Ön söz əvəzi

 

Sadəliyi, səmimiliyi, təmkinliyi, nəcibliyi, ciddiliyi ilə həmişə fərqlənən Məcid İsmixanov həyatda sevimli müəllim, dərin alim, qayğıkeş valideyn, dəyərli ziyalı, etibarlı dost statusunu qazanmışdır. Nə qədər qəribə səslənsə də, belə insanlar haqqında danışmaq istəyəndə söz tapmaq çətinləşir.

 

İlk tanışlıq

 

Məcid müəllimlə ilk görüşümü belə xatırlayıram. 1983-cü ildə mən doktorant idim və “Azərbaycan məktəbi” jurnalına çap olunması üçün məqalə vermişdim. Bir xeyli keçdikdən sonra məni redaksiyaya çağırdılar. Redaksiyaya getdim və mənim nə üçün çağırıldığımı soruşduqda, dedilər ki, “məqalən Məcid İsmixanovdadır, ona yaxınlaş”. O vaxta qədər Məcid müəllim haqqında eşitsəm də şəxsən tanımırdım. Onu mənə göstərəndə çox ciddi görkəmli bir insanın yazı masası arxasında işlədiyini gördüm. Sözün düzü, onun bu ciddi görkəmi məni bir az təşvişə saldı. O vaxt bu jurnalda məqalə çap etdirmək çox çətin idi və mən məqaləmin geri qaytarılacağından narahat idim. Elə bu narahatçılıqla ona yaxınlaşıb özümü təqdim etdim, mənə baxdı, salamı aldı, sonra heç nə demədən stolun üstündəki kağızlar arasından nəyisə axtardı və... tapdı. Bu, mənim məqaləm idi. O vaxt məqalələr makinada yazılırdı. Stolun üstünə qoyanda məqalənin bir neçə yerdə qaralandığını və sual işarəsi qoyulduğunu gördüm. Ürəyimdən keçən birinci hiss bu oldu: “Deyəsən, məqaləm xoşa gəlməyib, ya da onu yenidən makinada çap etdirməliyəm”. O vaxt makinada çap etdirmək o qədər də asan iş deyildi. Məcid müəllim isə sakitcə stolun üstündəki vərəqləri səliqəyə saldı, mənə oturmağa yer göstərdi, məqaləyə baxdı və bir xeyli sükutdan sonra, nəhayət, dilləndi: “Yaxşı məqalə yazmısınız, amma bir neçə sualım var” və suallarını bir-bir mənə verdi. Hər bir suala mən öz nöqteyi-nəzərimi izah etdikcə o, əvvəl məqalədə düzəlişlər edir, sonra yeni sual verirdi. Nəhayət, mənim üçün çox uzun və gərgin keçən bu dəqiqələr bitdi və o ayağa durdu, - “Sizinlə tanışlıqdan məmnun oldum, çox sağ olun, gedə bilərsiniz. Məqaləniz jurnalın növbəti nömrəsində çap olunacaq”, - dedi. Həmin görüş öz səmimiliyi ilə mənim yaddaşıma əbədi həkk oldu.

 

Sonralar “Azərbaycan məktəbi” jurnalına çap olunmaq üçün bir necə məqalə də təqdim edəndə, yenə Məcid müəllimlə görüşdüm. Hər dəfə də eyni sadəliyi və səmimiyyəti ilə məni qarşılayır, hal-əhval tutur, suallar verir, məsləhətləşir və məqalədə düzəlişlər edir və sağollaşırdı. Sonralar öyrəndim ki, o bütün müəlliflərlə belə görüşür və hər bir düzəlişi edərkən, müəlliflə razılaşır. Bəlkə də elə buna görə də o hələ ilk görüşümüzdən mehriban, xeyirxah, səmimi, zəhmətkeş və dərin biliyə malik olan bir alim kimi qəlbimdə özünə yer tapdı.

