Həsən bəy Zərdabi: “Bizim zəmanəmiz elm zamanıdır...”


(Əvvəli ötən sayımızda  https://muallim.edu.az/news.php?id=12175)

 

Həsən bəy Zərdabi 1872-ci ildə “Qafqaz” qəzetində Tiflis “Müqəddəs Nina” Qadın gimnaziyasını bitirən qızların siyahısında Hənifə Aslan bəy qızı Abayeva adlı yeganə müsəlman qızının adını oxuyur. Həmin qızla tanış olmaq məqsədilə təcili Tiflisə yollanır. Həsən bəy qızı tapır, bəyənir və ona evlənmək təklif edir. Şimali Qafqazda yaşayan türk xalqlarından olan balkar qızı Hənifə xanım onun xoşniyyətli təklifini qəbul edir. Məktəbə dəvət olunan molla tərəfindən kəbin kəsilir. Bununla da Həsən bəy müsəlmanlar arasında ilk olaraq valideynlərin razılığı olmadan gənclərin müstəqil evlənmə, mətbuat vasitəsilə tanış olub ailə qurmaq ənənəsinin əsasını qoyur...

 

Təhsilli gənc xanımla Bakıya dönən Həsən bəy öz mənzilində 2 kimsəsiz və yoxsul uşağın tərbiyəsi və məktəbə hazırlığı işini Hənifə xanıma həvalə edir. Tezliklə uşaqların sayı 10-a çatdırılır. Lakin ianə verənlərin sayının get-gedə azalması səbəbindən “Cəmiyyəti-xeyriyyə” 2 ildən sonra qapanmaq zorunda qalır...

 

Həsən bəy gimnaziyada təhsil alan yoxsul uşaqların təhsilinə kömək məqsədilə yollar arayır və nəhayət, onlardan birini tapır... Hələ Tiflisdə işlədiyi zaman “Rusiyada iki böyük türkçüdən biri” (Ziya Göyalp) olan Mirzə Fətəli Axundzadə komediyalar kitabından birini Həsən bəyə hədiyyə etmişdi.

Həsən bəyin rəhbərlik və təşkilatçılığı ilə “Hacı Qara” əsərini 1873-cü ildə gimnaziyanın salonunda öz şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Goraninin köməyi ilə (hər iki gimnazist sonralar Moskva Kənd Təsərrüfatı Akademiyasını bitirmişdi) tamaşaya qoyulur. Tamaşadan toplanan vəsait yoxsul şagirdlərin təhsil xərclərinə yönəldilir.

Bununla da,  Həsən bəy Zərdabi Azərbaycan mədəniyyəti tarixinin şanlı bir səhifəsinə - ilk peşəkar milli Azərbaycan teatrının yaradılmasına öz əbədi imzasını atmış olur.

 

Lakin müsəlmanların teatra həvəslə gəlməmələri Həsən bəyi başqa vasitələrlə yoxsul və kimsəsizlərin təhsilinə yardım üçün vəsait axtarışına məcbur edir. Nəticədə ana dilində mətbuat orqanı - qəzet açmaq, onun vasitəsi ilə maarifçiliyi yaymaq ideyası baş qaldırır. Həsən bəy Zərdabi özünün “Həyat” qəzetində çap olunmuş “Rusiyada əvvəlinci türk qəzetəsi” adlı məqaləsində “Əkinçi” qəzetinin yaranması səbəblərini belə izah edirdi:

 

“-Dünyada ittifaq  olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü-malımıza sahib olurlar...

 

Belə də nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın!...

 

Belədə qəzetə çıxarmaqdan savay bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar... Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar...” (“Həyat” qəzeti 28.12.1905 , N129)

 

Beləcə böyük amallar-millətin maariflənməsi üçün anadilli qəzetin dəyərini dərindən dərk edən Həsən bəy Zərdabi gərgin mübarizələr və çoxsaylı yazışmalardan sonra qəzetin çapına razılıq alır. 1875-ci il iyulun 22-də Bakıda ana dilində ilk Azərbaycan qəzeti “Əkinçi”nin ilk nömrəsi Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-mayoru Abdulla bəy Bakıxanovun maliyyə yardımı ilə çapdan çıxır.

