Professor Mahirə Nağıqızının “Onun daş nağılı” kitabı haqqında təəssüratlar
Poeziya, insanın daxili dünyasının pəncərəsindən həyata baxışıdır və Mahirə Nağıqızının poeziyasında əks olunan həmin dünya rəngarəngliyi ilə o qədər kaloritlidir ki, buna heyrətlənməyə bilmirsən, möhtəşəm həqiqətlərin, əslində, sadə, çox sadə konstruksiyasının yaratdığı təəccüblə baş-başa qalırsan. Heyrətin yaratdığı assosiasiya ilə insanın dünyanı dərk etdiyi andan baş qaldıran sualların cavabını tamam özgə formada və məzmunda alır, özün də bilmədən təhtəlşüurun diqtə etdiyi həqiqətlərin təqdimatındakı mənzərənin tərkib hissəsinə çevrilirsən. Bu, Mahirə Nağıqızının daşlaşan həqiqətlər barədə “Onun daş nağılı”nın məndə yaratdığı təəssürat oldu.
Mahirə Nağıqızının son şeirlər kitabı, “Ruhuna beşiksə, tanı, Vətəndir” məndə bu duyğuları yaratmışdı. Hisslərin intellektual təqdimatı ilə ümumiləşdirilən mövzu yanaşmaları, etiraf edim ki, məni əvvəl-əvvəl təəccübləndirdi: Azərbaycan poeziyasında az-az rastlaşdığımız deyim tərzi, fikrin ifadəsi və ifadə edilən o fikirlərdəki yükün alt qatlarından boylanan mənaların cazibəsi ilə baş-başa qalmışdım. Onun şeirlərinin mövzu müxtəlifliyi və bu mövzu arealının genişliyi, təkcə Mahirə Nağıqızını deyil, yüz min illərdir bütün insanlığı narahat edən sualların özünəməxsusluğu, inandırıcı cavabların hər birinin məna yükü oxucusunu özünə çəkir. “O boyda böyük olmayan” dünyanın əbədiyyət kimi görünən problemlərinin, əslində, nəfs ilə yararlanaraq böyüdüyünü ifadə edən, insanı Nəfsin quduzlaşmış nəfəsinə tərəf çəkən Cəhalətin qara kölgəsinin siluetləri xanım Nağıqızının “Daş” şeirində nə qədər aydın görünür...:
...Beləcə atıldı hirslə, qəzəblə,
Cənnət kandarından o ah daşları.
Nadan elə bildi, kinlə, qərəzlə,
Eləmək mümkündü silah daşları.
Mahirə Nağıqızının işığına can atdığı Həqiqəti belə deyir və bu deyilənlər bəşəriyyətin, əslində, min illərdir nadanlığın girovuna çevrildiyini, dünyanın taleyini axan qanlar, göllənən göz yaşları içərisində belə, bəşər ədəbiyyatının daimi mövzularından olan Xeyir və Şərin mübarizəsindən asılı qaldığını göstərir. Lakin daş dövrlərindən başlayan, daş təsəvvürləri ilə düzələn daş silahlarla Həqiqəti daşa basan Yalanın cəhd etdiyi, çalışdığı, məram və məqsədi üçün axıtdığı qanlar belə, onu nail olmaq istədiyi son nəticəyə çatdırmaqda acizdir. Bu, xanım Nağıqızının daşlaşmış qənaətidir. Həmin qənaətin mayasında isə şairin gəldiyi nəticənin sadə həqiqətləri dayanır:
Atılan daşlardan yollar çəkdilər,
Kimsə o yolları baş edəmmədi.
Dünyanı daş kimi ağır edənlər
İnsanın qəlbini daş edəmmədi.
