Məktəbdə coğrafiya kabinetləri və muzeylər


Müasir dövrdə coğrafiya elmi sahəsində aparılan tədqiqat işlərinin nəticələri yeni yaradılan vəsaitlər sistemində (xəritə, sxem, plan, coğrafi rəsm, şəkil və s.) öz əksini tapır. Məlum olduğu kimi, məktəbdə şagirdlər başqa fənlərlə yanaşı coğrafiya fənninin əsaslarını öyrənirlər. Ölkəmizdə elmin, mədəni və texniki tərəqqinin sürətli inkişafı coğrafiya fənni üzrə tədris vəsaitinin müntəzəm olaraq təkmilləşdirilməsinə səbəb olur. Bu fənlərin tədrisi zamanı qarşıda duran ən mühüm vəzifələrdən biri də müxtəlif növlü vəsaitləri toplayıb, yeri gəldikcə dərslərdə onlardan istifadə etməkdir. Bu iş isə məktəbdə coğrafiya kabinetində həyata keçirilə bilər. Coğrafiya fənninin tədrisi üçün xüsusi təchiz edilmiş kabinet zəruridir. Məktəb coğrafiyası dərs kitabını mexaniki surətdə əzbərləməkdən, coğrafi hadisələrin dərindən öyrənilməsinə və izah edilməsinə keçməyə başladığı zaman təbii olaraq tədrisin əyaniliyinə olan tələblər artır.

 

Həqiqətdə də tədris vəsaitinin zənginliyinə, müxtəlifliyinə və əhatə dairəsinə görə coğrafiya biologiya, kimya və fizikadan geri qalmır, halbuki bu fənlərin kabinetsiz tədrisinə yol verilmir. Təkcə bütün ölkələrə aid xəritələrin sayı 30-40-dan az deyildir. Cədvəl və şəkil (divar və albom şəkilləri, stereoskopik şəkillər, diapozitivlər, diafilmlər və s.) kimi tədris vəsaitinə gəldikdə heç elə bir hədd yoxdur ki, müəllim onları topladıqdan sonra kifayət qədər vəsaiti var deyə bilsin. Bundan başqa müəllim qlobuslar və fiziki coğrafiyaya aid müxtəlif cihazları, iri relyeflər, təbii vəsait kolleksiyasını, cizgi ləvazimatını, əməli işlər üçün zəruri olan materialı (qum, gil, yapışqan və s.) habelə atlasları, xəritələri, şəkilləri, müxtəlif illüstrasiyaları, modelləri, təcrübə nümayişinə dair müxtəlif avadanlıqları, əyani vəsaiti nümayiş etdirmək üçün zəruri olan qurğuları, dərs kitablarını, başqa coğrafi ədəbiyyatları yığmaq üçün də bir neçə şkaf lazımdır.

 

Məktəblərin əksəriyyətində coğrafiya kabinetləri olduğu halda, bəzilərində onların zənginləşdirilməsinə, dərslərin kabinet sistemində keçirilməsinə o qədər də diqqət yetirilmir. Bundan başqa, uyğun olmayan otaqda vəsaitin yerləşdirilməsi də (xəritə və şəkillərin asılması, relyeflərin maketinin düzülüşü) bir sıra çətinliklər törədir; belə otaqlarda xəritə asmaq üçün yer və qarmaq olmur, dərs əsasında isə bir deyil, bir neçə xəritə tələb olunur, belə otaqlarda relyefin maketi və ya qlobus qoymaq üçün masa da olmur, diapozitivləri, diafilmləri göstərmək üçün buranı qaranlıq etmək də mümkün olmur və s. Bu cür otaqlarda enidioskop, filmskop, kodoskop və elektron dərslikdən istifadə etmək çox çətindir. Bütün bunlar dərsin xüsusi coğrafiya kabinet-sinfində və ya auditoriyasında aparılmasını tələb edir.

 

Nəhayət, bir ehtiyac da hiss edilir: o da məktəbdə kabinet muzeyi, yaxud tədris vəsaiti və şagird işlərinin daimi sərgisi olmasından ibarətdir. Belə muzeydə şagirdlərin ölkəşünaslıq sahəsində apardıqları işin nəticələri, müxtəlif xəritələr, planlar, profillər, diaqramlar, model və relyef maketləri, uşaqlar tərəfindən toplanmış təbii material nümunələri, həvəskar fotoşəkillər və s. qoyula bilər. Bura, həmçinin coğrafiya səyahətləri haqqında məlumat, onların səyahət xəritəsi, şəkilləri və başqa tədris vəsaiti də qoymaq olar.

