Onun əsasında yoxlanılmış, araşdırılmış məlumatlar durur


Son dövrlərdə müasir trendlərin həyatımıza intensiv daxil olması ilə informasiya mühiti də ciddi surətdə dəyişməkdədir.   Sürətli transformasiya dövrü yaşayan informasiya mühitində jurnalistika  sahəsində də köklü dəyişikliklər baş verməkdədir.  İnformasiya bolluğunda bəzən hətta ən aktual, savadlı və ciddi məzmuna malik materiallar belə diqqətdən qaçır.  Onlayn rejimdə fəaliyyət göstərən sosial şəbəkələr, bloqlar  oxucuya baş verənlər barədə ani məlumatları çatdırmağa mane olur.  Proseslərin  kəndarında qalmaq istəməyən müasir jurnalist isə özünü, şəxsi imkanlarını reallaşdırmaq üçün  yeni fürsətlər arayır.  Və beləliklə də  son dövrlərin jurnalistikasında   önəmli istiqamətə çevrilən Data jurnalistika  meydana çıxır.

 

İnformasiya artıq ictimai xarakter daşımağa başlayıb

 

Data  jurnalistika  dedikdə açıq verilənlərin toplanması və onların aydın məhsul kimi təqdim olunması başa düşülür.  Son zamanlar  verilənlərlə  iş,  onların təqdim olunmasına dair  müxtəlif yanaşmalar işlənib hazırlanıb,  çoxsaylı standartlar, qabaqcıl texnologiyalar və alətlər yaradılıb.  Digər tərəfdən, informasiya artıq ictimai xarakter daşımağa başlayıb.

 

Jurnalistikada açıq məlumatlar və proqram təminatı  yeni imkanlar açır. Məlumatları təqdim edən və onları vizuallaşdıran bir sıra maraqlı layihələr üzə çıxır. Bu sahədə ixtisaslaşmış təşkilatlar da var ki, onlardan biri də ABŞ-dakı “Periscopic”  təşkilatıdır.  Bu təşkilatın açıq mənbələrdən hazırladığı hesabatlar ABŞ-da Data  jurnalistikasının ciddi rolunu ortaya qoyub.  ABŞ Federal hökuməti artıq Data jurnalistikasının hesabatları ilə razılaşmalı olub.  Bu  isə  Data  jurnalistikasının populyarlığının artmasına yol açıb.  Məsələn,  “Periscopic”  açıq məlumatlar əsasında  ətraflı araşdırma apararaq müəyyən edib ki,  ABŞ-ın  2 ayrı-ayrı ştatında istehsalat yerində baş vermiş eyni qəzaya görə təyin edilmiş kompensasiyaların həcmində ciddi fərqlər var.   Alabamada  xəsarət alan işçi üçün kompensasiyanın həcminin 49  min, Corciya  ştatından olan vətəndaş üçün isə 118 min dollar  olduğunu  üzə çıxaran təşkilat açıq verilənlər əsasında  geniş araşdırma apararaq nəticələrini hökumətə təqdim edib.  Hökumət  Data  jurnalistikasına əsaslanan bu hesabatla razılaşmağa məcbur olaraq  kompensasiyaların həcminin bütün ştatlarda bərabərləşdirilməsinə qərar verib.

 

Data  jurnalistikası sosial, iqtisadiyyat, təhsil, siyasət,  elm sahələrində də  açıq məlumatlardan istifadə etməklə, geniş tədqiqatlar aparmaqla məlumatların müqayisəsini apara və onların əsasında  müvafiq infoqrafiya hazırlaya və beləliklə də onların ictimai əhəmiyyətini  artıra bilər.

 

Həm maraqlı, həm də düşündürücü

 

Data  jurnalistika tamamilə yeni istiqamət olması ilə əhəmiyyət kəsb edir.  Həm maraqlı, həm də düşündürücüdür.  Digər tərəfdən  əhəmiyyəti ictimai xarakter daşımasıdır.  İnternet və texnologiyalar müasir insanın həyatına çox möhkəm daxil olub və müxtəlif informasiyanı özündə cəmləşdirir. Jurnalistika artıq məlumatlar əsasında yeni inkişaf dövrü yaşamağa başlayır, çünki  verilənlər həqiqətən çoxdur və olduqca rəngarəngdir.  Və bu, yalnız statistik  məlumatlar  - miqrasiya məlumatları,  xəstəliklər, siyasi səsvermələr, maliyyə hesabatları deyil.  Rəqəmsal üsulla şəkilləri,  video, audio materialları da  təsvir etmək olar.  Rəqəmlər isə geniş biliklər verir, onları vizuallaşdırmaq olar. 

 

Vizuallaşdırma Data jurnalistika sahəsində layihələrin populyarlığının daha bir aspektidir. Vizuallaşdırma olduqca cəlbedicdir. Bu, auditoriyanın diqqətini özünə çəkir. İnsan beyni vizual informasiyanı daha  tez qavrayır.  Təsadüfi deyildir ki,  auditoriyanın diqqətini qazanmaq üçün son vaxtlar interaktiv vizuallaşdırma və informasiyalı dizayndan istifadəyə üstünlük verilir.

 

Azərbaycanlı KİV nümayəndələri  üçün   “Açıq Data bazalardan istifadə edilməsi: beynəlxalq təcrübə”  mövzusunda  seminar keçən  amerikalı jurnalist, Virciniya Universitetinin Robertson Media və Mədəniyyət Məktəbinin bakalavr təhsil dərəcəsi direktoru, professor Ceff Sausun   sözlərinə görə, Data   jurnalistika bütün dünyada geniş yayılmaqdadır.  20 il  Texas ştatında müxbir,   daha sonra isə 20 il ərzində universitetdə Data  jurnalistikasından dərs keçən professor C.Saus vurğulayır ki, Data jurnalistika dedikdə məqalələrin yazılması,  araşdırmaların aparılması üçün müxtəlif qeydlərdən, müxtəlif  açıq məlumatlardan  istifadə edilməsidir.  Data jurnalistikasının əsasında yoxlanılmış,  araşdırılmış məlumatlar durur.

Məlumdur ki, hazırda bir çox məlumatlar  istifadəçilərə Excel və Data   fayllarda göndərilir.  “Mən ABŞ-da tez-tez tələbələrimə deyirəm ki, hazırda Excel fayllarını oxuya bilməyən,  ondan istifadə edə bilməyən jurnalist Vürtenberqin dövründə çap olunmuş qəzet səhifələrini  oxuya bilməyən jurnalist kimi eyni bir şeydir”. 

Bir sıra beynəlxalq təşkilatların öz material və hesabatlarını Data  formatında internet səhifələrində yerləşdirdiyini qeyd edən professor  əlavə edib ki,  jurnalistlər bu səhifələrə daxil olaraq Data  əsasında verilən məlumatları öz kompüterlərinə yükləməli,  onları  müqayisə  edərək məqalə  hazırlamalıdır.  Data  ilə işləməyin çox maraqlı olduğunu deyən  professor hesab edir ki,  sürətlə dəyişən indiki dövr jurnalistlərdən  hadisə   və  proseslərə  daha  çevik müdaxilə tələb edir. Jurnalistlər  öz ofislərində oturmamalı, daim hadisə yerində  olmalı, müxtəlif məzmunlu materialları yerlərdə araşdırıb təhlil etməlidir.

 

Oruc MUSTAFAYEV