Naqif Nəbiyev xatirələr işığında...


Dünyanı fəlakətə sürükləyən ağır koronovirus pandemiyası  Bakı Dövlət Universitetinin fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, Respublika Fizika Olimpiadasının sədri, istedadlı alim və müəllim, dosent Naqif  Nəbiyevdən də yan keçmədi.  Azərbaycan təhsilində özünəməxsus əməyi olan Naqif müəllimin vaxtsız  vəfatı doğmaları,  yaxınları, dostları,  tələbələri üçün böyük itki oldu.  Bu işıqlı insanın, alimin, ziyalının, böyük mənada əsl Müəllimin yoxluğu onu tanıyanlar üçün gözlənilməz olduğu qədər də taleyin amansız qərarı idi.

 

Naqif Nəbiyev 29 iyul  1960-cı ildə Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olub.  1977-ci ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və oranı 1982-ci ildə müvəffəqiyyətlə bitirib.  O, 1982-ci ildə aspiranturaya daxil olub və 1986-cı ildə oranı bitirərək uğurla dissertasiya işini müdafiə edib və  fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1986-cı ildən fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasında işə qəbul edilib və ömrünün sonuna qədər bu kafedrada çalışıb. Onun pedaqoji fəaliyyəti çoxşaxəli olub.  Orta məktəblərin istedadlı şagirdlərinin fizikadan respublika və beynəlxalq olimpiadalara seçilməsində və hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Onun rəhbərliyi ilə beynəlxalq olimpiadalara hazırlanmış şagirdlər dəfələrlə yüksək nəticə göstərərək ölkəmizə fizika sahəsində medallar qazandırıblar. 

 

Universitet tələbələrinə təkcə bilik vermir, gələcək üçün yalnız motivasiya və inkişafın yolunu göstərmir: o həm də ona həyatda hər anda  örnək olacaq əsl müəllim qazandırır.  Və bu müəllimlər ömür boyu ruhən yanımızdadır. Öz həyatları, şəxsi keyfiyyətləri, insani nümunələri ilə. Tələbələrinin yaddaşına  Naqif müəllimin adı səmimiyyətin, mehribanlığın, yüksək bilik və bacarıqların simvolu kimi yazılıb. Bir də tələbələrin dostu.

 

Bir həqiqət danılmazdır; tələbələri üçün sevimli müəllimləri həmişə yaşayar, heç  vaxt ölməz.  Naqif müəllim kimi...

 

Naqif müəllimi yaxından tanıyanlar onun yüksək elmi erudisiyası ilə yanaşı, həm də insani  keyfiyyətləri barədə ən yüksək fikirdədirlər.

 

Fuad Qarayev, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri:

- Naqif müəllimlə mənim tanışlığım ən azı 15 il öncəsinə dayanır. O zamanlarda biz birlikdə beynəlxalq olimpiadalara şagirdlərin hazırlığı prosesi ilə məşğul olurduq. 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən istər Respublika fənn olimpiadalarının təşkili və keçirilməsinə, istərsə də beynəlxalq olimpiadalara hazırlıq prosesinə yanaşma müsbət yöndə dəyişmişdi. Onun savadlı, istedadlı, güclü fizik olmaqla yanaşı, müsbət insani keyfiyyətlərə malik olmasına bələd idim. Elə bu məqsədlə 2014-cü ildə Naqif müəllimə RFO-nın münsiflər heyətinə rəhbərlik etməsini xahiş etdim.

 

Elə 2014-cü ildən etibarən Naqif müəllim həm də beynəlxalq fizika olimpiada komandasının rəhbəri oldu.  Respublika fənn olimpiadalarının şəffaf, obyektiv, sağlam rəqabət prinsipləri çərçivəsində keçirilməsinə, qaliblərin sadəcə bilik və bacarıqlarına görə seçilməsinə çox diqqət yetirərdi  və bunun üçün öz təklif və rəylərini hər zaman bizimlə bölüşərdi. Şagirdlərin yazı işlərinin yoxlanılma prosesi bəzən gecə saat 2-3-ə qədər davam edərdi. Şagirdlərin yazı işlərinə dəfələrcə baxardı. Bir dəfə Respublika fənn olimpiadalarının mükafatlandırma mərasimində münsiflər heyətinin sədrlərindən bir nəfərə söz verilməsi təklif edilmişdi. Mən tərəddüd etmədən qaliblərimizi münsiflər heyəti adından ən gözəl Naqif müəllimin təbrik edəcəyini bildirmiş və onun çıxış etməsi təklifini irəli sürmüşdüm. Naqif müəllim səhnədə çox qısa, ancaq çox mənalı çıxış etmişdi. O, qalibləri, onların müəllimlərini və valideynlərini təbrik etmiş və ardınca isə “Şagirdlərin yazı işlərinin qiymətləndirilməsi prosesi zamanı münsiflər heyətinin işinə qarışmadıqları, sağlam rəqabət mühitinin yaradıldığı üçün hər kəsə münsiflər heyətinin adından təşəkkürümü edirəm” - demişdi.