Bununla da Həsən bəy növbəti “ilk”lərdən birinə-milli mətbuatın təməlinin qoyulması şərəfinə nail olur. Deməliyik ki, qəzetə “Əkinçi” adı təsadüfi verilməmişdi. Bu adda qəzetin kənd təsərrüfatı təmayüllü olmasını düşünmək yanlışlıq, sadəlöhvlük olardı. Həmin ad altında dərin və böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı nəzərdə tutulmuşdu. Qəzeti nəşr etməkdə əsas məqsəd, başlıca qayə həmvətənlərinin qəlbinə, şüuruna maarif, elm, mədəniyyət toxumu səpməkdən ibarət idi. Başqa sözlə, maarif, təhsil əkinçisi üçün ən böyük meydan, münbit tarla şüurunu milli biganəlik, nadanlıq və cəhalətin “alaq otları” basmış geniş kütlə, savadsız xalq ola bilərdi...

 

“Əkinçi”nin məram və məqsədləri qəzetdə bu cür təqdim olunurdu:

“Əkinçi” - tərbiyəçi olub xalqın xoşbəxtliyi haqqında düşünür, xalqın maariflənməsinə çalışır;

“Əkinçi” - bələdçi olub dünyəvi elmlərin öyrənilməsinə və insanları işığa, yaxşılığa səsləyir;

“Əkinçi” - bir ayna kimi bütün əyrilikləri göstərir, təmizliyin, səadətin, xoşbəxtliyin yoluna işıq tutur;

“Əkinçi” - bir həkim kimi insanları acı dərmanlarla nadanlıq xəstəliyindən müalicə edir ki, bizdən sonra gələnlər nadanlıq mərəzinə tutulmasınlar... (Ətraflı bax: Əkinçi: (1875-1877) Tam mətni. Bakı 2005 s. 379-380).

 

Bəli, “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi (1875-1877) illərdə özünün müqəddəs amalına - xalqın maariflənməsinə ləyaqətlə xidmət etdi. O, tezliklə xalq maarifi və mədəniyyətinin, ana dilli məktəblərin böyük çarçısı oldu. Lakin bu sevincli günlər uzun sürmədi. Bu işdə də erməni xəyanəti öz işini gördü. “Əkinçi”nin mürəttibi Minasovun donosları nəticəsində “Əkinçi” qapandı. “Əkinçi” bağlansa da, onun əkdiyi maarif, elm və mədəniyyət toxumları tezliklə öz bəhrələrini verdi: yeni-yeni məktəblər açıldı, qəzetlər yarandı... “Əkinçi”nin davamçısı Krımda böyük mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə türk dilində ikinci qəzet olan “Tərcüman” (1883-1919) Həsən bəyin dostu böyük türkçü İsmayıl bəy Qaspıralının redaktorluğu ilə nəşrə başladı. Bu qəzetin nəşrini Həsən bəy türklüyün bayramı kimi qarşılamışdı...Çox maraqlıdır ki, sonralar türk dünyasında “Üsuli-cədid məktəb”lərinin (müasir avropa tipli məktəblər) böyük carçısı, “Dildə, fikirdə, əməldə birlik” ideyasının müəllifi olan İsmayıl bəy Qaspıralı Rusiyada türkdilli mətbuatın “Əkinçi” qəzeti ilə başlandığını etiraf edir, Həsən bəyi isə bu sahənin patriarxı, özünün böyük müəllimi adlandırırdı...

 

Qəzetin qapanmasından sonra Həsən bəyin qara günləri başlandı. Düşmənləri onu təqib etməyə başladılar. Günlərin birində Həsən bəyə məlumat verildi ki, sərdarın əmri ilə məcburi qaydada Yekaterinodara (Stavropola) gimnaziyaya müəllim göndərilirsiniz. Lakin H.Zərdabi “Mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirəm”, - deyərək öz ərizəsi ilə müəllimlikdən istefa versə də, Stavropolda 5 illik sürgün həyatı yaşamağa məcbur edildi... (Çox qəribədir.  Tarixin ironiyasına baxın. Stavropola getməkdən imtina edən Həsən bəyin böyük oğlu Midhət bəy Məlikovun ailəsi keçən əsrin 30-cu illərində “qırmızı terrora” məruz qaldı. Özü güllələndi. Ailə üzvləri - həyat yoldaşı Lidiya xanım və qızı Fatma Məlikova Stavropola köçüb orada məskunlaşmaq zorunda qaldılar. Həsən bəyin kötükcəsi Hacağa Stavropolda tibb təhsili almışdı...).