Ümumiyyətlə, Mahirə xanımın müraciət etdiyi bütün mövzularda onun daşlaşmış baxışlarının daş həqiqətlərində yaranan poeziya o qədər çəkici və ecazkar mənzərələr yaradır ki, oxucu onun dünyasının sadəcə müsafiri olmur; bu dünyanın yaranmasında şairin özü qədər yaxından iştirak edir, hər bir detalın yerli- yerində durmasının fərqində olur. Kitabın leytmotivini müəyyənləşdirəcək qədər ağırlıqda olan “Vətəndir” şeirinin hər bir misrası Vətən obrazının cizgilərinin ifadəsi olan canlı ştrixdir və həmin ştrixlərin can verdiyi portreti nəinki görür, hətta bu portretlə danışa bilirsən:
Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir.
Vətən haqqında Azərbaycan şeirində çox yazılıb, onu ən müxtəlif ifadə vasitələri ilə təqdim ediblər və bu barədə yeni söz, yeni təqdimat imkanları sanki tükənib, lakin xanım Mahirə Nağıqızının şeirin ilk bəndindəcə insan qəlbinin duyğularının sərhədsizliyi kimi, həmin duyğuları ifadə edən fikirlərin də geniş arealı oxucu üçün söz imkanlarının hüdudsuzluğu barədə qənaəti möhkəmləndirir. Fikrimizi əsaslandırmaq üçün onun şeirlərindən birini “Qara torpaq”ı nümunə kimi göstərmək yerinə düşər:
Layla-layla böyüt bizi,
Beşiyimiz qara torpaq.
Göz açıban gördük səni,
Ev- eşiymiz qara torpaq.
Etiraf edək ki, ifadə tərzinin özü kimi, fikir orijinaldır, deyim sərrastdır və bütün bunlar xanım Mahirə Nağıqızının istisnasız olaraq şeir yaradıcılığının özünəməxsus başlıca keyfiyyətlərindən biri olaraq diqqəti cəlb edir. Hesab etmək olar ki, həmin keyfiyyəti şərtləndirən başlıca faktor olaraq onun demək, çatdırmaq istədiyi fikrin aydınlığını göstərmək olar. Bu aydınlığın işığında isə xanım şairəmizin lirik “Mən”i o qədər yaxın məsafədə dayanır ki, onun pıçıltı ilə dediyi sözlərə qoşulur, keçib gəldiyi, lakin gəldiyi yerlərdə qalmış, yağışın və qarın yuya, silə bilməyəcəyi ayaq izləri ilə gedəcəksiniz.Həmin ayaq izləri oxucusunu “dərdin işığında” öz bəxtəvərliyini görən, unudulmaz sevgi hissləri ilə yaşayan, “Dərdləri sən mənə vermişdin deyə, Doğma balam kimi bəsləmişəm mən”- deyən o lirik “Mən”-in daxili dünyasınacan aparacaq. “Gizlədim” şeirini isə ancaq şairin yaradıcılığında deyil, müasir Azərbaycan poeziyasının ən uğurlu nümunələrindən biri kimi qəbul ediləcəyinə, qətiyyən, şübhəniz olmasın:
İllər yük yeriydi, yük dolabıydı,
Sənsiz bilmədim ki, hara düşəm mən.
Dərdləri sən mənə vermişdin deyə,
Doğma balam kimi bəsləmişəm mən.
Birmənalı olaraq Mahirə Nağızının yaradıcılığına məxsus morfoloji- leksik strukturun və həmin strukturu daha canlı edən semantikanın yaratdığı hansısa bir abidə ilə üzbəüz qalacağınıza şübhə etmədən xatırlatmaq yerinə düşər ki, bumbuz soyuqluğu ilə həmin abidə sizin hər birinizin içində qəribə istilik yaradacaq. Bu, saf bir məhəbbətin yaradacağı və heç zaman qəlbinizi tərk etməyəcək bir duyğudur. Şairənin lirik “Mən”i isə klassik sevgiyə dönmək, məhəbbətin güc mənbəyinə çevrilməyin bir nümunəsi olaraq yaddaşınıza əbədi həkk olunacaq. Bu, həmin sevginin abidəsidir:
Kəbəni dolandım, Məkkəni gəzdim.