 

Naqif müəllim ölkəmizdə fizika üzrə regional və beynəlxalq səviyyədə tanınmış mütəxəssislərdən idi. Onun qonşu ölkələrdən olan fiziklərlə yaxşı əlaqələri var idi və bundan Beynəlxalq Olimpiadalara hazırlıq prosesində çox gözəl istifadə edərdi. Naqif müəllim şagirdlərin seçimindən tutmuş son hazırlıq prosesinə qədər məsələlərə çox obyektiv və şəffaf yanaşardı. Onun rəhbərliyi altında Fizika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandamız 2015-ci ildən bu yana müxtəlif miqyaslı beynəlxalq olimpiadalardan 6 gümüş, 15 bürünc olmaqla 21 medal qazanıb. Daha əvvəllər qazanılan medallarda da Naqif müəllimin çox ciddi əməyi olub, ancaq yuxarıdakı rəqəmlər birbaşa onun rəhbərlik etdiyi illərin statistikasıdır.

O, həmçinin olimpiadaçı şagirdlər və məzunlar tərəfindən də çox sevilən və hörmət edilən bir alim idi. Məzunlar yay tətili zamanı ölkəmizə gələndə mütləq onunla görüşər və müxtəlif istiqamətlərdə söhbətlər aparardılar, həmçinin olimpiadalara hazırlıq prosesi zamanı da Naqif müəllim gənclərin təşəbbüslərindən və təkliflərindən istifadə edərdi. Belə ki, beynəlxalq olimpiadalara hazırlıq proqramının və respublika fənn olimpiadalarının fizika fənni üzrə sillabusunun hazırlanması zamanı Naqif müəllim öz təhsillərini Avropanın qabaqcıl  universitetlərində davam etdirən gənclərin təkliflərini nəzərə almışdı. Həmçinin o, ölkəmizdə fizika fənni üzrə olimpiadalara hazırlıq istiqamətində çap edilən nəşrlərdə ekspert kimi öz dəyərli töhfələrini verirdi. Yəni o, ölkəmizin müxtəlif ali təhsil ocaqlarında mühazirələr deməklə yanaşı istedadlı şagirdlərin olimpiadalara hazırlığı istiqamətində nəzəri və praktiki dərslərin keçirilməsi, laboratoriya işlərinin hazırlanması, dərsliklərin yazılması, sualların tərcüməsi,  demək olar ki, bütün sahələrdə çalışmaqla bərabər gəncləri buna təşviq edirdi, digər bir ifadə ilə desək, gənclərdə fizika fənninə, onun tədrisinə maraq oyatmağı bacarmışdı.

 

Təsadüfi deyildir ki, bu gün ölkəmizin ən qabaqcıl ümumtəhsil müəssisələrində fizika fənnini  tədris edən orta məktəb müəllimləri bir vaxtlar Naqif müəllimin tələbəsi olublar.  O şagirdlərə ancaq fizikanı öyrətməklə kifayətlənməyib, onlara ümumbəşəri insani dəyərləri, elmin sonsuz gözəllikləri, vətənimizə və böyük şəxsiyyətlərimizə qarşı olan sevgini aşılayırdı.

 

Onun vəfatı ilə biz çox hörmətli böyüyümüzü, Azərbaycan elmi çox görkəmli alimini, şagirdlərimiz isə savadlı və onları daima inkişafa sövq edən müəllimini, tələbələrimiz elmin dərinliklərində onlara yol göstərən mayakı itirmiş oldu. Ancaq yeganə təsəllimiz onun bir vaxtlar yetişdirdiyi, hazırda müxtəlif sahələrdə öz işini ləyaqətlə icra edən tələbələrdir. Bir daha yaxınlarına, dostlarına, əzizlərinə başsağlığı verir, Naqif müəllim üçün isə Allahdan rəhmət diləyirik.

 

Rəşadət Qədimalıyev,  fizika üzrə Olimpiada komandamızın müəllimi: 