 

Beləliklə, əsl mənada ən yaxşı coğrafiya kabineti dörd otaqdan ibarət olmalıdır:

 

1.Kabinet-sinif (auditoriya), 2.Vəsait saxlanılan kabinet, 3.Kabinet-laboratoriya, 4.Kabinet-muzey və ya daimi ölkəşünaslıq sərgisi.

 

Göstərdiyimiz vəzifələrə xidmət edə bilən və xüsusi təchizatı olan bir otağın olması vacibdir.

 

Xüsusi olaraq qeyd etməliyik ki, artıq Heydər Əliyev Fondunun vəsaiti hesabına yeni tikilən məktəb binalarında yüksək səviyyəli müasir tələblərə cavab verən kabinetlər yaradılmışdır. Həmin kabinetlər təsviri əyani vəsaitlərlə təchiz edilmişdir. Coğrafiya kabinetlərinin dörd tipindən hər birinin ayrılıqda zahiri görünüş cəhətdən ödəməli olduğu tələbləri vardır.

 

Kabinet-auditoriya kifayət dərəcədə böyük olmalıdır. Belə ki, bir sinfin və ayrı-ayrı hallarda (məs: diapozitiv göstəriləndə, elektron dərsliklərdən istifadə edəndə), hətta iki sinfin şagirdləri bura asanlıqla yerləşsinlər. Kabinetlərin zahiri tərtibatının orijinallığı, burada şagirdlər üçün işçi yerlərinin yaradılması, onların mövcud standartlara uyğunluğu, müəllim üçün masanın tərtibi, orada zəruri kommunikasiyaların quraşdırılması, tədris lövhəsi, təsviri əyani vəsaitlərlə təchiz edilməsi didaktik materialların saxlanılması üçün qapalı yerlərin olması vacibdir.

 

Müəllimin masası azı 2 m uzunluqda olmalıdır ki,  burada qlobus, relyef və model kimi iri vəsaiti nümayiş etdirmək çətinlik törətməsin. Masanın üstünə elektrik lampası qoymaq üçün yaxınlıqda elektrik sıxacı da olmalıdır, lampadan və qlobusdan istifadə edərək ilin müxtəlif fəsillərində Günəşin Yeri necə işıqlandırmasını izah etmək mümkün olsun.

 

Ön divarda, yazı taxtası ilə yanaşı xəritələr asılmalıdır. Bunlar üçün tavanda xüsusi qurğu düzəldilir və buna ən lazımi xəritələr bənd edilir. İstənilən xəritə lazım olduqca pərdə kimi tavandan aşağı endirilir və istifadə edildikdən sonra yenə yuxarı çəkilir. Əgər belə xəritəni qaldırmaq-endirmək qurğusunun düzəldilməsi çətin olarsa, xəritəni divardakı qarmaqlardan asmaq olar; xəritənin ağacı olmadıqda, onu basma mıxlar vasitəsilə taxta zolaqlara vurmaq lazımdır. Belə nazik taxta zolaqlar kabinet-auditoriyanın divarlarına bir neçə cərgə ilə vurulmalıdır ki, onlardan cədvəllər, şəkillər, diaqramlar, əlavə xəritələr və s. asıla bilsin.

 

Kabinet-auditoriya tavanının ortasında iri qara xətlərlə sinfin meridian və paralel istiqamətlərini çəkib onların üzərinə məhəlli uzunluq və enlik dairələrini qeyd etmək arzu olunur. Əgər kompasın meyli 50-dən artıqsa, onu buradaca qırmızı xətlə göstərmək olar. Tavandan maqnitli iri bir ox asılsa, daha yaxşıdır.

 

Böyük relyefin gipsdən hazırlanmış maketi və bəzən şəkli qoymaq üçün püpitr kimi maili səthli xüsusi altlıqların olması da çox yaxşıdır: bunların üstünə qoyulan relyef formaları və şəkilləri masaya yaxınlaşmadan da asanlıqla görmək olar.