 

İllər keçdikcə biz onunla daha tez-tez görüşməyə və hətta 1987-ci ildən BDU-da bir yerdə işləməyə başladıq və hər dəfə mən onu görəndə həmişə işlədiyinin şahidi olmuşam. İstər işdə, istər konfransda beş dəqiqə boş vaxtı olan kimi ya kitab oxuyar, ya da oxuduğu yazıda nəsə qeydlər aparardı. Vaxtının boş keçməsinə yol verməzdi. 

 

Müəllimlərin diqqətini cəlb edən tələbə

 

Məcid İsmixanov 1958-1962-ci illərdə APİ-nin (indiki ADPU) pedaqoji fakültəsində oxuduğu illərdə adlı təqaüdə layiq görülmüş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Bu nailiyyətin əldə olunması, ilk növbədə, onun zəhmətkeşliyindən irəli gəlirdi.

 

Az-az tələbə ali məktəbdə təhsil alanda hamının yadında qalır. Məcid müəllim həmin tələbələrdən idi, hələ təhsil aldığı illərdə bütün müəllimlər onun gələcəkdə onlarla birlikdə işləyəcəyini düşünürdü, daha doğrusu, onun buna layiq olduğunu görürdülər. Elə də oldu; o, təyinat bölgüsündə İnstitutda assistent-müəllim kimi saxlandı, bir müddətdən sonra hərbi xidmətə getdi. Hərbi xidməti başa vurduqdan sonra o, ADPU-da müəllim vəzifəsini davan etdirməyə başladı. Bu, hamının ürəyindən idi, hamı onun bu uğurunu sevinclə qarşıladı.

 

Dərsin səmərəli təşkili yollarının axtarışında

 

Müəllim kimi fəaliyyətə başlayanda onu dərsin səmərəli təşkili yolları maraqlandırırdı. Məktəb illəri yadına düşürdü; bəzi müəllimlərin dərsi maraqsız keçirdi və şagirdlər bu dərsdən az faydalanırdılar. O dərsin elə təşkil edilməsini istəyirdi ki,... dərs daha səmərəli, daha faydalı, daha maraqlı, daha məzmunlu...olsun, bunun üçün onun müəyyən fikirləri var idi... amma hələ bu fikirləri reallaşdırmaq, sübut etmək üçün vaxt və elmi cəsarət tələb olunurdu.

 

Nəhayət, o öz fikirlərini görkəmli alim, professor Mərdan Muradxanovla bölüşdü. Gənc müəllimin bu maraqlı fikirləri böyük ustadın xoşuna gəldi və Məcid İsmixanov dissertanturaya qəbul olanda professor M.Muradxanovun elmi rəhbərliyi ilə “Azkomplektli məktəblərdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzusunda tədqiqat işinə başladı. Beləliklə, M.İsmixanov dərsin təkmilləşdirilməsi yollarını araşdırmaq imkanı əldə etdi. Yeniliyi etmək həmişə çətin olur; ona da çətin idi, bəzən məktəbdə eksperimental siniflərdə dərs deyən müəllimlərə öz yeniliyi haqqında məlumat verəndə, müəllimin öz köhnə metodikasından uzaqlaşmaq istəməməsi ilə, onların “axı, bu nəyə lazımdır?” sualı ilə rastlaşırdı, amma həvəsdən düşmürdü, qarşısına qoyduğu məqsədi reallaşdırmaq üçün inamla araşdırmalarını davam etdirirdi. Nəhayət, tədqiqatlarını yekunlaşdırdı və tədqiqatlar əsasında o, dərsdə şagirdlərin müstəqil işinin təşkilini dərsin səmərəlilik amili kimi irəli sürdü. Bunun üçün Məcid İsmixanov aşağıdakı şərtləri vacib hesab etdi:

 

  • 1. Şagirdlərdə müstəqil iş bacarıqlarının aşılanması;
  • 2. Təlim əməyi vərdişlərinin formalaşdırılması;
  • 3. Müstəqil işə səmərəli pedaqoji rəhbərlik.