Haqqın işığında özümü görəm.
Mən belə bilməzdim, belə bilməzdim,
Allahım, dərdinlə bəxtəvərəm mən.
Mahirə Nağıqızının yaradıcılığının xarakterik cəhətlərdən biri, bəlkə də ən birincisi, onun şeir yaradıcılığının poeziyamızın yaşarı ənənələrinə sıx bağlılığıdır. Bu bağlılıqda həyat və onun gerçəkliyinin inikası çox aydın ifadə olunur. Ümumilikdə isə Mahirə xanımın zəngin və rəngarəng poetik dilinin linqvopoetikası, poetik sintaksisi, üslubi frazeologiyası, onomastik vahidləri təkrarsız bir şəkildə, yaradıcılıq axtarışlarının nəticəsi olan formada aşkarlandığından cəlbedicidir, lirizmi, musiqililiyi ilə seçilir, fərqlənir. Və qeyd edək ki, bütün bu “seçilmələr”dən yaranan fərqlər onun şeirlərini daha canlı, canlı olduğu qədər də oxucusu üçün doğma edir. Bütün bunları onun indiyə qədər nəşr etdirdiyi kitablarındakı bütün əsərlərin tematikasında müşahidə etmək mümkündür: həyat, dünya, ömür-gün, mənəvi-əxlaqi mənzərə, qayğılarımız və problemlərimizə vətəndaş baxışı, 30 ildir ki, bütöv bir millətin sürüklənərək zorla cəlb edildiyi müharibə və həmin müharibənin aktual etdiyi mövzular. Mahirə Nağıqızı qeyd edilən mövzuların hər birinə münasibətində orijinaldır və o orijinallığı şərtləndirən spesifik yanaşmalar onun oxucusunda qaldırılan məsələlərin yanından ötəri keçib getmək yox, düşünmək hissi oyadır. Onun dövlət müstəqilliyimizin elan edildiyi zamana qədər hər bir azərbaycanlının həsrətində olduğu, son 30 ildir ki, qürur və ehtiram mənbəyinə çevrilən bayrağımıza həsr olunmuş şeiri, “Al Bayrağım” bu cəhətdən həm də uğurlu bir sənət əsəri, parlaq poetik nümunələrdən biri kimi təqdim edilməyə layiqdir.
Mahirə xanım Bayrağa üz tutaraq “Yaşamaq haqqımızın əbədi rəmzisən bir”- deyir, dünyanın harasında olmasından asılı olmayaraq hər bir azərbaycanlının Ona güvəndiyini yada salır:
Qılıncında Babəkin, Nizaminin şeirində,
Yaşadın susmayacaq vətən nəğmələrində.
Qarşında baş əyən var dünyanın hər yerində,
Oğulun var, qızın var,var, bayrağım, dalğalan!