 

Xəritə saxlamaq üçün ən əlverişli üsul xəritələri öz ağaclarına möhkəm sarıyıb qayış bağ və ya qaytanla bağladıqdan sonra divarlara bənd edilmiş dayaz ağac yuvalara dikinə qoymaqdan ibarətdir; bu yuvalar yuxarı tərəfdən adi pəncərə cəftələri ilə bərkidilir, yuxarıdakı hər yuvanın qarşısında döşəmədə də belə yuvacıq vardır ki, xəritənin digər ucu bunun içinə qoyulduqda tərpənmir. Hər xəritəyə yarlıq bənd edilməlidir. Yarlıqda xəritənin adı və nömrəsi yazılmalıdır. Nömrələr sıra ilə getdiyinə görə hər xəritə seriyasının yanından sıra ilə xəritələrin adları yazılmış siyahı asıldığına görə nömrələrdən istifadə edərək istənilən xəritəni tapmaqda heç bir çətinlik törətmir. Götürülən xəritələri öz yerinə qoymaq da çox sadədir. Xəritələri ölkələrə görə ayırmaq daha əlverişlidir; hər ölkənin xəritələri də kateqoriyalara ayrılmalıdır. Xəritə seriyalarının üstündən divara yarlıqlar vurulmalıdır: yarlıq da iri xəritələrə yazılmalıdır. “Dünya xəritələri və yarımkürələr”, “Türk dünyasının xəritəsi”, “Azərbaycanın xəritəsi” və s.

 

Həmçinin kabinetdə təlimin texniki vəsaitləri kinoproyektor, kadoskop, epidiskop, filmskop, hesablama texnikası, televizor, maqnitofon, diapozitivlər, stereoskopik və başqa şəkilləri saxlamaq üçün şkaf olmalıdır; bu şkafa cihaz, model və kiçik relyef formalar da qoyula bilər. Təbii halda olan vəsaiti isə üzü şüşəli sərgi masalarında saxlamaq daha yaxşıdır. Laboratoriyada gil, plastilin, yapışqan, rəng, faner, şüşə, məftil, çəkic, qayçı, mıx və s. üçün, həmçinin kontur xəritələri, müxtəlif cizgi, sxem, rəsm və s. başqa çəkmək işində istifadə olunan millimetrli və başqa kağızları saxlamaq üçün ayrı-ayrı şkaflar olmalıdır. Qlobuslar və telluri şkafların üstünə qoyula bilər. Kabinet kitabxanası, atlaslar, dərs və sorğu kitabları üçün də xüsusi şkaf ayrılmalıdır.

 

Coğrafiya kabineti məktəbdə dərs vaxtında və dərsdən kənar vaxtda aparılan bütün coğrafi işlərin mərkəzi olmalıdır. Coğrafiya dərnəyinin məşğələləri  kabinetdə keçirilməli, həmçinin ölkəşünaslıq işləri burada getməlidir. Şagirdlər referatları, divar qəzetləri və cari hadisələrin xəritələri üçün burada material hazırlamalı, xəritə çəkmək, təcrübə üçün cihaz hazırlamaq və təcrübə aparmaq da olmalıdır. Bütün coğrafiya dərslərinin və bu fənnə aid olan əməli işlərin coğrafiya kabinetində aparılması arzu edilir. Buradan, həmçinin xüsusi şərait tələb edən diapozitiv, diafilm, videofilm, tədris kinofilmlərindən, elektron dərsliklər, kompüter dərsləri üçün də istifadə etmək olar.

 

Coğrafiya kabinetlərinin axırıncı tipi daimi sərgisi olan məktəb coğrafiya muzeyindən ibarətdir: buradakı sərgiyə şagirdlər tərəfindən toplanmış müxtəlif coğrafi kolleksiyalar, şagirdlərin coğrafiya üzrə hazırladıqları işlər, həmçinin kursun müəyyən şöbəsini əks etdirən bütün əyani vəsaitlər qoyulur. Bu sərgi bütün tədris ili ərzində tədricən təzələnməlidir: belə kabinetlərdə şagirdlərin dərsdənkənar vaxtda tamaşa etməsi üçün şəkillər, təbii halında olan müxtəlif vəsait, modellər və lazımınca xəritələr də qoyulur. Bütün bunlar dərs dəyişdikcə təzələnir.