- Naqif müəllimi orta məktəbdə oxuyarkən qiyabi olaraq tanıyırdım. Şəxsi tanışlığımız universitetdə oxuyarkən o zamankı Bakı Türk Liseyində olimpiadaçı şagirdlərə rəhbərlik etdiyim dövrə təsadüf edir.  O zaman Naqif müəllim liseydə Beynəlxalq Fizika Olimpiadalarına hazırlaşan şagirdlərə olimpiada dərsləri keçirdi. Universitetin III kursunda oxuyarkən kvant fizikası dərsini Naqif müəllimin tədris etməsi ilə həm də müəllim-tələbə münasibətimiz başlamış oldu. O zamandan olimpiada sahəsində sıx əməkdaşlığımız və dostluğumuz başladı. Magistraturada oxuyarkən də bir neçə ixtisas dərsini Naqif müəllimdən aldım. Daha sonra doktoranturaya daxil oldum və çox sevindirici idi ki, elmi rəhbərim məhz Naqif müəllim idi. 2015-ci ildən bəri Naqif müəllim Respublika Fizika Olimpiadasının rəhbəri, mən isə münsiflər heyətinin üzvü olduğum üçün sıx-sıx görüşürdük. Naqif müəllim həm də Beynəlxalq Fizika Olimpiadalarının (Asiya Fizika Olimpiadası, Beynəlxalq Fizika Olimpiadası, Avropa Fizika Olimpiadası və s) rəhbəri idi. Həmin olimpiadalarda mən də rəhbər köməkçisi kimi iştirak etdiyim üçün xarici səfərlərdə Naqif müəllimi daha yaxından tanımaq şansım oldu.

 

Naqif müəllim atamdan cəmi 2 yaş kiçik idi. Buna baxmayaraq bizim münasibətimiz müəllim-tələbə, iş yoldaşı kimi yox, daha çox dost münasibəti kimi idi. Olimpiada işləri ilə əlaqədar olaraq bəzən fikirlərimiz üst-üstə düşmürdü və tez-tez mübahisələrimiz olurdı. Buna baxmayaraq Naqif müəllim heç vaxt bundan inciməzdi. Ondan yaşca çox kiçik olsam da, fikirlərimə həmişə hörmətlə yanaşardı. Bəzi tanıdıqlarıma deyirdi ki, “mən Rəşadəti oğlum kimi görürəm”. Mənə hədsiz güvəni olduğu üçün həmişə çalışırdım ki, bu güvən itməsin. Naqif müəllimin mənə ən təsir edən davranışlarından biri ailəsinə qarşı münasibəti idi. Beynəlxalq olimpiadalar üçün xarici ölkələrdə səfərdə olduğumuz zamanlarda tez-tez ailə üzvləri ilə əlaqə saxlayardı. Onun qızına və oğluna qarşı davranışını görəndə belə qənaətə gəlirdim ki, yəqin ki, övladları  belə bir ataya sahib olduqları üçün xoşbəxtdirlər. Naqif müəllimlə son görüşümüz  Respublika Fənn Olimpiadalarının online apelyasiyası zamanı olmuşdu. Həmin vaxt özünü yaxşı hiss etmədiyi üçün ümumi prosesdə iştirak edə bilmədi. Bundan sonra onun xəstəxanaya yerləşdirildiyini eşitdik. Düşünürdüm ki, yəqin tezliklə sağalıb yenidən aramıza qatılacaq. Heç ağlıma da gəlməzdi ki, Naqif müəllimi bir daha görə bilməyəcəyik. Ölüm xəbərini eşidəndə çox sarsıldım və üstündən 2 həftəyə yaxın vaxt keçsə də hələ də inanmaq istəmirəm.

 

Naqif müəllimi həm müəllim olaraq, həm də insan olaraq qəlbimizdə dərin izlər qoyub getdi. Ona Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm.

 

Azərbaycanda olimpiada hərəkatının təşkilatçılarından olan Naqif Nəbiyevin saysız istedadlı gənclərin yetişməsində böyük rolu olub.

 

Azər Eyvazov, ABŞ-ın Kornell Universitetinin məzunu, “Goldman Sachs” İnvestisiya Bankının əməkdaşı:

- Naqif müəllim orta məktəbdən  mənim fizika olimpiada müəllimim olub. Olimpiadalara hazırlaşanda bizə çox dərs deyib, birlikdə çoxlu məsələ həll etmişik. Orta məktəbi bitirəndən sonra da Naqif müəllimlə bəzi layihələrdə birlikdə işləmişik. 2009-cu ildə  Azərbaycanda  Ümumdünya  Gənclərinin Elm Olimpiadasında Naqif müəllimlə mən olimpiadanın fizika bölməsinin mükəmməl bir şəkildə həyata keçirilməsinə kömək etmişik. Bundan əlavə,  Naqif müəllimin tələbələri ilə bir neçə dəfə fizika ixtisasının gələcəyi, bu yolda irəliləmək və karyera qurmaq haqqında söhbətlərimiz olub.

 

Ötən bazar ertəsi Naqif müəllimin vəfatı haqqında ilk xəbəri oxuyanda, əvvəlcə elə bildim nəsə səhv yazılıb, sonra fikirləşdim, bəlkə mən yuxudayam. Bir neçə  ay bundan əvvəl, Ramazan bayramı günlərində onunla yazışmışdıq, düzünü desəm, hələ də Naqif müəllim kimi bir insanın  bu dünyadan köçdüyünə inana bilmirəm. Allah rəhmət etsin, nur içində yatsın və yaxınlarını qorusun. Bu virus mənim gözlədiyimdən daha təsirli oldu, ancaq insanın özünə yaxın birini həyatdan aparanda çox şəxsi bir təəssürat yaranır.