Bu müşahidə etdiyimiz poetik cəhətlər, professor, ədəbiyyat tənqidçisi Qurban Bayramovun təbirincə desək, bəzən heyrətləndirici gözlənilməz bənzətmələr, təşbihlər, obrazlar, alliterasiyalar, səs və söz duyumu Mahirə Nağıqızının şeirlərində onun müasir həyatdan, yaşadığımız bu dünyadan, əlbəttə, ilk növbədə, Azərbaycan gerçəkliyindən aldığı lirik təəssüratlar, duyğu və düşüncələr axarında öz əksini tapır. Şairin, ilk baxışda, fərdi görünən problemləri belə, böyük ustalıqla ümumiləşdirmək bacarığını yüksək qiymətləndirən professor yazır: “Onun təfəkkür palitrası yetərincə polifunksionaldır. O, həyatda, cəmiyyətdə, təbiətdə, insan münasibətlərində baş verən, görə bildiyi hadisələrə biganə qalmır, bu günün həqiqətlərini qələmə alır, hətta keçmişdən, tarixdən yazanda da bu gün, çağdaş dünyamız onun şeirlərinin başlıca leytmotivinə çevrilir, insan ömrünün bitib-tükənməyən arzuları və bu ömrün sevincli-kədərli nəyi varsa şairin şeirlərinin mövzusu olur, özünəməxsus yeni poetik biçimdə misra-misra, bənd-bənd biçimlənir”. Bu biçimlərdə o, artıq yaddaşımızın əbədi yol yoldaşına çevrilmiş, ruhumuzun bir parçasına dönmüş, ehkamlaşmış yanlış təsəvvür və baxışları dəyişməyə cəhd edir. Mahirə xanımın bu cəhdi belə, o qədər səmimi və zərifdir ki, üz tutduğu hər kəsi inandırır. Bunun üçünsə qışqırmaq- filan lazım gəlmir, sadəcə olaraq təqdim edəcəyi fikrin poetikləşmiş həqiqətlərini bədii ifadə vasitələrinin gücündən istifadə edərək söyləmək bəs edər. O da elə, beləcə edir, “Kərəmi” şeirindəki kimi:
Yüz illərdi ruhumuzla yol gəlir,
Nakam eşqə başdaşıdı “Kərəmi”.
Qoşulubdu karvanına kədərin,
Yorulmadı, qəm daşıdı “Kərəmi”
Bu, Mahirə xanımın Azərbaycan məhəbbət dastanları arasında orijinallığı ilə seçilən, xalq ədəbiyyatımızın unikal nümunələrindən sayılan”Əsli və Kərəm” dastanının ruhunu ifadə edən el havasına baxışıdır. Tədqiqatçıların rəyinə görə, XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlamış “Əsli və Kərəm” dastanı 500 il ərzində nəinki Azərbaycan, eləcə də Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə məhəbbət simvoluna çevrilmişdir. Dastanın baş qəhrəmanının çəkdiyi iztirab və əzabların içində belə, son məqamına qədər dünyanın ədalətinə inanan Kərəmin “Dilqəmi” kökündə ifadə olunan hisslərini oxucusuna yaşadan, “Yanıq Kərəmi” içindəki işığı axtararaq tapan şairin müasirlərinə, ondan sonra gələnlərə çağırışı isə, sadəcə, söz demək deyil:
O, vüsalsız məhəbbətin nərəsi,
Ancaq Tanrı mərhəməti çarəsi.
Qərarlaşıb “Dilqəmi”də pərdəsi,
Bu dünyaynan savaşıdı “Kərəmi”.
Mahirə xanımın baş vurduğu və bəzən lirik “Mən”inin içində gəzdirdiyi Dərd belə ümid işığından xali deyil, burada “İniltinin özündə olan ümid” “təsəllinin yol yoldaşıdır”na çevrilir və Xeyirin Şər üzərindəki mütləq qələbəsinin labüdlüyünü şərtləndirir.
Göründüyü kimi, Mahirə Nağıqızı ənənəvi mövzularda belə, fərqli düşüncə tərzini ortaya qoymaqla, hiss və intellektin sintezindən yaranan unikal poeziya nümunələri yarada bilir və nəticədə onun şeirlərindəki poetik fikir qeyri-adi çalarlarıyla meydana çıxır. O, belə mövzularda bizim adət etdiyimiz düşüncə sistemini, duyum tərzini rahatca dəyişib, fikirlərini, duyğularını fərqli şəkildə, amma, yenə də ənənəvi qiyafədə təqdim edir. Belə nümunələrdən birini, yeri gəlmişkən, gənc muğam ustalarımızdan olan Elnur Zeynalovun ifasında minlərlə insanın ürəyinə yol taparaq sevilə- sevilə dinlənilən “Sən olaydın” gəraylısını göstərmək istərdik. İlk baxışda, gəraylı janrında yazılmış minlər, on minlərlə şeirlərin mövcudluğu içində oxucunu heyrətləndirən, onu, sözün birbaşa mənasında öz sehrinə salacaq hansısa bir nümunəni görmək ağla gəlməyən məqamda belə bir şeirin uzaqlardan əsib də gələn, ruhu oxşayan meh effekti yaratmağının özü fenomen hadisədir. Mahirə xanım bu hadisəni o qədər təbii effektlərlə zənginləşdirib təqdim edir ki, oxucu şairin lirik “Mən”inin arzularına qoşularaq ona yoldaş olur:
Ah, olaydım eşq sultanı,
Yar, fərmanım sən olaydın.