 

İstər şagirdlərin müstəqil çəkdikləri və istərsə hazır konturlara əsasən düzəldilən xəritələr, kartoqramlar, diaqramlar, maketlər, şagirdlərin topladıqları material nümunələri, habelə bitki və heyvanat aləminə aid nümunələr ayrı-ayrı mənzərələrə, coğrafiyaya və yaşayışa aid fotoşəkillər - bütün bunlar coğrafiya-kabinet muzeydə yerləşdirilə bilər.

 

Əgər təcrübəli müəllimin rəhbərliyi altında şagirdlər məktəbə əllərinə keçən hər şeyi deyil, müəyyən sahəni aydınlaşdıran müntəzəm sistemli əşyalar gətirərsə, bu iş, şübhəsiz, onlara öhdələrinə götürdükləri hər hansı vəzifəyə ciddiyyət və diqqətlə yanaşmağı öyrədir. Belə təcrübələrin metodiki əhəmiyyətini də danmaq olmaz: şagirdlərin gətirdikləri materialların çoxundan coğrafiya dərslərində əyani vəsait kimi istifadə etmək olar; bunlar uşaqların coğrafi hadisələr haqqında kitablardan əxz etdikləri təsəvvürləri tamamlaya bilər. Məsələn: bu və ya digər rayona xas olan mədəni bitki nümunələri, səciyyə təşkil edən yerlərin və hadisələrin fotoşəkilləri və s. belə metodlardan hesab edilir.

 

Müxtəlif  vəsaitdən  və  hətta  xəritələrdən  ibarət  olan belə sərgiləri yalnız  coğrafiya  məşğələləri  üçün  ayrılmış  xüsusi  otaqlarda  təşkil  etmək  əlverişlidir.

 

Kabinet-muzeylərdə eksponatların yerləşdirilməsi üçün əsas şərt bunların yaxşı görülə bilməsidir. Eksponatlar elə düzülməlidir ki, hər biri rahat görünə bilsin, faydalı təsir bağışlasın və dərsə münasib olması haqqında şübhə oyatmasın. Xəritələr (bunlar, əlbəttə, çox olacaqdır) adi və hətta ən sadə dəstəklər üzərində qoyula bilər. Divar şəkilləri üçün taxtadan düzəlmiş bir neçə sadə çərçivə hazırlanmalıdır, bunlar şüşəsiz olmalı və şəkil bənd etmək üçün heç bir şeyi olmamalıdır. Çünki şəkillər çərçivənin içəri tərəfinə basma mıxlarla bərkidilir və buna görə də asanlıqla dəyişdirilə bilər. Təbii tarixi və texnoloji kolleksiyalara gəlincə, bunlar üçün heç olmasa sadə, lakin kilidlənən şüşəli sərgi masası olmalıdır, çünki əks-təqdirdə materiallar tez itə bilər. Relyef maketləri, modellər, qlobuslar və müxtəlif cihazlar masa üzərinə qoyula bilər. Bir sözlə, kabinet-muzeydə vəsait düzülərkən adi sərgilər nümunə tutulmalıdır; buradakı fərq yalnız ondan ibarət olur ki, kabinet-muzeydə materialların təsnifi coğrafiyanın tədrisinin məqsədlərinə uyğunlaşdırılır. Bu məqsədlə elə tədris vəsaiti toplanmalıdır ki, öyrənilən ölkənin xüsusiyyətlərini əks etdirə bilsin. Onun obyektlərinin xüsusiyyətlərini mümkün qədər ətraflı surətdə göstərsin. Buradakı vəsait bir-birini tamamlamalıdır. Ölkənin relyef təsvirləri xəritədə mükəmməl təsvirini tapmalı, flora və faunanı, məhəlli canlandırmalı, evlərin və başqa binaların modellərini, yaşayış məntəqələrinin tiplərini göstərməli; süxurların, torpaq növlərinin və insan əməyi ilə istehsal olunan məmulatın nümunələri şagirdlərin öz ölkələrinin siması haqqındakı təsəvvürlərini tamamlamalıdır.

 

İzahedici yarlıq və yazıların əhəmiyyəti də nəzərdən qaçırıla bilməz: bunlar qısa və aydın olmalı, sərgiyə gələnlərin əsasən fikir vermələri olduqları ən mühüm cəhətləri göstərməlidir.

 

Firduz ƏHMƏDOV,

R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

 

Lətifə ƏHMƏDOVA,

251 nömrəli tam orta məktəbin coğrafiya müəllimi