Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında "Ustad dərsləri"nin növbəti qonağı millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva olub.
Onlayn keçirilən görüşdə filialın direktoru, dosent Yusif Alıyev Qənirə Paşayevaya "Ustad dərsləri" layihəsi, həmçinin filialda həyata keçirilən, dövləti, dövlətçiliyi, Prezident İlham Əliyevin ideya və çağırışlarını dəstəkləyən digər layihələr haqqında ətraflı məlumat verib. Bildirib ki, mövcud pandemiya şəraitində həyata keçirilən belə layihələrin əsas məqsədi Azərbaycanın gələcəyi olan gənclərin savadlı, vətənini, xalqını, dövlətini sevən əsl vətəndaşlar kimi yetişdirilməsindən ibarətdir.
Millət vəkili Q. Paşayeva Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, onun gənclərə, qadınlara, təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Ulu öndərlə birlikdə qatıldığı xarici səfərlərdən, dövlət tədbirlərindən öz xatirələrini tələbələrlə bölüşüb. Q.Paşayeva müəllim və tələbələrin suallarını da cavablandırıb.
Məlumat üçün bildirək ki, "Ustad dərsləri" adlı layihə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib və "Ümummilli lider Heydər Əliyev irsini öyrənirik" mövzusunda davamlı olaraq keçirilir.