Dərd alaydı şirin canı,
Tək dərmanım sən olaydın.
Mahirə Nağıqızı şeirlərinin, demək olar ki, hər biri portret və ya peyzajlardan ibarət nəfis rəsm əsəridir: təqdim edilən həmin əsərlərdə isə mövzu o qədər detallı təqdim olunur ki, bəzən detalların kompozisiyası oxucunu heyrətləndirir. Onun şeirlərindəki obrazlar sistemi, yanaşmalarındakı təzadlar bəzən Azərbaycan poeziyasındakı ənənəvi standartların az qala daşlaşmış çərçivələrini aşır və hesab edirik ki, bu özünəməxsusluğun içində müəllifin cəlbedici üslubu həmin şeirlərin ancaq oxunaqlı olmasına yardım etmir, məntiqi vurğulardan yararlanaraq onun məna yükünü artırır, oxucunun yaddaşına həkk edir. İstər məhəbbət, ya da təbiət şeirləri, yaxud Vətən və Anaya həsr olunan poeziya nümunələri, fərqi yoxdur, hansı mövzuda olursa-olsun, o, oxucu üçün mənalı həmsöhbətə çevrilə bilər. “İlisuda yaz” şeirində olduğu kimi:
Dağların başında duman süd kimi,
Sərnici gözlərdi, daşırmaq olmaz,
Meşələr baftası dağ yamacının,
Nə süslü görünür İlisuda yaz...
Mahirə xanım söz fırçası ilə bizi təbiətin içinə aparır, ətraf aləmin gözəlliyi ilə üzbəüz qoyur. Müşahidəçisi deyil, gördüyümüz təbiətin bir parçasına çevrilirik. Söz akvarelinin yaratdığı palitra ətraf aləmin gözəlliyini nə qədər parlaq ifadə edir..! Bəli, bu, şairin naturadan söz ilə yaratdığı ilahi mənzərədir. Təbiətin gözəlliyini təqdim etməklə bərabər, M.Nağıqızı oxucusunun gözləri önündə ərazinin toponomistik xəritəsini cızır, Azərbaycanın hər qarışında xalqımızın izini yada salır:
Bahar darıxıbmış qış yuxusunda,
Dağları köksünə sıxmağa gəlib.
Cüyürlər elə bil Nohurgölündən,
Su içmir, özünə baxmağa gəlib.
Azərbaycan təbiətinin bu cür təsvirinə poeziyamızda, inanmırıq ki, tez-tez rast gəlinə. Şair fərdi düşüncə tərzində, belə, bəşəridir: onun izhar etdiyi Dərd o qədər mərhəmdir ki, 500 il əvvəl Məhəmməd Füzulinin lirik “Mən”inin Tanrıdan diləyini xatırlayırsan: “Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni! Az eyləmə inayətini əhli-dərddən. Yəni ki, çox bəlalarə qıl mübtəla məni!”. Bu dərdin özü sosialdır və həmin sosiallığın mahiyyətini Çingiz Aytmatovun “Cəllad kötüyü”ndəki personajlardan biri bu cür ifadə edir: “Vətəni daşımaq olmur, dərdi isə daşımaq mümkündür”. Mahirə xanımın şeir dilində isə o beləcə görünür:
Allahım göndərən dərdi
Mənə bir bəndə gətirdi.
