Qısamüddətli layihələr məktəbliləri yaradıcı kəşflərə motivə edir
Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Təhsil cəmiyyətin inkişafının əsasını təşkil edir. Cəmiyyətin inkişaf dinamikası isə çox sürətli templə irəliləməkdədir. Bu baxımdan, mütəmadi olaraq yenilənməyə, mental dəyərləri qorumaqla, beynəlxalq standartlara cavab verməklə daxili keyfiyyətlərimizi də inkişaf etdirməyə daim ehtiyac var. Mütəmadi olaraq təhsil sahəsinə dair qərar və sərəncamlardan, dövlət təhsil proqramlarından xəbərdar olmağa çalışıram, təhsil xəbərlərini izləyir, yenilikləri tətbiq etməyə səy göstərirəm. Bir təhsil işçisi kimi rəy və təkliflərimi həmkarlarımla bölüşmək istədim.
Qarşımızda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın birinci istiqaməti - Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması və bu istiqamətdə strateji hədəflər və tədbirlər üzrə Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması; ikinci istiqamət kimi isə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması tələbi qoyulmuşdur.
Aşağıdakı təhsil istiqamətlərinin aparılmasının müsbət nəticələr verəcəyinə inanıram:
A) Problem Əsaslı Öyrənməyə (bundan sonra PƏÖ) yönəlmiş təhsil proqramları və tədris materiallarının hazırlanması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi;
B) Təhsilalanların istedadının aşkar olunması;
C) Təhsilalanların inkişafının daha da sürətləndirilməsi.
Belə ki, hər kəsə məlumdur, beynəlxalq təcrübələrə əsasən, bu gün insanın nə qədər və hansı səviyyədə nəzəri biliyə sahib olması yox, hansı praktik bacarığa malik olması mühüm əhəmiyyət daşıyır.
İnkişaf etmiş ölkələrdə PBL (Problem Basic Learning) və PƏÖ vasitəsilə təhsilalanlarda bu bacarıqlar formalaşdırılır. Təhsildə yüksək göstəricilərilərinə görə ilkin pillələrə sahiblik edən Şərqi Asiya ölkələrində sözügedən metod və metodologiya tədrisin əsas strukturunu təşkil edir: Qismən oxşar tədris quruluşuna malik Cənubi Koreya birinci, ardıcıl olaraq Yaponiya ikinci, Sinqapur üçüncü və Honkonq dördüncü yerdə qərarlaşır. Bu ölkələrin tədris prosesində müəllimin fasilitasiyası ilə şagird qarşısında müvafiq standarta əsasən problem qoyulur. Qoyulmuş problemin aktuallığı, həlli vacibliyi prioritetləşdirilir. Həlli yolu ilkin formada layihələndirilir və bəsit şəkildə yerinə yetirilir. Eyni zamanda nəzərdə tutulur ki, əldə edilmiş nəticə modeli təkmilləşdirilə bilər. Bu problemin ilkin mərhələdə, bəlkə də, bəsit şəkildə, lakin həlli mümkün olur (fikir tam açılmalıdır). Növbəti dərslərdə həmin bəsit metodları daha da təkmilləşdirilərək daha təkmil və əsaslı şəkil alır, həyata keçirilir. Bu gedişlə şagirdlər hər dəfə eyni problemi sıfırdan deyil, qaldığı yerdən inkişaf etdirməyə fasilitasiya olunur. Lev Viqotskinin dili ilə desək, müəllimlər skafaylinq etməklə (daha aktiv sosial fasilitasiya - şagirdə yol göstərməklə, dəstəkləmək, potensial imkanlarını aşkarlamaqla) şagirdləri “aktual inkişaf zonası”ndan “yaxın inkişaf zonası” na daşıyaraq eyni zamanda sosiallaşdırırlar.
Fikrimcə, şagirdin şəxsi layihələrinə üstünlük verilməli, onun problemgörmə və onu həll etmə istiqamətində bacarıqları aşkarlanmalıdır. Hesab edirəm ki, layihə əsaslı öyrənmə ilkin olaraq sinif otaqlarından, 1 dərs müddətindən (45 dəq) başlanmalıdır. Xüsusi olaraq vurğulamaq istərdim ki, qısamüddətli layihələr daha tez nəticələr verdiyi üçün şagirdləri yaradıcı kəşflərə motivə edir. Bəs şagirdi necə istiqamətləndirməli?