 

Müasir təhsil konsepsiyalarının təlim prosesində şagirdlərin müstəqil fəaliyyətinin təşkilini, bunun üçün onlarda bacarıq və səriştələrin aşılanmasını və bu işə düzgün pedaqoji rəhbərliyi tələb etdiyini nəzərə alsaq, Məcid müəllimin tədqiqatlarının nə qədər mühüm əhəmiyyət kəsb etdiyi məlum olar.

 

1968-ci ildə o, dissertasiya işini müdafiə edib, pedaqoji elmlər namizədi elmi dərəcəsinə layiq görüldü. Bu, o dövr idi ki, həmin dövrdə bütün SSRİ miqyasında dərsin təkmilləşdirilməsi yolları araşdırılırdı. Gənc alim həmin dövrdə problemin həllinə öz töhfəsini verə bildi.

 

Şərəfli müəllim və alim ömrünün səhifələri

 

1982-ci ilə qədər Pedaqoji Universitetdə müəllim, baş müəllim, dosent vəzifələrində işləyən M.İsmixanov, 1987-ci ilə qədər “Azərbaycan məktəbi” jurnalında elmi redaktor vəzifəsində çalışdı. 1987-ci ildə o BDU-da işləməyə dəvət olundu. Bu, onun həyatının yeni mərhələsi idi. Məcid müəllim anadan müəllim kimi doğulmuşdu. Auditoriyada onun sanki “ikinci nəfəsi” açılır. Öyrətdikcə öyrətmək istəyir. Öyrətməkdən həzz alır. Səlis nitqi, analitik qabiliyyəti, hadisələri müqayisəli təhlil etməsi, dialoq və diskussiya ilə dərsi canlandırmaq bacarığı tələbələrin ona valehedici tərzdə qulaq asması ilə nəticələnir. Hələ olmayıb ki, Məcid müəllim auditoriyadan zəng vurulan anda çıxsın. Hər dəfə dərs bitəndən sonra tələbələrin ona suallar verdiyini və onun da aramla bu suallara cavab verməsini izləmək olar.

 

Adətən, müəllimlər dərsdən çıxanda yorğun görünürlər. Bu Məcid müəllimə xas deyil. O, auditoriyadan çıxanda sifətində məmnunluq hissi, gözlərində sevinc olur. Çünki o, insanlara nəsə öyrətməkdən həzz alır.

 

Müəllimlikdən xüsusi zövq alan Məcid müəllim həm də məhsuldar alim ömrü yaşamışdır. Bu günə qədər onun 20 kitabı (o cümlədən 12 dərslik və dərs vəsaiti), 10 tədris-metodik vəsaiti, 5 monoqrafiyası, 300-dən çox elmi məqaləsi işıq üzü görmüşdür.

 

Məcid müəllim 1988-ci ildə Təhsil Nazirliyinin ibtidai sinif dərsliklərinin müsabiqəsində iştirak etmiş, onun müəllifi olduğu “Əlifba”nın (“Oxu” ilə birlikdə) “Maarif” nəşriyyatında çapına qərar verilmişdir. 1994-cü ildən hal-hazıradək 25 il ərzində Ümumtəhsil məktəblərinin I sinifləri üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə dərsliyin daimi müəlliflərindən biridir.

 

Ali məktəbin pedaqoji yönümlü ixtisasları üzrə qriflə nəşr olunmuş 2 dərsliyin və 8 dərs vəsaitinin həmmüəllifidir. 1 dərs vəsaiti (Higher Scholl Pedagogy, 2019) ingilis dilində nəşr olunmuşdur.