 

Stavropoldakı sürgün  həyatını başa vuran Həsən bəy 1881-ci ildə doğulduğu Zərdab kəndinə qayıdıb orada yaşamaq məcburiyyətində qalır. Böyük ömrün bu illəri də doğma xalqa xidmətdə keçir. Mühafizəkarların fitnə-fəsadlarına, acı tənələrinə mərdliklə dözən Həsən bəy burada da maarifçilik əməllərini davam etdirir, müxtəlif qəzetlərə məqalələr yazıb göndərir, “Dildə, fikirdə, əməldə birlik” ideyasını, təhsildə yenilikçiliyi, müasirliyi təbliğ edən İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetindəki fikirlərinin əhali arasında yayılmasını təşkil edir. Lakin düşmənləri onu “şapkalı urus”, “sünni Həsən bəy” adlandırıb nüfuzdan salmaq istəyirdilər... Yeri gəlmişkən, deməliyik ki, Həsən bəy hökumət idarələrində uzunmüddətli xidmətinə görə “Müqəddəs Anna” qızıl medalı ilə təltif olunmuşdu. Lakin onu heç zaman yaxasına taxmamışdı. Hətta Qafqazın sərdarı Bakıya gələndə xaç şəkilli medalı döşünə taxmamaq üçün özünü xəstəliyə vurmuşdu... Bəli, Həsən bəy rus təhsilli olsa da, milli ruhlu, vətənpərvər ziyalı idi, əsil müsəlman təəssübkeşi və türk milliyyətçisi idi...

 

Uzun ayrılıqdan sonra Həsən bəy 1896-cı ildə öz  uşaqlarının təhsilini davam etdirmələri səbəbindən Bakıya köçür. Onu da bildirək ki, iki il əvvəl Həsən bəyin kürəkəni Ə. Topçubaşov da ailəsi ilə birgə Tiflisdən Bakıya köçmüşdü. Əvvəl “Kaspi” qəzetində işləməyə başlayır. Çox keçmir ki, Bakı şəhər Dumasına qlasnı (deputat) seçilir, maarif komissiyasının üzvü olur. O, hər zaman Dumanın iclaslarında şəhərin uzaq məhəllələrində məktəb və xəstəxana açılması məsələsini qaldırır, çox hallarda onun müsbət həllinə nail olurdı. Təsadüfi deyil ki, onun deputatlıq vaxtında “Rus-tatar (Azərbaycan)” məktəblərinin sayı üçdən on altıya yüksəlmişdi. Həsən bəy həmin məktəblərdə ana dili tədrisinin həcmini artırmaq uğrunda daim mübarizə aparırdı. Bakıdakı xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda milli ziyalıların bir araya gəlməsində, vahid milli Azərbaycan ideyası ətrafında birləşməsində H.Zərdabinin müstəsna rolu olmuşdu.

 

Bu dövrdə onun qadın təhsili ilə bağlı ideyalarının gerçəkləşməsi istiqamətində mühüm hadisələr baş verdi. Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi və H.Zərdabinin ideya müəllifliyi ilə 1901-ci ildə Bakıda Aleksandra Fyodorovna adına rus-müsəlman Qadın Məktəbi (“Tağıyevin Qız Məktəbi”) açıldı. Bununla böyük maarifçi H.Zərdabinin uğrunda illərlə mübarizə apardığı azərbaycanlı qızlar üçün təhsil müəssisəsi yaratmaq ideyası reallaşdı.

Bu məktəbin açılmasında müstəsna rol oynamış H.Zərdabi həmin məktəbin Nizamnaməsini də özü yazmış, məktəbin qəyyumlar şurasının üzvü seçilmişdi. Məktəbin ilk müdiri Həsən bəyin ömür-gün yoldaşı və silahdaşı Hənifə xanım Məlikova - Abayeva təyin edilmiş, kürəkəni Ə.Topçubaşov məktəbin qəyyumlar şurasının üzvü seçilmişdi...

 

Bu da tarixi həqiqətdir ki, H.Zərdabinin təşəbbüsü ilə Bakıda Azərbaycan müəllimlərinin 2 qurultayı çağırılmış, 1906-cı ildə keçirilən I qurultay onun sədrliyi ilə baş tutmuş, ciddi qərarlar qəbul edilmişdi. II qurultayda Həsən bəy xəstə olduğu üçün iclaslarda iştirak etməsə də, qurultaya (həmin qurultayda sədrliyi Əli bəy Hüseynzadə etmişdi) təbrik məktubu göndərməyi unutmamışdı...

 

Həsən bəy xəstə olduğu dövrlərdə də xalqın maarif və mədəniyyəti naminə məsləhətlərini əsirgəməmişdi. Fərhad Ağazadənin xatirələrinə görə, bir gün Üzeyir bəy Hacıbəyov xəstə Həsən bəyi ziyarət edir. Həsən bəy əl işarələri ilə ondan bir opera yazmasını xahiş edir. Təklif məmnuniyyətlə qəbul edilir. 1908-ci ildə “Leyli və Məcnun” operası beləcə yaranır...