Bunun üçün, ilk növbədə, şagirdə səhv etməkdən qorxmamağı aşılamaq, ona stimul vermək lazımdır. Şagirdə anladılmalı və inandırılmalıdır ki, səhvlər olmadan nəyisə öyrənmək, təcrübə qazanmaq mümkünsüzdür. Daha sonra hər şagirdin yaş psixologiyasını, bilik və bacarıq səviyyəsini, sosial mühitini dəyərləndirməklə problem əsaslı tapşırıqlar verib, onu Korol Dverkin nəzəriyyəsi ilə desək, sabit zəkadan çevik zəkaya yönləndirmək lazımdır. Məsələn, Zümrüd riyazi bacarıqlarını inkişaf etdirərək, sinifdəki şagirdlərə dəstək olmaq üçün keçirilən mövzunu dərsdən sonra əyaniləşdirir. Şamil isə Zümrüdün əyani vəsaitlərindən istifadə etməklə yeni modellər hazırlayır. Deməli, mövcud layihələrin üzərində işləməklə şagird yeni texnologiyalar tətbiq edib, nəticədə daha praktik model hazırlaya bilirsə, demək, təhsilverən prosesi sabit zəkadan çevik zəkaya keçirməyi bacarıb. Bu, praqmatik şəxsiyyət yetişdirə bilmək deməkdir. Bu faktdır ki, müəllim şagirdə “özü olmağı” öyrədəndir. Psixoloji dəstək, formativ qiymətləndirmə, stimullaşdırmadan əlavə belə şagirdlərin təkcə öz şəkilləri deyil, layihədə əldə etdikləri cəmiyyətə fayda verəcək model nəticələri məktəb güşələrini bəzəməli, digər şagirdlərə örnək və istiqamət olmalıdır. Bəlkə də başqa bir şagird həmin layihələrdən ilhamlanıb ilkin versiya kimi güşələrdəki modellərdən birinin üzərində işləyib daha da təkmilləşdirəcək, daha səmərəli formaya salacaq.
Bugünkü təhsilimizin tələbinə əsasən, əsas məqsəd də elə budur: Diferensial təlimə-təlimi fərdiləşdirməyə imkan vermək. Metakoqnitiv - strateji və reflektiv biliklərə malik, iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqlı, səriştəli şəxsiyyət yetişdirmək.
ABŞ yazıçı-sosioloqu, insan yetişdirmə üzrə məşhur mütəxəssis Çarls Con Huffam Dikensin təbirincə, insan başqalarının inkişafına kömək etmirsə, həqiqətən inkişaf edə bilməz. Bəli, müəllimlərin həm özlərinin, həm də şagirdlərin yetişdirilməsi məqsədilə “Təhsilverənlər üçün kiçik layihələrin dəstəklənməsi proqramı”nın hazırlanıb istifadəyə verilməsi faydalı ola bilər.
Təklif edirəm, PƏÖ bütün siniflərdə tədris planına salınsın, əsas fənn müəllimləri STEAM kurslarından keçməklə öz ixtisasları üzrə dərs saatlarından əlavə dərs dedikləri siniflərdə STEAM dərslərini tədris etsinlər. Çünki PƏÖ təlim metodologiyası əsasən STEAM yeni öyrənmə sistemində özünü əks etdirir.
Nədir STEAM?
- STEAM (SCİENCE, TECHNOLOGY, ENGİNEERİNG, ART, MATH.) Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat - fənlərinin inteqrativ tədrisini özündə əks etdirən, cəmiyyətimizin inkişafı üçün mövzuların və texnikaların inteqrativ birləşməsini dəstəkləyən səriştə və nəticə əsaslı diferensiallaşdırılmış fəndir. Hansı ki, burada müəllim öz fənninin inteqrativliyini praktik əsaslarla nümayiş etdirə bilər.
Sonda məqaləmi Aristotelin bir sitatı ilə yekunlaşdırmaq istəyirəm: “Təhsildə bacarıqların inkişafı ağlın inkişafından əvvəl olmalıdır”.
Leyla HACIYEVA,
S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının təlim-tərbiyə işləri üzrə direktor müavini