Yaxın durmaq istəmədim,
Saldı yüz fəndə, gətirdi.
Mahirə Nağıqızı həmin Dərdin ünvanını bilir. Bu “təndir bişirməz dərdin” daşıyıcısı olan şair ürəyi millətinin aldığı yaralarından axan qanlardan birinin töküldüyü ünvana gedir. Və nəticədə “Xocalı üçün elegiya” şeiri yaranır. Həmin elegiyada isə 1992-ci ilin fevralında Azərbaycanın kiçicik bir şəhərində, Xocalıda ancaq etnik mənsubiyyətinə görə öldürülən insanların edam səhnəsini canlandırır.
Şeirdə diqqətçəkən ən vacib məqamlardan biri şairin dilidir. Mahirə Nağıqızının bütün yaradıcılığında onun poeziya dili gördüyü, dərk etdiyi həyat hadisələrini beləcə təqdim edir. Onun yanaşmaları o qədər zərif, ifadə tərzi o qədər orijinal olur ki, oxucu nəinki şairin təqdimatındakı mövzunu, hətta ifadə tərzinin doğmalığını anındaca duyur. “Vətən” şeiri bu mənada göstərə biləcəyimiz yüzlərlə nümunələrdən biridir:
Bitər sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəmisən, üzürsən eşq dənizimdə,
Sənə məhəbbətim, Vətən, bitmədi.
Bu, Vətənini sevən, onun ağrı və əzablarını özününkü bilən, “Əlimin qabarı, alnımın təri Köksünə atdığım bircə dən olsun”- arzusu ilə yaşayan insanın, Vətəndaşın duyğularıdır. O duyğular ona görə oxucu üçün doğmadır ki, səmimiyyətdən qidalanıb və həmin duyğunu ifadə edən hər söz, hər sətir dara düşmüş balası üçün fəryad edən ananın səsidir:
Qan axan yarana gözüm yaşını
Dərman əvəziydi, səpələdim mən.
Bu da bir sınaqdı, əymə başını,
Sınıq əhvalına dözə bilmirəm.
Hesab etmirik ki, illərdir dərdlərin ağırlığına, yaralarının dərinliyinə baxmayaraq ayaq üstə dayanan, torpaqlarını müvəqqəti olsa belə, itirən, lakin inam və ümidini itirməyən, elə həmin inam və ümidlə də yaşayan Vətənimizə bu cür oxşama deyilə, hə, oxşama... Ətrafı bürümüş zülmətin içində işıq axtarmaq, birinci növbədə şairlərin missiyasıdır. Bu missiya barədə eramızdan əvvəllər Aristotel elə beləcə deyirdi: tarixçilərin və şairlərin danışığı ancaq qafiyəsiz və yaxud qafiyəli olmasına görə fərqlənmir, həm də onunla fərqlənir ki, tarixçilər olanlar, şairlər isə olacaq barədə danışırlar.
Məlumdur ki, şeir bədii dilin özünəməxsus bir formasıdır. Burada iştirak edən komponentlər - səs, heca, söz, fraza danışıqda da müşahidə olunur, onlar poeziyadan kənarda da mövcuddur. Lakin, ölçü, bölgü, misra, vəzn, qafiyə və s. kimi vasitələr yalnız şeirdə özünü büruzə verir və poetik bütövlük yaradır ki, Mahirə Nağıqızı həm bir dilçi alim kimi, həm də şair kimi bü poetik komponentlərdən məharətlə istifadə edə bilir”.
Mahirə Nağıqızının yazdığı şeirlərin tematikasından asılı olmayaraq onların hər birində onun özünün obrazını görmək olur; bu, qadın- Ana, övlad- Ana tandemini təşkil edən obrazdır və həmin Ana şeirlərinin öz sevgisi qatılmış hər bir sətrində görünür. Hesab edirik ki, bu tendensiyanın şərtləndirdiyi “Dua” qadın olaraq dünyaya gəlmiş, ətrafında olan doğma insanlara, Vətən- dediyi torpağa və dünyanın özünə ünvanlanan ən bəşəri duyğuların təcəssümüdür və onun duasının Tanrı dərgahında keçərliliyinə qəlbimizdə ümid göyərtmək üçün bəs edər:
Tanrım, üz qoyduğum dərgah
Tək xasıma kömək olsun!