 

İnşaAllah daha çox insanı itirmədən bu virusu məğlub edə bilərik.

 

Elnur Hacıyev, Honkonq Elm və Texnologiyalar Universitetinın PhD doktorantı:

- Doğruluğuna inanmaq istəmədiyim bu acı xəbəri Honkonqda aldım.  Naqif müəllimin  bizə keçdiyi  gözəl dərslərdən illər ötsə belə, ata kimi qayğısını hər zaman hiss etmişəm.  Naqif  müəllimin aramızdan ayrılması  ürəyimdə dərin iz qoydu... Ramazan bayramında görüntülü danışmaq nəsib olmuşdu, hal-əhvalı yerindəydi. Yaxşı ki, o söhbətimizin sonuna doğru ona “sizi ikinci atam kimi bilirəm, qayğınızı hər zaman hiss edirəm” demişdim. Allah qəni-qəni rəhmət eləsin! Yeri-yurdu Behişt olsun!

 

Naqif  müəllim uzun illər minlərlə tələbə yetişdirib, Azərbaycan təhsilində böyük bir iz buraxıb. Hər zaman tələbələrlə yaxın ünsiyyət qurmağı bacarıb və özünü sevdirib, öyrətdiklərini sevərək öyrədib. Yaxşı yadımdadır, biz hələ 10-cu sinifdə olanda bizimlə fizika məsələlərini uzun-uzadı müzakirə edirdi, fikirlərimizə dəyər verirdi, mövzuya ciddi maraq oyatmağı bacarırdı. Bizimlə arada böyük yaş fərqi olsa da, ruhən cavan idi və bizimlə asanlıqla ünsiyyət qururdu. Gündəlik uğurlarımızı alqışlayıb bizi daima irəliyə doğru cəsarətləndirirdi. Ondan fizikanı öyrənə bilməyənlər heç olmasa insanlıq dərsi öyrəndilər.

 

Onun və digər müəllimlərin böyük səyləri nəticəsində Azərbaycan beynəlxalq olimpiadalarda onlarla medallar qazandı. 2016-cı ildə Honkonqda  keçirilən Asiya Fizika Olimpiadasında onunla birgə Azərbaycanın lider heyətində iştirak etmək mənə nəsib oldu. Birlikdə 2 gecə səhərə kimi məsələləri öz dilimizə tərcümə etdik. O yaşda bir insan bu cür çətinliklərə sırf tələbələrinin uğuru üçün qatlaşırdı. Əminəm ki, yetişdirdiyi olimpiadaçılar onun ümumi tələbələrinin sayı qarşısında aysberqin görünən ucu kimidir.

 

Honkonqda APHO-da onunla daha yaxından söhbət etmək, həyatından bəzi hekayələri dinləmək və məsləhətlərini almaq imkanım oldu. Ondan sonra da hər zaman əlaqə saxladıq və həmişə qayğısını hiss etdim əziz müəllimimin. Həyat çox qısadır, 35 illik fəaliyyət çox sürətlə gəlib keçdi. Ancaq geriyə baxanda bərəkətli bir ömür yolu görsənir. Artıq o, əbədiyyətə qovuşub.

Və...

 

Müəllimlik ilahi bir missiyadır. Tək-tək insanlar, bu adı layiqincə daşıyanlar onun zirvəsinə yüksələ bilirlər. Naqif  müəllim kimi. Vaxtsız ölüm bu istedadlı, səmimi, qayğıkeş insanı aramızdan qəfil aparsa da, ölüm belə onun parlaq xatirəsi qarşısında acizdir.  Onun yetirmələrinin bundan sonra da elm məbədinə gedən yolda öz uğur salnamələrini yazacaqlarına,Vətənimizə, təhsilimizə öz layiqli töhfələrini verəcəklərinə inanırıq. 

 

Bu bir həyat fəlsəfəsidir ki, gözünün nurunu, ürəyinin istiliyini, şəfqətini  başqalarından əsirgəməyənlər yaddaşlardan silinmir,  xatirələrdə, könüllərdə özünə əbədilik  qazanır. Neçə-neçə istedadlı gənc üçün əsl məktəb olan  Naqif  müəllimin xatirəsi  sevənlərinin qəlbindədir və həmişə yaşayacaq. Naqif  müəllim bir çoxlarının  yaddaşında məhz bu cür qalacaq - Böyük MÜƏLLİM, sadə və  səmimi İNSAN.

 

Ruhun şad olsun, MÜƏLLİM!

 

Oruc MUSTAFAYEV