 

Onun tədqiqatları ilə xüsusən MDB məkanında yaxşı tanışdırlar. Məcid müəllim 20 Beynəlxalq elmi konfrans və simpoziumlarda məruzə və tezislərlə çıxış etmişdir. Onun diqqətçəkən elmi yeniliklərinin nəticəsində Məcid müəllim uzun illər Rusiya Pedaqoji Elmlər Akademiyasının Elmi-Problem Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Respublika televiziyası və radiosu ilə “Ailə tərbiyəsi” üzrə silsilə verilişlər (50 veriliş) aparmışdır. Respublikada nəşr olunan müxtəlif jurnal və qəzetlərdə - “Azərbaycan məktəbi”, “Azərbaycan qadını”, “Bakı Universiteti Xəbərləri”, “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “Elm və həyat”, “Bakı”, “Bakı fəhləsi” və b. aktual pedaqoji mövzularda məqalələrlə çıxış etmişdir.

 

Uzun müddət Təhsil Nazirliyinin pedaqogika və psixologiya üzrə Vahid Elmi-Metodik Şurasının elmi katibi, “Azərbaycan məktəbi” jurnalı redaksiya şurasının üzvü və ictimai əsaslarla elmi redaktoru, Respublika Jurnalistlər Birliyinin üzvü kimi fəaliyyət göstərmişdir.

 

Onun elmi-pedaqoji fəaliyyəti universitet, nazirlik və dövlət səviyyəsində qiymətləndirilmişdir. “Qabaqcıl təhsil işçisi” adına, BDU-nun 100 illiyi ilə bağlı Azərbaycan Respublikasının yubiley medalına, müxtəlif səviyyəli Fəxri fərmanlara layiq görülmüşdür.

 

Bu gün Məcid müəllim Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının professoru kimi fəaliyyət göstərir. Öz fəaliyyəti ilə həmişə, hər yerdə nümunəvi olan bu insan gənclik enerjisi ilə yenə də dərs deyir, yenə də tədqiqat aparır, yenə də insanlara kömək edir. Belə insanları görəndə həmişə düşünürsən: - Nə yaxşı ki, bu cür insanlar var. Məhz Məcid müəllim kimi nümunəvi insanlar Vətənə, xalqa, cəmiyyətə təmənnasız xidmət edir.

 

Cavan qalmağın sirləri

 

Məcid müəllimin 80 yaşı tamam olur. Sözün düzü, görkəmindən bu, o qədər də hiss olunmur. Bəlkə ona görə ki, o həmişə işləyib - zəhmət onu cavan saxlayıb; bəlkə heç kimə pislik etməyib, əksinə həmişə hamıya yaxşılıq edib - xislət onu cavan saxlayıb; bəlkə insanlara yaxşılığı insanlığı sevdiyi üçün eləyib - sevgi onu cavan saxlayıb; bəlkə biliyindən həmişə hamıya pay verib - dualar onu cavan saxlayıb; bəlkə hamıya hörmət və ehtiramla yanaşıb - xeyirxahlıq və mədəniyyət onu cavan saxlayıb... Belə insanlara el içində “Allah adamı” deyirlər.

 

Epiloq əvəzi

 

Müdriklik dövrünü yaşayan Məcid müəllim yenə öz ideyalarına, adət-ənənələrinə, düşüncələrinə uyğun yaşayır. Yenə qapını açıb auditoriyaya daxil olur, yenə kafedrada oturub işləyir, yenə magistrlara, doktorantlara məsləhət verir, yenə konfranslarda məruzə ilə çıxış edir, yenə məqalə və kitab yazır. Bütün bunları o, vəzifə borcu kimi edir, amma, bəlkə də bilmir ki kafedrada müəllimlər, auditoriyada tələbələr, magistr və doktorantlar, konfrans iştirakçıları, oxucular onunla görüşdən faydalandıqları üçün həmişə onu gözləyirlər.

 

Bu yubiley günündə hamı Məcid müəllimin sevincinə qoşulur, onu təbrik edir, ona cansağlığı, uzun ömür, yeni yaradıcılıq nailiyyətləri, sevincli və xoşbəxt günlər, nəvələrin xeyir işini və s. arzu edirlər. Biz də bu arzulara qoşularaq, Məcid müəllimi təbrik edirik.

 

Hikmət ƏLİZADƏ,

BDU-nun professoru, Təhsil Şurasının sədri