Anaların bala adlı
Dünyasına kömək olsun!
Mahirə Nağıqızının ümumən yaradıcılığı üçün xas olan keyfiyyət onun “Dua”sında daha qabarıq görünür: isti ürəklə soyuq, hətta üşüdə biləcək soyuq məntiqin yaratdığı ilıqlığın içində övladın Anası, yaxud Ananın övladı üçün arzuladığı dünyanın astanasında dayanır, içəri daxil olmağı isə hələlik ona görə istəmirsən ki, o duaların ritmi dəyişə bilər, qafiyəsi pozular. Həmin duaların hədəfinə yetəcəyinə isə inanırsan, varlığın qədər o inama ümid bəsləyirsən:
Qibləyə tutdum üzümü,
Qəlbimdə dedim sözümü.
Haqq-ədalət çözümünü
Duyanına kömək olsun!
Mahirə Nağıqızının şeirlərindəki tematika müxtəlifdir: o tematikanın ədəbi estetikasında və poetik düşüncələrinin episentrində şairin ancaq bioloji deyil, həmçinin ruhunun anasının portretini görmək, sezmək çətin deyil. Əlbəttə, bu nüansa diqqəti yönəldək ki, yaradıcılığı boyu səciyyəvi görünə biləcək bu gerçəkliyə hansısa milli mental rakurslardan baxmaq düzgün olmazdı: bu, fərdi genetik kodların təzahüründən başqa bir şey deyil. O kodlar ki, onları açmağa cəhdlər belə, bəri başdan hansısa uğur vəd etmir, lakin həmin kodların sədası ilə getməyə də tənbəllik etməyin, yüzə-yüz əminliklə bildiririk ki, o sədalar sizi onun dünyasının təşəkkülündə başlıca rol oynamış Ana qəlbinin astanasına qədər aparıb çıxaracaq. Və şair övladın “Anamla söhbət”inə qulaq verəcəksiniz. Bu söhbət insan ömrü üçün uzun illər sayıla biləcək bir zaman müddətində övladının yadında və qəlbində qalmış Ana portretini bütün cizgiləri ilə təqdim edə bilər. Əminliklə xatırlatmaq yerinə düşər ki, həmin portretin dolğunluğuna xidmət edən o cizgilərdə sezdikləriniz sizə o qədər doğma gələcək ki:
Denən, dəyişməyə gücümüzmü var,
Hökmümü Tanrının mənim, ya sənin.
Bilib də yolunnan getdi uşaqlar,
Ağamın, anamın, Həsən Mirzənin.
Bu, minnətdar övladın qəlbində yetişmiş, izhar edilməyə can atan duyğuları ilə üz tutduğu, “Dizinin yanını” Vətən qədər müqəddəs bildiyi anası ilə baş- başa qalması, onun “ağaran saçlarındakı dənlərdə payını”n etirafıdır. Bu, bir möhtəşəm səhnənin insan bədənini titrədəcək anlarıdır. O, əlbəttə, Tanrının böyüklüyünü dərk edən, lakin dərk etdiyi “bu böyüklüyün” içində belə, söylədiyi nağılların sonunda “göydən düşən üç almanı bölməyə macal tapmayan” Ananın yerini, onun daşlaşan nağıllarının içində keçən ömrünü yada salır:
Yenə açıq-aydın səsdə qulağın,
Yenə baxışların yollarda qalıb.
Ay ana, qocalan sən olmadın ki,
Ala bilmədiyin kamın qocalıb...
Qətiyyətlə deyə bilərəm ki, yazdıqlarımız bu qeydləri oxuyursunuzsa, Sizi əminliklə təbrik etmək olar; ona da əminik ki, oxuduğunuz bu kitab, sözün birbaşa mənasında, ancaq “Onun daş nağılı” deyil, insanın yaddaşında daşlaşmış nağıllar da deyil, milləti min illərdir yaşadan, onu bezib də usanmaqdan çəkindirən, üfüqdəki dan yerinin şəfəqləri ilə sabaha çağıran, aparan bir himndir. İstedadlı, çox istedadlı şairin təfəkkürü və bədii istedadının sintezi olan bu himndə bütöv bir xalqın hansı dəyərlərlə yaşadığının növbəti dəfə şahidi olacağınıza şübhə etmirəm:
Atamnan yanaşı daş qaldırardı,
Deyərdi bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı.
Bir dəfə taledən gileylənmədi,
Tapdı ocağında, bizdə varlığı.
Yoxluğa sınmadı, yoxa enmədi,
Onu qorxutmadı daş ağırlığı.
Etiraf etməliyik ki, bu, kamil bir sənət əsəridir və bu şeiri ilə Mahirə Nağıqızı Azərbaycan poeziyasında analarla bağlı ən gözəl poetik nümunələrdən birinin müəllifinə çevrilibdir. Şeir öz süjet xətti ilə ancaq bir Azərbaycan qadınının ömür yolunu açmır, o Qadının həyat fəlsəfəsini, ocaq qurmaq, övlad böyütmək fəlsəfəsinin mahiyyətini göstərir. Bu şeir, əminik ki, hər birimizin yanında, yaxud yaddaşında olan bir Ananın portretidir və etiraf edək ki, o portret canlı olduğu qədər də hər birimiz üçün mərhəmdir, doğma və əzizdir.
O, daş əllərinnən durub o başdan,
Çöllərdə yavanlıq nə tapsa dərdi.
Bəlkə əllərinin daş olmağından
Utandı, özünə sığal vermədi.
Və bu mənzərəni gözləri qarşısına gətirmək, hesab etmirik ki, kimdənsə geniş təxəyyül tələb etmiş olsun. Hə, bu, tipik Azərbaycan qadınıdır. Heç belə də demək istəməzdim, dünyanın bütün namuslu qadınlarının tipikləşdirilmiş obrazıdır: dünyanın bütün yerlərində, irqindən və inancından asılı olmayaraq Ana və Qadın obrazı. Mahirə Nağıqızının möcüzəli sayıla biləcək söz fırçasının yaratdığı bu obraz çəkdiyi qayğıları, yaşadığı intizarı ilə yandırdığı ocağın keşiyindədir; o, həmin ocağın istisində böyüyən övladlarının hər birinin ancaq qəlbini işıqlandırmır, yaddaşlarında əbədi qalmalı, yaşamalı olan həyat prinsiplərini həkk etməyə çalışır. Bu, ancaq ev-eşik qurmaq üçün sinəsində belə daş daşımaqdan qaçmayan, “Daşıdı daşları ağırlığıynan, Amma ürəyindən daş asılmayan” bir ananın övlad yaddaşından silinməyəcək əbədi “daş nağıllarıdır”:
Qonşu qonşusunun varına deyil,
Halal peşəsinə küsənər- dedi.
Yalandı, haramdı düşmən, onu bil,
Yalana, harama uymaz ər- dedi.
Zəngin ənənələri olan Azərbaycan poeziyasının bütün zamanlarda qadın şairləri olubdur və indən belə də olacağına şübhə etmirik. Məhsəti xanım Gəncəvidən üzü bu tərəfə adı çəkilən, imzaları görünən o qadın şairlər arasında Mahirə Nağıqızının adının ayrıca yeri olacağına isə Ön Söz yazdığımız “Onun daş nağılı” kitabındakı şeirləri oxuyandan sonra əmin olduq.
Möhsün NAĞISOY,
AMEA -nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru