türk Ali Pedaqoji İnstitutunun açılış tarixçəsinə dair”, A.Lukyanovanın “Ünas Ali Pedaqoji İnstitutunun surət-i təşkili və davamı” və Nümunə məktəbinin müdiri Qafur Əfəndizadənin məruzəsi əsasında tərtib olunmuş “Nümunə məktəbinin tarixçəsi” məqalələri verilmişdir.
Məcmuənin “Təşkilati və idarə işləri” adlı ikinci bölməsində Səfər Ramazanzadənin “Ali Pedaqoji İnstitutun tələbə təşkilatı”, Feyzi Məhəmmədzadənin “İnstitutun Kommunist Gənclər İttifaqı özəyi”, “Nümunə məktəbinin təşkilat və idarəsi” məqalələri öz əksini tapmışdır.
Məcmuənin “Tərbiyə və tədris işləri” adlı üçüncü bölməsində “Ali Pedaqoji İnstitutun Ədəbiyyat şöbəsində nümunə dərsləri” (İ.Hikmət), “Ali Pedaqoji İnstitutu 1923-24 sənəsi hikmət-riyaziyyat şöbəsində riyaziyyatdan yapılan tətbiqat dərsləri haqqında izahat” (M.Əfəndizadə), “Təbiət şöbəsində nümunə dərsləri” (E.Rəhimov), “Ali Ünas Pedaqoji İnstitutunda tərbiyə işləri” (A.Lukyanova), “Müvəffəqiyyətin sirləri” (X.Fikrət) verilmişdir.
Məcmuənin “İnstitutun gələcəyi” bölməsində Nəriman Nərimanovun “Elmlərini yeni tamam etmiş müəllimlərə açıq məktub”u, Xalq maarif komissarı Mustafa Quliyevin “Məzunlara xitab” adlı təbrik məktubu verilib. Həmin bölmədə A.Əfəndizadənin (Azaqbəyli) “İctimai həyatda ali pedaqoji təhsilin və azərilər üçün Azərbaycan Ali Pedaqoji İnstitutunun əhəmiyyəti”, E.Rəhimovun “Doğru vədələr”, Abdulla Şaiq Talıbzadənin “İnstitut və Azərbaycan” yazıları yer alıb. Məcmuədə institutun fars ədəbiyyatı tarixi müəllimi Mirzə Möhsünün “Məzun talibə və tələbələrə bir xatirə”, Təbiət şöbəsinin məzunu Əbdülrəşid Əfəndizadənin “Məsul vəzifə qarşısında”, Ədəbiyyat şöbəsinin məzunu H.Surxayın “Vəzifəmiz” yazıları da yer alıb.
Məcmuənin “Duyğular və xatirələr” bölməsində Fatma Tutayevanın, İsmayıl Novruzinin, Qafur Rəşadın, Heydər Verdiyevin, Cavad Cuvarlının, Xədicə Qazızadənin, Sübhanverdi Xanzadənin, E.Tahizin və Atababa Musaxanlının məzunlara təbrikləri verilib, xatirələr paylaşılıb. Məcmuədə məzunlara həsr olunmuş iki şeir də yer alıb: “Ali darülmüəllimat məzunlarına ithaf” (Fatma Tutayeva), “İlk fatehlərə!” (Nəsir Quluzadə).
Bütün bu bölmələr institutun fəaliyyətinə dair faktları əks etdirməklə yanaşı, həm də analitik məlumat rolunu oynayır. Görülmüş işlərin mahiyyət və məzmunu təhlil edilir, həm işlər yerinə yetirildiyi zaman kontekstində dəyərləndirilir, həm də gələcək perspektivlər barədə proqnozlar verilir.
ADPU-nun bir əsrlik yubileyi ilə əlaqədar olaraq 1924-cü ildə nəşr edilən “Ali Pedaqoji İnstitutun salnaməsi” məcmuəsini transliterasiya etməklə latın qrafikasında çapı maraqlı layihə olmaqla yanaşı, həm də nəcib təşəbbüsdür. Professor F.Rüstəmov bu təşəbbüsü həyata keçirməklə Azərbaycan təhsil tarixinin müəllim hazırlığı ilə bağlı bir salnaməsini dəyərli bir hədiyyə olaraq oxuculara təqdim etmiş, onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ərəfəsində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
Ənvər ABBASOV,
Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim