Data jurnalistikası önəmli istiqamətə çevrilir | |
Son dövrlərdə müasir trendlərin həyatımıza intensiv daxil olması ilə informasiya mühiti də ciddi surətdə dəyişməkdədir. Sürətli transformasiya dövrü yaşayan informasiya mühitində jurnalistika sahəsində də köklü dəyişikliklər baş verməkdədir. İnformasiya bolluğunda bəzən hətta ən aktual, savadlı və ciddi məzmuna malik materiallar belə diqqətdən qaçır. Onlayn rejimdə fəaliyyət göstərən sosial şəbəkələr, bloqlar oxucuya baş verənlər barədə ani məlumatları çatdırmağa mane olur. Proseslərin kəndarında qalmaq istəməyən müasir jurnalist isə özünü, şəxsi imkanlarını reallaşdırmaq üçün yeni fürsətlər arayır. Və beləliklə də son dövrlərin jurnalistikasında önəmli istiqamətə çevrilən Data jurnalistika meydana çıxır.
İnformasiya artıq ictimai xarakter daşımağa başlayıb
Data jurnalistika dedikdə açıq verilənlərin toplanması və onların aydın məhsul kimi təqdim olunması başa düşülür. Son zamanlar verilənlərlə iş, onların təqdim olunmasına dair müxtəlif yanaşmalar işlənib hazırlanıb, çoxsaylı standartlar, qabaqcıl texnologiyalar və alətlər yaradılıb. Digər tərəfdən, informasiya artıq ictimai xarakter daşımağa başlayıb.
Jurnalistikada açıq məlumatlar və proqram təminatı yeni imkanlar açır. Məlumatları təqdim edən və onları vizuallaşdıran bir sıra maraqlı layihələr üzə çıxır. Bu sahədə ixtisaslaşmış təşkilatlar da var ki, onlardan biri də ABŞ-dakı “Periscopic” təşkilatıdır. Bu təşkilatın açıq mənbələrdən hazırladığı hesabatlar ABŞ-da Data jurnalistikasının ciddi rolunu ortaya qoyub. ABŞ Federal hökuməti artıq Data jurnalistikasının hesabatları ilə razılaşmalı olub. Bu isə Data jurnalistikasının populyarlığının artmasına yol açıb. Məsələn, “Periscopic” açıq məlumatlar əsasında ətraflı araşdırma apararaq müəyyən edib ki, ABŞ-ın 2 ayrı-ayrı ştatında istehsalat yerində baş vermiş eyni qəzaya görə təyin edilmiş kompensasiyaların həcmində ciddi fərqlər var. Alabamada xəsarət alan işçi üçün kompensasiyanın həcminin 49 min, Corciya ştatından olan vətəndaş üçün isə 118 min dollar olduğunu üzə çıxaran təşkilat açıq verilənlər əsasında geniş araşdırma apararaq nəticələrini hökumətə təqdim edib. Hökumət Data jurnalistikasına əsaslanan bu hesabatla razılaşmağa məcbur olaraq kompensasiyaların həcminin bütün ştatlarda bərabərləşdirilməsinə qərar verib.
Data jurnalistikası sosial, iqtisadiyyat, təhsil, siyasət, elm sahələrində də açıq məlumatlardan istifadə etməklə, geniş tədqiqatlar aparmaqla məlumatların müqayisəsini apara və onların əsasında müvafiq infoqrafiya hazırlaya və beləliklə də onların ictimai əhəmiyyətini artıra bilər.
Həm maraqlı, həm də düşündürücü
Data jurnalistika tamamilə yeni istiqamət olması ilə əhəmiyyət kəsb edir. Həm maraqlı, həm də düşündürücüdür. Digər tərəfdən əhəmiyyəti ictimai xarakter daşımasıdır. İnternet və texnologiyalar müasir insanın həyatına çox möhkəm daxil olub və müxtəlif informasiyanı özündə cəmləşdirir. Jurnalistika artıq məlumatlar əsasında yeni inkişaf dövrü yaşamağa başlayır, çünki verilənlər həqiqətən çoxdur və olduqca rəngarəngdir. Və bu, yalnız statistik məlumatlar - miqrasiya məlumatları, xəstəliklər, siyasi səsvermələr, maliyyə hesabatları deyil. Rəqəmsal üsulla şəkilləri, video, audio materialları da təsvir etmək olar. Rəqəmlər isə geniş biliklər verir, onları vizuallaşdırmaq olar.
Vizuallaşdırma Data jurnalistika sahəsində layihələrin populyarlığının daha bir aspektidir. Vizuallaşdırma olduqca cəlbedicdir. Bu, auditoriyanın diqqətini özünə çəkir. İnsan beyni vizual informasiyanı daha tez qavrayır. Təsadüfi deyildir ki, auditoriyanın diqqətini qazanmaq üçün son vaxtlar interaktiv vizuallaşdırma və informasiyalı dizayndan istifadəyə üstünlük verilir.
Azərbaycanlı KİV nümayəndələri üçün “Açıq Data bazalardan istifadə edilməsi: beynəlxalq təcrübə” mövzusunda seminar keçən amerikalı jurnalist, Virciniya Universitetinin Robertson Media və Mədəniyyət Məktəbinin bakalavr təhsil dərəcəsi direktoru, professor Ceff Sausun sözlərinə görə, Data jurnalistika bütün dünyada geniş yayılmaqdadır. 20 il Texas ştatında müxbir, daha sonra isə 20 il ərzində universitetdə Data jurnalistikasından dərs keçən professor C.Saus vurğulayır ki, Data jurnalistika dedikdə məqalələrin yazılması, araşdırmaların aparılması üçün müxtəlif qeydlərdən, müxtəlif açıq məlumatlardan istifadə edilməsidir. Data jurnalistikasının əsasında yoxlanılmış, araşdırılmış məlumatlar durur.
Bir sıra beynəlxalq təşkilatların öz material və hesabatlarını Data formatında internet səhifələrində yerləşdirdiyini qeyd edən professor əlavə edib ki, jurnalistlər bu səhifələrə daxil olaraq Data əsasında verilən məlumatları öz kompüterlərinə yükləməli, onları müqayisə edərək məqalə hazırlamalıdır. Data ilə işləməyin çox maraqlı olduğunu deyən professor hesab edir ki, sürətlə dəyişən indiki dövr jurnalistlərdən hadisə və proseslərə daha çevik müdaxilə tələb edir. Jurnalistlər öz ofislərində oturmamalı, daim hadisə yerində olmalı, müxtəlif məzmunlu materialları yerlərdə araşdırıb təhlil etməlidir.
Oruc MUSTAFAYEV
|
|
25.05.2018 | 14:59 | |
|
|
|