 

Azərbaycan maarifçilik hərəkatının korifeylərindən olan Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də Bakıda dünyasını dəyişdi. Ertəsi gün böyük izdiham və təntənə ilə şəhərin  Bibiheybət qəbiristanlığında dəfn olundu. Azərbaycanın XX əsr tarixində o zaman üçün görünməmiş qələbəliklə keçən dəfn mərasimində böyük maarifçinin cənazəsini çiyinlərdə daşıyan insan axını üç yerdə - Bakının məşhur Qasımbəy məscidinin həyətində, “Kaspi” qəzetinin redaksiyasının (redaksiya indiki Sabir bağında yerləşirdi. 1918-ci il mart hadisələrində ermənilər tərəfindən yandırılmışdı) və Bakı şəhəri Dumasının qarşısında dayanmış, Həsən bəyin xidmətləri haqda nitqlər söylənmişdi. Dəfn mərasimində məşhur ziyalılardan Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Qara bəy Qarabəyov, Məmmədhəsən Əfəndiyev, İsgəndərbəy Məlikov, Haşım bəy Vəzirov, İsa bəy Aşurbəyov və başqaları nitq söyləmişdilər. Həsən bəy bütün işlərdə olduğu kimi, ölümü ilə də “ilk”inliyini qorumağı bacardı... Bakı şəhər Duması Həsən bəyin xatirəsini əbədiləşdirmək üçün şəhər məktəblərindən birinə adının verilməsi, abidəsinin qoyulması və Moskva Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrə vermək üçün “Həsən bəy Zərdabi təqaüdü” təsis edilməsi haqqında qərar qəbul etmişdi.  Bunlardan yalnız sonuncusu yerinə yetirildi. Belə ki, Moskva Dövlət Universitetinin tələbələri olmuş Mustafa bəy Vəkilov, Tağı bəy Qəniyev, eləcə də Riqa Politexnik İnstitutunda bir müddət təhsil almış Həsən bəyin kiçik oğlu Səffət bəy Məlikov həmin təqaüdü almışdılar...

 

Onu da deyək ki, bu böyük insanın qəbri 1937-ci ildə Bibiheybət məscidi dağıdılanda köhnə Bakı qəbirstanlığına, 1948-ci ildə Nazirlər Sovetinin qərarı ilə Bakıda Fəxri Xiyaban yaradılanda ora köçürülmüşdür... (Bax: Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu, 2007) Qəbri nurla dolsun...

 

Bir neçə kəlmə də Həsən bəyin ailə üzvləri haqda demək istərdim. Həsən bəyin arvadı Hənifə xanım 1856-cı ildə Nalçikdə anadan olmuş, 1929-cu ildə Bakıda dünyasını dəyişmişdir. Görkəmli maarif xadimi kimi tariximizə imza atmış Hənifə xanım H.Z.Tağıyevin “Qız məktəbi”ndə, Bakı I rus-Azərbaycan məktəbində, Xalq Cümhuriyyəti dövründə I Qadın türk məktəbində müdir, sovet dövründə Bakı şəhər I pillə məktəblərində müəllim işləmişdir. 1925-ci ildə “Əkinçi” qəzetinin 50 illiyi ilə əlaqədar Həsən bəy Zərdabinin bioqrafiyasını qələmə almışdı...

 

Həsən bəyin dörd övladı - iki oğlu, iki qızı olmuşdu.

 

Böyük qızı Pəri xanım 1873-cü ildə Bakıda doğulmuş, 1893-cü ildə Tiflis Qadın Gimnaziyasını bitirmişdir. O, görkəmli siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. Beş övladı (üç oğlu və iki qızı) vardı. 1920-ci ildən  Fransada yaşayıb və 1947-ci ildə orada vəfat edib.

 

İkinci qızı Qəribsoltan xanım 1889-cu ildə Zərdabda anadan olub, 1967-ci ildə Bakıda rəhmətə gedib. Övladı olmayıb. Görkəmli bəstəkar Rauf Hacıyev və bacısı Adilə xanımın təlim-tərbiyəsində xüsusi xidmətləri olub. Onlara analıq edib. Tağıyevin Qız məktəbinin məzunu kimi uzun illər müəllimliklə məşğul olub.

 

Böyük oğlu Midhət bəy Moskvada ali texniki təhsil alıb. Ötən əsrin mənfur 30-cu illər repressiyasının qurbanı olub. Onun yeganə övladı 1925-ci ildə anadan olmuş Fatma xanım repressiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdı...

 

Həsən bəyin kiçik oğlu Səffət bəyin doğum və ölüm tarixləri məlum deyil. O, 1914-17-ci illərdə Riqa Politexnik İnstitutunda oxumuş, Rusiyada fevral çevrilişi səbəbindən təhsilini tamamlaya bilməmişdi. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə xaricə ali təhsil almağa göndərilən 100 azərbaycanlı tələbədən biri kimi Almaniyada ali təhsilini 1922-ci ildə tamamlamışdı. Sovet rejimindən qorxaraq vətənə dönə bilməmişdi. Bir müddət Parisdə bacısı gildə yaşamış, sonra İstanbula köçərək, orada da ömrünü başa vurmuşdu. Səffət bəydən sonuncu məktub Rauf Hacıyevə 1970- ci ildə gəlmişdir. Bundan sonra nə ondan, nə də arvadı Nəfisə xanımdan bir xəbər olmuşdu. Azərbaycan sovet hökuməti 1921- ci ildə onun “varlı ailədən olduğunu və Ə.Topçubaşovla qohumluğunu”  əsas gətirərək dövlət təqaüdündən məhrum etmişdi. Hənifə xanım Xalq Komissarlar Soveti və Maarif  Komissarlığına müraciət edərək, Nəriman Nərimanov və Dadaş Bünyadzadənin köməkliyi ilə Səffətə təqaüd verilməsini çətinliklə bərpa etdirə bilmişdi...

 

Ümumiyyətlə, sovet dövründə H.Zərdabinin ailəsi də bu və başqa şəkildə repressiyalara məruz qalmış, adı ilə bağlı hər şey on illər boyu yasaqlanmışdı. Bu böyük maarif fədaisinin təmiz adı və ölməz əməlləri yalnız 1956-cı ildə sovet rejimində  “yumşalmadan” sonra özünə qaytarıldı və bəraət aldı... Əsərləri çap olundu, haqqında dəyərli əsərlər yazıldı. Bakıda abidəsi qoyuldu, Gəncə Dövlət Pedaqoji İnstitutuna onun adı verildi...

 

Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi” haqqında xüsusi sərəncam imzalanmış, maarif və mədəniyyətimizin bu böyük korifeyinin, milli mətbuatımızın həqiqi patriarxının həyat və fəaliyyətinə dair dövlət səviyyəsində silsilə tədbirlər keçirilmişdir.

 

İnanırıq ki, “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamı da mətbuat tariximizə şanlı səhifələr yazmış Həsən bəy Zərdabinin həyat və fəaliyyətinin daha dərindən öyrənilməsinə yeni imkanlar yaradacaqdır.

 

Müstəqil Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri  maarif və mədəniyyətimizin bu böyük korifeyinin, milli mətbuatımızın həqiqi patriarxının, bütün şüurlu həyatını xalqının maarif və mədəniyyətinin inkişafına həsr etmiş bu böyük ziyalının zəngin irsinin xalqımıza, xüsusən də, çağdaş Azərbaycan gəncliyinə gərəyincə və yetərincə tanıdılmasına öz layiqli töhfələrini verəcəkdir.

 

Böyük ictimai-siyasi xadim Ə.Topçubaşov Azərbaycan mətbuatının - “Əkinçi”nin 50 illiyinə həsr etdiyi “Azərbaycanın yolgöstərəni” (Paris, 1925) adlı əsərində “Əkinçi” qəzetinin nəşrini Həsən bəyin doğma xalqına xidmətinin ən yüksək zirvəsi, öz milləti üçün qaranlıqda yolgöstərən mayak ucaltdığını qeyd edərək yazırdı: “İnsanlara yol göstərən bu maarif mayakını, işıq mənbəyini ehtiramla salamlamaq indi Azərbaycanın, ... hər bir Azərbaycan vətəndaşının mənəvi vəzifəsi, vətənpərvərlik borcudur..”.

 

Hesab edirik ki, neçə ki Azərbaycanın zəngin məktəb və pedaqoji fikir tarixi, çoxəsrlik mətbuat və mədəniyyət tarixi var, deməli, çağdaş mətbuatımızın qurucusu, böyük maarif mücahidi, teatr sənətinin yaradıcısı, qadın təhsilinin böyük carçısı, vətənimizdə milli oyanış hərəkatının ideoloqu Həsən bəy Zərdabinin müqəddəs adı və təkrarolunmaz əməlləri də hər zaman var olacaq, xalqımızın qan yaddaşında həmişə yaşayacaqdır...

 

 

Əsgər QULİYEV,

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini,  filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim